Qalina Polskix

Azərbaycanlı gənclə evlənmiş məşhur rusiyalı aktrisa – FACİƏVİ EŞQ HEKAYƏSİ

Baxış sayı: 1. 369

Rusiyanın xalq artisti, məşhur aktrisa Qalina Polskix bu gün 75 illik yubileyini qeyd edir. Karyerası boyunca 140-dan artıq filmdə və teleserialda çəkilən aktrisa sovet kinosunun canlı əfsanələrindən sayılır. “Vəhşi it Dinqo” (1962), “Mən Moskva boyu addımlayıram” (1963), “Kölgələr günorta yox olur” (1971),”Ailə səbəblərinə görə” (1977), “Rusca sevmək” (1995), “Dpktor Jivaqo” (2005) və s. filmlər ona çoxmilyonlu tamaşaçı sevgisi qazandırıb.

Oxucular üçün maraqlı olacaq məqamlardan biri Qalina Poslkixin ilk həyat yoldaşının milliyətcə azərbaycanlı Faiq Həsənov olmasıdır.

Qalina Alekseyevna Polskix 1939-cu il noyabrın 27-də Moskvada anadan olub. O demək olar ki, valideynlərini xatırlamır. Çünki anadan olduqdan 1 il yarım sonra başlanan Böyük Vətən Müharibəsi onun ailəsinə faciələr gətirib. Atası Alekey Polskix 1942-ci ildə cəbhədə həlak olur, anası isə 1947-ci ildə vərəm xəstəliyindən dünyasını dəyişir. Yetim qalan 10 yaşlı Viktor və 8 yaşlı Qalina da fərqli tale yaşayırlar. Ana nənəsi böyük nəvəsi Viktoru öz himayəsinə götürür, balaca Qalina isə uşaq evinə verilir. Lakin bir müddət sonra ana nənəsi Yefrasiya Andeyevna Belarusdan gələrək qız nəvəsinə sahib çıxır və onu uşaq evindən götürür.

Onlar faciələrə qədər  Polskixlər ailəsinin tam tərkibdə yaşadığı dar mənzildə məskunlaşırlar. Yefrasiya Andreyevna nəvəsini dolandırmaq üçün mənzillərinin yaxınlığındakı mağazada xadiməçi kimi işə başlayır. Nənəsinin hər gün çəkdiyi əziyyətə şahid olan Qalina məktəbi bitirdikdən sonra işə başlayaraq ona yardımçı olmaq istəyir. Lakin müdrik nənəsi buna icazə vermir və  “nə qədər ki, ayaq üstə dayanmışam, oxu. Qalka, sən təhsil almalısan”, – deyə onu işləmək fikrindən daşındırır.

Cəlbedici xarici görünüşüə – mavi gözlərə, sarı saçlara və şux qamətə sahib Qalina məktəbi bitirər-bitirməz aktrisa olmaq qəarına gəlir. O, sənədlərini Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafçılar İnstitutuna verir. Birinci turda komissiya sədri Qennadi Şpalikovun qarşısında şeir deyən Qalina Polskix komissiya üzvlərinin rəğbətini qazanır və instituta daxil olur. O Mixail Rommun aktyorluq kurslarında dərs alır. Məhz bu ali tədris müəssisəsində o ilk həyat yoldaşı olan azərbaycanlı gənclə tanış olur.

Həmin vaxt Kinematoqrafçılar İnstitutunun 3-cü kursunda rejissorluğu oxuyan azərbaycanlı Faiq Həsənov Qalinaya aşiq olur. Sonralar aktrisa Faiq Həsənovu belə xatırlayacaqdı: “Ağıllı, çox oxumuş birisi idi. Mənə çox gözəl nəvaziş göstərirdi. Bəzən bizim binanın pilləkənlərində yatırdı ki, səhər mənimlə birgə instituta gəlsin”.

Tezliklə Qalina da inadkar və qayğıkeş azərbaycanlıya qarşı sevgi hisslərinin yarandığını anlayır və hər şey sürətlə eviliyə doğru gedir. Qalina Polskix həmin günləri böyük xiffət hissi ilə belə yad edir: “Günlərin birində o özü bizə elçi gəldi və nənəmə mənimlə evlənmək istədiyini söylədi. Təbii ki, nənəm etiraz etmədi. Nənəm bizim bir-birimizə göstərdiyimiz nəvazişi görürdü. Nənəmdən razılıq alandan sonra Faiq mənim yatmağımdan istifadə edərək barmağımın enini ölçüb və səhəri gün 2 nişan üzüyü ilə qayıtmışdı”.

Bir neçə ay sonra onlar çox xudmani, lakin çox şən keçən toy mərasimi təşkil edirlər. Faiq Həsənov artıq həyat yoldaşı olan Qalinadan bal ayı üçün hara səyahət etmək istədiyin soruşanda o, “dənizə getmək istəyirəm” deyə cavab verir. Bir gün sonra evli gənclər artıq Qara dəniz sahilindəki Yalta şəhərinə yollanırlar.

rusiyali aktrisa

Azərbaycanlı rejissor həyat yoldaşının istəklərinə xüsusi həssaslıqla yanaşır və onun bütün istəklərini dərhal yerinə yetirirmiş. Bir dəfə xanımının qırmızı paltar istədiyini eşidən Faiq Həsənov növbəti gün ona qırmızı rəngli yeni dəst paltar alıb gətirir.

“O, hər şeyi gözəl etməyi bacarırdı. Səhərlər kofe hazırlayırdı”, -deyə Qalina Polskix indi çox illər öncəni xatırlayır.

Faiq Həsənovla Qalina Polskixin Moskvadakı darısqal mənzili Sovet İtitfaqının gələcək məşhurları – musiqi-bard Vladimir Vısotski, teatr rejissoru Vasili Şukşin və digərlərinin toplaşdığı məkana çevrilir. Maraqlıdır ki, hələ ümumittifaq məşhurluğu qazanmamış Vısotksinin ilk ifalarını Faiq Həsənov öz maqnitafonuna yazırmış.

Azərbaycanlı gənc rejissorla rus xanımının xoşbəxtliyi 1960-cı il noyabrın 2-də İradə adlı qız övladlarının dünyaya gəlməsi ilə daha da möhkəmlənir.

1962-ci ildə isə 23 yaşlı Qalina Polskix “Vəhşi it Dinqo” filmində rol alır. Sovet tamaşaçılarının və tənqidçilərinin rəğbətini qazanan film Polskix üçün kino karyerasında yeni üfüqlər açır. Onu tez-tez yeni filmlərə çağırmağa başlayırlar. Həyat yoldaşının kinoaktrisa kimi karyera uğurları fonunda Faiq Həsənov rejissor kimi ardıcıl uğursuzluqlara düçar olur. Qalina Polskix xatirələrində həmin çətin vaxtlarda ərinə dəstək olduğunu deyir: “İnstitutu bitirdikdən sonta mən kino çəkilişlərinə başladım. Ərim isə iş axtarışında idi. Nənəm onu tez-tez danlayırdı. Mən isə nənəmə deyirdim: “Faiq savadlı, ağıllı insan olduğu üçün istədiyi ssenari ilə film çəkmək istəyir. “Mosfilm” isə gənc rejissorlara zəif ssenarilər təklif edirdi”.

Nəhayət 2 illik gözləntidən sonra 1967-ci ildə Faiq Həsənov Odessa kinostudiyasından iş təklifi alır. Eyni zamanda Qalina Polskix də institut müəllimləri Sergey Gerasimov və Tatyana Makarovanın məxsusi olaraq öz tələbəsi üçün yazdıqları ssenari əsasında ekranlaşdırılan “Jurnalist” filminin çəkilişlərinə dəvət alır. Lakin bu zaman onun şəxsi həyatında ard-arda faciələr baş verir. Qalina Polskix sonralar “Jurnalist” filmindəki çəkilişlərin onun lənətinə çevrilməsindən şikayətlənib.

Çəkiliş meydançasında olarkən aktrisa ilk olaraq nənəsi Yefrasiya Andreyevanın vəfat etdiyi barədə xəbər alır. Bundan 10 gün sonra isə daha dəhşətli hadisə baş verir: Odessada kino çəkilişlərinə hazırlaşan Faiq Həsnovu gözlənilməz qəza yaxalayır, onu maşın vuraraq öldürür. Nənəsinin dəfnindən yenicə qayıdan Qalina ərinin ölüm xəbərini aldıqdan sonra dərin sarsıntı keçirir. Həmin ağır günləri o belə xatırlayır: “Mən Faiqi dəlicəsinə sevirdim. Bilmirəm həmin vaxt onu itirməyimə necə dözə bildim. Amma himayəmdə 4 yaşlı qızım var idi. Yalnız onun gələcəyinə olan inamım mənə güc verdi”.

faiq hesenov

Bu məqamda haşiyə çıxaraq Qalina Polskixin həyatında əsas kişi hesab etdiyi həmyerlimiz Faiq Həsənovun tərcümeyi-halına qısaca nəzər salaq:

Faiq Həsənov 1937-ci ildə Bakı şəhərində andan olub. Kinorejissor atası Ağarza Quliyev kimi Faiq də rejissorluğa maraq göstərib. Məktəbi bitirdikdən sonra Bakı Texniki İnstitutunda təhsil alan istedadlı gənc rejissorluq arzularının arxasınca Moskvaya – Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna gedir və ali məktəbin rejissorluq kurslarına daxil olur. İnstitutda onun diplom işi “Sirr” adlı film olur. Film pioner düşərgəsinin sakinlərinin yay gəzintisi zamanı başlarına gələn sərgüzəştlərdən bəhs edirdi. Təəssüf ki, 1965-ci ildə Odessada baş verən faciə 28 yaşlı istedadlı azərbaycanlının böyük rejissorluq uğurları vəd edən karyerasını yarımçıq qoyur.

6 illik evlilikləri dövründə Faiq Həsənov Qalina Polskixə Azərbaycanı sevdirə bilib. Aktirsa çoxdan Bakıya təşrif buyurmasa da, müsahibələrində həmişə Bakı və Azərbaycan haqda, mərhum həyat yoldaşının qohumları barədə xoş sözlər deyir. Plova və digər mətbəx nümunələrimizə qarşı zəifliyi olan aktrisa Bakını öz ikinci doğma şəhəri sayır.

“Bakı mənim üçün ikinci doğma şəhərdi. Mərhum ərimin anasını, ümumiyyətlə ailəsini çox sevirdim. O vaxtlar tez-tez Bakıda olurduq. Orada çoxlu qohumlarım var, bu günə qədər danışırıq. Qaynanam vəfat etdiyi üçün qızım İradə ilə onun qəbrini də ziyarət etmişik.

Özüm bişirə bilməsəm də Bakıdakı qohumlarımın bişirdiyi dolmanı və plovu çox sevirəm. Amma bilirəm ki, bakılılar çox qonaqpərvər, mehriban və gülərüz insanlardır”.

Faiq Həsənovun ölümündən uzun illər sonra Qalina Polskix mərhum azərbaycanlı ərinə sadiq qalır və kişilərin diqqətinə qarşılıq vermir. Lakin bir müddət sonra “Mosfilm” kinostudiyasının baş direkotunun rejissor oğlu Aleksandr Surinin israrlı təklifləri qarşısında geri çəkilir və onunla ailə həyatı qurur. Ancaq bu nikah uzun çəkmir və onların ailəsi qısa müddətdən sonra dağılır. Qalina Surinlə 2-ci evliyini öz səhvi hesab edir və Faiq Həsənovdan sonra şəxsi həyatında yaranmış boşluğu başqa bir kişinin doldura bilmədiyini etiraf edir.

“O da mənə çox gözəl nəvaziş göstəridi. Mən duruş gətirə bilmədim. Yəqin ki, həyatda darıxdığım üçün Aleksandrla evləndim. Sonra anladım ki, biz tamailə fərqli insanlarıq”.

Moskvanın mərkəzində yaşayan Surinin ailəsi geniş əlaqələrə malik idi. Lakin əntiq mebel və bahalı paltarlar, xaricdən gətirilən məhsullar aktrisanın təbiətinə yad gəlirdi. Digər tərəfdən isə onun qayınanası ilə münasibətləri düşmənçilik həddinə çatmışdı.

”Mən özümü qızıl qəfəsdəki kimi hiss edirdim. Və yaxşı ki, hər şey belə tez bitdi. Bu nikah əvvəl-axır bitməli idi” deyən aktrisa uğursuzluqla bitən 2-ci evliliyi barədə təəssüflənmədən danışır.

Yeri gəlmişkən, boşanma ərəfəsində hamilə olan Qalina buna rəğmən öz qərarını dəyişmir və ikinci ərindən ayrıldıqdan bir neçə ay sonra Mariya adlı ikinci qız övladını dünyaya gətirir.

Bundan sonra Qalina Polskix bir daha ərə getmir və qızları İradə ilə Mariyanı təklikdə böyüdür. Aktrisa bir daha ərə getməməsinin səbəblərindən biri kimi qızlarının ona hər maraq göstərən kişiyə qısqanclıqla yanaşmasını da qeyd edir.

Qalina Polskixin Faiq Həsənovla nikahdan dünyaya gətirdiyi böyük qızı İradə Həsənova valideynlərinin yolu ilə gedərək Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafçılar İnstitutunun kinoşünaslıq fakültəsinə daxil olub.

O, aktrisalıq sahəsində də özünü sınayaraq “Varislər” serialında baş rollardan birini ifa edib. Hazırda İradə Həsənova “Mosfilm”də aparıcı rejissorun aktyor kastinqi üzrə assistenti vəzifəsində çalışır. 54 yaşlı İradə Həsənova daha çox ikinci rejissor kimi film çəkilişlərində iştirak edir.

Qalinanın ikinci qızı Mariya Surina isə Moskva Xalqlar Dostluğu Universitetini bitirib. Təhsil aldığı zaman Livan vətəndaş ilə tanış olan Mariya onunla ailə həyatı quraraq Qalina Polskix üçün yeganə nəvəsi – Filip Şabbonu bəxş edib. 1992-ci ildə andan olan Filip məşhur nənəsinin sözlərinə görə onun həyat mənbəyidir.

“İndi həyatımdakı əsas kişi nəvəm Filipdir. Təəsüf ki, onunla az-az görüşürəm. Qızım Livan vətəndaşı ilə evlidir. 5 yaşına qədər nəvəm yanımda qalsa da, atası sonradan ona yaxşı təhsil vermək üçün Beyruta aparıb. Qızım isə Moskvada iş tapdıqdan sonra Rusiyaya qayıtdı. Qərar verdik ki, nəvəmiz atasının yanında qalsın. Hazırda Filip Londonda yaşayır”.

Şəxsi həyatındakı faciələr ahıl yaşında da Qalina Polskixi rahata buraxmayıb. 2010-cu ildə onun sevimli nəvəsi Filip Şabbo Moskvada motosiklet idarə edərkən qəza törədib. Ağır xəsarətlər alan Filip Şabbonun sol ayağının 1/3 hissəi amputasiya olunur. Qalina Polskix yeganə nəvəsinin müalicəsi üçün böyük məbləğdə vəsait toplayır. 1 illik müalicədən sonra Filip Şabbo öz sağlamlığın tam bərpa edir və London Universitetinin “motorların dizayner-mühəndisi” fakültəsinə daxil olaraq, bu il oranı bitirib. Filip Şabbo xəstəxanda müalicə kursunu bitirdikdən sonra verdiyi ilk açıqlamada “nənəsinin həyatda onun üçün ən dəyərli insan” olduğunu deyib.

Bu gün 75 yaşlı aktrisa tək yaşayır. Amma kino və tamaşalarda aktiv şəkildə çəkilir və ağır həyat yoluna baxmayaraq, bu gün də öz nikbinliyini itirmir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir