-bcb41ccd166878556887712897710691096

Bəxtsiz, yoxsa bəxtəvər adamlar?

Baxış sayı: 514

Bu yazıda dünyanın həm bəxtəvər, həm də ən bəxtsiz insanlarından bəhs edəcəyik. İnanırıq ki, onların başlarına gələn bütün  bədbəxt hadisələr nəticəsində sağ qalmaları  hər kəsin təəccübünə və marağına səbəb olacaq.

 

Frane Selak

Xorvatiyadan olan musiqi müəllimi Frane Selak dünyanın ən bəxtsiz və ən şanslı insanları siyahısına haqlı olaraq liderlik edə bilər. Belə ki, o, yeddi dəfə ölümdən möcüzəvi şəkildə xilas olub. Bütün bu bədbəxt hadisələrdən sonra o, lotoreyada bir milyon dollar udub. Bu “şanslı” insan  qəzaya uğramış qatardan, yanan avtomobildən, bir neçə avtomobil qəzasından sağ olaraq çıxmış və hətta təyyarədən yıxılmışdı.

1962-ci ilin yanvar ayında Selak qatarla Dubrovnikdən Sarayev şəhərinə səyahət edirdi. Nə baş verdiyi məlum olmasa da, qatar relsdən çıxır və birbaşa  buzlu gölə doğru hərəkət edir. Bu qəza zamanı 17 sərnişin həlak olsa da, Selak bu qəzadan yalnız əli sınmaqla və bədənində bəzi göyərmələr ilə xilas olur. Bu hadisədən 1 il donra isə Zaqrebdən Riekaya təyyarə ilə səyahət zamanı təyyarənin qapısı açılır və Selak təyyarədən yıxılır. Onunla səyahət edən 19 nəfər həlak olsa da, Selak qar topasının üzərinə düşərək möcüzəvi şəkildə sağ qalır.

1966-cı ildə növbəti dəfə onun olduğu avtobus çaya düşür və 4 insan həlak olur. Selak isə heç bir xəsarət almadan sağ qalır. 1970 və 1973-cü illərdə onun avtomobilinin qəflətən yanması hadisələrindən də  canını salamat qurtara bilir. 1995-ci ildə isə  avtobus vursa da, o, yenə də xəsarət almır. 1996-cı ildə isə yük avtomobili ilə toqquşmamağa çalışarkən avtomobili ilə qayadan düşür. O, maşından çıxıb ağacdan tutaraq xilas olur və avtomobilinin necə 300 metr boşluğa yuvarlandığının şahidi olur.

2003-cü ildə isə Selak Xorvatiya lotoreyasından 1 000 000 dollar udur və bildirir: “Mən bilirdim ki, Allah bütün bu illər boyu məni izləyirdi”. O, özünü dünyanın həm bəxtəvər, həm də ən bəxtsiz insanı hesab edir.

 

Ceyms Bull

Paraşütlə tullanma zamanı Ceyms 1830 metr hündürlükdən yıxılaraq paraşütsüz sağ qalıb. Onun  onurğa sütunu və bir çox qabırğası sınıb. Deyilənlərə görə, yerə çırpıldığı zaman paraşütün sürətinin saatda 97 km olduğu təxmin edilir.

 

İvan Çissov

Almanlardan  qaçan leytenant İvan Çissov təxminən 7000 metr hündürlükdə olan zədələnmiş “İlyuşin İl-4” bombardmançısından paraşütlə tullanıb. Lakin o, huşunu itirərək paraşütü aça bilmir və  saatda 240 km sürətlə qarla örtülmüş dərənin kənarına çırpılır. İvan  onurğa və çanaq nahiyəsindən xəsarətlər alsa da sağ qalır.

 

Maykl Holms

Maykl paraşütlə tullanma üzrə təlimatçı kimi vəsiqə qazanan ən gənc britaniyalı idi.  Lakin  təəssüflər olsun ki, 4600 metr hündürlükdən düşəndən sonra  onun  karyerası demək olar ki, başa çatır.Belə ki, onun paraşütü nasaz olduğuna görə havada açılmır və  Maykl  saatda 160 km sürətlə kolluqlara düşdükdən sonra  ağciyəri deşilsə də  sağ qalır.

 

Roy Salivan

Statistikaya görə, bir nəfəri ildırım vurma ehtimalı mində üçdür. Bir nəfəri 7 dəfə ildırım vurma ehtimalı isə milyonda birdir. Sallivan isə bu hadisəni düz 7 dəfə yaşayıb. Onu 1942-ci ildə ilk dəfə ildırım vurub. Bu hadisədən sonra dağdan aşağı maşınla enərkən, balıq tutarkən və evdə dincələrkən onu  bir daha  ildırım vurub. Bir dəfə isə arvadına paltar asmaqda kömək edərkən ildırım hər ikisini vurub.  Salivanın sözlərinə görə,  buludlar sanki onu izləyirmiş. Qeyd edək ki,  başına gələn bədbəxt hadisələrdən bezən  Sallivan 71 yaşında intihar edib.

 

Vesna Vuloviç

Vesna Vuloviç ötən əsrin yetmişinci illərində JAT Yugoslav Airlines 367 təyyarəsində stüardessa işləyirdi. Uçuşların birində təyyarədə bomba partlayır. Vesna paraşütsüz təyyarədən yerə düşərək 10160 metr hündürlükdən yıxılaraq sağ qalmağı bacarır. Qeyd edək ki, bu dəhşətli fəlakətdən sağ çıxan yeganə insan məhz o idi. Qəzadan sonra komaya  düşən 22 yaşlı bu qız kəllə sümüyünün, üç fəqərənin, hər iki ayağının və çanaq sümüyünün sınığı da daxil olmaqla bir çox zədələr almışdı.

Vesna Vuloviçin sözlərinə görə, özünə gələndən sonra ilk istədiyi şey siqaret çəkmək olmuşdu. Sonra isə pişiyinin və itinin harada olduğunu soruşmuşdu.

Müalicə 16 ay davam edir. Həmin müddətin 10 ayı boyunca Vuloviçin bədəni qurşaqdan ayaqlarınadək iflic vəziyyətində olur.

Lakin o, mübarizə apardı və tam sağala bildi. Bu qəzadan xatırlatma olaraq yalnız kiçik bir axsaqlıq qaldı. Vesna Vuloviç xatirələrində qəza anını xatırlamadığına görə, qorxu hissi yaşamadığını qeyd edirdi.  Tam sağalandan sonra onu Yugoslav Airlines şirkətində stüardessa işinə qaytarmaq cəhdi olsa da, o, aviaşirkətdə ofis xarakterli vəzifədə çalışmağa başladı.

Vesna Vuloviçin adı 1985-ci ildə “Ginnesin Rekordlar Kitabı” na daxil oldu.

 

Janna Rocers

Film kimi həyatı olan Janna 18 yaşında dostu ilə bərabər qayıq gəzintisinə çıxır. O, şəkil çəkərkən suya yıxılır və üstəlik ona kömək etmək istəyən dostu qəfildən huşunu itirir. Bir müddət sonra özünə gələn dostu batmaq təhlükəsi ilə üzbəüz olan Rocersi qurtarır.

İllər sonra isə Rocers küçədə gedərkən başına bir yarasa qonur və onu buraxmır. Bir müddət küçədə çığıra-çığıra gəzən Rocers nəhayət maşınına minir və yarasadan canını qurtarmaq üçün baytara gedir.

Onun digər şanssız təcrübələri arasında güllələnmək, soyulmaq və çuxura düşmək olsa da yenə də bəxti üzünə gülüb.

 

Alek Alder

İngiltərədə yaşayan Alder demək olar ki, hər cür qəzaya düşüb. 1926-cı ildə onun üzərinə ağaç aşır, üç il sonra isə velosiped sürərkən onu  maşın vursa da, sürücünün həkim olması nəticəsində onu xilas etmək  mümkun olur.

1939-cu ildə II Dünya müharibəsində  ona 5 günlük icazə verilir. Adler geri qayıtdıqda onun bölüyü başqa yerə göndərildiyindən yeri dəyişdirilir. 6 həftə sonra məlum olur ki, keçmiş bölüyündəki hər kəs öldürülüb.

1942-ci ildə tankın altında qalır, lakin torpağın palçıqlı olması səbəbilə tank tırtılları onun bədəninin üstündən keçsə də şanslı Alek ölmür. Bununla onun başına gələn bədbəxt hadisələr bitməyib.  Bir il sonra qaldığı evə döyüş təyyarəsi düşsə də bundan da sağ qurtulur.

 

Kevin Hines

Həyatından bezən Kevin Hines intihar etmək qərarına gəlir.  Lakin o, San- Fransiskoda yerləşən Qızıl Qapı körpüsündən  tullansa da sağ qalıb. 75 metrlik hündürlükdən özünü atan bu gənc oğlanın heç bir yeri zədələnməyib. Çox maraqlıdır ki, statistikaya görə bir idlə 100-lərlə insan oradan özünü ataraq həyatını itirib.

 

Violet Jessop

Violet Jessopu da şanslı insanlar sırasına daxil etmək olar. Onun başına bir neçə dəfə bədbəxt hadisə gəlsə də, o, sağ qalmağı bacarıb.

Violet Jessop  “Olimpik” gəmisində çalışırdı. 1911-ci ildə  “Olimpik” ingilis donanmasına aid bir savaş gəmisi ilə toqquşub. Bu qəzadan sonra Jessop qorxub və guya batma riski daha az olan “Titanik”də işləməyə başlayıb. “Titanik” batanda isə Jessop sağ qalan adamlardan biri idi. 1916-cı ildə isə “Britanik” gəmisinə işləməyə başlasa da, lakin bu gəmi də sualtı minaya dəyərək partlayıb. Bununla belə, Jessop yenə sağ qalıb. O, yalnız  1971-ci ildə ürək çatışmazlığından ölüb.

 

Kris Saggers

Kris  Saggers pəncərə təmizləyicisi idi. O, İngiltərədəki “Salford Tower Blocks” binasının 22-ci mərtəbəsində pəncərələri təmizləyərkən bədbəxt hadisə nəticəsində oradan düşür. Aşağıda dayanan maşınların üstünə düşən Kris sağ qalır.  O, dərhal ayağa qalxaraq yoldan keçənlərə yaxşı olduğunu söyləyir.  Çox maraqlıdır ki, 22-ci mərtəbədən düşən Krisin  yalnız dirsəyində sınıq olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir