BOSANMA

Azərbaycanda ailələr niyə dağılır? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 661

Dövlət Statistika Komitəsinin hesabatı açıqlanıb. Hesabata görə 2022-ci ilin ilk üç ayı ərzində 14 606 nikah və 3600-dən çox boşanma halları qeydə alınıb. Sözügedən göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.2-dən 5.9-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni qalıb.

Son illərdə boşanma hallarının artma səbəbini mütəxəssislər nədə görür? Buna sosial-iqtisadi vəziyyətin təsiri olur, yoxsa insanların psixoloji durumunda və həyata baxışında radikal dəyişikliklər baş verir?

Ehmed Qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycanda hər zaman ailə ənənələri mövcud olub: “İnsanlara  hələ uşaq yaşlarından ailə qurmağın vacibliyi, vəzifə və öhdəlikləri aşılanırdı. Hər kəs özünü psixoloji olaraq adət-ənənələr çərçivəsində ailə quracağına hazır hiss edirdi.  Amma son 20 ildə baş verən hadisələr, qloballaşmanın və informasiya məkanının sürətlənməsi, insanlarda ənənəvi ailə ilə bağlı təsəvvürləri dağıtdı. Yeni bir ailə modeli isə tətbiq olunmadı”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial-psixologiya elmi insanın davranışına 3 vacib amilin təsir göstərdiyini əsaslandırır: “Bunlar mühit, informasiya və üstünlük verilən dəyərlərdir.  Qloballaşan dünyada artıq insanların dəyərləri də dəyişib. Əvvəllər cəmiyyətdə aparıcı rolu milli –mənəvi dəyərlər oynayırdı. Son bir neçə il ərzində baş verən sürətli dəyişikliklər mənəvi dəyərləri arxa plana keçirdi. Bu hal isə ailələrə təsirsiz ötüşmədi.  Min illərdir həm dinimiz, həm də müdriklərimiz cəmiyyətdə  mənəvi dəyərlərə önəm verilməsinin vacibliyini aşılayır. Çünki mənəvi dəyərləri üstün olan cəmiyyət öz-özünü tənzimləmək iqtidarındadır. Əks halda isə cəmiyyətdə heç bir şeyi tənzimləmək mümkün deyil. Ona görə də biz Azərbaycanda ailə institutlarını qorumalı idik”.

Sosioloq onu da əlavə edir ki, cəmiyyət günü-gündən mürəkkəbləşəndə, ciddi elmi əsaslara söykənən fəaliyyət planı hazırlamaq lazım gəlir: “Bunu elm də təsdiqləyir. Ciddi fəaliyyət planında isə  qanunvericilikdə hansı dəyişikliklərin edilməsindən tutmuş, inzibati yeniliklərə qədər bütün məsələlər öz əksini tapır. Hal-hazırda bizə ciddi fəaliyyət planı hazırlamaq və bunu həyata keçirmək lazımdır. Çünki pərakəndə şəkildə qəbul edilən qanunlarla mövcud problemi aradan qaldırmaq mümkün deyil”

ULVIYYE EFENDIYEVA

Mövzuyla bağlı müraciət etdiyimiz psixopedaqoq Ülviyyə Əfəndiyeva “Gencaile.az” a açıqlamasında ilk öncə evliliyə valideynlərin yox, ailə quracaq tərəflərin qərar verməli olduğunu, valideyn məsləhətinin lazım olduğunu, ancaq bu məsələdə ikinci planda olması gərəkdiyini, həmçinin gənclərin gənclərin evlilik qərarının nə tam məntiqlə, nə də ancaq hislərə qapılaraq verilməli olduğunu dedi.

Artan boşanmalar haqda danəşan psixopedaqoq boşanmaların bir yox, bir neçə səbəbdən baş verdyini deyir:”Alələrin dağılma səbəbi konkret bir məsələdən ibarət deyil. Buraya maddi durumdan tutmuş, mənəvi, psixoloji amillər də daxildir. Bunaailə qurulmadan öncə ölçülüb-biçiləcək çox incə mqamlar var. O məqamlar var ki, ilk baxışdan elə də ciddi görünməyə bilər. Ancaq evləndikdən sonra hətta boşanmaya da səbəb olması mümkündür.”

QUMRU EYVAZOVA

Məsələylə bağlı müraciət etdiyimiz Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazovanın mövzuya münasibəti isə aşağıdakı kimi oldu:”Boşanmaların səbəbi müxtəlif olur, yəni ailədən ailəyə fərqlilik var. Adətən deyirlər ki, boşanma maddi tələbatın ödənilməsi yetərli olmaması səbəbindən baş verir, məsələn, ailədə söz-söhbət yaranır və bununla da ailə dağılır. Lakin statistikaya baxsaq görərik ki, boşananların 70% normal gəlirli insanlardırlar, yəni,ailədə həm ər, həm də arvad işləyir və müəyyən qədər məvacib alır. Lakin illər ötdükcə insanların dünyaya baxışı da artır, ər tərəfindən mentalitetə uyğun olaraq arvada qoyulan qadağaya qarşı gedən arvad təzyiqlərə məruz qalır və bununla da, aralarında fikir ayrılıqları yaranır. Lakin ümumilikdə götürsək, boşanmaların əsas səbəbləri maddi problem, ailəyə qaynana-qaynatanın müdaxiləsi və ərin evdə arvada qarşı patriarxat rolunun oynamasıdır.”

SEMRA ELIYEVA

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva bildirir ki, statistikaya əsasən boşanmaların sayında olan artım təəssüf hissi doğurur:

“Azərbaycan ailə modeli uzun illərdən bəri müəyyən sınaqlardan çıxmış, günümüzdə özündə həm qədim milli-mənəvi dəyərləri, adətləri birləşdirən, həm də yeni tendensiyalara uyğunlaşan bir model olaraq mövcuddur. Bu gün boşanmaların sayında olan artım aidiyyəti bütün dövlət qurumlarını narahat edir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, ailə dəyərlərinin, ailədə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyəti və ailələri maraqlandıran vacib mövzularda maarifləndirmə tədbirləri, görüşlər həyata keçirilir, cəmiyyət üzvlərinin fikrinin öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi məqsədilə araşdırmalar aparılır. 2021-ci ildə çap edilmiş ”Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” adlı ictimai rəy sorğusu və sosioloji tədqiqata nəzər salsaq görərik ki, respondentlərin mütləq əksəriyyəti boşanmaların səbəblərini xəyanət, sosial şəbəkələrin təsiri, xarakter uyğunsuzluğu, sosial problemlər, zərərli vərdişlərdən istifadə və s. məsələlərdə görürlər”.

Səmra Əliyeva əlavə olaraq bildirdi ki, erkən nikah hallarının statistikasına nəzər salsaq, əvvəlki illərlə müqayisədə artımın müşahidə olunmadığının şahidi oluruq:

“Buna baxmayaraq problem hələ də, mövcuddur. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası, eyni zamanda qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, qadın və qız uşaqlarına dəstəyin verilməsi məqsədilə respublikanın bütün bölgələrində, xüsusilə erkən nikah və təhsildən yayınma hallarının çoxluq təşkil etdiyi rayon və şəhərlərdə sakinlərlə, rayon ictimaiyyəti ilə Dövlət Komitəsinin nümayəndələrinin görüşlərinin təşkil olunması, bu görüşlər nəticəsində əldə olunan məlumatların maarifləndirmə məqsədilə əhaliyə çatdırılması həyata keçirilir. Bu görüşlərin davamlı olması, aidiyyəti qurumlarla birgə koordinasiya şəklində problemlərin həlli istiqamətində işlərin aparılması nəzərdə tutulub”.

 

Təqdin etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir