Mehriban Zeynalova

“Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir”

Baxış sayı: 1. 630

Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

 

Rəsmi məlumata görə, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, rəsmi rəəqmlər gerçəkliyi tam əks etdirmir:

“Elə ailələr var ki, onlar toy-düyün etsə də rəsmi nikaha daxil olmur. Nəticə etibarilə onlar boşananda da qeydiyyata düşmürlər”.

 

M.Zeynalova ailələrin dağılmasının əsas səbəblərini açıqlayıb:

 

“Əvvəllər böyük-kiçik, ailə məsləhətləri vardı. İndi gənclər iki gündə internetdə tanış olub ayaqlarını bir başamağa dirəyir ki, “bu qızı alacam”, yaxud qız deyir “mən ancaq filan oğlana ərə gedəcəm”. Bu tələskənliklə qurulan ailələrin isə bünövrəsi olmur. İlk olaraq elə bilirlər ki, hamı dediyi kimi soğan-çörək yeməklə dolanacaqlar. Amma dolanmırlar. Çünki tərəfələr arasında səbir, qarşılıqlı güzəşt  və məsuliyyət hissi yox dərəcəsindədir. Əslində ani hislər üzərində qurulmuş ailələrin sonun boşanma ilə nəticələnməsi gözləniləndir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, internet əsrinin gətirdiyi yeniliklər insanların psixologiyasına müxtəlif cür təsir edir:

“İqtisadi asılılıq, gənclərin sərbəstliyə meylliliyi, maddi problemlər boşanmalara təsir göstərir. Azərbaycanda ailə modeli tam formalaşmayıb. Nikah bağlamaq üçün müraciət edən gənclərə ailədə ər-arvadın öhdəlikləri ilə bağlı izahat verilmir. Ümumiyyətlə, ailədə ər-arvadın vəzifəsi haqqında maarifləndirici tədbirlər yox səviyyəsindədir. Bəzi gənclər elə bilir ki, ailə sevmək və sevişməkdən ibarətdir. Ailə dəyərləri, gələcəyin anası və atası olmaq barədə şüurlu surətdə düşünmürlər. Təbii ki, bunu hamıya şamil etmək yolverilməzdir.

Bəzi qadınların icazə verilmədiyi halda internetə daxil olması, başqa şəxslərlə gizli yazışması kimi halların əri tərəfindən aşkarlanması təbii olaraq boşanma ilə nəticələnir. Təəssüf ki, hazırda xəyanət normaya çevrilib. Hətta evini, ailəsini normal təmin edə bilməyən kişilər başqaları isə eşq yaşayırlar. Eyni zamanda qadınlar arasında da xəyanət halları artıb. Kimisi sosial durumunu, kimisi də ərinin onun sevmədiyini bəhanə gətirərək başqaları ilə yazışır və görüşür. Bədbəxtlik ondandır ki, hər vasitə ilə də özlərini haqlı çıxarmağa çalışırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir