burc

Azərbaycanda şəxsi astroloqu necə seçməli?

Baxış sayı: 1. 380

D.X.Lorens deyirdi: “Kosmos – bizim də daxil olduğumuz böyük və canlı bir bədəndir. Günəş – nəbzi bizim kiçik damarımızdan keçən böyük ürəkdir. Ay – bizi ömürlük lərzəyə gətirən böyük əsəb sistemidir. Kim bilir, Saturn və ya Venera bizi necə idarə edir? Həyat enerjisi hər an bizim qəlbimizə axır…”

Son zamanlar dünyanın hər yerində ən qədim elmlərdən olan astrologiyaya maraq xeylı artıb. Astrologiya, insanın hər şeyi bilmək və öyrənmək həvəsi ilə, onun ətraf aləmi qurmaq, yaratmaq, tədqiq və analiz etmək ehtiyacı ilə nəinki təbiətin, eləcə də bütün kainatın sirlərini bilmək, özünü, öz taleyini və gələcəyini təyin etmək arzusundan yaranıb. Astrologiyanı qədim xalqların minillik təcrübəsi ilə şərtlənən biliklər toplusu adlandırırlar. Astrologiya insan və insan taleyinin kainatla sıx əlaqəsini öyrənir. Elə bu kosmik bünövrə əsasında da Makrokosmos (Kainat) ilə Mikrokosmos (İnsan) arasında anologiya yaranır.

Ötən əsrin 60-cı illərinin əvvəllərində neyropsixiatr, doktor Leonard Ravits “Həyatın elektrodinamik nəzəriyyəsi” adlı tədqiqatlarını tamamladı. O, qeydə aldı ki, bütün canlı varlıqlar, o cümlədən insanlar biomaqnit sahələrə malikdir. İnsanların elektrik ahəngi Ay fazalarının növbələşməsindən, böyük planetlərin vəziyyətindən asılıdır. Doktor Ravitsin nəzəriyyəsinə əsasən, insanlar kimi uzaq səma cisimləri də – ulduzlar və planetlər də həmin elektrodinamik güclərin təsiri altına düşür.

1781-ci ildə yeni planetin – Uranın kəşfi və ondan sonra Neptun və Plutonun icad olunması elmin ən böyük nailiyyəti idi. Bununla da astrologiya və astronomiyada radikal yeniliklər yarandı. Məsələn, indiyə qədər dərkolunmaz fenomenlərin mövcudluğunu “yeni” – hələ kəşf olunmamış planetlərin təsiri ilə izah edirlər. Astrologiyanın birinci və əsas aksioması budur: ulduzlar və planetlər Zodiak işarələri ilə birmənalı surətdə əlaqəlidir və onlar Yerdəki bütün proseslərə təsir edir. Bu fikirlərin nəzəri əsası Demokrit, Aristotel və pifaqorçuların kosmoloji baxışlarıdır. Bu baxışlar digər astroloji fikirlərdən kəskin surətdə fərqlənir. Digər mənbələrdə planetlər Allahın formalarından biri kimi təsvir olunurdusa, bunun əksinə olaraq, Ptolemeyin “Yerin geosentrik sistemi”ndə planetlər əvvəlcədən məlum olan qanunlarla hərəkət edir və bütün Yer kürəsinin ibarət olduğu dörd elementi idarə edir. Bu sistemdə ilahi qüvvələrə heç bir üstünlük verilmir. Sonrakı astroloji nəzəriyyələrdə isə ilahi qüvvələrdən geniş bəhs edilir.

Doktor Karl Yunq “Qoroskop Xəritəsi”ndə qeyd olunan insanı bir bioenergetik sistem kimi dəyərləndirirdi. İnsanın həyatı isə geokosmik güc sahələrinin bir-birinə zidd hərəkətlərindən ibarətdir. Astrologiya – insanın mürəkkəb təbiətini başa düşən və hər bir kəsin nadirliyini dərk edən maraqlı bir sistemdir. Karl Yunqun sinxronizasiya nəzəriyyəsinə əsasən, təbiətdə və Yerdə baş verən hadisələr güzgü kimi bir-birində əks olunur və HEÇ NƏ HEÇ VAXT TƏSADÜFƏN BAŞ VERMİR.

Hər bir zaman anı müəyyən xüsusiyyətlərə malikdir və bu xüsusiyyət özünə uyğun insanları, fikirləri və hadisələri “cəlb edir”. Məsələn, siz öz taleyinizlə maraqlanmasanız belə, işlədiyiniz adamlar haqqında məlumata malik olmağınız vacibdir və lazım gəlir. Birinci şərt olan bu tapşırığı yerinə yetirmək üçün çoxlu sayda psixoloji testlər var. Lakin test keçirildiyi vaxt insanın psixoloji vəziyyəti testin nəticələrinə təsir edə bilər və buna görə də insanın psixoloji vəziyyətinin müvəqqəti və ya daimi olmasını təyin etmək psixoloq üçün çox çətin olur. Artıq bu sualları həll etmək üçün bir çox metodlar hazırlanıb: tam tibbi müayinənin köməyi ilə, “bütün kələ-kötürlərin ölçülməsi” ilə və başqa metodlarla. Lakin bir çox hallarda bu sualların həllini tapmaq üçün digər effektli, sadə metodları da axtarmaq lazımdır. Astroloji metodun imkanlarının ən maraqlı aspekti, müəssisələrin optimal fəaliyyət müddətlərinin təyinolunma imkanındadır. Bir çox sahibkarlar üçün bu, etibarsız vaxtdır. Belə ki, bu və ya digər tədbirlərin keçirilmə vaxtının və yerinin dəyişilmə effektliyini təyin etmək həddindən artıq çətindir.

Bəzi astroloji işarələr, heç bir şübhə olmadan, bir-birilə çox yaxşı uyğun gəlir. İnsanların eyni təbiətə malik olması, onların həyata olan münasibətlərinin və əsas motivlərinin oxşarlığından, eləcə də işarələrinin bir-birini başa düşməsindən asılıdır. Bununla belə bir-birinə zidd olan işarələrin ortaq məxrəcə gəlməsi təsadüfi haldır. Belə işarələrin dünyagörüşündə və hərəkətlərində fərq ondadır ki, onlar hansı işarə ilə və necə yola getdiklərini çox yaxşı bilirlər. Belə işarələrdən birinin xasiyyəti digərini tamamlayır. Bizə zidd olan insanlarla ünsiyyətdə olarkən özümüzü dərk etməyə və əvvəllər istifadə etmədiyimiz potensial qabiliyyətimizi üzə çıxara bilərik. Bir-birinə düz bucaq altında olan işarələr arasında olan münasibətlər adətən utancaq olur. İşarəsi bizim işarəmizlə 90 dərəcəlik bucaq altında olan insanlarla münasibətlərimiz məyusluq, bir-birini başa düşməmək və qiymətləndirməmək kimi meyarlarla xarakterizə olunur. Bu vaxt disharmoniya yaranır və insan tamamilə zidd hərəkətlərə yol verir. Bu iki şəxs arasındakı qarşılıqlı münasibətlərdəki sirləri tapmaq və düzgün qiymətləndirmək üçün astroloji xəritələrə müraciət etmək lazımdır.

Bütün bunları yazmaqla astrologiyanın mahiyyəti barədə, onun insan həyatında oynadığı rol barədə sizlərə məlumat vermək istəyirik. Yəni, allahsız sovet dövründən qalan bəzi təsəvvürlər bu gün də astrologiya kimi lazımlı elmi gözdən salmaqdadır. Mənim məqsədim bütün bunları əsaslı şəkildə inkar etməkdir. Ümidvarıq ki, yaxın onillikdə milli astrologiyamız səthi, yalançı, pulgir və elmsiz meyllərdən uzaqlaşıb əsl mahiyyətinə qovuşacaq. Bunun üçünsə hamımız çalışmalıyıq.

 

Astroloqu necə seçməli?

Hal-hazırda bu sual hamını düşündürür. Belə ki, standart sertifikasiya sistemi olmadığından bu suala düzgün cavab tapmaq üçün heç olmasa, aşağıdakıları bilmək lazımdır:

1.Astroloji metodun fərqləndirici xüsusiyyəti qoroskopu tərtib etməkdir. Təcrübəli astroloq qoroskopu kompüterdə və ya əl ilə hesablayır. Əgər qoroskopun hesablanması əl ilə aparılırsa, astroloq planetlərin konfiqurasiyasını təsvir edən xəritə üzərində işləyir və gələcəkdə baş verə biləcək müəyyən hadisələrin təsəvvürünü formalaşdırır. Əks halda bu insan ya öncəgörəndir, ya da pullarınıza göz dikən fırıldaqçı.

2.Çalışın astroloqla şəxsi münasibətlər qurasınız, internet və ya digər vasitələrlə göndərilən qoroskoplara etibar etməyin.

3.Astroloqların vəzifəsi taleyinizi başa düşülən dildə sizə çatdırmaqdır: əgər o, ağıllı olduğunu sübut etmək üçün xüsusi terminlərdən istifadə edirsə, onda belələrinə etibar etməyin. Məsləhət alarkən, qaranlıq məqamları aydınlaşdırmağı astroloqdan tələb edin və deyilənlərin hamısının yazılı təsdiqini istəyin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir