Sevinc Elsever

Azyaşlı nəvəsinə ərə getmək dərsi keçən nənə – SEVİNC ELSEVƏR YAZIR

Baxış sayı: 177

Bir dəfə avtobusda nənənin qız nəvəsi ilə söhbətinin şahidi oldum. Nənə ilə nəvənin yanında həmin nənə yaşında başqa bir qadın da vardı.

Nənə şıltaqlıq eləyən nəvəyə gülə-gülə acıqlandı, sonra dedi ki, vaxt vardı, doqquz yaşındakı qızları ərə verirdilər, sənsə, özünü uşaq kimi aparırsan. Nənə heç düşünmədi bu sözlərlə uşağın şüuraltısına zərərli bir məlumat ötürür.

Balaca qız təəccüblə içini çəkdi.

– Doqquz yaşlı qızları ərə verirdilər?

Nənə yenə də gülə-gülə dedi:

– Bəs nə? Doqquz yaşına çatan kimi qızı papaqla vururdular, yıxıldısa, heç, yıxılmadısa, verirdilər ərə.

O biri yaşlı qadın da qızın nənəsinə qoşulub güldü.

Qızsa qorxdu. Qəfil səsini kəsdi. Bir də çıxarmadı.

Bu söhbəti uşaq olanda mən də öz nənəmdən eşitmişdim. Bəlkə 8, bəlkə 9, bəlkə 10 yaşım olanda.

Təbii, həmin o balaca qızcığaz kimi qorxmuşdum. Üzümü yana çevirib, uzun-uzun dalmışdım.

Həmişə çalışmışam qızlarım bu papaq söhbətini bilməsinlər. Hətta ən uzaq keçmişimizdə də bu cür biabırçı gerçəyin olduğunu onların bilməsini istəməmişəm. İstəməmişəm, onların uşaq qəlbi qorxuyla dolsun.

Avtobusdakı nənənin balaca qız nəvəsinə dediyi sözləri eşidəndə möhkəm sarsılmışdım. Sarsılmışdım ki, nənələr, analar hələ də nəvələrinə o əhvalatı danışırlar.

Nəinki o əhvalatı danışırlar, azyaşlı qızlarını ərə də verirlər. Hətta “papaq imtahanı”ndan belə keçirmədən.

Masallıda 16 yaşında ərə verilən qızcığaz saçlarını hörüb məktəbə getməli idi. Məktəb yaşındakı bir qızcığaza axı bir kəndin, bir ölkənin ortasında necə toy edə bilirlər? Həm də bütün el-obanın gözü qabağında. Niyə qanunları pozan adamlar cəzasız qalır? Hər dəfə də eyni hadisələr təkrarlanır?

Deyək ki, qanun görmədi, lazımi orqanlar görməzdən, eşitməzdən gəldi. O uşağın ata-anasının ürəyi daşa dönmüşdü, qızlarından bezmişdilər? Bəs o körpənin əmisi, dayısı, xalası, bibisi də yox idi?

O boyda kəndin bir ağıllısı yox idimi o qızın ata-anasına heç olmasa iki kəlmə söz deyəydi?

Bəs o uşağın oxuduğu məktəbin direktoru, direktor müavinləri, müəllimləri harda ölmüşdülər?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir