ders

Azərbaycan təhsili uşağı qocaldır: bu yaşda bu qədər yükləmə niyə?!

Baxış sayı: 553

Aprelin 12-də təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı”nın təsdiq edilməsi barədə əmr imzaladı. Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edildi.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu canlı yayımda sualları cavablandırarkən, məktəbəqədər təhsil haqqında proqramın ləğv edilmədiyini, əksinə təkmilləşdirildiyini dedi: “Bu, kurikulumun ləğvi deyil. Biz formal təhsil alırıqsa, bunun bir planı, yəni kurikulumu olmalıdır”.

Onun sözlərinə görə, yeni dövlət standartı 1-6 yaşlı uşaqları əhatə edir. Yəni burada 1-6 yaşlı uşaqların nələri öyrənməli olduqları nəzərdə tutulur: “1 yaşlı uşağın təhsili dedikdə onların parta arxasında oturdulub yazmaq-öyrətmək yox, inkişaf sahələrindən söhbət gedir. Uşaqların fiziki, estetik, idraki, sosial-emosinal inkişafından söhbət gedir. Hoppanmaq, əl çalmaq, rəngləri tanımaq, yemək masasında özünü aparmaq və s. nəzərdə tutulur. Bu məşğələlər oyun formasında olacaq”.

V.Yaqublu məktəblərdə tədris proqramının ağır olması barədə fikirlərə də münasbibət bildirdi və bunun bəzi müəllimlərin yanaşmasından qaynaqlandığını söylədi: “Bir qrup müəllim var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənmələri üçün vasitə sayır, məsələyə belə yanaşırlar. Ona görə də uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir. Həmin müəllimlərlə iş aparılmalıdır. Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.

Bütün bunların fonunda, məktəbəqədər təhsil və bu istiqamətdə yaşanan problemlər yenidən gündəmə gəlib. Valideynlər və pedaqoqlar arasında indiki təhsil proqramını dəstəkləyənlər olsa da, dəstəkləməyənlərin daha çox olduğu müşahidə edilir. Əsas səbəb kimi də uşaqların yaşlarına görə çox yüklənməsi göstərilir.

Türkiyədə yaşayan həmyerlimiz Aysel Atəş qonşu ölkədəki məktəbəqədər təhsil sistemindən danışarkən aşağıdakıları dedi: “Buradakı vəziyyət Azərbaycandakından fərqlidir. Keçən il Azərbaycana getmişdik. Məktəblərin birində olduq, qızım sinfə girmədi. Çünki dörd divar və partalardan ibarət otaqda 5 yaşlı uşaqlar var idi. Amma bu, 5 yaşlı uşaqlar üçün uyğun mühit deyil. Qızım sinfə daxil olaqdan imtina etdi ki, bura böyüklər üçündür, istəmirəm. Türkiyədə məktəbəqədər təhsil elə məktəblərin daxilində olsa da, siniflərin qurulmasında və proqramda uşaqların yaş katqoriyasını nəzərə alıblar. Siniflər rənglidir. Oyun, nağıl, cizgi filmi, animasiya izləmə saatları var”.

Həmsöhbətimiz bildirir ki, Türkiyədə məktəbəqədər təhsil bağçalardan tamamilə ayrıdır və məktəblərin daxilində olmasına baxmayaraq, uşaqların yaşı nəzərə alınaraq oxuma-yazma öyrədilmir: “Məktəbəqədər təhsil alan uşaqlar birinci sinifdə əziyyət çəkmirlər. Məktəbə çox rahat adaptasiya olurlar. Məktəbəqədər təhsildə məqsəd uşaqlara birinci sinif materiallarını öyrətmək deyil, onlarda kollektiv fəaliyyəti, paylaşmağı, ətraf mühiti kəşf etməyi, davranış qaydalarını öyrətməkdir. Xüsusilə qeyd etmək istəyirəm ki, burada məktəbəqədər təhsildə birinci sinifdə keçirilən dərslər öyrədilmir. Yəni uşaqlara oxuma, yazma öyrədilmir, digər bilik və bacarıqlar aşılanır”.

Onun sözlərinə görə, Türkiyədə uşaqlar ev tapşırıqları baxımından da yüklənmir: “Evə verilmiş tapşırıqlar boyama, fiqurların çəkilməsi, rənglənməsi və s. kimi sadə şeylər olur. Bunlar da uşaqlarda məsuliyyətin formalaşmasına xidmət edir. Evdə valideynin, məktəbdə müəllimin həmin tapşırıqları oxuyub izah etməsi ilə uşaqlar tapşırıqları yerinə yetirmiş olurlar. Tapşırıqlarda hərflər və rəqəmlər xaric digər bilik və bacarıqlar öyrədilir”.

Şagirdlərin geyiminə qaldıqda, Atəş bununla bağlı məcburiyyətin olmadığını qeyd edib: “Uşaqlara forma geyindirsək də, sərbəst geyindirmək imkanı da var. Yəni balacadırlar deyə bununla bağlı da mütləq məcburiyyət yoxdur. Sadəcə xüsusi günlərdə forma geyindiririk. Onu da qeyd edim ki, məktəbdə bayramların qeyd edilməsində və digər tədbirlərin keçirilməsində də məktəbəqədər təhsil alan uşaqlar iştirak edirlər”.

lale mehrali

Bizdəki vəziyyəti şərh edən sosioloq Lalə Mehralının dediyinə görə, məktəblərdəki məktəbəqədər qruplarda keçirilən dərslərdə uşaqların yaşları nəzərə alınmır: “Bağçalarda dərslər daha çox uşaqların yaşına uyğun olur. Əsl məktəbəqədər sistem bağçalarda fəaliyyət göstərir. Məktəblərimizdəki məktəbəqədər quruplarda birinci sinfin dərsləri öyrədilir. Yəni 5 yaşında uşaq 6-7 yaşındakı uşağın öyrənməli olduğu dərsləri öyrənməyə məcbur edilir. Ona görə “məcbur edilir” deyirəm ki, uşaqlar bunda könüllü olmurlar, onları valideynləri dərsə məcburi aparır. O yaşda uşaq dərs oxumaqdan çox, oyuncaqla oynamağı fikirləşir. Dərs oxumaq onlar üçün maraqlı olmur. Hazırkı dərs sistemi uşaqların yaşına uyğun deyil”.

Dərs materiallarından danışan müsahibimiz vəsaitlərin uşaqların zehninə hesablanmadığını düşünür: “Bunu həm müşahidələrimə əsasən, həm də iki məktəbli valideyni olaraq deyirəm. Hazırda övladım birinci sinifdə təhsil alır. Onun dərslərinə baxdığımda da görürəm ki, dərs vəsaiti o yaşda uşağın zehninə hesablanmayıb. Ona görə mən hesab edirəm ki, məktəbəqədər siniflərdə bağçaların təcrübəsindən faydalanmaq və bu işi bağçaların ixtiyarına vermək lazımdır. Bunun üçün bağçalara şərait yaradılmalı, lazımi vəsaitlərlə təmin edilməlidir. Pedaqoqlara imkanlar yaradılmalıdır. Çünki bağça müəllimləri məhdud imkanlarla nələrsə etməyə çalışırlar”.

“Bağça müəllimləri uşağın məktəbə gedənə qədər hansı bilik və bacarıqlara yiyələnməli olduğunu daha yaxşı bilirlər. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara ətraf aləm, özünü aparma qaydaları, müəllimə münasibət və s. aşılanır. Yəni məktəbə gedənə qədər bir uşağa nə lazımdırsa, öyrədirlər. Buna görə hesab edirəm ki, məktəb daxilində məktəbəqədər hazırlıq qruplarının olmasına gərək yoxdur. Yox, bu, saxlanılırsa, o zaman bağçaların təcrübəsindən faydalanılmalıdır”, – deyə Mehralı fikrini yekunlaşdırıb.

qosqar meherremli

Təhsil eksperti Qoşqar Məhərrəmovun da fikrincə, məktəbəqədər proqram uşaqların oynamağı, əylənməyi, məktəbi, müəllimini sevməyi qarşıya məqsəd qoymalıdır. “Lakin bəzən valideynlərin, bəzən də müəllimlərin təşəbbüsü ilə proses nəyinsə əzbərlənməsi üzərində qurulur. Müasir kurikulum isə şagirdlərin müxtəlif “soft skill” bacarıqlarının inkişaf etdirilməsini qarşıya məqsəd qoyur. Ümid edək ki, yeni proqram da bunu qarşıya məqsəd qoyacaq”, – deyə o açıqlamasında bildirdi.

Ekspert məktəbəqədər təhsil müəssisələrində ümumi vəziyyətin yaxşı olduğu qənaətində deyil: “Buna görə də müəllimlərin sertifikasiyası, rəhbərlik heyətinin düzgün seçilməsinə, proseslərin ciddi şəkildə nəzarətə götürülməsinə ehtiyac var. Əsas arzuolunan dəyişikliklər məktəbəqədər təhsil müəssisələrində direktorların seçilməsi, hazırlanaraq təyin olunması, mövcud direktor və müəllimlərin sertifikasiyası, ixtisaslarının uyğunluğunun yoxlanılmasıdır”.

Məhərrəmov hesab edir ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı müəyyən proqramların hazırlanması və bu istiqamətlərin müəllimlərə öyrədilməsi vacibdir: “Eyni zamanda məktəbəqədər təhsil müəssisələrində çalışan insanların peşəkarlığı digər ümumitəhsil müəssisələrində işləyən müəllimlər kimi diqqət mərkəzində olmalıdır. Peşəkar inkişaf təlimlərinə də ehtiyac olduğu qənaətindəyəm”.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir