qatil

Azərbaycanlı qatil valideynlərin tükürpədici hekayələri

Baxış sayı: 192

Bu günlərdə cəmiyyətdə ən çox müzakirə olunan mövzu heç şübhəsiz ki, anası tərəfindən qətlə yetirilən yeniyetmədir. 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib. Məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Amma bu, Azərbaycanda, eləcə də onun qonşuluğunda baş verən ilk belə hadisə deyil. Valideynlər bu və ya digər səbəblərdən övladlarını qətlə yetirirlər. Bu, xüsusən də iqtisadi problemlərin girdabında boğulan ailələr üçün keçərlidir. Onlar buna bir növ intihar kimi baxırlar. Amma təbii ki, yeganə səbəb iqtisadi çətinlik deyil. Bəzilərini yada salaq.
Spirtli içki, psixoloji problemlər; səbəblər müxtəlif, nəticə eynidir
2014-cü ildə spirtli içki atanı öz övladının qatilinə çevirib. Sərxoş ata 14 yaşlı oğlunu bıçaqlayaraq öldürüb. Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Eldəniz Məmmədov dostları ilə yeyib-içdikdən sonra axşam saatlarında evə gəlib. Evdə də içki qəbul etməyə davam edib. Həddən artıq sərxoş olaraq yatıb və bir neçə saatdan sonra uşaqların səsinə oyanıb. Əsəbi halda bıcağı əlinə alan ata həyətdə iplə oynayan oğlunun üstünə gedib…
14 yaşı İbrahim Məmmədov atasının əlindən qaçmağa çalışsa da, atası buna imkan verməyib və bıçaqlayaraq qətlə yetirib. Övlad qatili olmaqla kifayətlənməyən ata törətdiyi əməli ört-basdır etməyə də cəhd göstərib. O, həyat yoldaşı Simuzər Vahidovanı istintaqa belə bir ifadə verməyə məcbur edib ki, guya uşaq evin üstündən ipləri kəsərkən yıxılıb və əlindəki bıcağın ona batması nəticəsində ölüb.
Ancaq hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat tədbirləri nəticəsində 14 yaşlı İbrahim Məmmədovun öz doğma atası tərəfindən bıçaqlanaraq amansızlıqla qətlə yetirildiyi məlum olub…
2015-ci ildə Bakının Sabunçu rayonunda saat 20:30-da Albalı bağ massivində 27  yaşlı ana iki övladını öldürüb, özünə də intihar məqsədilə xəsarət yetirib.  Belə ki, İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan kimi ora gediblər. Qadın xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğazını kəsərək öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.
Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
2016-cı ilin aprelində Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs 1979-cu il təvəllüdlü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.
Famil Pərvanəyev 6 yaşlı Şəmsəddini taxta ilə döyərək bədən xəsarətləri yetirib. Uşağın vəziyyəti ağırlaşdığından təcili tibbi yardım çağırılıb. Həkimlər gəldiyində isə artıq uşaq dünyasını dəyişibmiş.
Hadisə baş verən ev F.Pərvanəyevin qeyri-rəsmi nikahda olduğu ikinci xanımının ata evi olub. Onlar bayram ərəfəsində Qırlı kəndinə gəliblər. Bundan əvvəl isə Qazaxda, daha sonra isə Bakıda yaşayıblar.
Hadisə baş verdikdən sonra Famil Pərvanəyev evdən qaçmayıb. Təcili yardım çağırılanda uşağın öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları gəlib. Ağstafa Rayon Polis İdarəsinin rəisi və Ağstafa rayon prokuroru hadisə yerinə gəlib. İlkin araşdırma zamanı Famil Pərvanəyevin uşağı taxta ilə döydüyü məlum olub və o, saxlanılaraq polis idarəsinə aparılıb.
Dünyanın qatil valideynləri – fransız 7 uşağını, erməni 1 uşağını əlləri ilə öldürüb
Amma yaxın qonşularımızda da belə hadisələr az olmayıb. Məsələn, iki il öncə  Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Şemonaix şəhərinə mənzillərdən birində bir qadın və 3 uşağın meyiti tapılıb. Bu barədə regionun Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qadının 1981-ci il təvəllüdlü, uşaqların isə 2-10 yaş arasında olduqları deyilir.
İlkin məlumata əsasən, ana əvvəlcə uşaqlarını asıb, sonra intihar edib. Onun hadisəni törətməsinin səbəbləri məlum deyil.
Məlumata əsasən, qadının əri də hadisədən sonra özünü öldürməyə cəhd göstərib.
Ermənistanda ana yeni doğulan körpəsini öldürüb. Hadisə Şirak vilayətində baş verib. Belə ki, evdə təkbaşına oğlan uşağı dünyaya gətirən ana imkansızlıqdan övladını boğaraq öldürüb.
Qatil ana polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qadına məhkəmə tərəfindən vilayətin ərazisindən çıxmamaq barədə göstəriş verilib.
Rusiyanın Voronej şəhərində yaşyarımlıq qız uşağını öldürməkdə şübhəli bilinən bir şəxs tutulub. Körpənin meyiti ağır döyülmə izləri ilə uşağın anasının yaşadığı mənzildə tapılıb. “İlkin istintaqa görə, körpə hündürdən ağladığı üçün ögey ata onu bərk döyüb. Alınan zədələrdən körpə keçinib”, – deyə təhqiqat komitəsinin Voronejin Levoberejniy rayonu üzrə rəhbəri Matvey Sladkix bildirib.
 
Fransanın Ot-Reyn departamentinin Miluz şəhəri yaxınlığındakı Şlerbax yaşayış qəsəbəsində baş verən ailə dramı hamını şoka salıb.
Valideynlər arasında yaranan mübahisə faciəyə səbəb olub. Ana beş uşağını amansızlıqla qətlə yetirib. Həyat yoldaşının ailəni tez-tez tərk etməsindən qəzəblənən qatil ana üç azyaşlı və iki yeniyetmə uşağına saysız-hesabsız bıçaq zərbələri endirərək onların həyatına son qoyub.
 
Hadisə yerinə gələn polis işçiləri gördükləri mənzərədən dəhşətə gəliblər. Qonşular bu ailədə tez-tez mübahisələrin şahidi olduqlarını bildiriblər…
Psixoloqlar isə hesab edirlər ki, uşaq qatilləri təkcə sosial problemlərin arxasında gizlənib belə əməllər etmirlər. Onların böyük əksəriyyətinin ciddi psixoloji problemləri olur. Bunun qəfil üzə çıxması anında yanlarında azyaşlı və köməksiz körpələri olursa, zərərçəkən də onlar olur. Amma dünyanın bütün ölkələrində azyaşlı övlad qatilləri ömürlük həbs cəzası və ya ağır həbs cəzasına məhkum olunurlar.
 
Sevinc Telmanqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir