Nesib Quliyev

Baş pediatr: “100 qadından 90-nın qarnını kəsir, uşağı cərrahiyyə yolu ilə götürürlər”

Baxış sayı: 1. 579

Uşaqlar bizim gələcəyimizdir. Sağlam uşaqlar sağlam gələcək deməkdir. Uşaqların sağlamlığı hər bir valideyni, ümumilikdə cəmiyyəti düşündürən əsas məsələdir. Peyvəndin fəsadları, immun sisteminin zəifliyi, qeysəriyyə əməliyyatı ilə təbii doğuşun fərqi, ana südü ilə qidalandırmama kimi aktual problemlərlə bağlı Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyevlə söhbətləşmişik.

 

– Valideynlər övladlarına peyvənd vurdurmağa qorxurlar. Son vaxtlar peyvəndin fəsadları barədə çox danışırlar. Valideynlərin narahatlığına əsas varmı?

– “Uşağa peyvəndi vurdurmuram” deməyin özü anomal yanaşmadır. Çünki bizim el misalımız var: “Bəy dediyin nədir, bəyənmədiyin nədir?” Bu gün peyvəndin dünyada alternativi yoxdur. Onu əvəz edən ikinci profilaktika üsulu ixtira olunmayıb. Təsəvvür edin ki, peyvənd 7-ci əsrdən vurulur. 14 əsrdir ki, peyvənd insanlara məlumdur. 14 əsrdir ki, peyvəndə tayı-bərabəri olan bir vasitə tapılmayıb. Məhz peyvənd yolu ilə uşaqlarımızı qorxulu, yoluxucu xəstəliklərdən xilas edə bilərik. Valideyn uşağa peyvənd vurdurmursa, çox böyük səhv edir. Çünki Azərbaycan dövləti Səhiyyə Nazirliyi dövlət vəsaiti hesabına dünyanın ən inkişaf etmiş ölkələrində istifadə olunan 11 yoluxucu xəstəliyə qarşı peyvənd preparatlarını alıb gətirir. Valideyn “peyvənd istəmirəm” dedikdə, görün, necə böyük qəbahət edir! Öz uşağını risk altında qoyur. Hal-hazırda Gürcüstanda, Bolqarıstanda, Ukraynada, hətta Avropa ölkələrində, Niderlanda, Rumıniyada da qızılca epidemiyası var. Sizcə, bizdə niyə qızılca epidemiyası yoxdur? Peyvəndə görə. Uşaqlara qızılcaya qarşı peyvənd vurulmasaydı, burada da epidemiya başlayacaqdı. Məsələn, difteriya, qızılca, poliomielit xəstəliyi Azərbaycanda yoxa çıxıb. Göy öskürək sıfır həddinə çatıb. Bu, vaksinasiya hesabına olub.

 

– Hansı hallarda peyvənd vurdurmaq olmaz?

– Bu gün vaksinlər o qədər təkmilləşib ki, demək olar, əks göstərişləri qalmayıb. Nadir hallarda, məsələn, uşaq şiş xəstəliyi ilə bağlı müəyyən preparatlarla müalicə alırsa, QİÇS-lə xəstədirsə, peyvənd vurdurmaq olmaz.

 

– Peyvəndi özəl, yoxsa dövlət tibb müəssisələrində vurdurmaq doğrudur? Çox vaxt keyfiyyətə gəldikdə, üstünlük özəllərə verilir…

– Özəl tibb müəssisələri öz vaksinlərinin adlarını reklam edirlər ki, bizimki bahalıdır, keyfiyyətlidir. Bunlar hamısı uydurma söhbətlərdir. Çünki vaksinlərin harada hazırlanmasından asılı olmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strateji nəzarət qrupu tərəfindən ona nəzarət olunur. Bir ölkədə vaksin istehsal edən zavod varsa, o, bir ölkəyə xidmət eləmir, dünyaya aiddir. Yəni ÜST-nin bütün tələbləri yerinə yetirilməsə, o vaksini istehsal edə bilməzlər.

 

– Havalar soyuduqca uşaqlar davamlı xəstələnir. Uşaq bağçaları və məktəblər az qala virus, infeksiya mənbələrinə çevrilib. Bunun səbəbi nədir? Son dövrlər uşaqlar niyə bu qədər çox xəstələnir?

– Payız və qış aylarında uşaqlar xəstələnməsin deyə, hazırlıq işləri yayda aparılmır. El misalında deyilir ki, “qışın tədbirini yayda görmək lazımdır”. Elə xəstəliklər var ki, onları biz mövsümi xəstəliklər adlandırırıq. Payız və qış fəsli üçün xarakterik olan xəstəliklərə soyuqdəymə də deyirlər. Bu xəstəliklərin də baş qaldırmasının səbəbləri var. Birincisi, qeyd etdiyiniz kimi havaların soyuması ilə bağlıdır. Soyuq havanın təsirindən bədəndə də soyuma baş verəndə mikroorqanizmlərin inkişafı üçün münbit şərait yaranır və onlar sürətlə inkişaf etməyə başlayırlar. İkinci səbəb odur ki, payız mövsümünün başlanması ilə bağlı uşaq kollektivləri fəaliyyətə başlayır. Uşaq bağçaları, məktəblərdə uşaqlar bir-birilə sıx təmasda olurlar. Nəticədə bir nəfər uşağın xəstələnməsi digər uşaqların xəstələnməsinə gətirib çıxara bilər. Bakterial və virus mənşəli xəstəliklərə tutulma ehtimalı sürətlə artır. Uşaqlardan biri öskürəndə hava damcı yolu ilə infeksiya tez bir zamanda o biri uşaqlara da keçir.

Uşaqlar yay mövsümündə təbiətin bəxş etdiyi günəş vannası qəbul etməlidir. Onların qida rasionu təzə qidalar, meyvələr, tərəvəzlərlə zəngin olmalıdır. Dəniz havası, istirahət, qum da uşaqların immun sisteminin gücləndirilməsində əvəzsizdir. Bunların hamısından mümkün qədər yararlanmaq lazımdır ki, uşağın orqanizmi möhkəmlənsin. Yayda nə qədər çox bədənin müqavimətini artırmağa çalışarıqsa, qışda orqanizmin müqaviməti, dözümlülüyü bir o qədər artar, xəstələnmələr azalar.

 

– Payız və qış mövsümündə uşaqların geyimində nəyə diqqət etmək lazımdır?

– Havanın birdən-birə 5-10 dərəcə soyuması hər kəs tərəfindən nəzərə alınmır. Uşaqların geyimi də havanın qəfil soyumasına uyğun dəyişdirilməlidir. Kim buna əhəmiyyət vermirsə, soyuqdəymənin ehtimalı qat-qat çoxalır. Valideyn buna fikir verməlidir. Payız təzə başlasa da, havanın sərinləşməsinə baxmayaraq, uşağa yay paltarı geyindirmək olmaz.

 

– Əsasən məktəblərdə uşaqlar quru, hazır, paketdə olan qida məhsulları yeyirlər. Məktəblərdə uşaqların qidalanması necə təşkil olunmalıdır?

– Uşaqların qidalanması həmişə valideynin diqqət mərkəzində olmalıdır. Bəzi valideynlər uşaqlara səhər yeməyi vermədən məktəbə yollayırlar. Uşaq nə çay içir, nə qəlyənaltı yeyir. Səhər yeməyini yeməmək orqanizmin zəifləməsinə və xəstələnməsinə gətirib çıxarır.

Artıq Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birgə məktəblərdə uşaqların qidalanması ilə bağlı metodik vəsait hazırlayıb. Təəssüf ki, valideyn tərəfindən bu qaydalara əməl olunmur. Məktəb bufetlərində ancaq məktəblilərin qidalanması ilə bağlı olan metodik vəsaitdə verilən qidalar satılmalıdır. Məktəbdə şərait yaratmaq lazımdır ki, heç olmasa gündə bir dəfə də olsa, uşaqlar isti qidalardan istifadə edə bilsinlər. Bunların hamısına riayət etmək lazımdır. “Fast food” dediyimiz ayaqüstü qidaları məktəbin bufetinə aparmaq, uşaqlara vermək qəti şəkildə düzgün deyil.

 

– Müasir analarda hansı səhvləri görürsüz?

– Uşaqların əlinə mobil telefon, planşet vermələri bir tərəfə, müasir anaların ən böyük səhvi təbii doğuşu deyil, qeysəriyyə əməliyyatını seçmələridir. Onları aldadaraq təbii doğuşdan kənarlaşdırırlar. Bu, böyük bir bəladır. Bizim doğum şöbələrində 100 anadan 90-nın qarnını kəsir, uşağı cərrahiyyə yolu ilə götürürlər. Uşaq qeyri fizioloji yolla doğulur. Bununla uşaq həyatının bir dövründən məhrum olur. Elm nə qədər müdrikdir ki, uşaq ananın qarnında həmişə gözümüzün qabağındadır, onu aparatla görürük, amma uşaq doğulmamış ona “dünyaya gəldi” demirlər.

Qeysəriyyə əməliyyatına “Sezar əməliyyatı” da deyirlər. Rəvayətə görə, Yuli Sezarı ölü ananın bətnindən çıxarıblar. “Sezar əməliyyatı”nın mahiyyəti ölü ananın qarnından uşağı çıxarmaqdır. Ciddi problem yaranarsa, ana həyatını itirərsə, uşağı xilas etmək üçün bu əməliyyatı edərlər. İndiki cavanların kobud səhvi odur ki, təbii doğuş etmək istəmirlər, tibb işçiləri onları yoldan çıxarır, onlar da razılaşır ki, “yaxşı, kəs götür uşağı”. Bətndəki həyatla bətndən kənardakı həyat fərqlidir. O fərqi aradan götürmək üçün mütləq təbii doğuş dövrü yaşanmalıdır. Təbii doğuş zamanı elə şeylər olur ki, onu əvəz etmək olmur. Körpə süni yolla dünyaya gələndə onun ağ ciyərləri su ilə dolu qalır. Çünki təbii doğuş prosesində doğuş yollarında uşaq müəyyən proseslə sıxılır, ağ ciyərində olan su kənarlaşdırılır. Həmin anda ağız və ya burundan tənəffüs olmadığından boğulma olmur. Ona görə də uşaq doğulan kimi qışqırır. Tibdə bu, ilk tənəffüsdür. Bu ilk tənəffüsün uşağın sonrakı həyatında rolu böyükdür. Cərrahi əməliyyatda isə uşaq ana bətnindən çıxarılanda ağciyərlərində su qalır. Buna isə fetal mayenin ləngiməsi deyilir, nəfəs yollarında olan maye yerində qalır. Bu gün dünyada uşağın nəfəs yolları və ağciyərindəki həmin suyu çıxarmağa heç bir texnologiyanın gücü çatmır. Həmin uşaqlar doğulandan sonra inildəməyə başlayır. Ona görə də bu uşaqlarda adaptasiya uzun çəkir. Həmin maye ancaq qana sorulandan sonra tədricən uşağın tənəffüsü tənzimlənir.

İkinci səhv odur ki, dünyaya uşaq gətirirlər və onu əmizdirmirlər. İnsandan başqa heç bir canlıda siz bu halı görə bilməzsiz. Təbiətin elə qanunu var ki, onu heç vaxt pozmaq olmaz! Hər bir canlının öz balası üçün hasil etdiyi qida maksimum spesefik və maksimum adekvatdır. Yəni, bir canlının öz balası üçün hasil etdiyi qida onun balasından başqa, yəni insandan başqa heç bir canlıya uyğun gəlmir. İnsan övladının tələbatını insan südü qədər adekvat şəkildə ödəyən ikinci qida yoxdur. Heyvanlar bunu başa düşür, bu qanunu biri də pozmur. Biz – şüurlu insanlar bu qanuna məhəl etmirik. Doğma ana dünyada hamıdan çox istədiyi balasına ən böyük xəyanəti edir. Ana körpəyə ana südü verməməklə onu ölümlə üz-üzə qoyur.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir