Azərbaycanda uşaq kanalı niyə yoxdur?

Baxış sayı: 342

Azərbaycan teleməkanında şou və əyləncəli proqramlar kifayət qədər olsa da, uşaqlar üçün verilişlər demək olar ki, yox dərəcəsindədir. Yayımlanan belə verilişlərin əksəriyyəti də valideynlər üçün nəzərdə tutulub və bu proqramlarda uşağa qulluq, qayğı göstərmək, düzgün tərbiyə etmək, sağlamlıqla bağlı məsləhətlər verilir. Uşaqların verilişlərə və cizgi filmlərinə tələbatı ödənilmədiyindən, övladlarımız xarici, xüsusilə də Türkiyənin uşaqlar üçün nəzərdə tutulan verilişlərinə baxırlar.

Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev “KİV-də qadın və uşaq problemləri” mövzusunda keçirilən dəyirmi masada deyib ki, uşaq kanalının yaranması lazımlıdır: “Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi?”

Cəbiyev hesab edir ki, “Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz. “Bu kanal dövlətin himayəsi altında olmalıdır”, – deyən MTRŞ sədrinin müavini yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını bildirib.

Onun sözlərinə görə, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində tele-radio yayımçılarına güzəştə getmir: “Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir neçə halda uşaq hüquqlarının pozulması ilə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə cıxarmaq düzgün deyil”.

Q.Cəbiyev bildirir ki, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: “Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur”.
MTRŞ Ekspertiza proqramlaşdırma və analitik şöbənin baş məsləhətçisi Həyat Şamıyeva bildirib ki, Azərbaycan Konstitusiyasına görə 1 yaşdan 18 yaşına qədər olanlar uşaq sayılır: “Uşaqların hər yaş kateqoriyasına uyğun verilişlər hazırlanmalıdır. Verilişləri hazırlayarkən uşaqların maraq dairəsi, dünya görüşü, intellekt səviyyəsi yaş həddlərinə görə nəzərə alınmalıdır”.

H.Şamıyeva bildirib ki, uşaq kanalında körpələr üçün ayrıca verilişlər olmalıdır: “Yeniyetmələr, gənclər üçün əyləncəli, intellektual verilişlər hazırlanmalıdır. Musiqi-əyləncəli verilişlərə də yer ayrılmalıdır. Uşaqlar üçün kanalda mütləq maarifləndirici verilişlər olmalıdır. Hətta abituriyentlər üçün də verilişlər işlənməlidir”.

MTRŞ rəsmisi qeyd edib ki, bu gün uşaq verilişlərində səsləndirilən musiqilər düzgün seçilmir: “Uşaq verilişlərində elə musiqilər səsləndirirlər ki, ümumiyyətlə, uşaqlara aidiyyatı yoxdur. Uşaqlar üçün verilişlərdə sevgi haqqında və ya ara mahnıları ifa olunur və uşaqları həmin musiqi sədaları altında oynamağa məcbur edirlər”.

MTRŞ hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun sözlərinə görə, uşaqlar üçün kanallarda onların fiziki, əqli və mənəvi inkişafına zərər vuran verilişlər olmamalıdır: “Verilişlər sırf uşaqların psixologiyası nəzərə alınmaqla işlənməlidir. Uşaqlarla bağlı qaydalara zidd olmamalıdır”.

Uşaq psixoloqu Narınc Rüstəmova öz dilimizdə uşaqlar üçün kanalın olmamasına təəssüflənir: “Çox vacibdir ki, uşaqların yaşı, psixoloji durumu nəzərə alınmaqla dilimiz təbliğ olunsun. Bu gün uşaqlar baxdıqları veriliş və cizgi filmlərinə görə türk və ya rus dilində danışırlar. Belə uşaqlar danışdıqda qrammatik səhvlər buraxır. Yaxşı olardı ki, bizim öz dilimizdə cizgi kanalı olsun”.

Rüstəmova bildirib ki, uşaq verilişlərində və cizgi filmlərində uşaqlara ötürülən mesaj önəmlidir: “Yaxşı olardı ki, uşaq verilişləri və cizgi filmlərində yaş kateqoriyası nəzərə alınsın. Çünki veriliş və cizgi filmləri 3-6, 6-8 yaş arası və yeniyetməlik yaşlarında olan uşaqlar üçün bölünməlidir. Verilişlərin verilməsində yaş baryeri çox önəmlidir”.

Onun dediyinə görə, yarış şəklində olan verilişləri uşaqlar çox sevir və bu proqramlar uşaqlarda həm özünə güvəni formalaşdırır, həm də onların sosiallaşmasında böyük rol oynayır. Uşaq psixikası həmişə yarışa yönəldiyindən, onlar bu tip verilişlərə üstünlük verirlər.

“Uşaqlar özünü dərk edənə qədər bunu keçməlidirlər” deyən müsahibimiz əlavə edib ki, uşaq kanalında milli dəyərləri aşılayacaq verilişlər və cizgi filmlərinin verilməsi şərtdir: “Uşaqlar üçün verilişlərin və cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti vacibdir. Çünki şiddət tərkibli cizgi filmləri bu gün aktualdır. Cəmiyyət belə cizgi filmlərinə meyl göstərir. Amma uşaqlar belə cizgi filmlərində gördüklərini yamsılamağa başlayır. Orada hansısa naməlum məxluqlar, qorxulu hadisələr uşaqlar üçün böyük bir travma faktorudur. Uşaqların yuxusu pozulur. Hətta “qorxmuram” deyən uşağa belə bu mənfi təsir göstərir. Uşaqlarda itirmək qorxusu da formalaşır. 6 yaşa qədər olan uşaqlarda təxəyyül yüksəkdir. Onlar hər gördüyü şeyi yamsılamağa başlayırlar”.

Psixoloq hesab edir ki, uşaq kanalları axşam saat 9-dan sonra bağlanmalıdır: “Bu, valideynlərə uşaqların yatma rejiminin vacibliyini göstərir. Yuxudan öncə hansı cizgi filmlərinin verilməsi amili də gözlənilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir