kiraye

Bakıda kirayə mənzil bazarında vəziyyət necədir?

Baxış sayı: 558

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sabahdan ali məktəblərdə əyani təhsil bərpa edilir. Hər il olduğu kimi, bölgələrdən Bakıya tələbə axını olacaq və kirayə evlərə ehtiyac yaranacaq. Görəsən, Bakıda kirayə mənzil bazarında vəziyyət necədir? Qiymətlər artıb, yoxsa azalıb?

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirir ki, indiki dövrdə Bakı və ətraf qəsəbələrdə əmlak bazarında vəziyyət o qədər də ürəkaçan deyil:

“Bakının mərkəzində tikilməkdə olan pilot layihələr çərçivəsində tikilən binaların sakinlərinin kirayə evlərə köçürülməsi və artıq 3 ildən çoxdur həmin mənzillərin istifadəyə verilməməsi təkrar kirayə bazarına təsirini göstərir. Bakının mərkəzi küçələrindəki hər gün artan pilot layihələr kirayə mənzil bazarında mənzil qıtlığına səbəb olub.

İllərdir kirayədə olan mənzillərin hələ də dolu olması kirayə bazarına təsirsiz ötüşməyib. Keçmiş illərlə müqayisə etsək görərik ki, əvvəl hər gün kirayə mənzil bazarına 30-40 mənzil çıxırdısa, bu gün həmin rəqəm 5-6-ya kimi enib. Bu da öz növbəsində yeni dərs ilinə başlamaqda olan tələbələr üçün ayrıca bir problem yaradıb. Bazarda kirayə mənzillərin olmaması, eyni zamanda yüzlərlə tələbənin ev axtarması Bakıda mənzil kirayə bazarında xaosa səbəb olub. Bu da bazara çıxarılan az sayda evlərin kəskin bahalaşmasına və qıtlığa gətirib çıxarıb. İndi tələbələri əvvəlki kimi bir neçə evə baxıb onlardan birini seçmək yox, bir təhər bir mənzil tapıb yerləşmək düşündürür”.

Həmsöhbətimizin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il kirayə bazarında 20 faizə qədər bahalaşma var:

“Bakının kirayə mənzil bazarında ən çox bahalaşma 600 manata qədər olan evlərdə müşahidə olunur. Bu evlərin daha çoxu sovet dövründə tikilib. Həmin binalardakı evlərin 1 otaqlısı 350-400 manat, 2 otaqlının qiyməti 450-500 manat, 3 otaqlının isə qiyməti 550-600 manat arası dəyişir. Yeni tikilmiş bina evlərində 1 otaqlı mənzil 450-550 manat, 2 otaqlıda 600-700 manat və 3 otaqlı isə yeri və kvadratından asılı olaraq 800-1100 manat arası dəyişir. Tələbələr isə daha ucuz olan evlərə üstünlük verirlər ki, köhnə binalardadır. Bakıda kirayə mənzil bazarı mərkəzdə tikilməkdə olan pilot layihələrin bitməsi və həmin binalardan köçürülmüş sakinlərin öz mənzillərinə qayıtması ilə öz qaydasına düşəcək.

Bakı və ətraf qəsəbələrdə kirayəyə olan tələblərin çoxalması noyabr ayının sonlarına qədər davam edəcək. Noyabr ayı pandemiya ilə əlaqədar tikintisi yubanmış pilot layihələrin yekunlaşması və həmin bina sakinlərinin öz mənzillərinə qayıtması yeni kirayə evlərin təkrar kirayə bazarın çıxmasına səbəb olacaq. Əvvəlki illərdə tələbələr ev tapmaq üçün maksimum 1-2 gün vaxt itirirdilərsə, indi bu rəqəm 10 günə kimi uzanır. Çünki gecə yarı saytlara yüklənmiş bir kirayə ev səhər saat 9-da artıq tutulmuş olur. Müşahidələrim əsasında deyə bilərəm ki, elə olur ki, bazara heç kirayə ev çıxmır. Bu isə o deməkdir ki, paytaxtda təkrar kirayə bazarı yox səviyyəsindədir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir