narkoman

Azərbaycanda qadın narkomanların sayı niyə artır? – SƏBƏBLƏR

Baxış sayı: 2. 239

Əvvəlki illərlə müqayisədə ölkəmizdə qeydiyyata alınan narkotik istifadəçilərinin sayı artıb. 2018-ci ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 31 min 432 nəfər olub. Narkomanların 26 min 346 nəfəri dispanser, 5 min 86 nəfəri profilaktik qeydiyyatdadır.

Respublika Narkoloji Dispanserin direktorunun verdiyi məlumata əsasən, ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb: “Narkotik istifadəçiləri arasında 626 nəfəri qadınlar təşkil edir. Onların 480 nəfəri dispanser, 146 nəfəri profilaktik qeydiyyatdadır. Son bir il ərzində 1500 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Narkotik istifadəçiləri arasında 25-45 yaş arası olanlar daha çox üstünlük təşkil edir, 15-17 yaşlılar arasında 9 nəfər qeydiyyata alınıb. Onların 5-i dispanser qeydiyyatındadır”.

Direktorun dediyinə görə, bəzi narkotik istifadəçilərinin müalicədən sonra yenidən pis vərdişlərə aludə olmaması üçün dispanserdə reabilitasiya şöbəsi yaradılıb. Şöbədə təşkil olunan ən müxtəlif idman məşğələləri, dil və maraq kursları narkotik istifadəçilərini bu zərərli vərdişdən uzaqlaşdırmağa xidmət edir.

Ümumilikdə isə Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı artıb. Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda qeyd olunur. Bildirilir ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. Ötən il isə narkoman qadınların sayı artaraq 626 nəfərə çatıb. 2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.

Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur.

Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Respublika Narkoloji Dispanserdən bildirilib. Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur. Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb.

Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir.

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış 12 844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

“Yeni Müsavat” xatırladır ki, hazırda Avropanın bir sıra ölkələrində – Fransada, Almaniyada, İsveçrədə narkotik istifadəsi yolu ilə HİV-in yayılması sıfıra enib. Əvəzində qadınlarla kişilər arasındakı seksual münasibətlər yolu ilə HİV və digər yoluxucu xəstəliklər yayılır. Rusiyada narkotik istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur – ya cəzaçəkmə müəssisəsində məcburi müalicə, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu iki yoldan birini narkotik istifadəçisi mütləq seçməlidir. Amma Azərbaycanda bu məsələnin tətbiqi mümkün deyil. Azərbaycanda narkotikin müayinəsi üçün yalnız Respublika Narkoloji Dispanseri və Şəhər Narkoloji Dispanseri fəaliyyət göstərir. Regionlarda isə belə dispanserlər də yoxdur. Bu xidmətlər ancaq poliklinikaların bir şöbəsi kimi fəaliyyət göstərir. Reabilitasiya proqramlarından isə söz gedə bilməz. Elə narkoloji dispanserin özündə 26-28 gün ərzində yalnız müəyyən ağrıları aradan götürürlər, bəzi psixoloji dəstək göstərirlər. Ancaq reabilitasiya dedikdə kompleks tədbirlər proqramı nəzərdə tutulur. Bunun üçün isə 25-26 gün kifayət eləmir. Burada həm tibbi, həm qeyri-tibbi yollardan istifadə olunmalıdır, ailə üzvlərinin dəstəyi olmalıdır və s. İranın təkcə bir vilayətində 4-5 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Çünki orada da neçə illərdir ki, narkotik əsas problemlər sırasındadır. Bizdə isə bu sahədə təcrübə də yoxdur.

Daha bir ağrılı məqam isə narkotik istifadəçisinə müalicədən sonra nəzarət etmək kimi anlayışın ümumiyyətlə olmamasıdır. Belə ki, onlar müalicədən sonra dispanserdən çıxır və yenidən o bataqlığa qayıda bilirlər. Narkotik düşkünləri dispanserə ya ailələrinin təzyiqindən, ya da pulları qurtarandan sonra gəlir. Halbuki dispanserdən çıxandan sonra əllərinə pul keçən kimi ondan istifadə edirlər.

Картинки по запросу Rauf Zeyni

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni bildirdi ki, narkotik istifadəçiləri arasında qadın və gənclərin sayının artması çox ciddi problemdir. Müsahibimizin sözlərinə görə, buna səbəb cəmiyyətdə olan gedişat, Azərbaycanın narkotranzit ölkə olması, narkobiznesin çiçəklənməsində rolu olan ölkələr, eyni zamanda  onlara işləyən daxili qüvvələrdir: “Bütün bunlar statistik göstəricilərdə qadınların sayının artmasına təsir göstərir. Narkotik vasitələr artıq məktəblərin həyətinə gedib çatıb. Ona görə də ölkədə aprelin 15-27-də narkotiklərlə mübarizə üzrə konfransın keçirilməsi önəmlidir. Biz bütün vasitələrlə, cəmiyyət, dövlət, media və qeyri-hökumət təşkilatları olaraq bütün imkanlardan istifadə edib, narkomaniyanın qarşısının alınması istiqamətində fəaliyyət göstərməliyik”.

Картинки по запросу Mehriban Zeynalova

“Təmiz Dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir ki, qadınların narkotikə qurşanmasında bir neçə faktor rol oynayır. Bunlardan biri partnyoru narkoman olan qadınlarla bağlıdır. Belə ki, narkoman kişi bir çox hallarda sevgilisini, həyat yoldaşını da narkotikə cəlb edir ki, sonuncu bu məsələdə onu narkotikdən çəkindirməyə çalışmasın: “Gürcüstanda çox ailələr var ki, ərlər narkomandır və qadınları da cəlb edirlər. Yəni rəsmi ailəsini də cəlb edir. Bəziləri isə sevgilisini və ya bərabər yaşadığı qadını cəlb edir. Məqsəd də o olur ki, qadın müştəriyə çıxsın və pul qazansın. Uğursuz ailələrdə də qadınların narkotikə qurşanması mümkündür. Bizə müraciət edən qızlardan biri demişdi ki, əvvəl narkotiki pulsuz verdikləri üçün istifadə edib. Sonra da asılılıq yaranıb, təsirə düşüb və istifadəyə davam edib. Ümumiyyətlə, qadınların narkotikdən istifadəsində psixoloji məqamlar böyük rol oynayır. Hansısa məşğulluq, iş, çevrə buna təsir göstərir. İnsan hansısa çevrənin təsiri altına düşür. Bu halda həm satışı təmin etmək, həm də ətrafını buna cəlb etmək missiyasını üzərinə götürür. Nəzərə almaq lazımdır ki, özünü reallaşdıra bilməyən, ailədaxili zorakılıqdan qaçmaq istəyən qadınların da sığınacağı narkotik vasitələr olur. Və ya həyatında hər şey qaydasında olan, problemi olmayan insanlar da bu yola baş vururlar. Daha çox zövq almaq və özünü unutmaq üçün”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir