Nermine Abbasova

“Bəzi xəstəliklər və hərəkətsiz həyat tərzi də sümük əriməsi riskini artırır”

Baxış sayı: 807

Ümumdünya Səhiyyə Təşkilatı el arasında sümük əriməsi kimi tanınan osteoporozu sümük toxumasının zəifləməsi nəticəsində sınıq riskinin artmasına səbəb olan skelet sistemi xəstəliyi kimi səciyyələndirir. Bu patologiya sümük toxumasının mikromemari quruluşunun pozulması nəticəsində meydana gəlir.

Osteoporoz haqqında  məlumat verən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova bildirir ki, sümük – kalsium və zülaldan təşkil olunmuş və insanın həyatı boyu tərkibini yeniləyən toxumadır.

Nərminə Abbasovanın sözlərinə görə, sümük toxumasında bir tərəfdən regenerasiya prosesləri, digər tərəfdən isə dağılma prosesləri baş verir:

“İnsanda 16-18 yaşlara qədər skelet inkişaf edir və genetik kodlaşmaya əsasən formalaşır. 30-35 yaşlarına qədər remodelizasiya prosesi gedir, yəni formalaşmış skelet sistemində zəif sümüklər möhkəm və güclü sümüklərlə əvəz olunur. Bu yaşlarda bədənimiz ən yüksək sümük kütləsinə malik olur. Kişilərin sümük kütləsi qadınlardan 30-50% çox olur. 30-35 yaşlarında zirvəsinə çatan sümük kütləsi cinsiyyət, fiziki fəallıq, qidalanma və digər səbəblərdən asılı olaraq tədricən azalmağa başlayır ki, bu da sümüklərin kövrəkliyinə gətirib çıxarır. Bilək, onurğa və bud-çanaq oynağı ətrafındakı sümük toxumalarında itki daha sürətlə baş verdiyi üçün gələcəkdə bu yerlərdə sınıqlar daha tez-tez təsadüf edir. İnsanların həyatı boyu itirdiyi sümük toxumasının miqdarı kişilərdə 20-30%, qadınlarda 45-50% təşkil edir. Qadınlarda itkinin bu qədər yüksək olmasının səbəbi menapauza ilə izah olunur. Aparılan tədqiqatlar 40 yaşdan yuxarı qadınların 66%-də osteoporoz və ya osteoporoza meyillik aşkar edib. Eyni zamanda kalsium və ya D vitamini çatışmazlığı, tütün çəkmə və alkohol qəbulu, bəzi dərmanlar, çox miqdarda çay və qəhvə içilməsi sümüyün yenidən bərpasını zəiflədir, sümük əriməsini sürətləndirir. Bəzi xəstəliklər və hərəkətsiz həyat tərzi də sümük əriməsi riskini artırır”.

Həkim-terapevt bildirir ki, osteoporozda ilk əlamətlər çiyin və bud-çanaq oynağında yumrulaşma, kürək və beldə ağrılar, donqarlıq və boy qısalmasıdır. Nərminə xanım deyir ki, xəstəliyin baş verməsindən şübhələndikdə, diagnozu dəqiqləşdirmək üçün sümük toxumasının sıxlığı müəyyən edilməlidir.

Həkim qeyd edir ki, sümük densitometriyası cihazı vasitəsilə sümüyün tərkibində olan minerallar, yəni sümük toxumasının sıxlığı ölçülür. Bu cihazın köməyilə 15-20 dəqiqə ərzində bel, bud-çanaq oynağı nahiyyəsində və ya hər ikisində sümük toxumasının sıxlığı ölçülərək osteoporoz xəstəliyi və onun səviyyəsi müəyyən olunur:

“Sümüyün sıxlığının ölçülməsi osteoporoz diaqnozunu təsdiq edən yeganə üsul deyil. Bunun üçün eyni zamanda rentgenoqram da çəkilməlidir. Osteoporoz qadınlarda kişilərə nisbətən, incə bədənə malik olan insanlarda köklərə nisbətən və qısa boylularda uzun boylulara nisbətən daha çox təsadüf edir. Tütün çəkmə sümüyü bərpa edən hüceyrələrə zərər verərək sümük əriməsinə səbəb olur. Tütün çəkmənin müddəti ilə sümük kütləsinin itkisi arasında paralellik olduğu sübut edilib. Eyni zamanda, tütün çəkən qadınlarda menopauzanın erkən başlaması da bu xəstəliyin yaranmasını sürətləndirir”.

Osteoporozun profilaktikası və reabilitasiyasından söz edən Nərminə Abbasova bildirib ki, osteoporozun profilaktikası insan doğulandan başlanmalı və ömür boyu davam etməlidir. Çünki sümük toxumasında olan mineralların miqdarı 20-25 yaşlarına qədər artır, 30-35 yaşlar arasında sümük toxumasının dağılması ilə bərpası paralel getdiyi üçün sıxlıq dəyişmir, 40-45 yaşdan sonra isə hər iki cinsdə yaşla əlaqədar sümük toxumasının itkisi meydana gəlir və ömrün sonuna qədər davam edir. Həkim-terapevt vurğulayıb ki, qeyd olunan yaş göstəricilərini nəzərə alaraq osteoporozun profilaktikası 3 mərhələdə aparılmalıdır:

“Uşaqlıqdan 20 yaşa qədər maksimum sümük kütləsi əldə etmək üçün tədbirlər keçirilməlidir. Maksimum sümük kütləsi irsi xüsusiyyət daşısa da, bu yaşlarda düzgün qidalanmanın, fiziki fəallığın sümük kütləsinin formalaşmasında böyük rolu var. Sümüklərin tam formalaşması üçün kifayət qədər kalsium, D vitamini və zülal tərkibli qidalar qəbul olunmalıdır. Süd və süd məhsulları, brokoli və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, balıq əti və kalsiumla zəngin qidalar hər yaşda qida rasionuna daxil edilməli, risk amillərini əmələ gətirən qida və içkilərdən qaçınılmalıdır. Eyni zamanda uşaqlıqdan etibarən başlanan nizami fiziki məşqlər sümükləri gücləndirir, dayanıqlıq və tarazlığı artırır, bu da bədən sümüklərinin maksimum çəkisinə çatmasına səbəb olur. Məqsəd sümük toxuması itkisinin qarşısını almaq və ya mövcud maksimum sümük çəkisini qorumaqdır. Osteoporozun meydana gəlməsinin qarşısını almaq üçün bəzi risk amillərinə qarşı lazımı tədbirlər görülməlidir. Osteoporoza irsi meyilliyi olan insanlarda xəstəliyin qarşısının alınması mümkün deyil, lakin onun inkişafını zəiflətmək mümkündür”.

 

 

Həkim deyir ki, fiziki aktivliyi aşağı olan şəxslərdə osteoporoz riski yüksəkdir. Bu qəbildən olan insanlara daha aktiv həyat tərzi tövsiyə olunur. Həkim spirtli içkilər, qəhvə və tütün çəkmədən qaçınmağın lazımlığını, qida vasitəsilə lazımi miqdarda kalsium və D vitamini almağın vacibliyini diqqətə çatdırıb:

“Yaş artdıqca kalsiumun bağırsaqdan sorulması azalır. Qadınlarda bu menopauzadan sonra xüsusilə kəskinləşir. Qida rasionumuzda ən önəmli kalsium qaynağı kimi süd və süd məhsullarının istifadəsi qeyd olunur. D vitamininin ən əsas qaynağı isə günəş şüalarıdır. Osteoporoz nəticəsində zəifləyən sümük əfif bir təsir nəticəsində qırıla bilər. Osteoporozun ən qorxulu nəticəsi olan sınıqların azaldılması məqsədilə, risk qrupundan olan şəxslərin və diaqnoz qoyulmuş xəstələrin sürüşmələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Bu, xəstəliyin müalicəsi qədər zəruridir. Ahıllarda sınıq səbəbləri arasında yıxılmalar önəmli rol oynayır. Yıxılma riskini azaltmaq üçün müəyyən önləmlər alınmalıdır. Məsələn, idman müalicəsi ilə əzələlərin gücü və kordinasiya inkişaf etdirilməli. Yıxılma riski yaradan xəstəliklər və simptomlar nəzarət altına alınmalıdır. Yıxılmaya səbəb ola biləcək dərmanlar istifadə edilməməlidir. Yaşlı xəstələrə gəzintilər zamanı hasadan (çəlik) istifadə edilməsi tövsiyə olunmalı. Eyni zamanda, sürüşməyən, alçaq dabanlı ayaqqabılar geyinilməli, evdə müvafiq döşəmə və yaxşı işıqlandırma təmin edilməklə yıxılma riski azaldılmalıdır”.

 

Nərminə xanım bildirir ki, osteoporozun qarşısını alan tədbirlərlə yanaşı müalicə xüsüsi yer tutur. Onun sözlərinə görə, müalicədə yaş, cins, sistem xəstəliklərinin mövcudluğu nəzərə alınmalıdır. Eyni amanda, sümük densitometriyasının nəticələrinə əsasən osteoporozun tipi müəyyən edilərək hər xəstəyə müvafiq müalicə proqramı hazırlanmalıdır. Həkim-terapevt qeyd edib ki, dərman müalicəsi vasitəsilə sümük itkisi dayandırıla bilir və hətta sümük toxuması müəyyən miqdarda arta bilir:

 

 

“Hormon müalicəsi ən köhnə və əsas müalicələrdən biridir. Esterogenlərlə müalicə menopauzadan sonra dərhal başlanmalı, 5-10 il müddətində mütəmadi istifadə edilməlidir. Kalsitonin inyeksiya və ya burun spreyi şəklində tövsiyə edilir. Bu preparat osteoporozun qarşısını almaqla yanaşı ağrını da aradan qaldırır. Bifosfanatlar son illər istehsal olunan, peroral qəbul edildiyi üçün istifadəsi daha əlverişli olan və sümük sıxlığını artıran dərmanlardır. Kalsium digər dərmanlarla yanaşı tətbiq edilən, bütün qadınlara menopauza sonrası tövsiyə olunan vasitədir və son vaxtlar D vitamini ilə birlikdə verilməsi tövsiyə edilir”.

 

N.Abbasova onu da qeyd edir ki, cəmiyyətdə ahılların sayı artdıqca, osteoporozla bağlı sınıqların sayı da artır. Onun sözlərinə görə, 70 yaşdan yuxarı qadınların 21%-də heç bir əlamət olmasa da, radioqrafik olaraq sınığa aid dəyişikliklər gözlənilir:

“Osteoporozla bağlı sınıqlrar ən çox bud-çanaq oynağı, onurğa və biləkdə təsadüf edir. Bunların arasında ən ciddi patologiya bud-çanaq oynağının sınığıdır. Osteoporotik bud-çanaq oynağı sınıqlarında xəstələrin yeriməsini təmin etmək üçün osteoporitik sümüyü güclü təsbit edən və yaşlı xəstələrdə ən az fəsadlar törədən hemiartroplastika tövsiyə olunur. Yaşlılarda sistem xəstəliklərinin varlığını və yatağa bağlı olduğu halda ölüm riskinin artmasını nəzərə alaraq, qısa müddətdə artroplastika aparılmalı və xəstənin hərəkəti bərpa olunmalıdır. 90 yaşına çatmış qadınlarda bud-çanaq sümüyündə sınıqların başvermə ehtimalı 20%-ə qədərdir. Bu sınıqların 15%-i ilk üç ayda ölümlə nəticələnir. Onurğa sınıqları zamanı ağrı, boy qısalması, donqarlıq və skolioz kimi onurğa sütunu deformasiyaları qeyd olunur. Kəskin ağrıları olan xəstələrin çoxunda ağrılar bir neçə gündən 3 həftəyə qədər, bəzi xəstələrdə isə 8-12 həftə və daha çox davam edə bilər. Ağrılar dərman müalicəsilə keçməzsə, vertebroplastika və ya kifoplastika (sınmış onurğa gövdələrinin sementlənməsi) adlanan cərrahi üsuldan istifadə edilir”.

 

 

Nərminə xanım vurğulayıb ki, normal halda sümük kütləsinin itkisi çox yavaş gedir, şikayət olmadığı təqdirdə bu xəstəliyin olduğunu anlamaq çətindir:

“Osteoporozla bağlı ilk şikayətlər – boy qısalması, çiyin və bud-çanaq nahiyyəsində yumrulaşma və bel ağrılarıdır. Xəstəlikdən şübhələndikdə sümük densitometriyası vasitəsilə sümük sıxlığı ölçülməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir