doyulen kisi

Azərbaycan qadınları ərlərini niyə döyür?

Baxış sayı: 2. 155

“Qonşuluqda yaşayan Malik əminin səsi heç vaxt qulaqlarımdan getmir. Əvvəl yaşadığımız yerdə qonşu idik. Evdə kişi rolunu xanımı oynayırdı. Onlar hər dalaşanda anamla o qədər pis olurduq ki, Malik əmiyə yazığımız gəlirdi… Nə atam, nə də qonşuluqdakı başqa kişilər Malik əmiyə salam vermirdilər. Arvadı demək olar, hər gün onunla dalaşırdı. Divar qonşusu olduğumuzdan evdəki dava-dalaş səsini aydın eşidirdik. Hətta bir dəfə Malik əmi evə içib gəldiyindən arvadı onu döymüşdü. Həmin vaxt kişinin səsini qonşuların çoxu eşitmişdi. Özü də evə pul gətirən də Malik əmi idi. Hamı Malik əmiyə Sədaqətin arvadı deyirdi”.
Bu sözləri bizimlə söhbətində Bakı sakini Günel Quluyeva deyir. İndi ailə həyatı quran Günel ağlına belə gətirə bilmir ki, arvad  kişini necə döyə bilər: “Düzdür, kişi bir az sısqa idi, amma inanmıram qadına gücü çatmasın. Çox tərbiyəli, başı aşağı, mədəni adam idi, yəqin elə xanımı bundan istifadə edirdi. Uşaqları da atalarını saymırdılar. O vaxt tam başa düşmürdüm, amma indi anlayıram ki, arvadı Malik əmini istəmirmiş, bu səbəbdən ona əziyyət verirmiş”.

Ətrafımıza nəzər salsaq, görərik ki, Malik əmi kimi kişilərin sayı heç də az deyil. Sadəcə, qadınlardan fərqli olaraq, onlar cəmiyyyətdən gizlənir, xanımları tərəfindən döyüldükləri, söyüldülkləri, təhqir olunduqları, alçaldıqları zaman “ürəklərini” heç kimə aça bilmirlər. Nəticədə Azərbaycan cəmiyyətində belə bir fikir formalaşır ki, məişət zorakılığına məruz qalanlar yalnız qadınlardır. Faktlar nə deyir? Sualımıza aydınlıq gətirmək üçün yola çıxdıq…

Məişət zorakılığı nədir?

Qeyd edək ki, 2010-cu ildə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və həmin qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur.
“Məişət zorakılığı” əsasən fiziki, psixoloji, iqtisadi və cinsi baxımdan ola bilər.
Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda insan özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq – evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir və digər ailə üzvlərini özündən iqtisadi baxımdan  asılı vəziyyətə gətirərək bundan sui-istifadə edir. Cinsi zorakılıqda isə söhbət zorlanmadan gedir.

Döyülən kişilər azdır, amma var
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bizimlə söhbətində bildirdi ki, qadınların döyülməsi ilə müqayisədə kişilərin fiziki zorakılığa məruz qalması hədsiz dərəcədə azdır: “Belə faktlar azdır, amma qarşılaşmışıq. Məsələn, bir dəfə qarşılaşdığımız faktda qadın kişini baltalamışdı. Səbəbini öyrəndik. Məlum oldu ki, qadının səbri tükənəndə bu yola əl atır. Qadın hansısa səviyyəyə kimi özünün  döyülməyinə, söyülməyinə dözür,  səbr kasası bitəndə isə baltanı əlinə alıb kişini öldürür”.
E.Səfərov məişət zorakılığının təkcə fiziki zor tətbiq etmə ilə bitmədiyini deyir: “Kişilər etiraf edir ki, qadınlar tərəfindən onlara psixoloji zorakılıq çox olur. Amma təəssüflər olsun ki, nə kişilərin, nə də qadınların, pxixoloji zorakılıqla bağlı statistikasını öyrənə bilməmişik”.
 
Statistika

Statistika Komitəsinin rəsmi saytından əldə etdiyimiz məlumata görə, 2015-ci ildə 995 nəfər məişət zorakılığı cinayətləri nəticəsində zərər çəkib. Onlardan 201-i kişilərdir. Kişilərdən 15 nəfəri (qadınlardan 33 nəfər) məişət zorakılığı nəticəsində öldürülüb, 6 nəfəri isə özünü öldürməyə cəhd edib. Ötən il ərzində 9 qadının, 14 kişinin sağlamlığına məişət zəminində qəsdən ağır zərər vurulub.
Məişət zəminində baş verən hadisələrin heç də hamısı ailədən kənara çıxmadığını nəzərə alsaq, real rəqəmin Statistika Komitəsiin açıqladığı rəqəmdən dəfələrlə böyük olduğunu demək olar.
Amma yuxarıdakı statistikaya baxıb 201 qadının kişilərə zorakılıq tətbiq etməsi qənaətinə gələ bilmərik. Məişət zorakılığı nəticəsində zərər çəkən 201 kişinin heç də hamısı qadınlar tərəfindən zorakılığa məruz qalanlar deyil. Statistika Komitsinn məlumatında zorakılıq edənlərin cinsi yazılmadığından belə qənaətə gəlmək olar ki, aralarında oğlanları, qardaşları, ataları tərəfinfən məişət zəminində zorakılığa məruz qalan kişilər də var.

Qadın dominantlığının səbəbləri
 
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hamı qadınlara qarşı zorakılıqdan danışdığından belə bir təsəvvür yaranır ki, Azərbaycan cəmiyyətində ancaq qadınlara qarşı zorakılıq var: “Bu, yanlış təsəvvürdür. Mənim tanıdığım yaşlı insanlar arasında xanımları tərəfindən psixoloji-mənəvi zorakılığa məruz qalanlar var. Bu cür kişilər cəmiyyətin qınağından çəkinərək boşanmaya üz tutmur. Buna görə də həyat yoldaşlarının mənəvi zorakılığı altında həyatlarına davam edir, infarkt olur, bəzən dünyalaını dəyişirlər. Sosial psixologiyanın təsdiq etdiyi, min illərdir cəmiyyəti öyrənən mütəxəssislərin, dini kitabların, yazıçıların, dediyi kimi, maddi dəyərlər aparıcı rol oynayan, maddiyyatın insanların davranışına təsir etdiyi cəmiyyətlərdə gərginlik qaçılmazdır. Təəssüf ki, son illər ailələrdə aparıcı rolu maddi dəyərlər oynayır. Cəmiyyətdə insanların maddi dəyərlərlə fərqlənməsi ailələrə sirayət edir. Bu da Azərbaycan ailəsini indiyədək tarixdə olmamış bir vəziyyətə gətirir. Gərginlik yaşayan cütlüklər bir-birinə məişət zəminində təzyiqlər göstərir.”.
Psixoloq Orxan Oruc isə deyir ki, kişilərin psixoloji zorakılığa məruz qalmasının səbəbi təkcə maddiyyatla bağlı deyil: “Əvvəlki dövrdəki Azərbaycan kişiləri ilə indikilərin fərqlənməsinin, indi kişilərimizin məişət zəminində zorakılığa daha çox məruz qalmasının səbəbləri müxtəlifdir. Müasir kişinin tərbiyəsində qadının dominantlığı daha çoxdur, nəinki kişilərin. Müasir həyat kişinin yaşamaq üçün səhərdən axşama kimi dayanmadan işləməsini tələb edir. Nəticədə oğlan uşaqları atalarını az görürlər, üstəlik, bağçaya, məktəbə gedəndə də müəllimlərinin qadın olması öz təsirini göstərir. Bu da bizim cəmiyyətin öyrəşdiyi ənənəvi kişi obrazı ilə bağlı təsəvvürlərin zəif olmasına gətirib çıxarır. Belə oğlanlar ailə quranda qadının dominantlığına şərait yaradırlar. Gözünü açıb bağçada, məktəbdə qadın görən uşaqlarda istər-istəməz şüur altında belə bir fikir formalaşır ki, qadın həmişə dominant olmalıdır. Bundan başqa, indiki kişilərin formalaşma prosesi əvvəlki kişilərin formalaşma prosesi ilə eyni deyil. Əvvəllər əsgər gedən oğlan uşaqları aylarla, hətta illərlə ana, qadın üzü görmürdülər. Amma bu gün hərbi xidmətə gedən əsgərlərin anaları, bacıları ayda bir dəfə, hətta ayda bir neçə dəfə ona dəyməyə gedirlər. Deyə bilmərik, bu hal yaxşıdır, ya pisdir. Sadəcə, düşünürəm ki, müasir kişi obrazının dəyişmə səbəbləri arasında bunlar var. Xüsusilə Qarabağ müharibəsi dövründə formalaşmış ailələrdə dünyaya gələn uşaqların tərbiyəsində ata, kşi obrazı demək olar, rol oynamayıb. Kişilərin yarısı müharibədə idi, bəziləri şəhid olmuşdu, bəziləri həmin dövrlərdə iqtisadi çətinliklərdən dolayı xarici ölkələrə üz tutmuşdular. Beləliklə, ailələrdə müasir kişiləri hardasa qadın formalaşdırırdı”.
Psixoloqun sözlərinə görə, qadınların formalaşdırdıqları kişilər bu gün zorakılığa məruz qaldıqlarını hamıdan gizlədirlər: “Qadınlar zorakılığa məruz qalmalarını rahatlıqla dilə gətirə, hətta polisə zəng edə, hüquqlarının müdafiə olunmasını tələb edə bilirlər. Amma kişilər üçün bu, çox çətindir. Cəmiyyətdə oturuşmuş, şablonlaşmış düşüncə var. Buna görə də kişilər xanımları tərəfindən şiddətə məruz qaldıqlarını deyə bilməzlər. Onlar etirazlarını başqa bir formada izhar edirlər. Məsələn, evdən, ailədən uzaqlaşmağa başlayır, ailə ilə çox az vaxt keçirir, yaxud içkiyə qurşanırlar”.

İçkiyə aparan yol
 
Ramana sakini Rafiq kişi dərdini yüngülləşdirmək üçün içkiyə qurşananlardandır. O, dərdini “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinə açıb. Sözügedən birliyin sədri Ülkər Abdullayeva deyir ki, qəribə səslənsə də, Azərbaycan ailələrində çox az sayda da olsa, qadınlar tərəfindən  fiziki zorakılığa məruz qalan kişilər var. Bir dəfə Ramana qəsəbəsindən Rafiq adlı kişi təşkilatımıza zəng vuraraq yardım itəmişdi. Biz onun yaşadığı ünvana getdik. Məlum oldu ki, kişi illər əvvəl işlədiyi tikinti idarəsində ixtisara düşüb. Sonra bir müddət bazarda, çörək sexində çalışıb, maşın dayanacağında gözətçi işləyib. Amma bədbəxtlikdən onun bu iş yerlərində də bəxti gətirməyib və axırda işsiz qalıb. Evdə qadının danlağını eşitməmək üçün içkiyə qurşanıb. Bir dəfə evə içkili gəldiyi üçün qadın onu evə buraxmayıb. Sonra isə qadın içkiyə görə mütəmadi olaraq ərini döyüb. Biz onların evinə gedəndə evin xanımı ilə bərabər iki qızının da kişiyə düşmən kəsildiyinin şahidi olduq. Onlar sanki adamdan deyil, hansısa bitkidən, həşəratdan danışırdılar. Onu içki içdyinə görə səfil adlandırır, tez-tez evə buraxmayaraq çöldə gecələməsinə səbəb olurdur. Həm də qadının kişiyə atdığı ev əşyaları kişinin sifətində, başında dərin yaralar açmışdı, onun boynunda, sinəsində, üzündə cırmaq izləri vardı. Kişinin yeganə günahı evə gəlir gətirə bilməməsi idi. İçkiyə isə onu yaşada bilən yeganə vasitə kimi baxırdı. Belə hallar Bakı kəndlərində və regionlarda az da olsa, baş verir. Amma qadınlar əsasən onlara fiziki xəsarət yetirilərkən özlərini müdafiə etdikləri zaman, ya da intiqam alarkən kişiləri öldürürlər”.
Dilarə Əliyrva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri  Novella Cəfəroğlunun fikrincə, heç bir qadın durduğu yerdə həyat yoldaşına zor tətbiq etməz: “Kişi içkili, əsəbi olanda qadını həmişəki yerində – mətbəxdə tapır. Orada da söyüb-döyəndə qadının əlinə bıçaq keçir və kişini vurub öldürür. Yəni bir yerə kimi dözən qadın partlayır, ya kişinin başına nəsə vurur, ya da bıçaqla öldürür.Bu cür vəhşilik qəbuledilməzdir. Əgər qadın ona edilən zorakılığı qəbul etmirsə, cinayətə əl atmaqdansa, vaxtında boşanmalı, yaxud hüquq-mühafizə orqanlarına müraciət etməlidirdır”.
 
Kişini döyənlərin qanunla cəzası

Bəs yaxınlarını məişət zorakılığına məruz qoyanların cəzalandırılma mexanizmi necədir?
VHS Consulting Hüquq MMC-nin direktoru Vüqar Səfərli şəxsi təcrübəsində kişilərin məişət zorakılığına məruz qaldığı üçün hüquqi yardım almaq hallarına rast gəlməyib. Amma belə halları istisna etmir: “Məsələyə qanunvericilik baxımından yanaşdıqda, məişət zorakılığını törədən şəxsin cəzalandırılması zamanı cinsi ayrı-seçkiliyə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində məişət zorakılığı ayrıca cinayət əməli kimi və ya digər cinayət əməlində ağırlaşdırıcı hal kimi nəzərdə tutulmur. Daha dəqiq desək, qanun, məişət zorakılığına yol vermiş şəxslərin Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərə uyğun cəzalandırılmasını nəzərdə tutur. Əlbəttə, əməl, kontekstindən asılı olaraq, müxtəlif növ cinayət əməli katerqoriyasına aid edilə bilər. Nəzərə alsaq ki, məişət zorakılığı haqqında qanun “məişət zorakılığını” qismən “qəsdən fiziki və mənəvi zərər vurma” kimi müəyyən edir, məişət zorakılığı ilə əlaqədar əksər cinayətlər Cinaəyt Məcəlləsinin VIII Bölməsinin (şəxsiyyət əleyhinə olan cinayətlər) altına düşür”.

Qanundakı boşluq
 
Hüquqşünas Ellada Bayramova deyir ki, ortada fiziki zorakılıq olanda, bədənə xəsarət ediləndə, ölüm halları baş verəndə qanunlar yaxşı işləyir, cinayətkar cəzasını alır: “Amma bilirik ki, bu gün kişilərə qarşı mənəvi psixoloji zorakılıq daha çoxdur, nəinki fiziki zorakılıq. “Sən kişi deyilsən”, “biqeyrətsən, qazanıb gətirə bilmirsən”, “ailənə baxa bilmirsən” kimi psixoloji təhqirlərlə rastlaşan kişilərimiz az deyil. Fiziki işgəncənin yeri sabahısı gün sağala bilər, amma ən böyük cinayət mənəvi zorakılıqdır. Dayanmadan eyni şey hər gün təkrar olursa, o adam psixoloji cəhətdən cinayətkara çevrilə, adam öldürə, yaxud intihara əl ata bilər. Ölüm həddinə çatdırılma deyə bir şey var. Bu, bir il ərzində də, beş il ərzində ola bilər. Bu müddət ərzində insana psixoloji-mənəvi təzyiq göstərilərsə, həmin insan sonda özünə qəsd edə bilər. Hesab edirəm ki, bununla bağlı qanunda böyük dəyişiklik olmalı, bu məsələlər ciddiyə alınmalıdır. Çünki mənəvi, psixoloji zorakılıqdan pis heç nə yoxdur. Amma təəssüflər olsun ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda mənəvi zorakılıq edən ailə üzvünə hansı cəzanın verilməsi ilə bağlı bir cümlə belə yoxdur”.
Hüquqşünasın sözlərinə görə, əgər mənəvi zorakılıqla bağlı məhkəməyə kimsə müraciət etsə, o, məhkəməni mütləq uduzacaq: “Mən öz təcrübəmdə də, həmkarlarımın təcrübəsində də bununla qarşılaşmışam. Çünki qanunda mənəvi, pxisoloji zorakılıqla bağlı hissədə böyük boşluq var. Təəssüflər olsun ki, heç bir cinayət olmadıqda, mənəvi təzyiqə görə Azərbaycanda kiminsə kimisə məhkəməyə verib, qalib gəlməsi mümkün deyil”.
Qeyd edək ki, qanunda bildirilir ki, “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
E.Bayramova deyir ki, qanunun bu hissəsi işləmir: “İstər qadın, istərsə də kişi  mənəvi, psixoloji basqıya məruz qalması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları sayılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yaxud  rayon icra hakimiyyətlərinin tərkibindəki Qəyyumluq şöbələrinə müraciət etsə, heç birində işinə baxılmayacaq. Ola bilsin ki, ən yaxşı halda mənəvi işgəncəyə  məruz qalan insan üçün psixoloq təyin etsinlər. Amma elə psixoloq təyin edirlər ki, psixoloqun özünün köməyə ehtiyacı olur. Ümumiyyətlə, qanunun mənəvi zorakılıqla bağlı hissəsi işləmir. Belə məsələlərlə bağlı dəfələrlə qanunda göstərilən müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişm, amma heç bir nəticəsi olmayıb. Bu qurumlar xəstə vəziyyətdədir. Vəziyyət nə qədər bu cür davam edərsə, həm qadınların, həm də kişilərin məişət zorakılığından əziyyət çəkməsi nəinki davam edəcək, hətta çoxalacaq”.

“Kişilər daha çox təzyiqə məruz qalır”
 
Psixoloq Rövşən Cavadov deyir ki, bu gün Aəzrbaycan ailələrində kişilər qadınlardan daha çox təzyiqə məruz qalır: “Başqa cəmiyyətlərdə kişilər problemlərini dilə gətirib bir az yüngülləşirlər. Avropa ölkələrində, elə qonşu Türkiyədə kişilər üçün sığınacaq evləri var. Ailəsi tərəfindən mütəmadi olaraq alçaldılan, mənəvi təzyiqlərə məruz qalan kişilər həmin sığınacaqlara gedir, orada psixoloji müalicə alırlar. Azərbaycanda kişilərimiz nadir hallarda xanımları tərəfindən fiziki şiddətə məruz qalsalar da, mənəvi təzyiqlə rastlaşanlar həddən artıq çoxdur. Çünki bizdə yazılmamış qanuna görə, evin maddi tələbatını mütləq kişi qarşılamalıdır. Qadının işləmək imkanı olsa belə, yenə də evə pul gəlməyəndə, yaxud az gələndə  günahkar kişi olur. Psixoloq olduğuma görə ətrafımda mənə dərdini danışan kişilər çoxdur. Onların ən böyük problemi ailədə mənəvi zorakılığa məruz qalmalarının cəmiyyətdə qabardılmaması, hamı kimi, onların da bu dərdi içlərinə salaraq yaşamalarıdır. Bəlkə məsələ qabardılsa, kişilərimiz də qadınlarımız kimi ürəkli olar, psixoloqlara, müxtəlif insan haqları ilə bağlı qeyri-hökumət təşkilatlarına müraciət edərlər”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir