Son dövrlər mediada ən çox yer alan xəbərlərdən biri də qadın qətilləri ilə bağlıdır. Media qurumlarının kriminal bölmələrində yer alan hər beş xəbərdən 1-i, ya da 2-i demək olar ki, məhz qadın qətlləri, yaxud da buna cəhd haqdadır. Bu kimi halların bir qismi keçmiş həyat yoldaşları, bir qismi də elə nikahda olduqları, yaxud da qadınların birgə yaşadıqları şəxslər tərəfindən törədilir.
Azərbaycanda məişət zorakılığı hallarının kökündə hansı faktorlar dayanır? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformatika və Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu barədə suallarımıza cavab verdi:
– Ümumiyyətlə, baş verən istənilən zorakılıq hadisəsi bir siqnaldır. Hər hansı bir zorakılıq hadisəsinə görə digər qurumlar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən preventiv tədbirlər gücləndirilir, həmin regiona, şəhərə diqqət daha da artırılır. Həmin ailə ilə işin aparılması ilə ikinci dəfə zorakılıq faktının qarşısının alınması istiqamətində tədbirlər görülür. Çox zaman dəfələrlə baş verən zorakılıq hadisələri sonda ölüm, yaxud da intiharla yekunlaşır. Əsasən dövlət qurumlarına müraciət olmadıqda belə hadisələrin 80-85 faizi ölümlə nəticələnir. Qohum-qonşu bununla bağlı müraciət etmədiyi halda, yaxud da vaxtında həmin şəxs özü müraciət etmədiyi halda həmin şəxsin vəziyyəti ilə bağlı məlumatın əldə edilməsi çətin olur. Aidiyyəti qurumların, komitəmizin qaynar xətlərinə məlumatlar daxil olanda biz preventiv müdaxilələri gücləndiririk. Həmin ailələrə psixoloji-sosial müdaxilələr göstəririk. Uşaqların hüquqları ilə bağlı olaraq da ailədəki vəziyyət qiymətləndirilir. Psixoloq, sosial işçi və hüquqşünaslar da bu işə cəlb olunur.
– Kişilərə qarşı da zorakılıq faktorları var. Bu haqda nə deyə bilərsiz?
– Ümumi qaydada ölümlə nəticələnən bu hallarının hamısı qadınlara qarşı deyil, kişilərə qarşıdır. Qadınlara qarşı isə məişət zəmnində zorakılıq hadisələri baş verir. Baş verən hadisələrlə bağlı psixoloji yardıma ehtiyac varsa, bununla bağlı bir iş görürük. Bundan başqa, hüquqi sənədlərin bərpasında da dəstək göstəririk. Məişət zorakılığının qarşısının alınması üçün milli fəaliyyət planı qəbul edilmişdi. Bu plan çərçivəsində hər bəndin icrasına nəzarət edilir. ötən ilə qədər isə Azərbaycanda dövlət proqramı, strategiya yox idi. Ötən ildən icra olunan sənəd isə artıq yeni, uğurlu nəticələri göstərdi.
– Regional olaraq Azərbaycanda məişət zorakılığı ilə bağlı vəziyyəti necə qiymətləndirmək olar?
– Türkiyə, Gürcüstan, İranla müqayisədə Azərbaycanda məişət zorakılığının faiz göstəriciləri azdır. Regional baxımdan qiymətləndirsək, ən az məişət zorakılığı halları məhz Azərbaycanda baş verir.
– Zorakılıq halları aşkarlandıqda hansı addımlar atılır?
– Bundan öncə də baş verən zorakılıq halları zamanı qadın, ailədə uşaq varsa, o da sığınacağa yerləşdirilmişdi. Ailədə uşağın mafraqları təmin olunmursa, zorakılığa məruz qalırsa, belə olan halda məhkəmə qərarı ilə uşaq dövlət müəssisəsində saxlanıla bilər, nəinki o cür ailədə böyüyə. Belə olan halda hadisənin 2-3 gün ərzində qiymətləndirilməsi aparılır. Zorakılıq uşaqlara qarşı törədilibsə, bu zaman uşaqların atalarından alınması məsələsi də gündəmə gətirilir. Biz deyə bilmərik ki, bütün hallaırn araşdırılması dövlət komitəsi tərəfindən aparılır, bu yalan olar.
– Problem nədədir?
– Burada problem vətəndaşların müraicəti ilə bağlıdır. Vətəndaşlar çox zaman dövlət qurumlarına müraciət etmirlər. Ona görə də bu hallar təkrarlanır. Azərbaycan qadını çox zaman ailə sirrini əks etdirmək istəmədiyindən bu haqda danışmır. Artıq ölüm riski olduqda bu məlumatlar dövlət qurumlarına çatır.
– Məişət zorakılıqlarının kökündə nə dayanır?
– Məişət zəmnində baş verən zorakılığın səbəbləri sırasında sonsuzluq çox aktualdır. Düzdür, bu şəxslər boşananda əksəriyyəti deyir ki, xasiyyətləri bir-birinə uyğun deyil. Onların 70-80 faizi əsas səbəbi gizlədir. Alkaqoldan, narkotik vasitələrdən asılılıq da boşanmaya səbəb olan amillərdəndir. Bundan başqa, onlayn asılılığın yaranması da boşanmaya gətirib çıxarır. Xəyanət faktoru da boşanmaya səbəb olan 5 əsas amildən biridir. Çox zaman xəyanət faktorunu da gizlətməyə çalışırlar.
– Bəs, yaş kateqoriyası necə dəyişir?
– Öncələr 20-35, 20-40 yaş arasında zorakılıq halalrı baş verirdisə, indi bu yaş tendensiyası 40-60-ı əhatə edir. Bu kimi hallara görə, qeyd edim ki, Bakı şəhəri birincidir. Yəni, qeydiyyatı müxtif rayonlarda olan tərəflər Bakıda yaşadığındna bu kimi hadisələr də elə Bakıda qeydə alınır.
– Əsas müraciətlər nə ilə bağlıdır?
– Əsas müraciətlər alimentin ödənilməməsi, məhkəmə qərarının icra olunmaması ilə bağlıdır. Müraciətlərin təxminən 30 faizini məhkəmə qərarlarının icra olunmaması təşkil edir. Məişət zorakılığı isə müraciətlərin 20 faizini əhatə edir. (“Sputnik Azərbaycan”)