valideyn

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi necə qiymətləndirilir? – EKSPERT YANAŞMASI

Baxış sayı: 640

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb. Nazirlikdən verilən məlumata görə, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.

Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.

Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı atalıq məzuniyyətinin verilməsi qaydalarından danışarkən aşağıdakıları dedi “Həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq. Həmin tibbi arayışı iş yerinə təqdim edəcək. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verəcək. Məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək.  Ən əsası bu, bir uşaq üçün nəzərdə tutulmur, hər bir övlad üçün atalıq namizədi bu hüquqdan istifadə edə bilər.”

Kişilər atalıq məzuniyyətinə çıxa bilər – VİDEO

Hüquq müdafiəçisi Sahib Məmmədov atalıq məzuniyyəti ilə bağlı danışarkən bildirdi ki, Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var:

“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. Bu o halda zəruri olur ki, ana uşağın atasına nisbətdə daha çox əmək haqqı alır. O ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. Qismən ödənilən vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına verilir. Digər halda doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli (hamiləliyə və doğuşa görə) ,məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər”.

S.Məmmədov  ƏƏSMN Əmək Məcəlləsinin 169 maddəsinə yenidən əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihəyə diqqət çəkdi:

“Nazir müavininin “Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq” fikirini heç cür şərh edə bilmirəm. Yəni nə? Hansı məzuniyyətdən, hamiləliyə və doğuşa görə nəzərdə tutulan 126 günlük (müyyən halda daha çox) məzuniyyətdən başqa hansı halda tam ödənişli sosial məzuniyyət növü var ki? ƏM 127-ci maddəsinə görə “Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər”. Amma bu halda tam ödənişli məzuniyyətdən söhbət getmir”. Hüquq müdafiəçisinin fikrincə, nazirlik yeni layihə ilə bağlı ictimaiyyəti daha geniş məlumatlandırmalıdır.

Atalıq məzuniyyəti nədir: kimlərə və hansı halda verilir?

Hazırda fəaliyyətini Türkiyədə davam etdirən ginekoloq Aygün Ağayeva hesab edir ki, atalara məzuniyyət verilməsi qadına və doğulacaq körpəyə müsbət təsir edə bilər: “Qadınların hamiləlik dönəmində çox həssas olduğunu, doğumöncəsi qorxularla mübarizə apardığını nəzərə alsaq, bunu müsbət addım kimi qiymətləndirmək olar.

Nə qədər qəribə səslənsə də, döl hər şeyi anlayır və anasından gördüyü nəvazişi atasından da duymaq istəyir. Bu mənada həm doğuş ərəfəsində, həm də sonrakı dövrdə atanın həyat yoldaşı və körpəsinin yanında olması vacib məqamdır. Məsələn,  ana ilə yanaşı, atanın da valideyn məzuniyyəti hüquqlarını tanıyan İsveçdə kişilərə bu hüququn verilməsinin səbəbi körpə-ata bağlarının daha da möhkəm qurulması ilə izah edilir. Buna görə atanın ən azı 10-15 həftə məzuniyyət haqqından istifadə etməsi məcburi hesab edilir. Yalnız bundan sonra ata işə çıxmaq istəyirsə, məzuniyyətinin qalan hissəsini həyat yoldaşının məzuniyyət müddətinin üzərinə əlavə edilməsi üçün müraciət edə bilər. Bundan başqa, qanunvericilikdə qeyd olunur ki, zərurət yaranarsa, yenicə övlad sahibi olan ata-ananın əlavə olaraq 6 ay ödənişsiz valideynlik məzuniyyətindən istifadə etmə şansları yaranır.

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir