bahar muradova

Bahar Muradova:”Qadın hüquqlarının qorunması sahəsində mühüm dəyişikliklərin edilməsinə ehtiyac var”

Baxış sayı: 929

Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən ailə daxilində baş verməsi faktı bu gün dünya ictimaiyyətinin gündəmində duran aktual məsələlərdəndir.

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, qadına qarşı zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu baxımdan məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Sherg.az”a müsahibəsində ölkəmizdə qadınların zorakılığa məruz qalması, döyülməsi, öldürülməsi kimi məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət ...

– Cəmiyyətlərdə məişət zorakılığı niyə baş verir və bunun mənfi təsirləri nədən ibarətdir?

– Məişət zorakılığı beynəlxalq aləmdə insan hüquqlarının inkişafını ləngidən amillərdən biri kimi qiymətləndirilir. Məişət zorakılığı ölkəmizdə də insanların ailədə və cəmiyyətdə təhlükəsizliyini zəiflədərək fundamental insan hüquqlarının pozulması və məhdudlaşdırılması hallarının artmasına gətirib çıxarır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibət var. Son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlər göz önündədir. Buna rəğmən dünyanın bir çox ölkələrində olduğu kimi, cəmiyyətimizdə hələ də məişət zorakılığı problem olaraq qalmaqdadır

 

– Məişət zorakılığı ilə necə mübarizə aparmaq lazımdır, bunun xüsusi bir mexanizmi işlənə bilərmi?

– Ailədə zorakılığın qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Qadın və uşaqlara qarşı məişət zorakılığı, xüsusilə də onun cinayət xarakterli tərəfləri vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbələr vurur. Ailədə, cəmiyyətdə və dövlətdə sülhün yaradılması bir-biri ilə əlaqəli proseslərdir. Məişət münasibətlərində baş verən zorakılıq halları hər bir insanı narahat etməlidir. Sağlam ailə mühitində tərbiyə olunan, zorakılığa məruz qalmayan və zorakılıq hallarını müşahidə etməyən uşaq cəmiyyətə asan inteqrasiya edir və yaşadığı ailə münasibətlərinə uyğun pozitiv funksiyalar daşıyır. Ölkəmizdə 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Aparılan sosial iqtisadi islahatlar qadınların öz hüquqlarından daha geniş istifadə imkanlarına şərait yaradır. Dövlət büdcəsindən sosial sektora ayrılan xərclərin artmasına baxmayaraq, qadın hüquqlarının müdafiə mexanizmlərinin lazımi səviyyədə olmaması, sosialyönümlü inkişaf proseslərinin hər bir ehtiyacı olan qadınların vəziyyətinə təsir etməsinə əngəl yaradır. Qadınlara qarşı törədilən məişət zorakılığı, mənfi stereotiplərdən irəli gələrək qadın hüquqlarına etinasızlıq halları, qadın hüquqlarının pozulmasına görə bir sıra məsuliyyət növlərinin yüngüllüyü bu sahədə mühüm dəyişikliklərin edilməsinə ehtiyacın olduğunu göstərir. Həmçinin bəzi hallarda bu stereotiplərdən irəli gələrək qadınlarımız baş vermiş məişət zorakılığı halları ilə bağlı aidiyyəti qurumlara vaxtında müraciət etməmələri sonda daha ağır nəticələrə səbəb olur.

 

– Dövlət məişət zorakılığı ilə bağlı hansı tədbirlər görür?

-“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə (2011-2015-ci illər) Tədbirlər Planı”nın 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün “Məişət zorakılığından müdafiə mexanizmləri”- mövzusunda 50-yə yaxın təlim keçirilib, seminarlar təşkil olunub, tövsiyələr verilib. Komitəyə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılması üçün aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilir.

Komitə tərəfindən “Məişət zorakılğının qarşısının alınması haqqında” Qanununun tətbiq edilməsi məqsədilə dəyişiklik ediləcək qanunvericilik aktları təhlil edilir. Məişət zorakılığına qarşı mübarizəni daha operativ təmin etmək üçün məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsinin optimallaşdırılması, qurbanların sığınacaqlara yerləşdirilməsinin asanlaşdırılması və bununla əlaqədar digər məsələrin qəbul edilməsi diqqət mərkəzindədir. Bu təkliflərin gerçəkləşdirilməsi və gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirtmək üçün Komitənin təşəbbüsü ilə “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Milli Fəaliyyət Planında ən vacib məsələlərdən biri məişət zorakılığına dair Qanunverciliyin təkmilləşdirilməsidir.

Bahar Muradova yüksək vəzifəyə təyin olunacaq

– Qanunvericilikdə zorakılıq əməllərinin yol verilməzliyi təsbit edilsə də, xoşagəlməz hallar bitmək bilmir…

-Ailədaxili münasibətlərdəki ziddiyyətlər ailədən kənara çıxarılmayaraq ailənin daxili işi hesab edildiyindən, ailədaxili zorakılıq halları cəzasız qalırdı. Məişət zorakılığının latent xarakterli olması onunla mübarizəni çətinləşdirirdi. Lakin dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə birgə insan hüquqlarının müdafiəsi üzrə apardıqları kampaniyalar məişət zəminində törədilən zorakılıqların miqyasını aşkar etdi və cəmiyyətə çatdırdı. Bəzən baş verən zorakılıq hallarının ağır olması və zorakılığı törədənin inzibati məsuliyyətə cəlb edilməsi həmin ailələrdə məişət zorakılığının davamlı olmasını göstərir. Təcrübədə məişət zorakılığı halları baş verdikdə zorakılığı törədən şəxslə məişət zorakılığı qurbanı arasında barışıq olduqda başlanılmış inzibati işə xitam verilir. Nəticədə zorakılığı törədən şəxs tərəfindən dəfələrlə bu hal təkrarlanır və cəzasızlığa gətirib çıxarır. Bundan çıxış edərək hazırlanan təkliflərdə məişət zorakılığı ilə bağlı sanksiyaların cinayət məcəlləsinə daxil edilməsi nəzərdə tutulub. Həmçinin Komitə münaqişəli ailələrdə tərəflər (zorakılıq törədən şəxs, zərərçəkmiş şəxs) arasında barışığın qanunvercilikdə cəmi bir dəfə qəbul edilməsini təklif edib.

Azərbaycanda qadın hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmləri daha da gücləndirmək və inkişaf etdirmək üçün yeni beynəlxalq müdafiə mexanizmlərinin tətbiqi məqsədəuyğundur.

 

– İddialara görə, pandemiya dövrü zorakılıq hallarının artmasında zəmin rolunu oynayıb. Doğrudurmu?

-BMT-nin Baş Katibinin pandemiya dövründə qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı üzv dövlətlərə müraciət edərək bəyanat verib. Bu bəyanatla pandemiya dövründə məişət zorakılığı hallarının 30-40 faiz qalxması müşahidə edilib. Lakin Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərdə artım müşahidə edilməyib. Komitəyə daxil olan müraciətlər əsasında məişət zorakılığına məruz qalmış 4 qadın sığınacağa yerləşdirilib.

 

– Zorakılığa məruz qalan əksər qadın nə edəcəyini bilmir. Təbii ki, bu da maariflənmənin az olması ilə bağlıdır…

-Qadınlara qarşı məişət zorakılığı halları ilə bağlı bu sahədə fəaliyyətlərin gücləndirilməsini tələb edir. Eyni zamanda bu sahədə yerlərdə davamlı olaraq fəliyyət göstərmək imkanına malik olan yardım mərkəzlərinin, xüsusilə dövlət yardım mərkəzlərinin yaradılmaması bu gün ən böyük çətinliklərdən biri hesab olunur. Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq dövlət yardım mərkəzlərinin yaradılmaması məişət zorakılığına qarşı mübarizənin hər tərəfli aparılmasına maneçilik yaradır. Bu sahədə akreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının fəaliyyəti isə istənilən səviyyədə həyata keçirilmir.

Pandemiya dövründə yaşayış yerinin tərk edilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə əlaqədar zorakılığa məruz qalan şəxslərin aidiyyəti dövlət orqanlarına müraciət etməsində çətinliklər yaranırdı. Bu problemin həlli məqsədi ilə BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə pilot layihə çərçivəsində məişət zorakılığı ilə bağlı baş vermiş hadisələrlə əlaqədar olaraq Komitədə “qaynar xətt”in yaradılması nəzərdə tutulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir