Aliment

Azərbaycanda ALİMENT PROBLEMİ: çözüm varmı?

Baxış sayı: 1. 193

Azərbaycanda qurulan ailələrin hər il 10 mindən çoxu dağılır. Məsələn, ötən il ölkədə baş tutan 57 minə yaxın nikahdan 14 minə yaxını boşanma ilə nəticələnib. Bu isə yüzlərlə uşağın valideynlərinin ayrılmasıdır. Ayrılan ailələrin üzləşdiyi ciddi problemlərdən də biri aliment problemidir.

Redaksiyasımıza müraciət edən 29 yaşlı xanım alimentlə bağlı üzləşdiyi problemlərdən danışdı.

Fəridə Qocayevanın dediyinə görə, ayrıldıqdan sonra iki il ərzində aliment ala bilmək üçün şikayət etməkdən yorulub: “Ailə qurduqdan üç il sonra ayrıldıq. O zaman qızım 6 aylıq idi. Keçmiş yoldaşım uşaq doğulduqdan sonra ona heç bir qayğı göstərmir, təlabatlarını ödəmirdi. Yaranan narazılıq boşanma ilə nəticələndi. Bundan sonra isə aliment problemi ilə üzləşdim. Yoldaşım həmişə eyni sözləri deyirdi: “Aliment vermirəm, nə edəcəksən mənə? Get kimə şikayət edirsən et”.

Anaya məhkəmə rəsmi şəkildə 115 manat aliment kəssə də, o, iki ərzində bu vəsaiti vaxtı-vaxtında ala bilməyib: “Pul yığılırdı, bəzən altı ay olurdu, vermirdi. Ədliyyə Nazirliyinə, məhkəmə icraçısına müraciət etməkdən bezmişdim. İcraçı kişi idi. Hər dəfə şikayət edəndə söz versə də, problemi həll etmirdi. Nəhayət, nazirliyə şikayət edib intihar edəcəyimi dedim. Bundan sonra işi qadın icraçıya verdilər. Xanım icraçı yazılı izahat alıb və imza atdırdı. Bundan sonra problem həllini tapdı”.

Mövzu ilə bağlı açıqlama verən Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadə bildirdi ki, məhkəmə qərarını icra etməmək, alimenti ödəməmək maddi məsuliyyətdir: “Aliment qətnaməsində yazılıb ki, təyin olunmuş məbləğ hər ay ödənməlidir. Bəzən atalar alimenti aylarla ödəmir, ağlına gələndə ödəyir və s. Ödəmədiyi müddət ərzində uşaq acından ölməli deyil ki. Ona görə də bu sahə mütləq tənzimlənməlidir”.

Dediyinə görə, məbləği toplayıb sonra ödəyəcəyini deyən adam, Aliment qətnaməsini pozmuş olur. C.Rzazadə bildirib ki, bu hal aşkarlandıqda ilkin olaraq inzibati məsulliyyətə cəlb olunur. “Təkrarlandıqda, artıq təqdimat Ədliyyə Nazirliyinin nəzdində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin istintaq idarəsinə verilə bilər. Bundan sonra 3 ilə qədər azadlıqdan məhrumetmə ola bilər”.

 

Ata ilə ananın vaxtilə rəsmi nikahda olmamasının alimentə dəxli yoxdur

Vəkil deyir ki, uşaqları dünyaya göz açdığı müddətdə rəsmi nikahda olmayan atalar da aliment verirlər: “Qeyri-rəsmi nikahda olan cütlüklərin övladları üçün aliment tələbi qoyulanda məhkəmə bu tələblə yanaşı, atalığın təyin oluması tələbi də qoyur. Əgər uşağın atası özü bunu etiraf etməyibsə, körpənin adı doğum haqqında şəhadətnamədə qeyd olunmayıbsa, təbii. Aliment müəyyən olunduqdan sonra isə ana ilə atanın rəsmi nikahda olub-olmadığı fərq etmir. Aliment ödəmək atanın borcudur”.

C.Rzazadə bildirir ki, statistik məlumatlar məhkəmələrdə olan mülki işlərin mütləq əksəriyyətinin ya bank, ya da ailə məsələləri ilə bağlıdır: “Ailə məsələsi deyəndə- aliment, uşaqla ünsiyyət, nikahla bağlı məsələlər olur. Bu problemləri aradan qaldırmaq üçün uzun müddətdir Aliment Fondunun yaradılması müzakirə olunsa da, bu məsələ hələ açıq qalır. Fond yaradılacağı təqdirdə uşaqların çətinlik çəkməməsi üçün məbləğ ordan ödənilir. Daha sonra dövlət aliment ödəmli olan şəxslərdən həmin vəsaiti alır”.

Müsahibimiz onu da bildirdi ki, bir sıra ölkələrdə Aliment Fondu təcrübəsi var. Belə ki, boşandıqdan sonra aliment almalı olan valideyn məhkəmə qətnaməsini həmin fonda gətirir və təyin olunmuş məbləği hər ay fondan alır.

 

Aygün İbrahimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir