13296148_969206349862021_2042469919_n

Azərbaycanlı tələbə: “Anam üçün çox darıxıram” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 2. 770

…Hər halda qürbətdə, vətənindən, yaxınlarından uzaqda yaşamaq, oxumaq nə qədər asan olmasa da, dünyagörüşünün artması və rəngarəngliyi ilə gənclər üçün cəlbedici görünür. Bu marağın və həm də şübhəsiz daha yüksək təhsil almaq istəyinin nəticəsidir ki, son illlərdə dünyanın ən müxtəlif ölkələrinə təhsil üçün üz tutan gənclərin sayı artmaqda davam edir.

 “Tələbə bileti” – bu həftədən etibarən başladığımız bu yeni rubrikada xaricdə təhsil alan gənclərimizlə söhbətləşəcəyik. Ümid edirik ki, onlarla müsahibələrimiz həm oxucularımız üçün maraqlı olacaq, həm də xaricdə təhsilə maraq göstərən gənclər üçün yol göstəricisi kimi əhəmiyyət kəsb edəcək.

Budəfəki qonağımız Macarıstanın Budapeşt şəhərində magistr təhsili alan Turana Aydındır.

13096160_949223435193646_1551755127671944648_n

– Xaricdə təhsil barədə fikrini necə qətiləşdirdin?

– Hələ bakalavr təhsilimi alanda xaricdə təhsili qarşıma məqsəd qoymuşdum. Bitirən kimi də sənədlərimi xarici universitetlərə artıq göndərmişdim. Avstraliyada təhsil almaq arzum idi, oradakı universitetlərin birindən cavab da gəlmişdi. Təhsil haqqı çox yüksək olduğundan Dövlət Proqramına müraciət etmişdim, lakin müsbət cavab ala bilməmişdim. 1 il sonra Macarıstanda təqaüd proqramı qarşıma çıxdı, mən də şansımı qaçırmadım. Necə deyərlər, tutmaz ayran, tutsa qatıq… elə alındı ki, ikinci oldu.

Amma ən maraqlısı bilirsiniz nədir? Bura qədər müsahibəni oxuyanlar varsa əgər deyim, deməli Macarıstana qəbul zamanı da Təhsil Nazirliyində müsahibədə iştirak etməli idim. Elə oldu ki, elə Dövlət Proqramında olan eyni münsiflər düşmüşdü. Biri hələ tanıdı da və sonunu siz təxmin edin, elə də çətin deyil. Bəli, Macarıstanın Təqaüd Proqramından müsbət cavab gəldi.

Yəqin mən 1 il ərzində daha da kamilləşmişdim… (gülür – V.M.)

– Hansı ixtisas üzrə təhsil alırsan? Və bir də niyə məhz Budapeşt?

– İxtisasım Turizm menecmentidir. Niyə məhz Budapeşt , çünki təqaüd proqramı var idi. Amma düzü indi bu şəhərə vurulmuşam. Avropada ən gözəl şəhərlərdən biri hesab olunur.13282138_969206353195354_252827285_n

– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

– Təhsilin keyfiyyəti yaxşıdır. Ən azından cibdən deyil, oxumaqdan tərləyirsən. Hörmətə gəldikdə isə sözün əsl mənasında əgər müəllimə və onun dərslərinə hörmətlə yanaşırsansa, güzəşt edirlər.

– Evdən uzaqda qalmaq çətin deyil?

– Çətindir mənə görə. Ailəm üçün, dostlarım üçün darıxıram. İntrovert insan olduğum üçün.( İntrovert tipə aid olan insanlar tənhalığa qapılır, sakitlik və rahat həyata üstünlük verir-red.) Bu sözü özümü göstərmək üçün istifadə etmədim həqiqətən. mənə yeni dostlar, ətraf tapmaq, yeni mühitə uyğunlaşmaq çətindir. Düzü özüm də səy göstərmirəm.

Macarların arasında özünü necə hiss edirsən?

– Yad

– Niyə yad? Onlar qurudur, isti münasibət göstərmirlər, yoxsa başqa nəsə?

 – Dili bilmədiyim üçün ya Beynəlxalq dildən, yəni jestlərdən istifadə edirəm, məsələn bir 1 kq pomidor istəyirəm. İndi təsəvvür edin necə başa salıram. Deyəcəksiz böyük marketlərdən alın. Dadlı olmur ordakılar. Ya yolu soruşmaq lazım olur, ya nəsə. Sizə hələ yaşlılardan danışım, marketdə ya yolda ya transportda adamı söhbətə tuturlar məcburi gülürəm ya baş tərpədirəm. Macar dilində “Mən macarca danışa bilmirəm” deyirəm xeyri yoxdur, elə hey danışırlar e. Yad hiss etmədə ən önəmli faktor dildir.  Burda yaxşı başa düşürəm, niyə deyiblər, gəzməyə qərib ölkə ölməyə Vətən yaxşı. İstənilən ölkədə özünün ora aid olmadığını yad olduğunu hiss edəcəksən məncə. Ömrü boyunca akvariumda yaşayan balığa, okeanın yaşamaq üçün əla yer olduğunu inandırmaq çətindir. Ona axı öz akvariumu rahat idi.13318740_969206326528690_982975464_n

– Tələbə yoldaşların hansı ölkələrdəndir?

– Qrupumuz beynəlxalq qrupdur. Gürcüstan, Türkiyə, Tunis, Çin, Vyetnam, Monqolustan, Macarıstanın özündən belə tələbələr var.

– Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsən?

– Gürcülərlə millət olaraq xarakterdə çox yaxınlığımız var və əfsuslar olsun ki, heç də yaxşı cəhətlər deyil. Hər hansı mövzu üstündə bildi-bilmədi mübahisə etmək, qarşındakını dinləməmək, “dəvəquşu” misalı, özümüzdən başqalarını bəyənməmək və s. İndi deyəcəklər, tısbağa qınından çıxdı, qının bəyənmir (gülür – V.M.) İnanın ki, elə deyil, qınım üçün çox darıxıram. Ora gələcəyim günləri sayıram.

– Yəqin burda olanda evə gəlirdin ki, hər şey hazırdır və sadəcə, bir az “əziyyət çəkib” yeyib-içmək qalır. Orda necədir vəziyyət? Ərzaq alış-verişi, yemək hazırlamaq, evi səliqəyə salmaq – bu məsələləri necə həll edirsən?

– Ay, bu sual necə yerinə düşdü, lap ürəyimdən xəbər verdi. İndicə bazarlıqdan gəlirəm. Hətta o dərəcəyə gəlib ki, insanların qidaya olan tələbatının fəlsəfi aspektden araşdırmışam ki, bəlkə nəsə tapdım, yemək bişirməkdən savayı. Belə vaxtlarda anam yadıma düşür. Bütün ailə üçün necə çatdırır, heç şikayətlənmir də, vəzifəsidir kimi. Mən tək özüm üçün edəndə şikayətlənirəm. Anladığınız hamısın deyinə-deyinə, şikayətlənərək edirəm. Qəribə səslənir bəlkə də, amma ailədən kənar yaşayan tələbələr məni başa düşər.

13329786_969206313195358_459710677_n

– Ananız inciməz? Mənim üçün gör, nə vaxt darıxmısan deyə?

– Ah “mamam” mənim. İnanın ailədən kənar yaşayanda onların nə qədər dəyərli olduğunu, onlara “mən sizi çox sevirəm , yaxşı ki varsınız” sözünü nə qədər az dediyini, onlarla nə qədər az zaman keçirdiyini , nə qədər az onları qucaqladığını, anlayırsan. Yox, mama inciməz, hər gün yazıram, hər gün darıxdığımı deyirəm. Bilir özü hər şeyi. İlk vaxtlar hələ o qədər narahat idi ki, elə bil 23 yaşlı insan deyil, balaca uşaq göndərib. Analar belədir, məncə anlayarsınız…

– Budapeşti gəzməyə vaxt olubmu?

– Magistr tələbəsi olduğum üçün bakalavrlara nisbətdə daha çox vaxtım olur. Ona görə də Budapeşti gəzməyə də vaxt tapmışam. Şəhəri gəz-gəz bitmir. Hər bucağında görməli yerlər, tarixi binalar, gözoxşayan mənzərə var.

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki.

– Aylıq xərc fərdidir, kim isə çox xərcləyir, kim isə az. Onu deyə bilərəm ki, mənə 100-150 euro aylıq yeməyə, transporta,telefon haqqına bəs edir. Hələ bəzi əyləncələri də özümə rəva bilə bilərəm.

– Azərbaycanlı tələbələr, azərbaycanlılar Budapeştdə çoxdurmu? Onlarla əlaqələriniz varmı?13318620_969206339862022_1156361634_n

– Bildiyim qədəri ilə az deyil. Lakin onların bir neçəsi ilə əlaqəm var. Günahı özümdədir yenə də, qaynıyıb-qarışmaq lazımdır, sosial olmaq, aktiv olmaq lazımdır, o da mən də …. yenə də introvert sözünə gəlirik…

– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?

– Düzün deyim? Gürcü və türkiyəli tələbələrlə bu cür müzakirələrimiz olub, məlum məsələdir qonşu ölkələrik deyə onları bu münaqişə çox maraqlandırır. Bir də son hadisələr zamanı qrup yoldaşlarım arasında olub. Lakin tələbələrin, nəinki tələbələrin, insanların çoxunun bu vecinə deyil həqiqətən. Tələbə imtahanlarını necə verəcəyini, axşam yeməyinə nə bişirəcəyini, axırıncı dəfə nə qədər xərc çəkdiyini, ev pulunu necə verəcəyini və ən əsası bu gün necə əylənəcəyini düşünür. İnanın ki, onlara bəzilərinin dili ilə desək, hardasa Qafqazda (eləsi var hələ Asiyada deyir) baş verən hər hansısa münaqişə maraqlı deyil. Suriya hadisələrinə facebook-dan başqa kənarda reaksiya göstərməyən insanlardan, Qarabağ haqqında duyarlılıq göstərməyi gözləmirəm də. Bir də ki elə biz azərbaycanlılara çox maraqlıdır, məsələn orda hardasa Urumçidə uyğurları niyə qırırlar?! Yeri gəlmişkən, Uyğur türkü olan bir qrup yoldaşım da var. Bizim dili başa düşür mən danışanda. Məsələn biz yaxşısan mı deyirik, onlar yaxşımısan. Mən yenə uzatdım, sualdan da uzaqlaşdım.13285582_969206366528686_116482950_n

– Əcnəbilər Azərbaycanı tanıyırmı? Ölkəmiz haqda hansı informasiyalara malikdirlər? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi yoxsa avropalı kimi qəbul edirlər?

– Azərbaycanı Macarıstanda yaxşı tanıyırlar. Daha çox yaşlı nəsil. Məncə SSRİ-nin tərkibində olduğu üçün və Ramil Səfərovla bağlı hadisələrə görə. Ümumiyyətlə, deyə bilərəm ki, Macarıstanda ermənilər digər ölkələrə baxmış, azlıq təşkil edirlər. Çoxluq bizi Asiya ölkəsi kimi tanıyır, qəbul edir.

 

Söhbətləşdi: Vüsal Məmmədov

13295388_969206369862019_1738276046_n13329834_969206359862020_1180689485_n13295347_969206276528695_1069558728_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir