evlilik

Azərbaycanda oğlanlar evlənməyə qız tapmayacaq – RƏSMİ

Baxış sayı: 625

İndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bildirilirdi.

Çox zaman ailə qura bilməyən qadınların taleyi məhz bu məsələyə bağlanırdı.

Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişib.

Düzdür, bunun fəsadları indi o qədər də hiss olunmur. Ancaq yaxın 5-10 il ərzində ciddi problemlərin ortaya çıxacağı şəksizdir.

Statistik rəqəmlər göstərir ki, cəmi bir neçə ildən sonra evlənmək üçün qız axtaran cavanlara heç anaları da kömək ola bilməyəcək.

Ötən əsrin 80-ci illərində eyni hal Orta Asiyada, xüsusilə də Türkmənistanda yaşanmışdı. Hətta o dövrdə türkmənistanlı oğlanlar evlənmək üçün keçmiş SSR-yə üzv respublikaları dolaşmalı olur, bunun üçün kifayət qədər pul xərcələyirdilər.

Ərəb ölkələrində də eyni problemlər yaşanıb.

Bəs bu tendensiyanın ciddi fəsadlarını görə-görə nədən Azərbaycanda yeni doğulan körpələrin az qala 70 faizinin oğlan olmasına zəmin yaradılır.

Düzdür, burada iddia edilə bilər ki, bütün ailələr bu seçimdə azaddırlar.

Biz məsələnin bu tərəfi ilə razıyıq. Mütəxəssislər yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələrin daha çox təsir göstərdiyi qənaətindədirlər.

Hamıya məlumdur ki, körpənin cinsiyyəti hamiləliyin 12-ci həftəsindən sonra USM müayinəsinin nəticəsində bilinir.

Halbuki bu, dünyanın əksər ölkəsində qadağan edilib. Buna niyə diqqət etmirik?

“Əhalinin Sağlamlığının Qorunması Haqqında” Qanununa görə, hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Yəni 12-ci həftədən sonra edilən abortlar qanunsuz sayılır.

Ən maraqlı məqamlardan biri də odur ki, indi ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Bununla bağlı cəmiyyətdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var.

Hətta mütəxəssislər hesab edirlər ki, ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər.

İndi isə sizə məsələ ilə bağlı son 10 ilin statistik göstəricilərini təqdim edirik.

Dövlət Statistika Komitəsindən modern.az-a verilən məlumata görə, son 10 ilin göstəricisi aşağıdakı kimidir:

 

İl                Cəmi         Qızlar     Oğlanlar

2005-ci il   141901      65721    76180

2006-cı il   148946      68709    80237

2007-ci il   151963      69958    82005

2008-ci il   152086      70278    81808

2009-cı il   152139      69923    82216

2010-cu il  165643      76509     89134

2011-ci il   176072      81376     94696

2012-cı il   174469      80882     93587

2013-cü il  172671      80097     92574

2014-cü il  170503      79093     91410

Bu reallıq onu göstərir ki, çox yaxın gələcəkdə Azərbaycanlı gənclər evlənmək üçün başqa ölkələrə baş vurmalı olacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir