turist_mother_130216__(13)

Azərbaycana gələn turistlərin narazı qaldıqları məqamlar

Baxış sayı: 1. 399
Artıq yay mövsümi başa çatdı. Ölkəmizə gələn turistlər yavaş-yavaş öz vətənlərinə qayıdırlar. Bəs görəsən gələn qonaqlarımızı  məmnun edə bilmişikmi? Elə bu məqsədlə, Milli Turizm Təbliğatı Bürosu sorğu keçirib. Sorğunun nəticələrinə əsasən deyə bilərik ki, turistlərdən “əla” qiymət  ala bilməmişik. Belə ki, gələn qonaqlar ölkədəki bəzi problemləri dilə gətiriblər. Daha çox qabardılan problemlər arasında  yerli əhalinin ingilis dilini zəif bilməsidir. Həmçinin taksi sürücülərinin yalançılığı və fırıldaqçılığı, əyləncə xidmətlərinin  azlığından da narazı qalanlar olub. Turistlər həm də bəzi ictimai çatışmazlıqları da qeyd ediblər. Məsələn, turistlərin narazı qaldıqları məqamlardan biri də “rent a car”, yəni avtomobillərin icarəyə götürməsi, ictimai tualetlərin az olması, bəzi yerlərdə isə ümumiyyətlə olmamasıdır. Qısa müddət ərzində turizm sahəsində xeyli uğur qazansaq da, qeyd olunan məsələlərin hələ də problem olaraq qalmasını  heç kim inkar etmir. Bəs bu problemi necə həll etmək olar? Ümumiyyətlə, bu sorğudan hansı nəticələri çıxarmalıyıq?
 
“Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev deyir ki, əslində büronun keçirdiyi bu sorğu təqdirəlayiq bir məqamdır: “Ümumiyyətlə, belə rəy sorğuları silsilə xarakterli keçirilərsə, xidmətin keyfiyyətinin artırılması baxımından xeyli faydalı olar. Bu sorğular həm də turizm obyektlərinin fəaliyyətinin səmərəli və keyfiyyətli təşkili baxımından da çox vacibdir. Qeyd edilən məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi və digər turizm təşkilatları bir müddət olar ki, həyəcan təbili çalır. Düzdür, müəyyən sahələrdə irəliləyişlər olsa da, bəzi çatışmazlıqlar hələ də qalmaqdadır. İlk növbədə turizm sektorunda işə götürülmək üçün  rəhbərlik tərəfindən müəyyən tələblər qoyulmalıdır. İşçilərin xüsusilə rus və ingilis dillərini bilməsi çox vacibdir və bu fakt əsas şərt olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl iş aparılmalı və turistlərin haqlı narazılıqları tez bir zamanda aradan qaldırılmalıdır. Həmçinin yerli icra orqanları, bələdiyyələr və digər müvafiq qurumlar qeyd edilən məsələlərlə yaxından maraqlanmalıdırlar. Artıq bəlli standartların qoyulması prosesinə start verilib və bu istiqamətdə bəzi işlər aparılır”.
Müsahibimiz deyir ki, ictimai məlumatlandırma çox vacibdir: “Turizmin vacib qollarından biri olan çimərlik turizmi ilə bağlı əsas 4 kriteriya tələb olunur. Bu kriteriyalara suyun ekoloji təmizliyi, sanitar-gigiyenik qaydaları, təhlükəsizlik və turistlərin məlumatlandırılması işarələrinin olması daxildir.  Hər il bu standartlara cavab verən çimərliklər mavi bayraq etiketi alır. Qeyd edim ki, bu etiket daimi deyil və ildən-ilə dəyişilir. Yəni bu il sözügedən  etiketi alan müəssisə gələn il almaya bilər. Çimərlik turizminin inkişafı baxımından, çimərliklərin qeyd olunan standartlara cavab verməsi çox mühümdür. Bundan başqa, turistlərin narazı qaldığı taksi şoferlərinin fırıldaqçılığı məsələsi ilə bağlı əlaqədar strukturlar nəqliyyat şirkətləri ilə birgə  mütəmadi şəkildə işlər görməlidir. İstər sürücülər, istərsə də digər şəxslər maarifləndirilməli və belə neqativ halların qarşısı tez bir zamanda alınmalıdır. Təəssüflər olsun ki, bu hallara təkcə taksi xidmətində deyil, restoranlarda, kafelərdə və digər ictimai iaşə obyektlərində də rast gəlinir. Düşünürəm ki, ictimai məlumatlandırma və maarifləndirilmə işi aparılarsa, problem tez bir zamanda aradan qaldırıla bilər”.
 
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov bildirdi ki,  beynəlxalq tədbirlər zamanı bu çatışmazlıqlarla bağlı məsələlər müzakirə olunur: ” Çalışırıq ki, qeyd olunan sahələr üzrə təcrübəni daha da artıraq. Bildiyiniz kimi, Azərbaycanda kütləvi turizm bir neçə ildir ki, fəallaşıb. Təkcə yay aylarında deyil, müxtəlif turizm mövsümlərində də ölkəmizə xeyli turist axını  olur. Lakin təəssüflər olsun ki, turizm bazarında fəaliyyət göstərən seqmentlərdən xüsusən taksi şoferləri, ictimai iaşə obyektləri bundan sui-istifadə edirlər. Bu da peşəkarlıqla bağlı olan məsələdir. Qeyd edim ki,  yol xəritəsində bu məsələ ilə bağlı ayrıca bənd var. Turizm sektorunda xidmət edən digər sektor nümayəndələri üçün təlimlərin keçirilməsi məsələsi gündəmdədir”.
E.Aslanov deyir ki, Turizm və Menecment Universiteti  və  Turizm Nazirliyinin müvafiq strukturları ilə birgə hər il mövsümü olaraq belə təlimlər keçirilir: “Amma hansısa mərhələdə dayanmaq olmaz. Çünki turizm daim inkişaf edən bir sahədir. Ona görə də müntəzəm şəkildə belə təlimlərin keçirilməsi zəruridir. Sorğunun nəticələri də təsdiq edir ki, bu istiqamətdə görülən işlər sistematik şəkildə aparılmalıdır. Əslində turistlərin qeyd etdiyi problemlər bizim üçün təəccüblü deyil. Biz bu məsələni özümüz də dəfələrlə qeyd etmişik. Turizm müəssisələrində asudə vaxtın səmərəli təşkili, əyləncə proqramları kifayət qədər qənaətbəxş deyil. Turistlərin bunu bir problem kimi qeyd etməsi təbiidir. Ona görə də özəl sektor bunu fürsətə çevirməlidir. Çünki turizm təkcə yemək-içmək və yerləşmədən ibarət deyil. Turistlər boş vaxtlarını səmərəli keçirmək istəyir və bu da bir xidmətdir. Turist məmnunluğunu daha çox məhz bu təmin edir. Bu sorğunun nəticəsinin mətbuatda yayılması özəl sektor üçün bir siqnal olmalıdır. Onlar gələcəkdə öz fəaliyyətlərində bu amili nəzərə almalıdırlar”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir