b

Bağışlamaq ruhu sakitləşdirir

Baxış sayı: 2. 429

Dahilərdən biri deyib ki, bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. İnsan bağışladıqca, unutduqca ucalır. Bağışlamaq insana rahatlıq verir.

Psixoloqların fikrincə, insan bağışlaya bilmədiyi zaman kin, ağrı, acı, nifrət, düşmənçilik, hirs və qorxu kimi duyğular yaşayır. Birinə qarşı, kin, nifrət bəsləmək bioloji cəhətdən insana zərər verir. Bu zaman mədə ağrıları, mədə yanması, həzmsizlik, təzyiqdə artım, ürək atışında dəyişmə, baş ağrısı, baş gicəllənməsi, yuxusuzluq, halsızlıq, diqqətdə dağınıqlıq və s. bu kimi hallar müşahidə edilir. Bağışlamağın bu qədər faydaları olduğu halda, bəs niyə insanlar bir-birinə qarşı kin-nifrət daşıyır? Bağışlamır, bağışlamaq istəmir? ABŞ alimlərinin araşdırmalarına görə, insan incikliyi və kini mühafizə etmək, özünü ona zərər vermiş insandan mənəvi və fiziki cəhətdən qorumaq üçün bağışlamamağa üstünlük verir. Yəni bağışlamağa mane olan daxili maneələrimizdir.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, bağışlamaq edilən səhvi unutmaq deyil, əksinə böyüklük edib o səhvlə bərabər insanı olduğu kimi qəbul etməkdir. “Bəzən birinə “unut getsin” deyirik. Halbuki insanlar yaddaşları sayəsində yaşanılan əhəmiyyətli hadisələri unutmazlar. Bağışlamaq, ortada bilinən və xatırlanan bir səhv olduğu reallığını dəyişmir. Bağışlamaq yaşamış olduğumuz ağrının fərqində olaraq, bu ağrını artıq daşımamağı seçə bilməkdir”.

Əlibəyli bildirir ki, bəzən insanlar bağışlamaqdan qorxurlar. Çünki bağışlayacaqları təqdirdə onlara qarşı edilən səhvə haqq vermiş olacaqlarını düşünürlər. Bağışlamaq edilən səhvdən ötrü incidiyimizi, qırıldığımızı, kədərləndiyimizi yox hesab etmək və ya əhəmiyyətsiz göstərmək deyil. “Bəzən insanlar düşünür ki, “bağışlasam, yenə həmin səhvi edər, təkrar səhv etməsinə icazə vermiş olaram”. Amma insanlar unudur ki, bağışlamaq və ya bağışlamamaq səhvin təkrar edilməyəcəyi demək deyil. Bağışlamaq səhv edənin davranışına nəzarət etmək üçün deyil. Çünki başqasının davranışı bizim idarəmizdə deyil. Bağışlanan insan öz seçimində azaddır”.

Bəzən bir insan münasibətlərdə fədakarlıq etmək istəmir. Buna görə də qarşısındakı insanı bağışlamağı fədakarlıq hesab edir. Bəzən isə insanlar bağışlamağı mükafatlandırmaq kimi qəbul edirlər. Əslində isə bağışlamaq ruhu sakitləşdirir. Bağışladıqdan sonra köhnələri unutmaq, həyata yenidən başlamaq lazımdır.

“Bağışlasam, zəif, gücsüz, xaraktersiz və qürursuz olaram” deyə düşünən insanlar da var aramızda. Həmsöhbətimizə görə isə bağışlamaq gücsüz olduğumuzu göstərməz, əksinə bu, azad şəkildə verilmiş şüurlu bir qərardır. “Bağışlamaq dəyərsizliyimizin deyil, tam tərsinə, özümüzə verdiyimiz dəyərin bir göstəricisi olaraq qiymətləndirilə bilər”.

Bağışlamaq, əlaqəni olduğu kimi davam etdirmək, əlaqəyə qalınan yerdən davam etmək mənasını vermir. Bağışlama, bağışladığımız adamı sevməyimizi, onunla danışmağımızı və ya görüşməyimizi tələb etmir. Ünsiyyətimizi davam etdirməməyi seçdiyimiz insanları da bağışlaya bilərik. Yəni bağışlamaq qarşıdakı insanın bunu bilməsini də tələb etmir. Bu, bizim öz yükümüzü artıq daşımamağa qərar verməyimizlə, yəni tamamilə bizimlə əlaqədar olan bir məsələdir.

Səhvsiz insan yoxdur. Səhv etməyən insan heç bir şey etməyən insandır. İnsan bağışlamağı bacarmalıdır. Belə olan halda insan öz yükünü azaltmış olur. Hər bağışlanmayan səhv isə ruhumuzu əsir edir və ruhumuza yük olur.

Bağışlamaq psixoloji olaraq yaxşı hiss etməyimizi təmin edir, depressiya, qayğı, kin, nifrət duyğularını azaldır və münasibətlərdə uyğunlaşmanı təmin edir. Bəzi davranış problemləri bağışlamanın reallaşdırılmasını çətinləşdirir. Məsələn, fərdlər onları çətinliyə soxan problemə prinsipial olaraq yanaşırlar. “Qisasa qisas” tərzli münasibətlərdə fərdlər bilərəkdən özlərini çətinliyə salır, bağışlamaq barədə heç düşünmürlər də. Halbuki onlardan biri geri çəkilsə, münasibət qaydasına düşər, arada olan səhv unudulmasa da, böyüdülməz. “Bəzən bir-birini sevən, ancaq edilən səhvi unuda bilməyən, bağışlaya bilməyən insanlarla qarşılaşırıq. Belə insanlara psixoloji təsir olduğu halda daha tez bir-birini bağışlaya bilirlər. Bəzən isə aradan illərin keçməsi bu əsəbi, kini yumşaldır. Unutmamalıyıq ki, bağışlamaq bizim qazancımızdır. Ürəyimizin rahatlığı, fikirlərimizin təmiz olmasıdır”.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir