azer bagirov

Bəzi insanlar pandemiyanı niyə inkar edir?

Baxış sayı: 772

Virus pandemiyasının davam etdiyi bir neçə ayda, ən çox yaşadığımız hissiyyatlar qeyri-müəyyənlik, qorxu, əmin olmamaq, güvənsizlik kimi narahatçılıq verən hisslər oldu. Müxtəlif qaynaqlardan gələn məlumat bombardmanının da çaşqınlığı bir az artırdığını demək olar. Dünya Səhiyyə Təşkilatı tərəfindən, hər gün, bütün ölkələrdəki virusa yoluxma və ölüm rəqəmləri yayılsa da, insanlar arasında virusun varlığını inkar etmə şəklində psixolojik müdafiə reaksiyası yaranıb.
İnsanın təbiətində təhlükə, qorxu, qeyri-müəyyənlik, güvənsizlik kimi hissiyyatlara qarşı özünü qarantiya-təminat altına alma kimi meyllər vardır. Bunun üçün çox vaxt təhlükə mənbəyini ortadan qaldıraraq, təhlükəsizliyini təmin etmək yolu seçilir.

Bəs təhlükənin yox edilməsi mümkün deyilsə necə?

Koronavirus pandemiyası qısa müddətdə ortadan qaldırıla bilən bir təhlükə deyil, bu səbəbdən bütün dünyada böyük bir təşviş və qorxu gündəlik həyatımıza girdi. İşin pis tərəfi, bir çox təhlükə qarşısında istifadə etdiyimiz qaçmaq, uzaqlaşmaq da virusa qarşı istifadə edə biləcəyimiz bir şey deyil. Bu səbəbdən ölkəmiz də daxil, bir çox ölkələrdə inkar etmə reaksiyası ağırlıq göstərir və kütlələri istiqamətləndirmədə çətinliklər yaşanır.
Həqiqətin inkar halı mümkündürmü? Çox mürəkkəb informasiyaları belə analiz etmək qabiliyyəti olan insan beyni gözünün önündəki faktı necə inkar edə bilir? Hətta bu fakt həyat üçün təhlükə yaratsa belə onu görməzdən gəlməyə necə davam etmək olar?

Ümumiyyətlə, yaşadığımız dünyada “binary system” dediyimiz ikili sistem, yəni səhv, ya da düz şəklində sadə bir ayırım aparmaq mümkün deyil. İnsanların arzu, ehtiras, qorxu, aclıq, qürur, intiqam hissi, güc istəyi, utanc və s. kimi bir çox emosiyaları mövcuddur. Bir şeylə qarşılaşdıqda və ya bir informasiyanı aldıqda bu emosiyalarımızın qərar vermə qabiliyyətimiz üzərində güclü təsiri mövcuddur. Qərb cəmiyyətlərində inkişaf səviyyəsi, bu emosiyaları nə qədər kontrol altına ala bilmə və faktlara əsaslanaraq qərar vermənin inkişaf etdirilməsi ilə ölçülür. Şərqdə isə bunun alternativi olaraq, “soyuq başla qərar vermək”, “qorxuların, inancların qərarlarına təsir etməməlidir”, “əsəblə qalxan zərərlə oturar” kimi deyimlərə uyğun davranılır. İnkar mexanizmi isə şəxsin qorxu yaradan bir reallığın varlığını inkar etməsi, reallığın ağrı-acı verən tərəfindən zehində qaçmaq halıdır. Ölüm, qəza kimi pis xəbərləri ilk eşidəndə ən çox verdiyimiz qarşı reaksiya şok yaşamaq, hadisənin baş verdiyinə inanmaqdan imtina etmək olur.

Zehin, şüuraltı bir şəkildə, stresin öhdəsindən gələ bilmədiyi üçün, stresin varlığını inkar edərək ağırlığından özünü qorumağa çalışır.

Ancaq inkar prosesi ilə əlaqəli bir fakt daha mövcuddur. İnkar ömür boyu davam edə bilmir və yerini reallığa verir. Ardından yas dövrünün etapları başlayır. 2-ci etapda günahlandırma işə keçir. Yəni inkarın olduğu yerdə mütləq başqasını günahlandırma da olacaq ki, bəzən dözülməsi çətin olan həqiqətin ağrısını azaltsın. 3-cü etapda sövdələşmə və ya razılaşdırmağa çalışma, 4-cü etapda depressiya, axırıncı etapda isə, qəbullanma ilə yas prosesi normal şəkildə sonlandırılır.
İnkişaf etmiş ölkələrdə cəmiyyətin ruh sağlamlığına xüsusi diqqət verildiyi üçün pandemiya ilə mübarizə çərçivəsində yaradılan qurumların tərkibində psixiatr, psixoloq və sosioloq kimi mütəxəsislər də yer alır…

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir