pict3

Azərbaycanlı qızı qaçıran “rus balası” – TALELƏR

Baxış sayı: 2. 492

Onunla ötən ilin sentyabrında təsadüfən tanış olmuşdum. İş elə gətirmişdi ki, bir vaxtlar mənə dərs demiş, yaddaşımda bu gün də öz nurani siması, müdrik, ziyalı görkəmi ilə əsl pedaqoq, əsl insan kimi qalmış, uzun illərdən sonra sorağını alıb, görüşünə tələsdiyim ilk müəllimim Yaqub Bilalovun yaşadığı Şəki rayonunun Baqqal kəndinə gedəcəyimiz halda mənim nabələdliyim və sürücünün diqqətsizliyi üzündən həmin kəndi ötərək, Qax rayonunun Qıpcaq kəndinə gedib çıxmışdıq.pict3

 

 

 “Axşam evə bir loxma çörək, bir də “yarım” aparsam, bəsimdir”

 

Qıpçağa 5-6 km qalmış əl edib, bizim maşına əyləşən yaşlı bir adam, görünür, axşama doğru olduğunu nəzərə alaraq, Qıpcaqdan Şəkinin Baqqal kəndinə belə bir vaxtda yalnız taksi ilə getməli olacağımızı, yolların pis vəziyyətdə olduğuna görə isə bunun ucuz başa gəlməyəcəyini bildirmişdi. Düzdür, uzun illər izini-sorağını itirdiyim müəllimimi yenidən görmək üçün istənilən şərtə razı olacaqdım. Ancaq öz səhvi ucbatından bizi xeyli artıq məsafə aparan sürücümüz “günahını” yumaq üçün “şofer qardaşlığı”ndan istifadə etməklə bizə sərfəli bir qiymətə maşın tapacağını bildirərək, “Mersedes”indən düşüb, yol kənarında müştəri gözləyən şəxsi “taksi”lərdən birinə, görünüşündən milliyyətcə bir az avar və ya ləzgiyə oxşayan 55-57 yaşlarında olan sürücüyə yaxınlaşdı. Gözlədiyimizin əksinə olaraq, həmin adam bizi mənzil başına yol yoldaşımız olan ağsaqqalın dediyi kimi 20 yox, cəmi 10 manata aparmağa razılaşdı. Gedəcəyimiz 17-18 km-lik yolun o qədər də rahat olmadığı nəzərə alındıqda bu münasib bir qiymət idi. Ancaq bizi əlavə xərcə saldığını düşünən sürücümüz məzənnəni bir az da aşağı – əvvəcə 8, daha sonra isə 7 manata saldıqda, qıpcaqlı sürücü zərrəcə də fərqinə varmayaraq, əlinin işarəsi ilə bizi gülərüzlə maşınına dəvət etdi.

Baqqal kəndinə yenicə istiqamət götürmüşdük ki, sürücümüz yola “nərdivan” qoymağa – söhbətə başladı. Qiymət üstündə taksi sürücülərinə xarakterik olan “çək-çevir” etməməsi – könül töxluğu, bu yerlərə xas olan şirin bir ləhcədə duzlu-məzəli söz-söhbəti, əsl kənd adamı sadəliyi ilə diqqəti cəlb edən sürücümüzün “dünyanın malı kimə qalıb ki? Axşam evə bir loxma çörək, bir də “yarım” aparsam, bəsimdir”  deməsi məndə bu nikbin adama qarşı marağı artırdı, yolu səhv salmağımızla bağlı qanqaraçılığımı xoş ovqat əvəz elədi.

– Prokuror sürücüsü də olmuşam, kolxoz sədrinini müavini də, direktor da, firma müdiri də… İndi iş yoxdur, maşınımla taksiçilik eləyirəm. Olana bərəkət. Ailəm, oğul-uşağım  salamatdır, əlim-ayağım sağdır, – bəsimdir. Dünyanın varını özümlə aparmayacağam ki…

Hə, deyəsən, belə bir adamla tanış olmağa dəyərdi. Fikrimi başa düşüb:

–       Jenya… Yevqeni, – deyə sağ əlini sükandan ayırıb mənə tərəf uzatdı.

Mən təəccüblə ona baxaraq:

–       Avar, yoxsa ləzgi? – deyə soruşdum.

–  Yox, mən rusam, – deyərək gülümsədi. – Qıpçağın özündənəm, amma “korennoy” rusam. Burda bircə rus mənəm.

Ani olaraq zarafat etdiyini düşündüm. Çünki diqqətlə baxanda bir az rusa oxşadığı anlaşılsa da, azərbaycanca tər-təmiz, yerli ləhcə ilə danışıq tərzinə görə onu qətiyyən rus zənn etmək olmazdı.

 

“Rusiyada bir qram da müsəlmançılıq yoxdur… İtin balasıyam ora köçsəm.”

 

Yol boyu söhbətdən məlum oldu ki, 1941-45-ci illər müharıbəsi SSRİ-nin qələbəsi ilə başa çatdıqdan sonra Rusiyada yaşayış çətin olduğundan onun ata-anası 1947-ci ildə Donetskdən köçərək Azərbaycana pənah gətirməli olur. Kimlərinsə məsləhəti ilə Qaxın Qıpçaq kəndində qərarlaşırlar. Tədricən ata-anası kənd camaatına qaynayb-qarışmış, kolxoz işində birgə çalışmışdılar. Atası Vasya (Vasili) dayı özündən sonra Qıpçaqda və ətraf kəndlərdə xeyli iz, xatirə qoymuşdur. Belə ki, bu yerlərdəki onlarla yaşayış evlərini və kolxozun bəzi binalarını usta Vasya dayı özünün zəhmətkeş əlləri ilə özülündən başlayaraq tikib. Həmin evlərdə yaşayanlar bu gün də onu minnətdarlıqla xatırlayırlar. Yevqeninin anası Yelena xala da kolxozda hörmət-izzət qazanmış işçilərdən, xanımlardan olub.

– Ailəmizdə biz üç qardaş olmuşuq, – deyə Yevqeni  söhbəti davam etdirir. – Üçümüz də burda dünyaya gəlmişik – pasportumuzda doğum yerimiz Azərbaycanın Qıpcaq kəndi göstərilib. Üçümüz də orta məktəbi burda – Qaxda bitirmişik. 1949-cu ildən olan böyük qardaşım Viktor Tibb Universitetini bitirib, diş həkimidir. 10 il Şəkidə işləyib. Ondan 3 yaş kiçik olan ortancıl qardaşım Volodya Bakı rabitə texnikumunu bitirib, hazırda ANS-in Zaqataladakı ötürücü qurğusunda işləyir.

Söhbətdən məlum olur ki, Yevqeni evin “sonbeşiyidir” – gələn il aprelin 1-də yubileyini qeyd edəcək – 60 yaşı tamam olacaq. (Bəlkə, 1 apreldə dünyaya gəldiyinə görə belə zarafatcıl, yumoru sevən, şən, nikbin adamdır?). Deyir ki, “əvvəllər həmin gün dost-tanışı ad günümə dəvət edəndə bəziləri inanmırdı, elə bilirdilər ki, 1 aprel zarafatı eləyirəm. Amma durub gəlirdilər. İndi bütün kənd mənim ad günümü bilir – çağırdım-çağırmadım, qonağımdırlar.”

Soruşuram ki, niyə bəs valideynləri yaşayış üçün məhz Azərbaycanı, Qıpçaq kəndini seçiblər, cavabında deyir:

–  Bilmirəm niyə. Ancaq çox düzgün, ağıllı iş görüblər. Lovğalıq olmasın, bizim kəndimiz bəlkə də yer üzündə ən gözəl, ən səfalı kənddir. Adamları da olduqca yaxşı, mehriban adamlardır. Bura yaxşı olmasaydı, heç atamgil bütün ömürlərini burda yaşayardılarmı? Mənə bu gün milyon da versələr, burdan başqa yerə köçmərəm.

–  Bəs Rusiyaya necə?

– Rusiyaya? (az qala hirslənir). Mənim orda nə itim azıb? İtin balasıyam Rusiyaya köçsəm. Öz payıma deyirəm: ora gedən kopayoğludu. Nə var ey orda?  Bir qram da müsəlmançılıq, abır-həya yoxdur orda. Heç əsl xristianlıq da yoxdur. Televizorda görmürəm? – Nə qadınlarında qadınlıq, nə də kişilərində bir kişilik qalıb. Bir-birinin ətini didirlər, öldürürlər, qırırlar, əllərinə keçəni, rast düşəni vurub-dağıdırlar. İt yiyəsini tanımır orda… elə heç yiyəsi də iti tanımır. Nəyimə lazımdır mənim ora getmək? İnciməsinlər, ancaq bizim ora gedən azərbaycanlılarımızın da ağlı yoxdur. Bir tikə çörək burda da var da… Azərbaycandan sakit, yaxşı dolanışığı olan yer var? Heç Azərbaycandan, belə yerlərdən köçərlər?.. Vallah, ağılları yoxdur –  bircə tikə də…

Yox, Yevqeninin və qardaşlarının Azərbaycana olan sevgiləri sözdə və kiməsə xoş gəlmək üçün deyil. Bu sevgini onlara sanki bu torpağın vurğunu olmuş ata-anaları öz qanları ilə vəsiyyət ediblər. Başqa cür nə ilə izah etmək olar ki, Yevqeninin ömür-gün yoldaşı azərbaycanlı Bəsti xanımdır. Onların oğlu Aleksey də öz həyatını azərbaycanlı Səbinə xanımla, qızları Natalya isə azərbaycanlı Xəyyamla qurublar. Natalya ailəsi ilə qonşu Oncalı kəndində, Milli Ordu sıralarında Vətənə hərbi xidmət borcunu layiqincə yerinə yetirmiş Aleksey isə (o da sürücü, həm də yaxşı maşın ustasıdır) öz ailəsi ilə birgə ata-anasının yanında – Qıpçaqda yaşayır.

 

 Rus “Məcnun” nişanlı azərbaycanlı qızı niyə qaçırtdı?

 

–  Ailəmdən, uşaqlarımdan çox razıyam. Hamısı işləməyi, səliqə-sahmanı sevəndirlər. Yoldaşım Bəsti xanım ailəsinin, uşaqlarının qayğısını çəkən, zəhmətkeş bir qadındır. Gecə-gündüz rahatlıq bilmədən çalışır. (Gülə-gülə əlavə edir). Zalımın qızı kotan kimidir, traktordur elə bil. Ağır-yüngül iş bilmir, bütün günü işləyir. Avcaq öz aramızdı, o olmasaydı, mən çoxdan “batardım” – evimizin dirəyidir.

–  Yevqeni, belə başa düşdüm ki, sən yeri gələndə hərdən araqdan-çaxırdan…

– Yeri gələndə yox ey, yeri gəlməyəndə də – hər gün axşam, yalnız işdən sonra, ancaq “doza”nı keçməmək şərtilə. Yoxsa “narodnı kontrol” – Bəsti xanım “pişiyimi ağaca dırmaşdırar”.

–  Bəs oğlunuz Aleksey necə, o da sənin kimi içməyi xoşlayır?

– Əstəğfürullah, Aleksey içmir, axı o müsəlmandır. Neyləyim, onun yerinə də mən içirəm, – deyə gülə-gülə cavab verir.

Xətrinə dəyməmək üçün ehtiyatla soruşuram ki, “Yevqeni, bəs necə oldu ki, xanımızın azərbaycanlı ailəsi onu sənə verməyə razılaşdı?”

– Razılaşdı da sözdü? Təsəvvür eləyirsiniz, eyni kənddənik və ata-anasından başqa 3 qaynım, 6 da baldızım vardı. Di gəl, onların hamısının razılığını al, görüm necə alırsan? Atası da dindar adam… Başqasına vermək istəyirdilər, nişanı da olmuşdu, hələ parçası da. Neyləməliydim ki? Dostlarımın köməyi ilə götürüb qaçdım onu…

–  Bəs Bəsti xanım özü razı idi ki?

– Razı nədi? Leyli-Məcnun idik. Onun meyli, razılığı olmasaydı, ağzım nə idi onu qaçırdım?

–  Bəs ailəsi bunu necə qarşıladı?

– Heç “qarşıladılar” ki? Üz döndərdilər bizdən. İki ildən – birinci uşaqdan sonra barışdıq, gediş-gəliş başladı. Bir az da keçəndən sonra kürəkənlərin də, bacanaqların da arasında ən istəklisi mən oldum. Bu gün də belədir. Axı, mən yaxşı ailədən olan yaxşı oğlan, işgüzar oğlan olmuşam, – deyir və gülür. – İndi, maşallah, Allah versin, bir oğlumuz, bir qızımız, 4 nəvəmiz var. Böyük nəvəmiz – qızımızın oğlu İsrafil 5-ci, qızı Nazlı 3-cü, Alekseyin oğlu Ruslan 1-ci sinfə gedirlər. Sonbeşik oğul nəvəmiz Ramal isə hələ 4 yaşındadır. Nəvələrimi çox istəyirəm. Vallah, kim deyibsə, çox gözəl deyib: “Dövlətdə – dəvə, övladda- nəvə”.

 

 

Yevgeninin “təmiz müsəlman” nəvələri

 

–  Allah hamısını xoşbəxt eləsin! – deyirəm Yevgeniyə və söhbəti davam etdirirəm. – Yevqeni, maraqlıdır, Ruslan adının da Azərbaycanda çox yayıldığını nəzərə alsaq, nəvələrinizin 4-nün də adı azərbaycanlı adıdır.

– Bilirsiz, uşaqlarımıza slavyan adları qoymuşduq, ancaq onlar özləri bu el-obaya elə məhəbbətlə bağlıdırlar ki, nəvələrimizə azərbaycanlı adları qoyublar. Bilmək istəyirsinizsə, onu da deyim ki, oğlan nəvələrimin üçünə də el adətiylə kiçik toy da elətdirmişik – əsl müsəlmandırlar. Azərbaycanda yaşayırıqsa, bura bizim vətənimizdirsə, belə də olmalııdır. Başqa cür ola bilməz. O bir yaxşı mahnı var ey, Sara Qədimovanın oğlu Akif İslamzadə oxuyur ha… “bura Vətəndir!”

Yevqenidən bizi gətirdiyi Baqqal kəndində neçə illərin dost-tanışı kimi mehribanlıqla, görüşüb-öpüşüb ayrılırıq. Ona tam əmin oluram ki, Yevqeni mənim unutmaq istəmədiyim, Vətənimizi, xalqımızı ürəkdən sevən bir adamdır. Vətən sevgisinə, Azərbaycan sevgisinə  görə unudulmayacaq bir adam!

 

Azərbaycana sevgisi ilə milyonlarla rusa nümunə olan Yevgeni

 

O, bizimlə xudahafizləşib getdikdən sonra düşündüm: gör, özünün dediyi kimi, “Azərbaycanın rus balası” bu elə-obaya, onun adət-ənənəsinə, mənəvi dünyasına necə bağlıdır ki, Bəsti xanımla gənclik sevgisini ruslara bir köynək daha yaxın olan Romeo və Cülyettanın yox,  Leyli və Məcnunun məhəbbəti ilə müqayisə etmişdi.

Bir də onu düşündüm ki, 100 milyona yaxın olan rusların hər birinin Yevgeni Kolesnikov kimi Azərbaycanda yaşaması mümkün olsaydı, onlar da yəqin ki, bu yurda və onun adamlarına məhəbbət və heyranlıqla, ürəkdən gələn bir sevgi ilə deyərdilər: bura Vətəndir! Və daha onlarla Dağlıq Qarabağın, Göyçə və Zəngəzurun, Dərbənd və Təbrizin hansı xalqa məxsus olduğu barədə uzun-uzadı söhbətlər, müzakirələr aparmağa da ehtiyac qalmazdı… Yaxşı ki bizlərə uzaqdan baxıb tanımaq istəməyənlərin müqabilində bizləri yaxından görüb-tanıyan, qəlbən duyan, Azərbaycanımızı sevən Yevgenilərimiz var!..  Öz Yevgenilərimiz, öz ruslarımız!..pict5

 

Rəhman ORXAN

 

Şəkillərdə:

1.Yevgeni Kolesnikov Qıpçaq-Baqqal yolunda. Arxa planda, dağın başında – qədim Alban məbədi.

2. Müəəlif Yevgeni Kolesnikovla birgə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir