feminist

Bəs siz bilirdinizmi ki, feministsiniz?

Baxış sayı: 893

Bəs siz bilirdiniz ki, feministsiniz? Yəqin ki, bu məqalənin üzərində iki dəqiqədən çox qalmayacaqsınız, ona görə də dərhal mətləbə keçim. Feministlər cəmiyyətdə bərabərlik, qadın şəxsiyyətinə hörmət, əməyin bərabər ödənilməsi uğrunda mübarizə aparanlardır. Feministlər məişət zorakılığına, selektiv abortlara, erkən nikahlara, qadınlara qarşı seksual zorakılığa qarşı çıxış edənlərdir. Yəni, istənilən normal, sağlam düşüncəli və  nəcib insan feministdir.

Amma bu yerdə ağlımıza internetdəki “xəyallar vs. həyatlar” memləri gəlir. Müəyyən səbəblərdən, feminizm ən yaxşı halda ənənəvi seksual oriyentasiyası olan bir qrup aqressiv, tənha qadınlarla assosiasiya olunur. Vəziyyət o yerə çatıb ki, burda təkcə kişilər feministlərdən uzaq durmur, həm də orta statistik qadınlar status və oriyentasiyalarından asılı olmayaraq, bu cür şəxsi keyfiyyətlərlə və “səngər yoldaşları” ilə adlarının hallanmağını istəmirlər.

Çox vaxt mən “feminizm”in korlanmış imici haqqında hiddətli danışanda mənə xatırladırlar ki, canlarından və vaxtlarından keçərək mənim üçün səs vermək, maşın sürmək, peşə seçmək və ümumiyyətlə, özümü bu dünyada tamhüquqlu insan kimi hiss etmək uğrunda mübarizə aparmış məhz o qadınlara minnətdar olmalıyam. Yaxşı, məqaləyə gələn şərhlərdə heç kim məni təpikləməsin deyə, yuxarıda sadalananlara görə dərindən “çox sağ ol!” deyirəm, amma o qədər də səmimi yox. Çünki hesab edirəm ki, bütün bunlar sakitcə, dinc yolla, amma eyni zamanda sərt və əyilmədən öz dediyindən yapışan insanların sayəsində onsuz da baş verəcəkdi. Yeri gəlmişkən, bu cür insanların arasında kişilər də çox olub, məsələn, qızlarının bütün qərarlarını: təhsildə, işdə, ər seçimində dəstəkləyən atalar. Sübut olunub ki, qız övladı böyüdən kişilər feminizm mövzusuna daha canlı reaksiya verir və mən əminəm ki, ağlını qaçırmış psevdo-aktivist qrupu onların qəti vecinə deyil.

Təəssüf ki, bu kədərli aqibət Azərbaycandan da yan keçməyib. Çox vaxt bir tədbirdən o birinə qaçaqaçda olan feministləri ən azından, psixoterapevt yanına göndərmək istəyirsən. Qadınları öz hüquqlarını qorumağa, karyera qurmağa və vəzifələrin arasında uşaq doğmağa çağırırsız? Yaxşıdır, bəs niyə bundan ötrü bütün kişi cinsini və “beyinsiz” adlandırdığınız, mövqeyinizlə razılaşmayan digər qadınları təhqir edirsiniz? Sizi bundan sonra kim dəstəkləyər? Qadınları ələ salan kişilər? Heç vaxt. Tam tərsinə, təsir əks təsirə bərabərdir. Qadınları dəstəkləyən kişilər? Onlar da yox! Çünki siz onları da hamı ilə birlikdə çirkaba batırırsız. Elə isə, bəlkə həyatında müəyyən qədər nəyinsə yaxşı olduğu qadınlar? Xeyr, gözləməyin, çünki bu kateqoriya gözəl bilir ki, hər şeyə isterikasız nail olmaq olar, harmonik yaşam tərzindən kənara çıxmağı o qədər də istəmirlər. Və o bədbəxt feministlərin yanında ya özləri kimisi, ya da gənclik maksimalizminə qapılmış cavan, təcrübəsiz qızlar olur, yaşca böyük məsləhətçilərin radikal ideyaları onların həyatını daha da pozur. Qalanları isə xoşagəlməz saydıqları insanlardan gələn istənilən məlumatın qarşısını alırlar, hətta onlar hansısa məqamda haqqı deyirlərsə. Məsələn, məhz aktiv feministlər hər 8 mart günündə “həyəcan təbili” çalaraq xatırladırlar ki, bu gün ətir və bər-bəzək haqqında deyil, qadınların təməl hüquqları haqqındadır, amma bütün ili ağızlarına gələni danışıblarsa, onlara indi kim qulaq asar.

İndi isə, əgər sona qədər oxudunuzsa, kişi və ya qadın olmağınızdan asılı olmayaraq, 8 mart üçün faydalı bir hədiyyə edin (“tava alın” demirəm): öz yaxınlarınıza “düzgün” feminizmdən danışın, qadınları necə və nədə dəstəklədiyinizi açıq deyin, ehtiyacı olan bir qıza dərslərində və ya universitetə qəbul olmaq üçün repititorluqda kömək edin, dostunuzu və ya rəfiqənizi razı salın ki, onun qızı öz peşəsini özü seçsin, məişət zorakılığından gizlənən qadınların sığınacağına ianə edin, cinsi qız olduğu üçün uşağını abort etmək istəyən rəfiqənizi fikrindən daşındırın, qızınızın pilot olmaq arzusuna dəstək verin, karyera qurmaq istəyən, amma öz gücünə əmin olmayan iş yoldaşınıza yol göstərin. Mən səmimi düşünürəm ki, bütün sadalananlar zərgərlik əşyalarını, gül və kosmetikanı əvəz edə bilər. Əgər siz belə hesab etmirsinizsə, qorxulu deyil. Biri o birini istisna etmir. Amma gəlin, nəhayət, “8 marta” mənasını qaytaraq. Feminizm qadınların kişilərə qarşı mübarizəsi deyil, feminizm – qadınların və kişilərin bu dünyada harmonik və tamhüquqlu yaşaması uğrunda bütün normal insanların mübarizəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir