intihar

Bakirə intiharlar

Baxış sayı: 674

Sofiya Koppolanın “The Virgin Suicides” bədii filmindəki vəziyyət (“Bakirələrin intiharı” və ya “Bakirə intiharlar”, amerikalı yazıçı Cefri Yevgenidesin eyniadlı əsəri əsasında ekranlaşdırılıb) son dönəm ölkəmizdə gerçəkliyə çevrilir.

Hadisələr 1970-ci illərin Amerikasında baş verir, Lisbonlar ailəsinin beş yeniyetmə qızı intihar edir. Valideynlərin öz təsəvvüründəki ailə sabitliyini, əxlaq kodeksini qorumaqdan ötrü övladlarına ciddi, sərt nəzarəti, evdə emosional gərginlik yaratmaları, qızlarının şəxsi azadlıqlarına basqı edərək, onları istədikləri kimi çəki-düzənə salmaq cəhdi kollektiv intihara yol açır…

Azərbaycanda nə baş verir? Niyə gündəmdə gənc qızların intiharı haqda xəbərlər dolaşır? İntiharların kökündə nə dayanır?

Xatırladığım qədərilə, indiyədək ölkəmizdə əlaqədar rəsmi qurumlar tərəfindən intiharların səbəblərini, baş vermə şəraitini araşdıran əhatəli hesabat, çıxış olmayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytında təqdim olunan müxtəlif hesabatlara nəzər salıram. Hesabatlarda intihar problemi ilə bağlı məqamlara rastlamadım. Yalnız 2017-ci ilin hesabatında belə bir cümlə yer alıb: “Uşaq və qadınlar arasında intihar hallarının baş vermə səbəblərinin öyrənilməsi ilə bağlı tədqiqat aparılmış və hazırda təhlili prosesi yekunlaşdırılmaqdadır”. Vəssalam.

Üç ilədək vaxt keçib və biz niyəsə o tədqiqatın nəticələrini görə bilməmişik.

Bir neçə gün əvvəl isə saytda “Günün aktual problemi – İntihar” başlığı altında məqalə yerləşdirilib. Sevil Atakişiyevanın intiharına cəmiyyətin etiraz, ittiham dalğası fonunda sayt sadəcə, didaktik, ağbirçək tonallığında əhəmiyyətsiz yazıyla kifayətlənib. Müxtəlif saytlara verdiyi açıqlamalarında isə komitə, ən çox intihar hadisəsinin Avropa ölkələrində baş verməsi ilə təsəlli tapır, vətəndaşlardan belə hallarla rastlaşdıqda qaynar xəttə müraciət etmələrini xahiş edir.

Halbuki, dövlət büdcəsindən maliyyələşən komitə ən azı qadın intiharları ilə bağlı araşdrıma, hesabat verməyə, vəziyyətlə bağlı praktik, strateji proqram, tədbirlər planı təklif etməyə borcludur…

Bu, bir tərəfə. Sevil Atakişiyevanın intiharı ilə bağlı sosial şəbəkələrdə növbəti linçləmə prosesi getdi. Bir qism Sevilin mesajlarına əsaslanaraq (ona qoyulan qadağalar, fiziki, psixoloji təzyiq) atasını, digər tərəf isə intihar edəni, onun ünsiyyət qurduğu feministləri günahlandırır.

Amma birinci ondan başlayım ki, Sevilin yardım istədiyi feminist Gülnarə Mehdiyevanın nə vaxtsa şəxsi problemlərini səsləndirdiyi səsli mesajların sosial şəbəkələrdə “psixoloji sabitliyi olmayan biri başqasına necə kömək edə bilər” arqumentilə paylaşılması (ümumiyyətlə, paylaşılması) son dərəcə qeyri-etikdir. Mehdiyevanın isə ən azı şəxsiyyətini, ailə mühitini dəqiq araşdırıb öyrənmədən kiməsə virtual, əlüstü məsləhətlər verməsi yumşaq desəm, məsuliyyətsiz davranışdır. Lakin bütün hallarda vəziyyətin kritik həddə çatması feministlərin günahı deyil. Ailə institutundakı problemlər bir yana, bu, həm də rəsmi qurumlarla vətəndaş arasında dialoqsuzluğun, münasibətsizliyin nətciəsidir. Çünki rəsmi qurumlar çarəsiz vətəndaşların etibarını qazanacaq funksional, kompleks tədbirlər həyata keçirmir, vətəndaş özünü güvəndə hiss eləməsi üçün yetərli şərtlər görmür, hara müraciət edəcəyini bilmir. Nəticədə o, nicatını virtual dünyadakı hansısa qruplarda arayır. Burada da nicat tapmayanda intihar edir.

Sevil Atakişiyevanın ölüm faktı ilə bağlı prokurorluq cinayət işi qaldırıb, bildiyim qədərilə ata təqsirləndirilən şəxs statusunda da deyil. Amma o, sosial şəbəkələrdə artıq günahkar elan olunub. Sosial şəbəkələrdə hadisəylə bağlı virtual məhkəmənin qurulması, atanın cinayətkar elan olunması, cəza kəsilməsi təkcə emosional, şüvən yanaşma deyil, eyni zamanda istintaqa, məhkəməyə etibarsızlıqdan qaynaqlanır. İnsanlar qərarlarında həm də ona görə əmindirlər ki, real mənzərənin ümumi konturları haqda məlumatlıdırlar. Şəxsi təcrübə və müşahidələrindən yola çıxaraq Sevil Atakişiyevanın, digər gənc qadınların intihar səbəbləri haqda əminliklə mühakimə yürüdür, dəlil sübut olmadan kimlərisə ittiham edirlər. Lakin…

Real hadisələr əsasında çəkilmiş xeyli məhkəmə filmləri, hüquq dramları izləmişəm. Həm kino təcrübəm, həm şəxsi təcrübə və müşahidələrim istisnasız olaraq, bu fikrə sadiq qalmağımı tələb edir: görünən, yazılan hər şey həqiqət deyil və ya olmaya bilir. Hər həqiqətin bilinməyən tərəfləri, gizlədlən, görünməyən detalları mütləq vardır. Misal üçün, Sevil mesajlarında onu atasına döydürdüyü üçün anasını ittiham edir, ana isə səs mesajlarında hönkür-hönkür ağlayaraq atanın qızını döydüyünü deyir, məhz onu günahkar sayır. Həqiqət haradadır?

Ata öz tərbiyə metodunun (“Haqqım da çatır ata kimi qışqırmağa. Nə edəydim, buraxardım çöl qızı olardı? Təpinmək olmalıdır, mənə də təpiniblər. Mən inanmıram elə uşaq olsun ki, zamanında valideyni ona söz deməsin”) normallığına əmindir, amma bəzi məqamlarda qızının individual kimliyini gözardı etməməsi də var. Sevil vaildeynləri ilə selfi çəkilişlərində xoşbəxt görünür, yazışmalarında onlardan narazılğını, eyni zamanda atasının pis insan olmadığını qeyd edir, bundan başqa elədiyi hansısa xəyanətlərdən, özünə güvənmədiyindən söz salır. Yaxud ata ATV kanalına müsahibəsində qızının rəfiqəsinin, nişanlısının sorğu-suala çəkilməsinin əleyhinə çıxır və s.

Qısası ziddiyyətli, qaranlıq məqamlar çoxdur. Əsas məsələ odur ki, onlar aydınlığa çıxacaqmı?

 

Sevda Sultanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir