metbuat

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

Baxış sayı: 157
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 141 il ötür.

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən 141 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir