1575640760999_xkKtbCNL

Bədən-bədən gəzənlər, “xeyirxah” cinayət, günahların ən böyüyü… – ARAŞDIRMA

Baxış sayı: 1. 014

Dünyada, eləcə də Azərbaycanda hər il ekstrakorporal mayalanma metodu (daha çox süni mayalanma adı ilə tanınan metod) ilə doğulanların sayı artır. Bu metod sonsuzluqdan əziyyət çəkən şəxslərə ən son variant kimi təklif olunur.

Ekstrakorporal mayalanma (EKM) övlad sahibi ola bilməyən cütlüklərin razılığı əsasında həyata keçirilir və laboratoriya şəraitində qadının yumurtaları ilə kişinin sperması ilə mayalandırılaraq, uşaqlıq içərisinə inyeksiya edilir.

EKM zamanı, zərurət yaranacağı təqdirdə, donorlardan da istifadə edilə bilir. Bəzən tərəflərdən hər hansısa biri, bəzən isə hər iki tərəf donor ola bilir.

Qeyd edək ki, dünyada ilk dəfə uğurlu süni mayalanma 1978-ci ildə Böyük Britaniyada Robert Edvards və Patrik Kristofer Steptou tərəfindən həyata keçirilib. 2010-cu ildə Robert Edvards məhz bu işə – ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlarına görə, fiziologiya və tibb üzrə Nobel mükafatı alıb.

Əlavə edək ki, Azərbaycanda EKM 2004-cü ildən tətbiq olunur.

Xatırladaq ki, bu il oktyabrın 22-də Azərbaycanda ilk dəfə olaraq 64 yaşlı xanım və 70 yaşlı kişi valideyn oldular, onların əkiz uşaqları dünyaya gəldi.

“Baku Medical Plaza”da baş tutan əməliyyatla bağlı isə xəstənin həkimləri bildirdilər ki, 64 yaşlı xanım EKM vasitəsilə əkiz uşağa hamilə qalıb.

Həmçinin, həkimlərin bildirdiyinə görə, bu yaşda övlad dünyaya gətirən qadınların sayı 7-dir (hamısı EKM vasitəsilə olub). Bu isə keçmiş sovet məkanında bir ilkdir.

Sözügedən hadisə ilə bağlı təfərrüatları öyrənmək üçün həkimlərə bir neçə sual ünvanlamağa çalışsaq da onlar məlumatların yalnız həkim və pasiyentlər arasında olduğunu bildirərək, təfərrüatlarla bizi tanış edə bilməyəcəyini bildirdilər.

Nəzərə alsaq ki, qadınlarda klimaks dövrü (orqanizmin təbii “qocalma” prosesinin lkin mərhələsi) əsasən 45-55 yaş (bəzən daha erkən də ola bilir) arasında müşahidə olunur, bu halda digər qadın donordan istifadə edilməsi məsələsi aktuallaşır. Həmçinin 70 yaşlı kişinin yerinə də kənar donordan istifadə edilməsi halı şübhə yaradır.

Ümumiyyətlə, hazırda ölkədə EKM ilə vəziyyət hansı yerdədir? Kənar donorlara hansı hallarda icazə var? Bununla bağlı qanun nə deyir?

 

Mövzu ilə əlaqədar araşdırmanı təqdim edirik.

EKM Azərbaycanda və ölkə qanunvericiliyində

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Lent.az -a bildirib ki, Azərbaycanda mental səbəblərə görə bu metoddan geniş istifadə edilmir və ya istifadə edildikdə gizlədilir:

“EKM metodu ilk dəfə tətbiq olunarkən 35 yaşa qədər qadınlara şamil edilsə də, artıq bu yaş dövrü 40-45-ə qədər çatıb. Hətta 60 yaşını ötənlər arasında da EKM-dən istifadə etmək istəyənlər olur və var”.

Baş mama-ginekoloq deyir ki, hazırda sözügedən proses ancaq özəl klinikalarda həyata keçirilir. Dünyada isə belə mərkəzlər perinatal mərkəzlərin nəzdində və ya reproduktiv sağlamlıq müəssisələrinin tərkibində olur. Bundan başqa dövlət xəstəxanalarında süni mayalanma mərkəzlərinin yaradılması istiqamətində aktiv iş aparılır.

Milli Məclisin Sosial siyasət komitəsinin keçmiş sədr müavini Musa Quliyev isə ilk növbədə terminləri dəqiqləşdirməyi vacib sayır:

“Süni mayalanma ifadəsi əvvəllər insanlara aid edilsə də, indi yalnız heyvanlara aid edilir. Hazırda əksəriyyət, hətta həkimlər belə buna süni mayalanma metodu desə də, sözügedən metod “ekstrakorporal mayalanma” adlanır”.

O ki qaldı qanunvericiliklə bağlı vəziyyətə, deputat bildirir ki, hazırda donorluqla və yaxud reproduktiv sağlamlıqla bağlı ölkədə ayrıca qanun yoxdur. Sözügedən məsələ 26 iyun 1997-ci ildə imzalanmış “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Qanunun Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsindən bəhs edən fəslinin 29-cu maddəsi süni mayalanma və embrionun implantasiyasına həsr edilib. Qanunda EKM yerinə süni mayalanma yazılır, çünki qanun qəbul olunan illərdə belə adlandırılırdı”.

“Azərbaycanda ilk dəfə mayalanma metodu 2004-cü ildə baş tutub. Həmin ilin iyul ayından etibarən sözügedən sistem xidməti fəaliyyətə başlayıb. Xidmətlərin təşkilatçılığında isə mən özüm iştirak etmişəm” – bunu isə Lent.az -a açıqlamasında hüquqşünas Ramil Rzayev deyib.

O əlavə edib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsində bildirilir ki, süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.

Bundan başqa, sözügedən maddədə qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 136-cı maddəsi isə qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya həsr edilib.

Cinayət Məcəlləsində 136-cı maddədə qeyd olunur ki, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmək olmaz. Burada cinayət məsuliyyəti sağlamlığa dəyən zərərə görə dəyişir və 2 ildən 5 ilədək (ölüm faktı qeydə alınarsa) azadlıqdan məhrumetmə nəzərdə tutulur” – deyə, R.Rzayev bildirib.

Bəxti açılmayan qanun layihəsi

Xatırladaq ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin müzakirəsi milli mentalitetə zidd məqamlar səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri EKM üçün donorluğun tətbiqi ilə bağlı olub.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) donorluq məsələsinə etiraz edib, Səhiyyə Nazirliyi ekstrakorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini istəyib. Maliyyə Nazirliyi isə aztəminatlı, sonsuz ailələrə sözügedən metodun bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsinə iradını bildirib və hesab edib ki, bunu icbari tibbi sığorta hesabına həyata keçirmək lazımdır.

Musa Quliyev danışır:

– Biz reproduktiv sağlamlıqla bağlı 10 il əvvəldən ayrıca qanun yazmağa başladıq. Burada söhbət tək reproduktiv texnologiyalar tətbiq etməklə dünyaya uşaq gətirməkdən getmir. Qanunda reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması, reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsaslar yer alıb.

Qanun layihəsi ilə bağlı olaraq çox çətinliklərlə qarşılaşdıq. Çünki müsəlman ölkələrinin demək olar ki, hamısına başqa donordan istifadə etməklə dünyaya uşaq gətirmək qadağandır. Belə ki, bunun üçün ancaq nikahda olan şəxslərə icazə verilir. Düzdür, biz buna xeyli müqavimət göstərdik, ancaq son olaraq qərara gəldik ki, QMİ-nin tövsiyələrinə əməl edək və yeni qanun layihəsində kənar donorlardan istifadəyə qadağa qoyaq.

Həmçinin sözügedən metodun bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi məsələsi də öz həllini tapdı. Belə ki, gələn ildən icbari tibbi sığorta fəaliyyətə başlayacaq və bu məsələ də sığorta paketinə aid ediləcək. Ancaq süni mayalanma şansının hansı ailələrə şamil ediləcəyi qanun qüvvəyə mindikdən sonra hökumətin hazırladığı mexanizmlə müəyyənləşəcək.

Yeri gəlmişkən, Qanun parlamentin payız sessiyasının gündəliyinə salınıb. Amma bunun payız sessiyasında müzakirə olunacağı, yaxud yaz sessiyasına saxlanılacağı hələlik bəlli deyil.

Sevinc Məmmədovanın dediyi isə əsl yeni xəbərdir:

“Yaxın zamanlarda dövlət müəssisələrinin birində EKM-dən istifadəyə başlanılacaq. Həmçinin ailələrə bir dəfə ödənişsiz olaraq metodun tətbiq edilməsinə şərait yaradılacaq”.

Baş mama-ginekoloq deyir ki, gələn ildən icbari tibbi sığorta paketinə mayalanma metodunun əlavə edilməsi planlaşdırılır:

“Bu baş tutsa, dövlət xəstəxanalarında mayalanmadan geniş və qanunlar çərçivəsində düzgün istifadəyə başlanılacaq. Hazırda Səhiyyə Nazirliyi özəl klinikalara qarışa və ya yoxlaya bilmir. Ona görə də bu sahədə problemlər çoxdur”.

Halal, yoxsa haram?…

Dini baxımdan bu məsələyə münasibət nə yerdədir?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin əməkdaşı, ilahiyyatçı Valeh Nəsirov bildirib ki, süni mayalanmanın elmi tərəfini kimsə danmır, amma bu elm insan ictimaiyyətinin inteqrasiyasında bəzi problemlərə yol aça bilir, nəsil itir, nəsillər qarışır və s. :

“Sözügedən metodun halal yolu ər və arvadın özündən mayanın götürülməsidir. Əcnəbi, halal olmayan kişinin mayasının evli xanımın bətnində yerləşdirilməsi günahdır. Əgər subay və ya boşanmış qadın süni mayalanma ilə hamilə qalmaq istəyərsə, mütləq ona yardımçı olacaq kişi ilə evlənməlidir. Həmçinin əgər qadın ayrı kişinin kəbinindədirsə, başqa kişi və ya qadın üçün donor ola bilməz. Hətta qadının həyat yoldaşı buna icazə versə belə, olmaz və günahdır”.

İlahiyyatçıya görə, dinin tələblərinə görə, bir qadın yalnız bir kişinin qadını ola bilər, iki, üç kişinin ola bilməz:

“Qədim zamanlarda bu sualı Həzrət Əlidən də soruşublar. O, cavab vermək üçün bir qab gətizdirib və dörd qadından eyni qaba su tökməsini istəyib. Daha sonra qadınlara deyib ki, hərə öz gətirdiyi suyu götürsün, amma onlar bunu bacarmayıblar. Yəni, bir qadın bir neçə kişinin olarsa, ondan doğulan uşaqların kimin olduğu bilinməz və nəsil qarışar, cəmiyyət fəsada uğrayar”.

Bəs, kənar donor qadından istifadə etməyin halal yolu necə, varmı?

Həmsöhbətimiz deyir ki, var:

“Kişi həmin qadınla da kəbin bağlayaraq, məhrəm olduqdan sonra onun mayası kişinin birinci xanımına yeridilə bilər”.

Köməkçi reproduktiv texnologiyalar və gizlilik

Nikahda olan şəxslər yalnız qarşılıqlı razılaşmaya əsasən köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilərlər. Donorların kimliyi barədə məlumatların verilməsi isə qanunla qadağan edilib, çünki sabah donorla ailə arasında ziddiyyətlər ortaya çıxa bilər. Bəzi ölkələrdə donorlar haqqında məlumatlar, kimliyi bildirilsə də, əksər ölkələrdə bununla bağlı məlumat verilmir və ancaq fiziki görkəmlə əlaqədar bilgilər çatdırılır.

Musa Quliyev bildirir ki, donor köməkçi reproduktiv texnologiyaların tətbiqi nəticəsində onun toxumasından doğulan uşağa görə öhdəlik daşımır və bu uşağa heç bir hüququ yoxdur:

“Həmçinin yeni qanunun qəbul edilməsi ilə kənar donorlara icazə verilməyəcək. Bunu istəyən şəxslər isə ölkədən kənarda sözügedən metoda müraciət edə bilərlər. Bütün bunlar qanunda öz əksini tapacaq. Bəlkə də bu, insan hüquqları baxımından düzgün deyil və sivil dünyanın qəbul etməyəcəyi məsələdir, ancaq bizim toplumun əksəriyyəti müsəlman olduğu üçün bu qərarı verdik”.

O ki qaldı gizliliyə…

Baş mama-ginekoloq Sevinc Məmmədovanın fikrincə, mayalanma haqqında hər hansısa bir məlumatı yayan həkim məsuliyyətə cəlb edilə bilər. Belə ki, donorlar barədə heç bir məlumat verilməməlidir, çünki məlumatlar verilərsə, gələcəkdə bioloji valideynlik iddiası qaldırıla bilər və bu, uşaqların travma alması ilə nəticələnər:

“Hazırda ölkədə EKM zamanı qohum donorlardan da istifadə edilir. Qədim zamanlarda, eləcə də indi də bəzi ailələrdə qadının həyat yoldaşı rəhmətə getdikdən sonra qaynı ilə evləndirilir. İndi əksər kişilər mayalanma prosesində kənar kişilərə icazə vermir və özü ilə qardaşlarını və ya əmisi oğlanlarını gətirir ki, onun hüceyrəsindən istifadə edilsin. Qadınlar isə daha çox bacısını, xalası qızlarını donor kimi təklif edirlər”.

Hüquqşünas Ramil Rzayev isə bildirir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir:

“Donorun kimliyi isə gizli saxlanılır və donorun şəxslər tərəfindən seçilməsi düzgün deyil”.

Bu, dövlətin dünyəvi qanunlarının tələbidir.

Yuxarıda deyildiyi kimi, “mental səbəblərdən dəyişikliyə uğramış”, “qəbulu yubadılmış”, hətta parlamentarinin bildirdiyi kimi, “insan hüquqlarına zidd ola biləcək” bu məqama mental-dini baxış necədir?

Valeh Nəsirovun fikrincə, islami düşüncə, islami fiqh kənar donorlara icazə vermir. Çünki təkcə övlad olmaq şərt deyil və sabah irs problemi yarana bilər. Başqa kişinin mayası ilə doğulan uşaq faktiki atanın irsini daşımır və sosial ədalətsizlik baş verir:

“Dinə görə, donor bilinməlidir, çünki ondan götürülən maya haram yolla götürülə bilməz. Əgər donor bilinməzsə, uşaq “vələdi şübhə” adlanar. Yəni, valideyni şübhə altında olar. Bu isə onun ictimaiyyətdə problemlərlə qarşılaşmasına səbəb ola bilər. Həmçinin nəsillər qarışar və doğmalar xəbərsiz olaraq bir-biri ilə evlənərlər.

Haramdan heç vaxt halal ələ gələ bilməz. Dində kişilərin, eləcə də qadınların özlərini masturbasiya etməsi haramdır. Bunu özü yox, başqası etsə, yenə də haramdır. Bir sözlə, haram maya, haram uşağa səbəb olar”.

EKM ilə dünyaya gələn uşaqlar və genetik faktor

Sevinc Məmmədova danışır ki, ekstrakorporal mayalanmaya müraciət edən şəxslər daha çox əkiz və ya üçüz uşaq istəyirlər, ancaq onlar bunun zərərlərini bilmirlər:

“Çünki bir qadının iki, üç, hətta dörd uşağı bətnində daşıması onun sağlamlığına ciddi zərər vura bilər. Bu cür hallarda vaxtından tez doğuş ola bilir və uşaqların problemləri də çox olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünkü gündə ana bətninə yalnız bir rüşeymin qoyulmağına icazə verir. Bir sözlə, çoxdöllü hamiləliyin qarşısının alınması üçün uğurlu nəticə faizi bilə-bilə azaldılır. Çünki bununla bağlı təhlükələr çoxdur.

Bizim ölkədə isə bununla bağlı qanun və qayda yoxdur, ona görə də özəl klinikalar bunu özləri və ya müraciət edən şəxslərə görə müəyyənləşdirirlər. Özəl klinikaları idarə etmək mümkün deyil.

Bəzən də elə olur ki, ana və atanın genetik xəstəliklər səbəbindən övladları olmur. Onlardan alınan reproduktiv hüceyrələrlə isə mayalanma edilir və hamiləlik başlayır. Burada problem aradan qalxmır və genetik problemlər uşaqlara da keçir. Daha sonra isə gələcək nəsil də bununla qarşılaşır”.

Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Texnologiyalar İnstitutunun direktor müavini, gen mütəxəssisi Ələmdar Məmmədovla da söhbətləşdik. Alimin fikrincə, EKM zamanı donorlar sağlam seçilməlidir ki, dünyaya gələn uşaqlar da sağlam olsunlar. Ancaq ölkədə donorlar gizlədilir və onların neçə dəfə donor olmaq şansları barədə dəqiq rəqəm yoxdur. Bu səbəbdən də, gələcəkdə genlər qarışa bilər və bir-birindən xəbərsiz olaraq bacı və qardaş nikahları baş tuta bilər.

“Ümumilikdə, 5000-dən çox irsi xəstəlik mövcuddur. Hazırda bunların hamısını yoxlamaq mümkün deyil, ancaq ən azından spesifik olanları yoxlamaq olar. Bununla yanaşı, bir şəxsdə 22-25000 gen olur. Xaricdə donorların genləri yoxlanılır, ölkədə isə bu tətbiq edilmir. Donorluğun təhlükəsiz baş tutması üçün isə mütləq genlərin vəziyyəti barədə məlumatlar verilməlidir”.

Mayalanmadan sonra xərçəng riski…

Onkoloqlar iddia edirlər ki, süni mayalanma sonralar qadınlarda beyin xərçənginə qədər gətirib çıxara bilir. Belə ki, son günlərdə süni mayalanma ilə ana olan 48 yaşlı rus aktrisa Anastasiya Zavorotnyukun beyin xərçəngindən müalicə alması xəbəri bu məsələni daha da aktuallaşdırıb. Qeyd edək ki, süni mayalanma yolu ilə ana olmuş Hanna Friske də 40 yaşında beyin xərçəngindən vəfat edib…

Sevinc Məmmədova da bu məqamla bağlı maraq doğuran fikirlər söylədi. Baş mama-ginekoloq bildirdi ki, orqanizmdə hər 5 ildən bir 15-20 % qocalma gedir. Bu o deməkdir ki, hər 5 ildən bir fəaliyyətsiz olan hüceyrələrin sayı artır. Adi dərmanlar 15-25 yaş arası şəxslərə daha yaxşı təsir edir. 25 yaşdan, xüsusən də 40-50 yaşdan sonra EKM üçün müraciət edənlərə daha güclü dərmanlar vurulur və hamiləliyin inkişafı üçün verilən dərmanlar xoşagəlməz şişləri qidalandırır. Bir sözlə, əgər bir qadında asta-asta böyüyən şiş olursa, dərmanlardan sonra o daha tez şəkildə böyüməyə başlayır:

“Xatırlayıram ki, bir neçə il əvvəl 64 yaşlı rumıniyalı qadın əkiz uşaq anası olmuşdu. Uşaqlarının 1 yaşında isə artıq o xərçəng səbəbindən dünyasını dəyişdi. Bu cür hallar ümumiyyətlə, xaricdə daha tez-tez baş verir. Ölkəmizdə də bu təhlükə var”.

Cinsiyyət seçimi

Hazırda özəl klinikalarda EKM metodu ilə hamilə qalan xanımların övladlarının qız və ya oğlan olması da müəyyənləşdirilə bilir. Bunların hər birinin ayrı qiyməti var. Hazırda klinikalarda bu qiymət 2500-5000 manat arasında dəyişir. Həmçinin əkiz övladların olması üçün də ayrıca qiymət təklif edən klinikalar var.

Qeyd edək ki, qəbul edilməsi gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb. Qanun layihəsində cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Sevinc Məmmədova hesab edir ki, cinsiyyətin seçilməsi yalnız sağlam övlad dünyaya gəlməsi üçün olmalıdır. Məsələn, elə xəstəliklər olur ki, anadan qıza yox, oğula keçir. Elə də olur ki, atadan oğlana xəstəlik keçməsə də, qıza keçə bilir:

“Bununla bağlı da qayda olmadığından həkimlər belə hallara yol verirlər. Qanunvericilik və cəza olmadığından bu cür hadisələr tez-tez baş tutur”.

Donor hüceyrələrinin alqı-satqısı

Musa Quliyev də razılaşır ki, Azərbaycanda donorluq çox vaxt ödəniş qarşılığında baş tutur:

“Düşünmürəm ki, bunu kimsə ödənişsiz olaraq etsin. Bir şəxsin neçə dəfə donor olacağı ilə bağlı isə qanunda heç bir şey yoxdur. Ona görə də bu, tənzimlənmir və məhdudiyyət mövcud deyil”.

Sevinc Məmmədovanın fikrincə, ölkədə rəsmi donor bankı yoxdur, buna görə də donorlarla bağlı problemlərin sayı hesabsızdır:

“Düşünürəm ki, heç bir insan durduq yerdə, ödənişsiz olaraq öz reproduktiv hüceyrələrini verməz. Ancaq necə ki, böyrək və digər orqanlar Azərbaycanda satıla bilməz, hüceyrələr də satılmamalıdır. Qadın yumurta hüceyrələri, eləcə də sperma reproduktiv toxumanın hüceyrələridir. Toxumanın özü isə hüceyrələr toplusudur. Hazırda açıq alver gedir, ancaq heç kim nəsə edə, deyə bilmir. Səbəb isə qanunlarda bu məqamda boşluğun olmasıdır. Bu məsələ nə qədər tez həllini taparsa, problemlər də o qədər sürətlə azalacaq. Bu iş yubandıqca, problemlər artmaqda davam edəcək”.

Mövcud qanunlarımızla bu məsələ necə tənzimlənir və ya tənzimlənirmi?

Hüquqşünas Ramil Rzayev cavab verir:

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun ikinci maddəsində transplantasiya (köçürmə) obyekti olan orqan və (və ya) toxumaların siyahısı göstərilib. Siyahıda bildirilir ki, bu qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Cinayət Məcəlləsinin 137-ci maddəsində insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı öz əksini tapıb. Situasiyadan asılı olaraq, maksimum 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılma var. Sadəcə, burada kişi spermi və qadın yumurtasının toxuma hesab olunmaması, qanunun əhatə dairəsinə daxil olmadığı üçün həmin cəzanın buna aidiyyəti yoxdur. Hüceyrələrin alqı-satqısı ilə bağlı normativ sənəd və ya qadağanedici hökm yoxdur. Burada əsas məsələ prosesin razılıqlı şəkildə baş tutmasıdır, əks halda burada cinayət məsuliyyəti yarana bilər”.

Ödəniş qarşılığında donorluq

Artıq bir neçə müddətdir ki, sosial şəbəkələrdə EKM üçün qadın və kişi donorlar axtarılır. Hətta onlara bunun üçün məbləğ də (500-800 AZN) təklif edilir. Bu cür elanlarda donor olmaq üçün şərtlər də yer alıb – yaş 20-27 olmalı, çəki 75 kilodan çox olmamalı, genetik (irsi) xəstəlik qeydə alınmamalı, qadınların süd verən dövrü olmamalı və donorun sağlam bir uşağı mütləq olmalıdır.

Sözügedən elanlar barədə daha ətraflı məlumat almaq üçün onların bir neçəsi ilə əlaqə yaratdıq. Məlum oldu ki, ödənişlər yumurta hüceyrəsinin və ya spermin keyfiyyətindən asılı olaraq dəyişir. Bundan başqa, subay şəxslərdən subaylıq arayışı, evlilərdən isə nikah haqqında şəhadətnamə tələb edilir.

Əlaqə saxladığımız özəl klinika həkimləri və ya onların əməkdaşları neçə dəfə donor olmaq şansı ilə bağlı suala fərqli cavab verdilər. Belə ki, biri hər ay donor olmaq şansının olduğunu, digərləri isə maksimum 3 və ya 5 dəfə donor olmağın mümkünlüyünü bildirir. Bildirilir ki, qadın və kişi donorlar əvvəlcədən yoxlanılır. Donor vaxtının isə kişilər üçün bir fərqi olmasa da, qadınlar üçün müəyyən günlər təklif edilir və prosesdən 10 gün qabaq iynə vurulur. Daha sonra qeyd edilir ki, proses 5-7 saniyə ərazində ağrısız, əməliyyatsız, aparat vasitəsilə götürülür.

Mayalanma ilə övlad sahibi olanlar

Prosesdə iştirak etmiş şəxsləri də dinlədik.

Aydan Cəfərova (ad şərtidir) bildirdi ki, Azərbaycanda olan özəl klinikalardan ikisinə bununla bağlı müraciət edib:

“Onlardan birində iki dəfə özüm və həyat yoldaşımdan istifadə edilməklə EKM edildim. Hər ikisi uğursuz oldu. Daha sonra mənə donor, hətta xarici donor da təklif etdilər. Razılaşmadım, genetik xəstəliklərdən qorxdum, riskə getmədim. Bundan başqa, İranda, Türkiyədə də EKM edildim, ancaq heç birində kənar donora razılıq vermədim, özümdə isə alınmadı. Türkiyədə olan uğursuz nəticədən sonra mənə Kiprə getməyim məsləhət bilindi, sadəcə çox baha olduğu üçün bunu etməyə imkanımız çatmadı.

Bakıda getdiyim xəstəxanalardan birində isə mənə bacım və ya xalam qızının olduğunu soruşdular, buna da həyat yoldaşımla birgə razı olmadıq. 21 il sonra isə bütün ümidlərimizi itirmişkən, hamilə qaldım və artıq oğlum 2 yaşındadır”.

Gülzar Cəlilovaya (ad şərtidir) da getdiyi özəl klinikada kənar donor təklif ediblər:

“Donorla maraqlanmaq istədim. Ancaq mənə heç nə deyilmədi və sonradan həkimlə əlaqə yarada bilmədim. Övladım hələ də yoxdur, ancaq genlərin dəyişməsini, mənim olacaq uşağın kimin olmasından, gələcəkdəki həyatının şübhə altında qalmasından və başqa qaranlıq məqamlardan qorxaraq, bu qərarı verdim. Bu qərarımdan peşman deyiləm”.

Elnarə Vəliyeva (ad şərtidir) isə sözügedən metodla ana olub. Bacısından götürülmüş hüceyrədən istifadə edilməklə:

“Buna çətinliklə də olsa, razılaşdım, ancaq həyat yoldaşımın xəbəri olmadı. Həyat yoldaşımla bacımın hüceyrələri mayalandırıldı və övlad sahibi ola bildim. Övladımla bağlı sonradan hər hansı bir xəstəliklə və ya problemlə isə qarşılaşmamışam”.

Sonsuzluqla 5 il mübarizə aparmış və sonunda EKM ilə razılaşmış Cavidan Qasımova (ad şərtidir) da kənar donordan istifadə edib:

“Kənar donorlardan istifadə edildi və əlavə olaraq 1000 manat ödəniş etdik. Nəticə uğurlu oldu və əkiz övladlarımız dünyaya gəldi. Cinsiyyət seçimi etmək də bizə təklif edildi, ancaq bunun qiyməti 3 000 manatdan baha idi. Ona görə də buna getmədik və əkiz iki oğlumuz dünyaya gəldi”.

Kənar donorlar

İndi də donorlar barədə. Belələri haqqında nəinki eşitmişik, hətta özləri sosial şəbəkələrdə açıq-aşkar bu barədə yazırlar. Sevinc Əliyeva (ad şərtidir) “instagram”da donor olmaqla bağlı elan oxuyub. Həmin vaxt pula ehtiyacı olduğu üçün maraqlanıb və donor olmaqla razılaşıb:

“Bu prosesdə cəmi bir dəfə iştirak etdim və mənə 400 manat verdilər. Deyirdilər ki, yenə edə bilərəm, ancaq istəmədim. Yaxın münasibətimiz olan bir qız 9-cu dəfə müraciət etdikdən sonra ona demişdilər ki, yumurtalığı yararsız vəziyyətə düşüb. Özü də o, hər dəfəsi vur-tut 150 manata olmaqla, 8 dəfə donor olmağa razılaşmışdı”.

Aygün Cəfərli (ad şərtidir) isə 3 dəfə donor olub. Hər dəfə də 600 manat qarşılığında:

“Bir sənədə imza atdım, ancaq oxumamışdım. Ona görə nə yazıldığını bilmirəm. Donor neçə dəfə ola biləcəyimlə bağlı nəsə demədilər, onsuz da müxtəlif həkimlərə müraciət edərək, dəfələrlə donor olmaq şansı var. Sadəcə, bundan çəkindim və daha müraciət etmədim. İndi də elanları tez-tez görürəm, ətrafımdan bunu istəyənlər olarsa, mane olmağa çalışıram. Zənnimcə, düzgün deyil və istəmirəm ki, kimsə etdiyim səhvi təkrarlasın. Ancaq elanlarla çoxunun maraqlandığının şahidi oluram. Bununla bağlı qanun və qaydalarla bağlı isə məlumatsızam”.

Aliyə Rüstəmova (ad şərtidir) bu barədə elanla “facebook”da tanış olub:

“Maraqlandım və gördüm ki, klinika haqqında fikirlər heç də yaxşı deyil. Həm də mənə bir neçə nəfər dedi ki, risklidir, çünki yoxlanılma şəffaf aparılmır. Qorxdum və getməkdən imtina etdim. Ancaq tanıdığım şəxslər var ki, bir neçə dəfə donor üçün müraciət ediblər, indi də davam edirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir