toy

Bakıda unikal toy: talelər, bayraqlar, şüarlar… – REPORTAJ

Baxış sayı: 1. 208

Müharibənin, döyüşlərin od-alovundan çıxdılar, bəlkə də nə vaxtsa ailə qurub, övlad sahibi olacaqlarını düşünmürdülər heç… İllər keçdi, zaman irəlilədi, tale, qismət sözünü dedi. Müharibə veteranlarının özlərinin tez-tez bir araya gəlməsini kənara qoyaq, övladları bir-birini tanıdı. Onların tanışlığı əvvəlcə dostluğa, sonra isə ülvi məhəbbətə, nikaha çevrildi…

Vətən torpağının hər qarışı uğrunda ölümə hazır olan qazilər ömürlərinin unudulmayacaq günlərini yaşayırlar.

***

Bakıda möhtəşəm toy mərasiminin iştirakçısıyıq. Bu, bizim üçün bir ilkdir. Türkiyə Muharib Qazilər Dərnəyinin İstanbul şöbəsinin baş katibi Ahmet Külakın oğlu Ömər Külakla Əfqanıstan və Qarabağ qazisi Kərim Şirinovun qızı Ramilə Şirinova ailə həyatı qurur.

***

“Bu gün bizim çox xoşbəxt günümüzdür. Bizim atalarımız bir neçə ildir dostluq edir. Biz də ailələrimiz qonaq gedib gələndə tanış olmuşuq” – Ramilə Şirinova deyir.

İlk olaraq bu sevgi Ömər bəyin qəlbində baş qaldırıb. Gəlin danışır: “Mənə ilk dəfə sevgisindən Ömər özü söz açdı. Bir az fikirləşdim, hətta tərəddüd etdim. Amma hissinin ciddiliyinə inandım və sevgimiz qarşılıqlı oldu. Bütün qızlarımıza Ömər kimi cəsur və mərd, sözünün sahibi olan həyat yoldaşı arzulayıram”.

Ömər bəy isə Ramilə qızımızdan qarşılıq görəcəyinə əmin deyilmiş: “Mən Ramilə xanımı ilk gördüyümdə vuruldum. Amma qarşılıq verəcəyinə əmin deyildim. Gözəl və ağıllı qızdır. Mən azərbaycanlı qızların həm də gözəl ailə sahibi olduğunu bilirəm. Atalarımız vətən uğrunda savaşda olublar. Kərim müəllimlə də elə ilk görüşümdə onun Qarabağda keçdiyi ağır döyüş yolunun xatirələri ilə tanış oldum. Ailələrimiz bu evliliyə qarşı çıxmadı, hər iki tərəfin ürəyincə oldu”.

Gənclərin xoş günündə valideynlərin sevinci yerə-göyə sığmırdı. Bəy və gəlinin valideynləri cütlüyə xoşbəxt həyat arzuladılar, türk millətinin gələcəyinin qurulmasında iştirakın məsuliyyətindən söz açdılar.

Qazilərin övladlarının nikah mərasimində Azərbaycanın və Türkiyənin tanınmış ictimai xadimləri, incəsənət adamları, media təmsilçiləri iştirak ediblər.

Bu möhtəşəm toy mərasiminin baş tutmasında xüsusi əməyi olan hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Lent.az -a açıqlamasında bu günü “özəl gün” adlandırıb: “Çox xoşbəxtik ki, gənclərin yanındayıq. Hər ikisi qazi övladlarıdır. Bu birliyin təməli çox möhkəmdir. Arzu edirik ki, bir ömür xoşbəxt olsunlar. Və inşallah, ümid edirəm ki, ilk övladlarının adı Turan olar”.

Mərasimdə hərbi diktor Şəmistan Əlizamanlı da iştirak edirdi. Şəmistan bəy də ürək sözlərini əməkdaşımızla bölüşüb: “Gəncləri təbrik edirəm. Xoşbəxt olsunlar. Hər iksi vətən torpağı uğrunda şücaət göstərmiş qazilərimizin övladıdır. Sevincli gündür!”

Gənclərə bir ömür xoşbəxtlik diləyi ilə…

 

Sevinc Vaqifqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir