derman

Azərbaycanda saxta dərman təşvişi – ƏSL DƏRMANI NECƏ TƏYİN ETMƏLİ?

Baxış sayı: 303

Bir neçə gündür ki, Azərbaycanda satılan “Oksiam-B”adlı göz damcısı ətrafında qalmaqal səngimək bilmir. Səhiyyə Nazirliyi məlumat yayaraq, ölkəmizə idxal olunan bu dərmanın saxta olduğunu bildirib və əhaliyə bu preparatı almamağı tövsiyə edib. Lakin Dövlət Gömrük Komitəsi Səhiyyə Nazirliyinin özünün bu dərmanlara sertifikat verdiyini bildirib və sənədin surətini yayıb.

Acıbadem Kocaeli Xəstəxanasının oftalmoloqu Azmiyye Altınışık deyir  ki, bu dərmanın adını nə Türkiyədə, nə də Azərbaycanda eşidib:

“Belə dərmanların tərkibinə lazımi maddələr qoyulmur. Gözə lazım olan maddələrin başqalarıyla əvəz edildiyini düşünmürəm. Lakin hesab edirəm ki, faydalı tərkibi olmayan preparat gözə ziyan verməsə də, bir faydası da olmayacaq”.

“Oksiam-B” qalmaqalı isə ölkədə saxta dərmanlarla bağlı məsələni yenidən gündəmə gətirib. Fransada aparılan araşdırmalara görə, ildə 700 000 saxta dərman satışı həyata keçirilir. Ən çox satılan saxta dərmanlar sırasında ağrıkəsicilər, arıqlama dərmanları, göz dərmanları durur. Bəzi saxta dərmanların tərkibində hətta ağcaqanad dərmanı, siçan zəhəri mövcud olur. Saxta dərmanların  ölümlə nəticələnə biləcək xəstəliklərə də yol açması mümkündür. Həyat üçün təhdid sayılan belə dərmanlar Afrika və Asiyada bir çox ölümə səbəb olub.

 

Bəs saxta dərman tələsinə düşməmək üçün nə etməliyik?

Türkiyəli mütəxəssis Nurgün Örgenin sözlərinə görə, ilk olaraq bu barədə Səhiyyə Nazirliyindən məlumat əldə edilməlidir:

“Məhsul digərlərindən çox aşağı qiymətə satılırsa, buna mütləq diqqət yetirməlisiniz. Çıxarış və ya dəyişdirilmiş məhsul etiketinə aid işarətlərin olub-olmadığına baxın. Dərmanların üzərindəki barkodlarda dərmanın istehsalçısından tutmuş hansı apteklərdə satıldığına qədər bütün məlumatlar öz əksini tapır. Buna görə, almazdan öncə barkodun olub-olmamısını yoxlamalısınız. Çünki saxta dərman buraxanlar adətən original etiketi çıxarıb saxtası ilə dəyişdirirlər.

Belə dərmanların qablaşdırılmasına, rənginə də diqqət edilməlidir. Orginalından  nazikliyi, qeyri-parlaq olması ilə də seçilə bilər. Əgər görünüşü sizə fərqli gəlirsə burada saxtalıq ola bilər. Barkodu olmayan dərmanlar saxta hesab edilir”.

Mütəxəssis həmçinin internetdən alınan dərmanların əksəriyyətinin saxta olduğunu qeyd edərək, insanların güvəndikləri aptekdən dərman almalarını tövsiyə edib.

 

 Şəhanə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir