gelin-qayinana

Azərbaycanlılar niyə boşanır?

Baxış sayı: 2. 498

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.

Komitə rəsmisi bildirdi ki, gəlin -qayınana münasibətləri çox aktual bir mövzudur. Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir. “Bu problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Əvvəllər daha çox xarakterik olan bir məsələ var idi ki, oğulun anası və sevdiyi qadın tərəfindən paylaşa bilməməsi. Bu vaxt həyat yoldaşın üzərinə bir məsuliyyət düşür ki, balanslı şəkildə münasibətləri tənzimləsin”.

Valideynlərin övladların ailəsi üzərində ağalığı artır

Vəsilə Möhsümovanın sözlərinə görə, son dövrdə valideynlər tərəfindən ailələrə çox təsir olur: “Avropa ölkələrinin əksəriyyətində övlada 10 yaşa qədər təhsil verir, onu müstəqil həyata hazırlayırar. Bundan sonra onu sərbəst buraxırlar. Bizdə necədir? Bizdə oxudur, təhsil verir, evləndirir, övladının uşağı olur. Amma yenə də valideynin əli övladın üzərində olur. Həmişə nəzarət altında saxlayır. Bu vaxt da müəyyən problemlər yaranır. Qayınananın istəyi ilə gəlin razılaşmır, gəlinin istəyi ilə də qayınana. Gənc ailələrə bir az sərbəstlik vermək lazımdır. Gəlin-qaynana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü bi ruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq müəyyən fikir, istək baxımından onların istəklərini məhdudlaşdırmaq olmaz”.

Problemin kökü – daxili mədəniyyət

Vəsilə Möhsümova qeyd etdi ki, gəlin-qayınana problemləri dərin olmasa da, aktual olaraq qalır. Bütün bu məsələlərin kökündə isə daxili mədəniyyətin formalaşması durur. “Bu münasibətlərin gərginləşməsi nəticəsində yaranan boşanmaların sayı çox deyil. Gəlin-qayınana münasibətlərinin pisləşməsi ailələrdən asılıdır. Elə bir ailə var ki, həmin ailədə qaynana deyir ki, gəlin təmizkar deyil, digərində isə gəlininin xasiyyəti xoşuna gəlmir. Yaxud da gəlinlər müxtəlif səbəblərlə qayınanalarını təqsirləndirir. Psixoloji və fəlsəfi nöqtədən yanaşsaq demək olar ki, hər iki tərəfdə bu və ya digər dərəcədə müəyyən günahlar var. Əsas odur ki, onlar güzəştə getməyi bacarsınlar. Belə ailələrə hüquqi yardımdan daha çox psixoloji yardım göstərmək lazımdır. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində gəlin-qaynana münasibətləri, ailədə kiminsə rolunun tənzimləməsi məsələləri hələ öz əksini tapmayıb. “Ailə bərabərlik prinsipləri əsasında qurulur və bu prinsip əsasında da idarə olunmalıdır”.

Ekspert onu da vurğuladı ki, gəlin-qaynana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar: “Bu zorakılıqlar-evdən qovulma, əmlak hüququndan məhrum etmə, uşaqların əlindən alınması, uşaqlarla görüşə icazə verilməməsi kimi olan qadağalardır. Bunlar boşanandan sonra olan qadağalardır. Boşanma həddinə çatınca isə hər kəs öz metoduna uyğun qadağalar qoyur. Bəziləri qohum evinə, ata evinə, ümumiyyətlə, çölə çıxmağa icazə vermir”.

Psixoloqlara əsasən qayınanalar müraciət edir

Psixoloq Narınc Rüstəmova bildirir ki, müxtəlif ailə tipləri var: sərbəst, demokratik, avtoritar və üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri. Sonuncu ailə tipində əsas rolu qaynanalar oynayır: “Gəlin-qaynana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir,ya da ki gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qaynana fikirləşir ki, oğlunu 25-30 yaşına kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır. Bizə bu məsələ ilə bağlı belə bir müraciət olunmuşdu. Qaynana özlüyündə müşahidə edirmiş ki, görüm oğlum mənə nə qədər vaxt ayırır, öz həyat yoldaşına nə qədər. Qaynana məsələlərin xırdalığına kimi gedirdi. Artıq onda aqressiya yaranmışdı. Bu qayınana ya oğlu ilə problem yaradırdı, ya da gəlini ilə. Onun üçün əsas odur ki, ortada bir problem olsun və o da böyük kimi bu problemi həll etsin. Belə münasibətlər daha çox gəlin-qaynana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır”.

Narınc Rüstəmova hesab edir ki, bu problemlər hər zaman var və olacaq da. Bəs çıxış yolunu necə tapmaq olar?

Narınc xanımın sözlərinə görə, iki tip qaynanalar var: idarəedənlər və araqarışdıranlar (avanturistlər). Gəlin bilməlidir ki, onun qayınanası idarəedəndir, yoxsa araqarışdıran: “İdarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qaynananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də az olur. İkinci tip qaynanalar araqarışdıran tip qaynanalardır ki, onlar bir az təhlükəli olur. Çünki onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Onların gözlərinin içinə bax və dinlə. Belə tiplər “mən”, “mən” sözünü qətiyyən sevmirlər. Bu günkü qaynanaların əksəriyyəti araqarışdıran tiplərdir”. Psixoloqun sözlərinə görə, 3-cü şəxsin müdaxiləsi nəticəsində baş verən boşanma halları az olur. “Bu əksərən uzunmüddətli konfliktlərin yaranmasına gətirib çıxardır. Çünki, qaynana ailədə problem yaratsa da o, ailənin dağılmasını istəmir. O, yalnız istəyir ki, oğlunun yanında olsun”.

Narınc Rüstəmova deyir ki, bu məsələlərlə əlaqədar onlara müraciətlər çox olur. Ancaq bu müraciətlər əsasən qayınana tərəfindən olur. Gəlin tərəfindən olan şikayətlərlə isə hələ qarşılaşmayıb: “Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq və sonda səbəbin qayınana olduğu aydınlaşır. Belə hallarda problemi iki tərəf də həll etməlidir. Həm oğlan tərəfi, həm qız tərəfi. Qaynana deyərkən bizim gözlərimizin önündə bizə sərt, tələbkar, oğlunu qısqanan bir obraz canlanır. Gəlin dedikdə isə qayınanaların təsəvvürünə oğullarını əllərindən alan bir rəqib gəlir. Əslində bu cür yanaşma düzgün deyil. Ümumiyyətlə, gəlin-qaynana münasibətləri oğuldan asılıdır. Oğul anası ilə necə davranırsa, həyat yoldaşı və anası arasında necə pərdə saxlayırsa bu sonacan da belə gedir”.

Daha çox gəlinlərin hüquqları pozulur

Psixoloq Sevda Çopurova isə deyir ki, öz həyat yoldaşlarını itirən analar oğullarına daha yaxın olurlar və bu zaman oğullarını gəlinləri ilə bölüşə bilmirlər və sonda münaqişələr yaranır: “Gəlinlər çalışmalıdırlar ki, ananı oğula pisləməsin. Çünki hər bir oğul öz anasının müdafiəsinə qalxar. Yaxşı olar ki, gəlin yoldaşından soruşsun mən necə etsəm sənin ananın xoşuna gələr? Axı oğul ananın xasiyyətini daha yaxşı bilir. Belə deyirlər ki, gəlin-qaynana bir yerdə olmasalar daha yaxşı olar. Bu zaman arada hörmət də qalır. Bu doğrudur. Amma bir fakt var ki, ananı tək necə qoymaq olar?”

Sevda Çopurova hesab edir ki, çox vaxt gəlin-qaynana münasibətlərində gəlinlərin hüquqları pozulur: “Belə ki, qayınana gəlinə aid olan hər işi görür. Gəlinlə rəqabətdə olur. İstəyir ki, o, oğluna daha yaxın olsun. Bir növ özünü oğlunun yoldaşı yerinə qoyur. Bu zaman artıq böyük problemlər ortaya çıxır. Gəlin qaynanadan küsür, özünəinamsızlıq yaranır və gəlin arxa plana keçir. Əksər vaxtlarda təmizliyə həssas olan gəlinlər qaynanaların tökdüklərini yığmağa çalışırlar. Bu zaman əsəb hissi keçirirlər. Yaxud da ki sərbəst bir ailədə böyüyən gəlin çətin bir qayınananın yanına düşür. Qayınana da onun geyiminə, şəxsi işlərinə qarışır. Bu da gəlinlər də müəyyən problemlər yaradır və gəlinlər bu zaman özlərini qaynanalarının qulluqçusu hesab edir. Müasir dönəmdə belə bir problem də var ki, yeni qurulmuş ailəni qaynana və qayınata idarə edir. Artıq bu zaman oğul pulu anadan istədiyi üçün məcburdur ki, ananın sözüylə oturub-dursun”.

Ümumiyyətdə, ekspertlər bu problemi tərəflərin öz arasında deyil, psixoloq araçılığı ilə həll edilməsini məsləhət görürlər.

 

Vüsalə Ağayeva