istirahet

Azərbaycanlı turistlər bu yay istirahət üçün hansı ölkələri seçəcək?

Baxış sayı: 932

Yay fəsli və məzuniyyət ayları yaxınlaşdıqca, xarici ölkələrə tur-paketlər təklif edən turizm şirkətlərinin də reklamları çoxalır. TV-lərdə, radiolarda, sosial şəbəkələrdə müxtəlif ölkələrdə istirahət təklif olunur.

Bu il azərbaycanlıların ən çox hansı ölkələrə üz tutduqları, bu il əsasən hansı məkanları seçdikləri və tur-paketlərin qiymətləri ilə maraqlandıq.

“Amore Travel” turizm şirkətindən bildirdilər ki, azərbaycanlıların 80 faizi yay tətilini Türkiyənin Antalya, Bodrum, Kuşadası, Marmaris kimi şəhərlərində, 20 faizi isə Avropa, Asiya istiqamətində keçirməyə üstünlük verir. Üçulduzlu hotellər bir nəfərə 450-550 dollara (altı gecə yeddi gün hoteldə qalmaq, aviabilet, sığorta, transfer, qidalanma daxil) başa gəlir.

Türkiyəyə ən ucuz səyahətin Alanya bölgəsinə olduğu qeyd olunur. Bir qədər baha olan Bodrum, Kuşadası, Fethiye kimi şəhərlərdə biletlərin qiyməti hotel seçimindən asılı olaraq 600-700 dollar arasında dəyişir.

Ən baha biletlər isə Asiyaya – Malayziya, Sinqapur bölgələrinədir.

Qeyd edək ki, mayın sonundan başlayaraq qiymətlər pik həddə çatacaq.

 

“Travelmania” şirkəti isə azərbaycanlıların yay səyahətləri üçün üz tutduqları ölkələrin ilk onluğunu açıqlayıb. Türkiyə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Rusiya, Çexiya, Fransa, İtaliya, Misir onluqda qərarlaşır. Turizm şirkətindən bildirilir ki, istirahət, dəniz istəyənlər Türkiyəyə, sanatoriyalara ehtiyacı olanlar Rusiya və Çexiyaya üz tuturlar.

“AVA TOUR” şirkətindən verilən məlumata görə, biletlər ən çox Türkiyənin Antalya və Bodrum bölgələrinə alınır, qiymətlər 2 min-10 min dollar (hər şey daxil: hotel, qidalanma, sığorta, transfer) aralığındadır.

Ən ucuz biletlər isə 49 dollardan başlayan qiymətlərlə Gürcüstana olan avtobus turlarıdır.

Turizm şirkətindən bildirilir ki, Tailand, Malayziya, Sinqapur kimi ölkələrə maraq daha artıb. Səbəbin Azərbaycana gələn xarici turistlərin azərbaycanlıları öz ölkələrinə dəvət etməsi olduğu güman olunur. Qiymətlər 3 min-15 min dollar aralığındadır.

“Avangard Travel” şirkətindən biletlərin ən çox Antalya, Bodrum, Kuşadası, Marmaris şəhərlərinə alındığı deyilir. Ən ucuz istiqamət olan Alanyaya biletlərin qiyməti 370-380 dollar təşkil edir.

Turizm şirkətindən bildirilib ki, bu il Alaçatı, Çeşməyə maraq artıb. Səbəbi isə İzmirə ucuz aviareyslərin açılmasında görülür.

 

Nəzrin Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir