Bacı-qardaş qısqanclığı: valideynlər necə davransın? – MƏSLƏHƏT

Baxış sayı: 1. 532

Ailədə övladlar arasında yaşanan bacı-qardaş qısqanclığının ortaya çıxmasına valideynlərin müəyyən davranışları səbəb olur.

Mütəxəssislər valideynləri uşaqlar arasında tərəf tutmamağa və bərabər davranmağa dəvət edir.

Uşaqlar arasındakı bacı-qardaş qısqanclığının yaranmasına tərəf tutan, yeni doğulan uşağa meyl edib böyüyə laqeyd yanaşan valideynlər səbəb olur. Bu qısqanclıq uşağın rahatlığını pozaraq yemək yeməməsinə, dəcəl olmasına, yuxu problemləri yaşamasına və ən pis halda özünə qapanmasına səbəb olur.

Bu məsələdə də ən böyük məsuliyyət ana-ata başda olmaqla ailənin bütün fərdlərinin üzərinə düşür.

İnsandakı qısqanclıq duyğusu doğuşdan var. Uşaq evə yeni bir körpə gələndə, ana-atası onunla maraqlananda, evə gələn qonaqların yeni körpəyə hədiyyə aldıqlarını görəndə artıq heç kimin onu sevmədiyini düşünür. Nəticədə daxili rahatlığı pozulan uşaq tez əsəbiləşən, ağlağan, yemək yeməyən, qaydalara əməl etməyən nadinc bir uşağa çevrilir. Hətta o, balaca körpəyə zərər verə bilər, içinə qapanar, məktəbdə uğursuzluq kimi  nəticələr ortaya çıxar.

Uşaqlar arasındakı bu problemdə valideynlərin uşaqlardan birinin lehinə tərəf tutması bu halı daha gərginləşdirir. “O, sənin bacındı, sən böyüksən”, – kimi cümlələrlə tərəf tutmaq əvəzinə günahlandırmadan məsləhət verməlisiz.

Hamiləlik müddətində uşağı bacı-qardaşın gəlişinə hazırlayın

Ən mühüm addım hamiləlik zamanı uşağa bir bacı, ya qardaşının olacağını uyğun dillə başa salmaqdır. Nələr paylaşacağını, birlikdə oynayıb əylənə biləcəklərini deyin. Uşaqla birlikdə onu da yenə çox sevəcəyinizi tez-tez vurğulayın.

Uşağın “məni artıq istəmirsən, onu çox sevirsən” sözlərini inkar etmək yerinə “Niyə belə düşünürsən? Hansı davranışıma görə belə deyirsən?”, – deyə soruşub səhvlərinizi düzəltməyə çalışın.

Bunlara diqqət edin!

Uşağı qətiyyən bacı-qardaşı ilə müqayisə etməyin. “Sən böyüksən, o, kiçikdir”, – kimi sözlər işlətməyin. Onu tənqid etməyin.

Bu tip qısqanclıq uşaqda ünsiyyət problemi, güvənsizlik yarada bilər. Müalicə edilməzsə,  gələcəkdə insanlarla ünsiyyət qurmasında öz fəsadlarını göstərəcək.

Dalaşırlarsa, ayırıb fasilə verin. O dəqiqə fiziki cəzalandırıb, haqlı-haqsız tənqid etməyin.

Döymək yerinə parka getməmə, oyuncaqları ilə oynamama kimi cəzalar verin.

Paylaşa biləcəkləri oyuncaqlar alın.

Tez-tez sevginizi dilə gətirin. Müsbət davranışlarını mükafatlandırın.

Balaca bacı-qardaşının baxımında uşaqdan kömək istəyin.

Böyük uşağa eyni cür davranıb, eyni diqqəti göstərin. Birlikdə oynayın.

Uşağa mənasız yerə bacı-qardaşını qısqanmamalısan kimi sözlər deməyin.

Uşağa önəmli olduğunu və sevildiyini hiss etdirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir