Koronavirus

Azərbaycanda koronavirusdan ölənlər niyə artır?

Baxış sayı: 545

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxmalar bir müddətdir 2-rəqəmli göstərici səviyyəsindədir. Ancaq vəfat edənlərin sayında son günlər artım müşahidə edilir. Halbuki uzun müddət ölüm halları qeydə alınmırdı.

TƏBİB-ə təyinat alan Zamirə Adilova: “Bütün təklif və iradlara açığam”

Zamirə Adilova: “Ölüm halları əsasən evdə yanlış müalicə almış, ağırlaşmış, yanaşı xəstəlikləri olan insanlar arasında üstünlük təşkil edir”

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova deyir ki, gündəlik yoluxma, sağalanlar və ölüm halları bir-birilə əlaqəli deyil: “Bu gün vəfat edən insan bu gün virusa yoluxub demək deyil. Dünənki tarixdə vəfat edən vətəndaş ola bilər ki, on gündür reanimasiya şöbəsində müalicə alıb və ya xəstəlik dövrünü evdə keçirib, ağırlaşdıqdan sonra tibb müəssisəsinə müraciət edib. Bəzən xəstəxanaya daxil olub tez bir zamanda ölənlər də olub. Amma bu da əksər vaxtlarda həmin şəxsin evində yanlış müalicə alması ilə bağlı olub. Ölüm halları əsasən evdə yanlış müalicə almış, ağırlaşmış, yanaşı, xroniki xəstəlikləri olan və yaşlı insanlar arasında üstünlük təşkil edir”.

İranda vəba yayılır - Azərbaycana da təhlükə var

Mərdan Əliyev: “Koronavirus daha çox yaşlı xəstələri və risk qrupuna daxil olan şəxsləri yoluxdurub”

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı  dedi ki, ölüm sayında artım daha çox yaşlı şəxslər, xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar, onkoloji xəstələr arasında baş verir: “Çünki hazırda daha yüngül koronavirus müşahidə edirik. Bu virusun həm patogenliyi, həm də virulentliyi daha aşağıdır. Ona görə də öldürücülük qabiliyyəti zəifdir. Belə olan halda daha ağır xəstələr, yaşlılar bu xəstəlikdən vəfat edir. Ölüm sayında artma təsadüfi də ola bilər. Bir-iki gün bu statistika davam edə bilər, sonra azala da bilər. Bu aralar mümkündür ki, koronovirus daha çox yaşlı xəstələri və risk qrupuna daxil olan şəxsləri yoluxdurub, ona görə də yoluxanlar arasında ölüm halları da çox olub. Ola bilsin ki, ölüm göstəricisi yaxın günlərdə aşağı düşsün. Həm də adətən vəfat edənlər daha uzunmüddətli xəstəxanalarda yatanlardır. Burada soyuq havaların da rolu var. Çünki soyuğun təsiri xəstəliyi bir qədər də ağırlaşdırır. Ötən bir həftə ərazində soyuq qarlı havalar da öz təsirini göstərə bilər”.

Həkim ölkədə yayılan virusun koronovirusun yeni ştamlarının olub-olmamasına da münasibət bildirdi: “Hazırda ölkəmizdə yayılan xəstəliyin əlamətlərinə görə qrip, paraqrip, adenovirus ya da respirator sinsitial virus olduğunu ehtimal etmək olar. Amma daha çox Respirator Sinsitial Virus infeksiyasının üzərində durmaq lazımdır. Bu virus həm böyüklərə həm də uşaqlara yoluxur. Kiçik yaşlı uşaqlar və 65 yaşdan yuxarı böyüklər üçün daha ağır gedişlidir. Pnevmoniya, tənəffüs çatışmazlığı ilə ağırlaşa bilir. Xəstəlik çox vaxt bir neçə günlük boğaz ağrısı ilə tədricən başlayır, birdən şiddətlənir. Bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, burun axması, burun tutulması, kəskin bronxit əlamətləri (bəlğəmli öskürək) müşahidə edilir. Öskürək xəstəlik sağaldıqdan sonra da uzun müddət qalır. Bu virus kiçik bronxları tutduğundan tənəffüs zamanı xışıltı səsi eşidilir. 2 yaşına qədər uşaqlarda bu bronxlar daha incə olduğundan onlarda nəfəs almada çətinlik meydana çıxa bilir. Buna görə 2 yaşına qədər uşaqlar bu xəstəliyi daha ağır keçirir”.

Əliyev müalicə üsulundan da danışdı: “Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni xəstəliyin simptomlarının şiddətini azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir. Xəstəlik zamanı sağalmaya kömək edən ümumi qaydalara riayət etmək lazımdır. İlk növbədə evdə olmaq və istirahət rejiminə keçmək lazımdır. Bu xəstəliyin digər insanlara yoluxmasının qarşısını alır və enerjinin toplanmasına, xəstəliyin sağalmasına sərf olunmasına kömək edir. Çoxlu maye qəbul etmək lazımdır, yemək yeməyə çox meyl etməyə ehtiyac yoxdur. Maye xəstəliyin mübadilə məhsullarını qanda azaltmaqla halsızlığı aradan qaldıracaq və bəlğəmi durulaşdırmaqla bronxların işini asanlaşdıracaq, öskürəyi azaldacaq. Yüngül və orta gedişli formalarda dərman müalicəsinə gərək yoxdur, xəstəlik immun sisteminin hesabına sağalır. Qızdırma 38 -dən yüksək olarsa, qızdırma salıcı dərmanlardan istifadə olunur. Bu dərmanlar qızdırmanı salmaqla və ağrıları götürməklə xəstələrin vəziyyətini yaxşılaşdırır. Burun tutulması və ya çoxlu burun axması varsa burun damcıları və antihistamin dərman preparatları yaxşı kömək edir. Ehtiyac olarsa bəlğəmgətirici dərmanlardan istifadə olunmalıdır. Vitamin D və sink immun sisteminin yaxşı vəziyyətdə saxlanılmasına, orqanizmin viruslarla mübarizəsinə kömək edir. Odur ki, bu maddələri də belə xəstələrə tövsiyə edirik”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir