nikah muqavilesi

Azərbaycanda cütlüklər niyə nikah müqaviləsi imzalamaqdan çəkinirlər?

Baxış sayı: 638

Azərbaycanda ailə institutunda bəzi boşluqların olması cəmiyyətdə baş verən hadisələrdə də öz əksini tapmaqdadır. Xüsusilə ailədaxili münaqişələr, boşanmaların isə az qala, ölüm-itimlə nəticələnməsi, tərəflərdən birinə, yaxud hər ikisinə dəyən maddi-mənəvi zərər onsuz da xoşagəlməz və çətin proses olan boşanma prosesini daha da qəlizləşdirir.

Məsələn, illərini həyat yoldaşına sərf etmiş, ailə olmaq üçün əmək vermiş və iş həyatından, karyerasından könüllü, yaxud məcburi vaz keçmiş qadın bir gün ərinin başqa qadınla uzunmüddətli münasibət yaşadığını öyrənir. Boşanacağı təqdirdə həyata sıfırdan başlamalı olan bu qadın əgər həyatda təkdirsə və heç bir valideyn dəstəyi görmürsə, onun yaşayacağı problemləri yəqin ki, təsəvvür etmək çətin deyil. Aldığı mənəvi zərərin isə qanun qarşısında heç bir qarşılığı yoxdur. Belə hallarda qadınların əksəriyyəti xəyanəti məcburi qəbul etməli və istəmədiyi ailə həyatını davam etdirməli olurlar.

Digər tərəfdən, boşanan zaman nikah müqaviləsinin olmaması tərəflər arasında ədalətsiz mal-mülk bölgüsünə, tərəflərdən birinin haqsızlığa və zorakılığa məruz qalmasına yol açır.

Bu kimi xoşagəlməz hallardan sığortalanmaq üçün yaxşı olardı ki, ailə qurmaq qərarına gələn hər kəs nikah müqaviləsi imzalamadan nikah masasına oturmasın. Amma təəssüf ki, mentalitetimiz və adətən kişilərin bu məsələyə münasibəti heç də birmənalı olmur və qadınlar da gələcəkləri üçün böyük əhəmiyyət kəsb edən bir mövzuda cəsarətsizlik, ya da laqeyidlik göstərirlər.

Bu mövzuda “525”ə danışan vəkil Turan Abdullazadə də qeyd edir ki, ölkəmizdə əksər hallarda milli-mənəvi dəyərlərdən, ictimai qınaq və mentalitetdən dolayı nikah müqaviləsi bağlanmır: “Qərb ölkələrinin təcrübəsində tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlaması kimi müsbət hal mövcuddur. Azərbaycan təcrübəsində isə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Nikah müqaviləsinin bağlanması tərəfləri mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir. Nikah müqaviləsi gələcəkdə yarana biləcək hər hansı hüquqi mübahisələrin qarşısını alır”.

Bəs ümumiyyətlə, nikah müqaviləsi nədir və haqqında hansı detalları bilmək vacibdir?

Vəkil Turan Abdullazadə bildirir ki, nikah müqaviləsi ər-arvadın mülkiyyətinin müqavilə rejimini tənzimləyən vasitələrdən biridir: “Nikah müqaviləsi ilə bağlı müddəalar Ailə Məcəlləsində öz əksini tapır. Nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Eyni zamanda, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər və ya arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur”.

Vəkil nikah müqaviləsinin xüsusilə xəyanət səbəbindən baş tutacaq boşanma zamanı mənəvi zərər çəkmiş tərəfin hüquqlarının qorunması üçün vacib hesab edir: “Bəzi xarici ölkələrin qanunvericiliyində, eləcə də qardaş Türkiyə Respublikasında xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Türkiyə qanunvericiliyinə əsasən, nikahın pozulması barədə məhkəməyə müraciət edərkən xəyanət olunan tərəf xəyanət edən tərəfdən kompensasiya tələb edə bilər. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu, mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və boşanmalar zamanı mənəvi zərər məsələsinə baxılmır. Çünki bu, qanuna görə mümkün deyil. Bəzi ölkələrdə xəyanət cinayət və inzibati məsuliyyətə səbəb olur. Bəzi ölkələrdə isə xəyanətə görə hətta ölüm cəzası da (İran, Birləşmiş Ərəb Əmirlikləri və s.) nəzərdə tutulub. Azərbaycan Respublikası qanunvericiliyinə görə isə ər-arvadın xəyanəti cinayət və inzibati məsuliyyətə səbəb olmur. Xəyanətə görə mənəvi zərərin sübut olunması isə olduqca qəliz, hətta demək olar ki, mümkünsüz məsələdir. Bu sahədə ölkəmizdə müsbət yönümlü vahid məhkəmə praktikası formalaşmayıb.

Yalnız nikah müqaviləsində belə bir şərt qoyula bilər ki, xəyanətə uğramış tərəf digər tərəfdən müəyyən miqdarda kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən edə bilər”.

T.Abdullazadə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər: “Təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və sair faktorlar var. Xüsusən də kişilər belə bir müqavilənin bağlanmasından çəkinirlər ki, gələcəkdə xəyanət hadisəsi baş verərsə, qadınlar onlara qarşı alimentdən başqa, əlavə olaraq mənəvi ziyana görə də kompensasiya tələb edərlər. Lakin çox güman ki, yaxın gələcəkdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi, qanunvericiliyə dəyişiklik edilərək məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul ediləcək ki, xəyanət halları azalsın və xəyanətə uğrayaraq mənəvi zərər çəkmiş tərəfin hüquqları kobud şəkildə pozulmasın.

Onu da qeyd edim ki, bəzi ekspertlər nikah müqaviləsinin bağlanmasının məcburiliyi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edir. Bu isə müqavilə azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Müqavilə, tərəflərin razılığı ilə heç bir basqı altında qalmadan sərbəst iradə ifadələrinə əsasən bağlanmalıdır”.

 

Natəvan Abdulla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir