valideyn

Azərbaycan ailəsində uşaq necə tənbeh olunur və əslində necə olmalıdır?

Baxış sayı: 336

“Uşaqlar üçün ən təhlükəsiz yer onların doğulub boya-başa çatdıqları evləri və ailələridir”. Uzun illər aksioma kimi qəbul edilən bu fikirləri, artıq faktlar şübhə altına qoyur. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə – “Valideyinin özü tərbiyəli olmalıdır ki, uşağın tənbeh metodlarını formalaşdıra bilsin.”

“Əgər valideyn özü uşaq vaxtı tərbiyələndə tərbiyə və tənbeh  metodlarını daha çox şiddətli görübsə, o, bunu qismən də olsa təkrarlayacaq.  Zərərli vərdişləri olan bir ata, uşağını necə tənbeh edəcək? Bütün problemlərimiz də burdan başlayır. Tənbeh, uşağı küncə qoymaq, şiddət göstərmək, uşağın üzərinə yüksək səslə qışqırmaq, göz bərəltmək deyil. Tənbeh, uşağı nələrdənsə qısa müddətlərdə məhdudiyyətlər qoymaqla, onun tərbiyəsi ilə məşğul olmaqdır. Məsələ ondadır ki, bu gün uşağı tənbeh edib, cəzalandırmaq- “Sən bu gün oyun oynamayacaqsan” bəli, bu tənbehin bir növüdür, lakin onu hansı formada səsləndiririksə bu artıq bizim xarakterimizdən irəli gələcək bir şeydir. Bu gün təbii ki, şiddət var. Bizim sığınacağa gəlib düşən uşaqların çoxu şiddət və tənbeh səbəbindən burdadır. Yaxud da, bu gün gündəm mövzusuna çevrilən Elina məsələsi, ailədə hansısa tənbehin düzgün formada aparılmaması bu gün baş verənlərin bir komponenti deyilmi?   Valideynlər daha çox düşünməlidirlər, sonra tənbeh etməlidirlər övladlarını. Tənbeh- şillə, təpik, yumruq, bağlı otaqda saxlamaq, uşağı dinləməmək  deyil. Öncə uşaq dinlənilməlidir və bu hərəkəti niyə etdiyi aydınlaşdırılaraq, bunun bir daha təkrarlanmaması üçün yollar axtarılmalıdır. Bir çoxları “hansımız şapalaq yeməmişik ki ?”- deyə düşünür. Bəli, bu belədir, lakin bu şapalağın izləri var axı. Hansı ki, şüurumuzun içində oturan bir iz. Amma bunu heç kəs düşünmür ki, biz şəxsiyyət kimi formalaşanda o, şapalağın izi bizə nələri xatırladır.”

Təbii ki, tənbeh metodlarını düzgün formada seçilməsi üçün psixoloq fikirləri də daha önəmlidir.

Psixoloq, ailə terapevti Sevinc Baxışova – Bizim olmasa da ingilis Atalar sözü var.” Uşağı yox, özünüzü tərbiyələndirin, onsuzda o, sizə bənzəyəcək.”

Çoxumuz usaq vaxti döyülən uşaqlar kimi böyüyəndə fikirləşirik ki, övladımıza heç vaxt əl qaldirmayacayıq. Övlad sahibi olandan sonra bəzilərimiz eyni davranışı təkrarlayırıq. Sizcə uşağı  döyməklə tərbiyə etmək mümkündürmü? Təəssüf ki, bu cür “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul isə uşaqlarda vicdan ve əxlaqın zəif  formalaşmasına gətirib çıxarır. Indi sosial şəbəkələrdə izləyib görürük ki, bəzi tərbiyə ocaqlarında da bu üsul, yəni uşağa qarşı, onu “tərbiyələndirmək” məqsədi ilə edilən zorakılıq üsulundan istifadə olunur. Nə qədər mümkünsüz görünsə də uşağa xətər yetirmədən də onu səhv bir hərəketdən qorumaq, tərbiyə etmək olar. Çox təəssüf edirəm ki, Azerbaycan ailələrində uşaqların  valideyn tərəfindən döyulməsi hədsiz yer alıb, çünki valideyn başqa tərbiyə üsulu tədbiq etmək istəmir. Valideyn fikirleşir ki, uşaq onun şexsi mülküdür və  istədiyi kimi bu mülkiyyətdən istifadə edə bilər ve bu hüququ onun əlindən heç kim ala bilməz. Əziz valideyn uşaq zəifdir böyüyün cavabını verə bilmir. Baxın bir kiçik usaği kim isə qucağına alıb “səni kim incitdi, kim döydü, döyəcəm onu” deyib, ananı döyürmüş kimi hərəkət  etməsi uşağa “ləzzət” verdiyini hamimiz müşahidə etmişik.Bu gücsüz bir uşağın onu incidən böyükden bir basqasının  aldığı qisasıdır. Bu isə uşağa “ləzzət” və bu “ləzzət” isə günlərin bir günü qəddarlıqla əvəzlənə bilər.Əziz valideynlər övladlarınızı sevin onları düzgün tərbiyələndirin ki, sonra peşimanlıq çəkməyəsiniz. Düşünun sizde ne vaxtsa uşaq olmusunuz ve bir daha uşaq olmayacaqsınız.”

Psixoloq Gülnarə Əliyeva isə Azərbaycanlı  uşaqların ya qatı şəkildə tənbeh olunub, ya da heç tənbeh olunmamaları fikrindədir.

O, həmçinin bildirir ki, tənbehlər, danlaqlar ən çox qız uşaqlarımızın payına düşür. “Oğlana hər şey olar ” düşüncəsi ilə oğlanların səhvi bağışlanır çox vaxt. Qızlarımız cəzalanır, azadlıqları məhdudlaşdırılır, susdurulur.

Belə bir fikir də söyləyirlər ki, mən uşağımla valideyn uşaq münasibətində deyiləm “MƏN ONA DOSTAM.” Mən bunu da qəbul etmirəm Uşaqlarımızın həyatında dostları çox olacaq amma sizdən başqa valideyni olmayacaq. Valideynlik həqiqətən çətin vəzifədir. Hələ analıq… Ona görə xahiş edirəm burdan səslənirəm Hər Törəyə bilən valideyn olmasın!

Və ya biz də anamızdan, atamızdan belə görmüşük və  uşağın səhvi varsa döyülməlidir. Qızını döyməyən dizini döyər deyirik. Bunu deyən biz deyilik müdafiə mexanizmamızdır. Axı başqa cür desək keçmişimizə xəyanət etmiş olarıq, ata anamızın yetişdirilmə tərzinə qarşı çıxmış olarıq. Özümüzü pis insan adlandırmış olarıq. Baxın bir qrup valideyn də bu yolu seçir.

Bəs necə olsun? Avtoritetmi? Azadlıqmı?

Hansı xoşbəxt, müvəfəqiyyətli və güclü uşaqlar yetişdirməkdə təməl yanaşma olmalıdır?

Bir gəmi səyahətinə çıxsanız, kapitanın axşam yeməyinizi sizinlə yeməsi xoşunuza gələr. Amma Kapitanın əsl vəzifəsi sizinlə vaxt keçirtmək deyildir. Onu yaxşı kapitan edən gəmini fırtınalara rəğmən üzdürməyi, sakit limanlara çatdırmağıdır.

Baxın Ana ata olmaq da bəzən fırtınalı bir dənizdə yol getməyə bənzəyir. Xoşbəxt, müvəffəqiyyətli, sağlam uşaqlar yetişdirmənin yolu isə təmkinli bir kapitan olmaqdan keçir.

Bəzən valideynlər uşağımın səhvi dəfələrlə başa salmışam, hər gün nəsihət edirəm amma fərq yoxdur, deyirlər. Problemli uşaq olmur,Problemli ailə olur, problemli ana, ata, nənə, baba olur. Özümüzə diqqət etməliyik. Əvvəl özümüzü tənbeh etməliyik. Uzun uzadı nəsihətlərlə uşaqlar səhvlərini anlasaydı dünyada nə problemli uşaq olardı, nə də  psixoloqlara ehtiyac qalardı. Uşaqlar bizim sözlərimizdən çox ayaq izlərimizi izləyirlər. Əgər valideynsənsə hər an keçikdə olacaqsan, çünki səni gizli kamera çəkir. Heç bir səhv təsadüfi deyildir. Uşaqların tək istəkləri var, onlara ayrılmış keyfiyyətli zaman, diqqət, sevgi və anlaşılmaq duyğusu. Bir valideyn bu saydıqlarımı yerinə yetirirsə əmin olun ki,  heç tənbehə ehtiyac qalmayacaq. Çünki valideynlə övlad arasında elə güclü, elə inama söykənən bağ olacaq ki, siz gəmini rahatlıqla sakit limana çəkəcəksiniz.

Uşaqların tənbeh edilməsi və tənbeh qaydaları dedikdə təbii ki, birmənalı olaraq işini sırf uşaqlarla quran pedaqoqlar yada düşür.

Image result for Psixo-pedaqoq Lalə Məhərrəmli

Azyaşlılar və məktəblilərlə işləyən Psixo-pedaqoq Lalə Məhərrəmli mövzu barədə danışarkən bildirdi ki, “Artıq 7-8 ildən çox olar ki uşaqlarla işləyirəm.

Ailələrlə sıx ünsiyyətdə oluruq. Müşahidə etdiyim əsas məqam budur ki, valideynlər övladlarının tərbiyyəsində tədbiq etdikləri bütün üsulları sevdiyi üçün etdiyini deyir. Cəza verən də, mükafat verən də, əzizləyən də, tənbeh edən də sevdiyimdən edirəm deyir. Bu gün cəmiyyətdə baş verən son proseslər onu deməyə əsas verir ki, fiziki valideyn yox, duyğusal valideyn olmaqla bir çox problemin həllinə nail ola bilərik. Uşaqlar nəsihətdən çox nümunəni sevirlər. Onlar bizim danışdıqlarımızın sadəcə 40 faizini eşidir və daha az qismini yadda saxlayırlar. Amma onlara şəxsən nümunə olanda bu artıq bir çox problemin həllinə gətirib çıxarır. Konkret mövzu barədə fikir bildirsək bunu vurğulamaq yerinə düşər ki, uşağı tez-tez tənbeh etmək heç bir mənəvi və zehni inkişafa səbəb olmur. Tam əksinə uşaq getdikcə artıq özünün bacarıqsızlığını qəbul edir və davranışlarına sadəcə qorxu nəzarət edir. Bəlkə bir müddət tənbeh etməklə valideynlər nəyəsə nail ola bilərlər amma uşaqlar böyüdükcə və xüsusi ilə də, yeniyetməlik dövrünə qədəm qoyduqca bu tənbehlər nəinki öz təsirini itirir, hətta əks təsir göstərməyə başlayır. Bu gün bir çox hallarda valideynlər özlərinə ən asan yolu seçməklə (cəza, tənbeh, şiddət) özlərini ən çətin vəziyyətlərə salırlar. Halbuki uşaqlar qadağanı yox qaydanı sevirlər, mükafatdan çox xoş söz eşitməyi arzulayırlar, tənbeh olunmaq yerinə dinlənilmək və birlikdə yol tapmağı üstün tuturlar. Uşaqların mənfi keyfiyyətləri yerinə tez-tez müsbət keyfiyyətlərindən danışıb Azərbaycan ailələrinin tənbeh metodlarından danışılan zaman

ailələri tərəfindən zorakılıqlara və şiddətə  məruz qalan uşaqlar da xatırlanır və problemin hüquqi tərəflərini  aydınlaşdırmaq üçün hüquqşünas fikirlərini eşitmək yerinə düşər.

Hüquqşünas Ramil Süleymanov: “Ölkəmizdə uşaqların hüquqları AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI ilə uşaq hüquqları haqqında bəyannamə və digər normativ aktlar ilə qorunur. Tərbiyə metodları isə  konstitusiyaya görə,  valideynlər uşaqların tərbiyəsi ilə əlaqəli birgə məsuliyyət daşıyırlar. Eyni zammanda Azərbaycan respublikasının məişət zorakılığı haqqında qanuna görə uşaqlar da gördükləri şiddətdən dolayı (psixoloji və fiziki şiddətlər)  məişət zorakılıqlarının qurbanı hesab oluna bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının təhsil müəsisələrində olan müəllimlər və psixoloqlar, o cümlədən icra hakimiyyətlərinin nəzdində olan yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar fəaliyyət göstərir ki, onlar da bu müraciətlərlə bağlı onlara daxıl olan faktları və yaxud da özləri tərəfindən  birbaşa belə hallar aşkarlanan zaman bununla əlaqəli müvafiq qaydada sorğu sual apara bilər və aidiyyati üzrə hüquq mühafizə orqanlarına müraciət edə bilər. Təbii ki, ilkin mərhələdə uşağın valideyini dəvət olunur və danışıqlar aparılır və birlikdə araşdırma aparılır. Eyni zamanda da bu icazə verir ki, hüquq mühafizə orqanlarına da müraciət olunsun.  Burada ən böyük yük polis bölmələrində işləyən polis orqanı əməkdaşlarının üzərinə düşür, hansı ki, onlar sırf yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsində çalışırlar.

Azərbaycan Respublikası qanunlarında uşaq tənbehi ilə bağlı hər hansı bir qayda nəzərdə tutulmayıb. Xarici ölkə qanunlarına isə nəzər salsaq, onlarda valideynlərin hüquqi maarifləndirilməsi işləri həyata keçirilir və aildə davranış qaydaları deyilən ailə məcəlləsinin tərkibində xüsusi bölmələr var ki, birbaşa bu işlə məşqul olan dövlət qurumu var. Biz də isə yalnız şiddət görəndən sonra bu uşaqlarla məşğul olunur və xüsusi ilə qeyd etmək istəyirəm ki, bizdə dövlət qurumları bu işə sadəcə nəzarət mexanizmini həyata keçirdir. Adətən belə məsələlərlə birbaşa qeyri- hökumət təçkilatları məşğul olur. Bu təşkilatlar isə faktiki olaraq həmin uşaqların araşdırılıb ortaya çıxarılması ilə məşğuldurlar, ictimai əsaslarla həmin uşağın valideyninin məsuliyyətə cəlb olunması ilə əlaqəli kompaniyalar həyata keçirir və dolayısı ilə bu uşaqların gələcəkdə şiddət görməmələri üçün həmin valideynlərlə və təəhsil müəsisələrinin əməkdaşları ilə profilaktik söhbətlər aparıb təlimlər keçməklə onları bu sahədə maarifləndirirlər. Çox təəssüflər olsun ki, bizdə bu sahə ilə məşğul olan qeyri hökumət təşkilatlarımız azlıq təşkil edir. İkinci növbədə isə bizim dövlətimiz həm də uşaq ədliyyəsi ilə bağlı  konvensiya imzalayıb, hansı ki, bu konvensiyaya əsasən 14 yaşdan aşağı uşaqlar cinayət törətdikləri zaman məsuliyyətə cəlb olunmurlar. Lakin həmin uşaqla bağlı xüsusi prafilaktik tədbirlər həyata keçirilir. 14 yaşında istənilən uşaq cinayət törədərsə və onun barəsində qanunun qüvvəyə minmiş hökmü varsa onlar üçün müəəyən olunmuş 18 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində cəzalarını çəkirlər. 18 yaşı tamam olduqdan sonra isə cəzasının çəkilməmiş hissəsi varsa, bununla bağlı məhkəməyə müraciət olunur. Əgər məhkəmə onun islah olunması qənaətinə gələrsə onun cəzasının yerdə qalan hissəsinin çəkilməməsi barədə qərar verə bilər əks halda yeniyetmə 18 yaşına çatmış şəxslərlə ümumi cəzaşəkmə müəsisələrində cəzasının qalan hissəsini çəkir. Çox təəssüf ediləsi məqamlardan növbətisi isə,  yetkinlik yaşına çatmadan cinayət törədib cəzaçəkmə müəssisələrinə düşənlərlə bağlıdır.  Həmin müəssisələrdə ciddi işlər aparılmır.  Onların cəmiyyətə normal insan kimi qayıtması bir sıra hallarda mümkünsüz olur. Onlar artıq cinayət aləminin üzvlərindən hesab olunurlar. Cəzaçəkmə müəssisəsinə düşən yeniyetmələr cəmiyyətdən təcrid olunurlar.”

Ekspertlərində rəyindən belə aydın olur ki, Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetmə dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır. Bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər «öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm» fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir.(“Xeberle.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir