Cahan Hommadova

“Bəylərin əksəriyyəti həyat yoldaşı seçimində təkbaşına qərar verə bilmirlər”

Baxış sayı: 591

Yeni insanlar tanımağı, insanlarla kommunikasiya qurmağı, xüsusilə də özündən yaşca kiçik tələbələrlə həmsöhbət olmağı çox sevir. Deyir ki, onların xəyallarını öyrənməkdən, onları dinləməkdən böyük zövq alır.

İlk təhsili Bakı Rabitə və Nəqliyyat kollecində jurnalistika üzrə olub. İkinci təhsilini isə Türkiyə İstanbul Universitetində İnsan Resursları sahəsində davam etdirib. 17 yaşında iş həyatı ilə tanış olub. Hazırda “İşartı”da təsisçi və direktor olaraq çalışır. “İşartı” insan resursları, merçendayzinq və anbar xidməti sahəsində fəaliyyət göstərir. Həmsöhbətim Cahan Hommadova.

 

-Qeyd elədiniz ki, 17 yaşından işləməyə başlamısız. Maraqlıdır, o yaşda işləməyinizə nə səbəb oldu?

– Anam və qürurum. Heç yadımdan çıxmaz 1-ci kursda oxuyurdum, Sumqayıtdan Bakıya dərsə gəlirdim. Anam hər gün mənə gediş-gəliş iki manat pul verirdi. Bir gün qızlar dedi ki, növbəti dərs günü bulvara gəzməyə gedəcəyik. Mən də anamdan xahiş etdim ki, mənə əlavə 5 manat da versin ki, sabah qızlarla gəzməyə gedim. Bunu eşidən anam qapıya yaxınlaşıb ehmalca, qapını açdı və dedi ki, get, özün qazan, gətir, xərclə. Özün qazanmağa başlayandan sonra istəyirsən lap 10 manat xərclə, mənə fərqi yoxdu. Amma sənin günlük limitin 2 manatdır. Mən həmin gecə yata bilmədim. Anamın mənə qapını göstərməsi qüruruma çox pis təsir etmişdi. Bir neçə gün sonra “Mcdonald”da işə düzəldim. Beləcə, iş həyatım başladı.

 

– Bu məqamda sual yaranır ki, Cahanın ailəsinin gəliri hansı səviyyədə idi, Cahan necə bir ailədə böyüyüb?

– Mən varlığı da, yoxluğu da görmüşəm. 7 yaşımda atamı itirdim, bu itki ailəmizi həm maddi, həm mənəvi olaraq sarsdı. Çünki biz əvvəl kifayət qədər imkanlı ailə idik. Atamla birlikdə itirdiklərimiz bizə böyük zərbə oldu. Atamdan sonra həyatın çətinlikləri başladı. Əvvəllər evdar xanım olan anam bacıma və mənə baxmaq üçün aşpaz kimi işləməyə başladı. Onun üçün pul qazanmaq, iki azyaşlı qız övladı böyütmək çox çətin idi. Ona görə mən əlavə pul istəyəndə mənə o cür münasibət göstərdi.

– Bəs indi vəziyyət necədir?

– Səmimi deyim ki, son 6-7 ildir ki, mən bacılıq statusumu itirmişəm. Evimizin həm atası, həm qardaşı, həm də bacısıyam. Vəziyyət də şükürlər olsun yaxşıdır.

 

– 17 yaşında işə başlamağın hansı çətinlikləri vardı?

– İlk çətinliyim xanım olmağım idi. İnsanlar daim bunu deyirdilər, sən qızsan, sən bacarmarsan. Düşünürəm ki, bu cəmiyyətdə xanım olmaq onsuz da çətindir, o yaşda iş həyatına atılmaq daha çətindir.

 

  –  “Mcdonald”dakı işinizdən danışaq, dərslə birlikdə necə çatdırırdınız?

–  Səhər tezdən Sumqayıtdan Bakıya dərsə gəlirdim, 2-də dərsdən çıxıb, işə gedirdim. Gecə saat 11-ə qədər işdə oldurdum. O saatlarda avtobus olmadığı üçün 1 manatlıq taksilərlə evə gedirdim. Mən gecə saat 12-də, 1-də evə çatanda isə anam danlayırdı. Demək olar ki, hər günüm belə idi. Dərs, iş, ev və axşam danlanmaq. Deyirdi ki, mən kimə izah edim ki, qızım bu saatda hardan gəlir? Mən isə bildirirdim ki, kimin nə düşündüyü maraqlı deyil, onsuzda həmişə danışmağa söz tapırlar. Anama izah etməyə çalışırdım ki, evə pulu mən gətirirəm. Hansı qonşu, hansı dost-tanış ayın axırı qapını döyüb pul verəcək? Zamanla o da məni anladı.

Mənə elə gəlir, çox insanın əsas problemi “kim nə deyər” prinsipi ilə yaşamasıdır. Bugün çox insan bunu aşa bilmir. Əslində, bu deyilənlərə qulaq tıxaya bilsək, çox yaxşı işlər görüb, böyük uğurlara imza ata bilərik. İnsan həyata xoşbəxt olmaq üçün gəlir, yaxşı olar ki, xoşbəxtliyi axtaraq, tapaq. Xoşbəxtliyi də kimisi pulda, kimisi ailədə, kimisi işdə görür. Bu da şəxsin seçimindən və dünyagörüşündən asılıdır.

– Maraqlıdır, sizcə hazırda cəmiyyətimizdə xanımlara qarşı hansı stereotiplər var?

– Bəylərin əksəriyyəti düşünür ki, xanımlarımız bir çox işi bacarmır, son sözü bəylər deməlidir. Mənə görə də son sözü bəylər deyər, amma nə olursa, olsun bunu qarşısındakı xanımla müzakirə etdikdən sonra. Bir çox iş sahələrində qapılar xanımlardan çox bəylərə açıqdır. Bizim bir sıra iş səfərlərimiz olur, çox təəssüf ki, mən o səfərlərdə xanımları görmürəm. Olanda da say az olur.

 

-Sizcə, xanımlar özləri də bunu istəmir, ya həqiqətən şərait yaradılmır?

 Bir qisim var ki, ailədə şərait yaratmırlar, bir qisim də uşaqlıqdan beyninə yeridilən “qadın belə eləməz, qadına bu olmaz” kimi fikirlərə görə özü üçün addım atmır. Ona görə də ona elə gəlir, çox kişinin arasında xanım ola bilməz. Bugün iş səfərlərinə bəylər də gedir, mən də. Arada nə kimi fərq var? Bunu çoxu anlamır, yaxın gələcəkdə anlayacaqlarını da zənn etmirəm (gülür).

 

– Günümüzdə xanımların bəzi seçimləri müəyyən basqı altında etdiyini düşünürsünüzmü? Evdəki yağışdan qaçarkən yağmura düşənlər də az deyil.

– Bunun şəxsən şahidi də olmuşam. Hətta deyərdim ki, əksi də olur. Bəzənsə daha rahat həyat yaşamaq üçün boşanırlar. Açığı, mən ailə basqısından bezib ailə qurub xoşbəxt olmayan insan da tanıyıram, ailəsində xoşbəxt olmayıb, boşanıb daha rahat yaşayaram deyib, hər şeyi daha rəzil və bərbad hala gətirəni də görmüşəm.

  –  Bəs, bu incə cizgini necə qorumaq olar? Nə boşanandan sonra vəziyyəti daha pis hala gətirməyək, nə də yağışdan çıxıb, yağmura düşməyək?

 Doğrudur, bu incə cizgini qorumaq çətindir, amma şəxsin həyatda bir duruşu olsa, nələrəsə, hətta özünə belə dur deməyi bacarsa, həyatını daha rahat yaşaya bilər. Məncə, xanım öz xarakterini subay vaxtı, evli və ayrılandan sonra da qorumalıdır. Ümumiyyətlə, hər kəsin qırmızı cizgisi olmalıdır. Özünə hörmət etməyən şəxs heç kimə hörmət edə bilməz, heç kimdən də hörmət gözləyə bilməz.

 

– Sizi biznes görüşlərində, korporativ tədbirlərdə çox görürük. Görünən, odur ki, çox aktiv həyat tərziniz var.

–  Mənə görə netvörkinq səmiyyətdən başlayır. Nə qədər səmimi və dürüst olursansa, ətrafın səni bir o qədər sürətli eşitməyə və görməyə başlayır. Netvörkinq elə bir çevrədir ki, səhv addımını da, doğru addımını da hamı bilir. Ona görə də xarakterli bir duruşun olmalıdır ki, insanlar sənə hörmət etsinlər. Belə olanda onlar səni yanlarında görmək istəyirlər. Bugün Azərbaycanda kifayət qədər aktiv netvörkinq qrupları var.  Onlara üzv olmaq çox asandır. Məsələ əslində, üzv olmaqda deyil, o qrupa verə biləcəyin və onlardan ala biləcəyin faydadadır. Mən netvörkinq görüşlərindən çox yaxşı dostlar qazanmışam.

 – Biraz da biznesinizdən danışaq. “İşartı” ilk və tək biznesinizdir?

– Bəli, ilk və hələ ki tək. (gülür). Əvvəllər Bakı və Abşeron rayonu üzrə fəaliyyət göstərirdik, amma indi bütün regionlarda varıq. O dönəmlərdə işdən yeni ayrılmışdım, əlimdəki pulla biraz istirahət etməyi, dünyanı gəzməyi düşünürdüm. Dostlarımdan Tehran bəy dedi ki, bəlkə öz biznesini qurasan, çünki bu saatdan sonra kiminsə yanında işləyə bilmərsən. Artıq öz işini qurma mərhələsindəsən. 15 günün içində qərar verdim və biznesi qurdum. Elə şirkətin adını da Tehran bəy qoyub. Şirkəti tanıtmaq, onu ayağa qaldırmaq, müştəri cəlb etmək çətindir. Müştərinin etibarını qazanmaq isə ən çətinidir. Amma mən bacardım.  Çünki işçilərimlə birlikdə gedib anbarda stiker vurduğum, şokolad bükdüyüm vaxtlar olub.

– Ani olaraq beynimdə bir sual yarandı. Maraqlıdır, atası sağ olsaydı, Cahan  yenə də 17 yaşında işləməyə başlayardımı, biznes qurardımı? Bugün sahib olduqlarına yenə də sahib olardımı?

 Atası yanında olsaydı, Cahan 17 yaşında işləməyə başlamazdı. Amma əminəm ki, atası ona dəstək verərdi və bəlkə də indikindən də yaxşı yerdə olardı.

 

  – Atanızın yoxluğunu daha çox hansı məqamlarda hiss etmisiz? Elə bir an olubmu demisiz ki, kaş indi atam yanımda olardı.

– Pandemiya vaxtı polislər gəlmişdi, şirkət o saatda bağlı olmalı idi, amma bizim işlərimiz vardı deyə biraz gecikmişdik. 12 nəfər polis birdən-birə şirkətə daxil oldu. Həmin an özümü həqiqətən tək hiss elədim. Şirkət rəhbəri olaraq polislərin qarşısına çıxıb, xahiş etdim ki, işçilərlə işiniz olmasın, buraxın insanlar evlərinə getsin. Nə sözünüz varsa, mənimlə danışın. Xanım olmağın necə çətin olduğunu o an hiss elədim. 12 nəfər polis və sən tək. Özümü çox aciz, yalnız hiss eləmişdim.

 

– O an dönüb arxaya baxanda atanızın orda olduğunu görmək istərdiniz, elə deyilmi?

 Mənim atam sağ olsaydı, mən heç orda 12 nəfər polisin qarşısında olmazdım.

 

– Bu situasiya iş həyatınızla bağlıdır, bəs, şəxsi həyatınızda o yoxluğu nə zaman duymusuz?

 Mən o yoxluğu daim duyuram. Belə deyim ki, atasız olan qızın etdiyi başqalarının gözünə daha çox görünür. Sənin geyindiyin normal uzunluqdakı ətək başqalarına qısa görünür, sənin məktəbə gedib-gəlmə müddətin başqaları üçün daha uzun olur, sən toya gedəndə əl qaldırıb oynayanda kimlərəsə bu yanlış gəlir, halbuki onu anası, atası olan da edir. Məktəb vaxtı olan xor görmələri heç demirəm. Atan yoxdursa, biraz da imkanın aşağıdırsa, hətta sinif rəhbərin də sənə deyir ki, uşaqlarımın köhnə paltarı var, verim geyin.

 

–  Ata mövzusunun sizi kövrəltdiyini hiss edirəm. Gəlin, biraz da gənclərdən danışaq. Söhbətimizin əvvəlində demişdiniz ki, özünüzdən kiçiklərlə həmsöhbət olmağı sevirsiz. Maraqlıdır, onlara nə tövsiyə edərdiniz?

– İlk olaraq bunu deyim ki, bugünkü gənclər düşünür ki, diplom bütün qapıların açarıdır. Amma elə deyil. Bugün biliklə yanaşı, təcrübə də böyük önəm daşıyır. Bacarıqlarının, şəxsi keyfiyyətlərinin üzərində işləyib özlərini inkişaf etdirsinlər.

Lakin təəssüf hissi ilə bu reallığı da qeyd etməliyəm ki, cəmiyyətimiz dəyişib, bugün insana mövqeyinə, puluna görə dəyər verirlər. Nadir hallarda xarakterə diqqət edirlər. Heç vaxt öz ayaqları üzərində durmağı öyrənmədən, pul qazanmadan ailə qurmaq, övlad sahibi olmaq düşüncəsində olmasınlar. Xüsusilə də xanımlara iqtisadi baxımdan azad olmağı arzu edirəm. Bəzən insanlar “azad olmaq” ifadəsini yanlış anlayır. Mən azadlıq deyərkən bir insanın maddi asılılığının olmamağını, özünü həm təhsil, həm də xarakter baxımında düzgün mövqeləndirməyini nəzərdə tuturam. Çünki bir insanda bunlar varsa, o ailə quracağı insanı da tapır.

 

– Ailə quracağı insanı tapmaq mövzusunda hər kəs uğurlu ola bilirmi?

– Ailənin qurulmasında hər iki tərəfin düşüncəsi önəmlidir. Amma istənilən halda ilkin addım bəylərdən gəlməlidir. Məncə, Azərbaycanlı bəylərin əksəriyyəti həyat yoldaşı seçimində təkbaşına qərar verə bilmirlər. Bu mövzuda analarına müraciət edirlər (gülür). Danışanda ay Avropa belə, Amerika elə deyirlər. Amma reallıqda belə deyil.  Bir bəyin əyləndiyi, birlikdə vaxt keçirməkdən zövq aldığı xanımla, evləndiyi xanım eyni deyilsə, ortada 3 bədbəxt insan olur: bəy, həyat yoldaşı və sevdiyi qadın. Bədbəxt ailələrdən də travmalı, sevgisiz uşaqlar dünyaya gəlir. Beləcə, bədbəxtlik halqası zəncirvari şəkildə böyüyür.

Bəyləri deyib, xanımları deməsək, doğru olmaz. Etiraf edək ki, elə xanımlar var ki, onlar üçün də əsas məsələ pul olur. Bu, istər həyat yoldaşı, istər də sevgilisi olsun. Onun üçün həmin şəxsin nə qədər pulunun olduğu önəmlidir. Mən anamdan pul almamaq üçün 17 yaşından işləyən adamam. Bu tip nüasnları qəbul edə bilmirəm. Qadın kiməsə deməməlidir ki, “sən canı 5-10 manat pul ver də”. Nə olursa, olsun qadın özü qazanmalıdır. Onda özgüvəni də artacaq, özünü dəyərli bir varlıq kimi hiss edəcək. Qadının azadlığı “ürəyim nə istəyir onu edə bilərəm” demək deyil, özünü maddi baxımdan halal qazanılmış pulla təmin etməsidir.

– Xoş və səmimi söhbət üçün təşəkkürlər!

 

Müəllif: Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir