aile

Azərbaycanda Türkiyə ailə modeli tətbiq fayda verəcək? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 763

 Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi (ASXN) tərəfindən himayədar ailə qayğı modelinin, həmçinin ailə bütövlüyünün qorunması məqsədilə tətbiq edilən Sosial-İqtisadi Dəstək xidmətinin Azərbaycanda tətbiqi üçün iki ölkənin səlahiyyətli orqanları fəaliyyətə başlayıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin ASX naziri Dərya Yanıka məktub yazaraq himayədar ailə modelinin ölkəmizdə tətbiq edilməsi məqsədilə iş birliyi təklif edib, bundan sonra ortaq işlərə başlanılıb.

Valideyn

İki ölkənin səlahiyyətli orqanlarının keçirdiyi onlayn görüşlərdə iş planı yaradılıb. ƏƏSMN nümayəndələri bu çərçivədə yerində araşdırmalar aparmaq üçün Türkiyəyə səfərlər ediblər. İstanbul və Ankarada himayədar ailələri ziyarət edən Azərbaycan rəsmiləri həmin ailələrdə böyüyən gənclərlə görüşüblər.

Azərbaycana himayədar ailə ilə yanaşı, ailə bütövlüyünün qorunması, uşaqların ailələrilə birlikdə böyüməsini təmin etmək məqsədilə ASXN tərəfindən göstərilən Sosial-İqtisadi Dəstək (SED) xidməti haqqında, eyni zamanda, uşaqlar üçün mütəmadi olaraq SED ödənişləri, xidmətin izlənilməsi barədə də məlumat verilib.

Araşdırmaların nəticələrinə uyğun olaraq, 2022-ci il üçün çərçivə planı hazırlanıb. Bu çərçivədə bu il Türkiyədə himayədar ailə xidməti modelinin və SED xidmət modelinin yaradılması üçün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin digər aidiyyəti orqanlara nəzarət dəstəyi göstəriləcək.

Uşaqların müdafiəsi xidmətlərində strukturlaşdırılmış sistemin mövcud olduğu Azərbaycanda türkiyəli mütəxəssislər himayədar ailə ilə bağlı yerində araşdırmalar aparacaq. Azərbaycanda himayədar ailə xidmətinin baza strukturu yaradıldıqdan sonra bu sahədə çalışan 60 əməkdaşa Türkiyədə təcrübəli mütəxəssislər tərəfindən 10 günlük təlim keçiriləcək.

Eyni zamanda qeyd edilib ki, Azərbaycana himayədar ailə xidməti sahəsində istifadə olunacaq əsas sənədlərin yaradılmasında dəstək göstəriləcək, şəxsi heyətin vaxtaşırı distant təhsili təşkil olunacaq.

Tədqiqatlar çərçivəsində bir il ərzində Azərbaycanda çalışan kadrlara məsləhət verilməsi, uşaqların müdafiəsi sahəsində yeni layihələr həyata keçirərək Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın artırılması nəzərdə tutulub.

ehmed qesemoglu

Azərbaycanda Türkiyə ailə modeli tətbiq olunması məsələsinə “Gencaile.az” saytı üçün münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Türkiyədəki ailə modelini qəbul etməklə mühüm uğurlar əldə etməyin mümkün olmadığını deyir: “Türkiyədəki mühitlə, insanların xarakteri ilə bizimki  eyni deyildir. Türkiyyə cəmiyyətinin öz özəllikləri var. Üstəlik, Türkiyənin özündə elə ailə modelində dəyişiklər etməyə ehtiyac var. Çünki orada da cəmiyyətdə xeyli dəyişikliklər baş vermiş, cəmiyyət xeyli mürəkkəbləşmişdir. Orada da bu dəyişiklikləri nəzərə alan yeni modelə ehtiyac var”

Sosioloq onu da deyir ki, biz yalnız Türkiyənin mövcud modelindən bəhrələnə bilərik. Əhməd Qəşəmoğlu qeyd edir ki, hökmən özümüz, öz ciddi mütəxəssislərimizlə (hansısa cəhətdən yaxın olanlarla yox) yəni cəmiyyətimizdəki dəyişiklikləri, tendensiyaları nəzərə alaraq yeni ailə modeli qurmalıyıq.

Ekspert onu da vurğuladı ki, ailə modelini təklif etməklə üzərimizə düşəni etmiş sayılmırıq: “Təkcə ailə modeli təklif etməklə də iş bitmir. Sosial siyasətdə, qaninvericilikdə, təklif olunan yeni modelin tələb etdiyi bir sıra başqa dəyişiklilər də olmalıdır.”

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir