pediatr

Baş pediatr: “İnsandan başqa öz balasını qeyri-təbii yolla dünyaya gətirən başqa canlı yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 2. 086

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə  1 yaşına qədər ölən uşaqların sayı 11 promilli olub. Yəni  hər min nəfər diri doğulan körpədən 11-i tələf olub. 2015-ci ildə kənd yerlərində 431 körpə, şəhər yerlərində 1602 körpə olmaqla 2033 körpə tələf olub. Körpə ölümlərinə səbəb nədir? K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyevlə söhbətimizdə bu, eləcə də uşaq xəstəlikləri və peyvəndlər haqqında danışdıq.

– Dövlət Statistika Komitəsinin məlumatlarında ölkədə 1 yaşına qədər olan körpə ölümlərinin sayında azalma müşahidə edilsə də, bəzi KİV-lərdə bunun sayının artdığı bildirilir. Bəs reallıq necədir?

– Bizim ölkədə uşaq ölümünün səviyyəsi hələ sovetlər dövründə, hətta Çar Rusiyası zamanında çox yüksək olub.  1913-cü ildə hər 1000 nəfər diri doğulan uşaqdan 1 yaşa qədər 273 nəfəri tələf olub. Görürsünüzmü, nə qədər böyük rəqəmdir. Bizdə 1935-ci ilin də məlumatı var. Burada göstərilir ki, Azərbaycanda o zaman 2933000 əhali yaşayıb. Onlardan bir il ərzində 7020 nəfəri 1 yaşa çatana qədər tələf olublar. Həmin dövrdə uşaq ölümü 107 promilli təşkil edib. Bu da o deməkdir ki, hər diri doğulan 1000 uşaqdan 107-si tələf olub.
Azərbaycanın müstəqilliyinin ilk illərində – 1992-93-cü illər – ölkə əhalisinin sayı 7 milyon olub və 1 yaşa qədər ölən uşaqların sayı 4900 nəfərdən çox olub. Ölkədə o vaxt körpə ölümü göstəricisi 28,5 promilliyə bərabər idi. İndi Azərbaycanda körpə ölümü göstəricisi hər 1000 nəfərə 10-12 arası dəyişir. İllərin statistikasına nəzər salsaq görərik ki, körpə ölümü çox azalıb. Ancaq çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələlərdə qeyri-obyektiv mövqe tuturlar. Onların öz hesablama formulları var və bu “sirr”lərini heç kimə demirlər. Onlar Azərbayacanda uşaq ölümünü müxtəlif zamanlarda çox yüksək göstəriblər. UNİCEF və digər beynəlxalq təşkilatların dərc etdirdiyi “Dünyada Uşaqların Vəziyyəti” jurnalında 2001-2002-ci illərdə Azərbaycanda 5 yaşa çatana qədər uşaqlar arasında ölüm 105  promilli göstərilmişdi. Bir yaşa qədər uşaqlar arasında olan ölüm 90 promil göstərilib. Həmin vaxt Azərbaycan Qana Respublikası ilə bir səviyyədə yer almışdı. O vaxt UNİCEF-in Azərbaycan təşkilatının sədri olan Akif Saatçıoğlu ilə kəskin mübahisəmiz düşdü və o bildirdi ki, “biz bu göstəricini yüksək yazmasaq, ölkəyə vəsait ayırmazlar. Azərbaycandakı UNİCEF ofisinə vəsait ayrılsın deyə biz belə edirik”.
Görürsünüzmü, həqiqət qalıb bir tərəfdə, hər kəs öz mənafeyini düşünür ki, beynəlxalq təşkilatlar kimə nə qədər pul ayıracaq. Amma düşünürəm ki, burada da ikili standartlar  mövcuddur. Çünki elə ölkələr var ki, onların statistika komitələrinin verdiyi rəqəmlərlə, göstəricilərlə beynəlxalq təşkilatların qeyd etdiyi rəqəmlər üst-üstə düşür, bir qisim  ölkələrdə isə bu tamam fərqli olur. Burda da xoşagəlməz siyasət yürüdülür.

– 1-5 yaşa qədər uşaqlar arasında ölümə səbəb olan əsas hansı xəstəliklərdir?

– Bu yaşda olan uşaqlarda xəstəliklər anadangəlmə və sonradan qazanılmış xəstəliklərdir. 1 yaşa qədər uşaqlarda ölüm səbəbi kimi əsasən anadangəlmə xəstəliklər olur. Sonrakı yaşlarda isə xəstəliklər qazanılmış xəstəliklərdir. Xarici mühit, cəmiyyətin təması və digər amillərdən xəstəliklər əmələ gələ bilər. Ona biz tibb dilində qazanılmış xəstəliklər deyirik. Yəni 1-5 yaş dövründə ölümə səbəb olan xəstəliklər əsasən qazanılmış xəstəliklər olur. Ölüm törədən faktorlar arasında birinci yeri tənəffüs sistemi xəstəlikləri tutur. Bu, bütün dünyada belədir.  Məsələn, elə xəstəliklər – göy öskürək, parotit, pnevmaniya – var ki, onların aradan qaldırıması üçün peyvəndlər vurulur. Son 2-3 ilə qədər Azərbaycanda pnevmaniya xəstəliyinə qarşı peyvənd olunmurdu. 2011-ci ildən etibarən buna başlanılıb.

– Azərbaycanda uşaq ölümünün azaldılması istiqamətində nə kimi işlər görülür?

– Azərbaycanda uşaq ölümünün azaldılması ilə bağlı çoxsaylı  dövlət proqramları, tədbirlər həyata keçirilir. 2005-ci ildən Səhiyyə Nazirliyinin Kollegiya iclasında “Ana və uşaq mühafizəsi işinin” səhiyyənin prioriteti olduğu müəyyən olunub. O vaxtdan artıq 3-cü Dövlət Proqramı həyata keçirilir. Sonuncu Dövlət Proqramı 2014-2020-ci illəri əhatə edir. Həmin proqram Azərbaycanda ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında dövlət proqramıdır.  Məsələn, 2006-2010-ci ilə qədər ölkənin 7 bölgəsində  perinatal mərkəzlər yaradılıb. Doğum evlərində neonatal dövrdə və perinatal dövrdə uşaqlara xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində çox aylı tədbirlər həyata keçirilib. Və təbii ki, bunun nəticəsində uşaq ölümündə azalma meyli 1994-cü il ilə müqayisədə 3 dəfəyə yaxın azalıb. Amma bu, bizim ölkə üçün son hədd deyil. İqtisadi, sosial, mədəni inkişafımız tələb edir ki, bu göstəricilər bir az da ensin və dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni olsun. Bir həqiqəti də bildirmək istəyirəm ki, dünyada uşaq ölümünə səbəb olan faktorlar arasında tibbi xidmət 5-ci yerdədir.  Yəni ölkədə olan uşaq ölümünün səviyyəsinin azalması təkcə tibbi xidmətlə deyil, mövcud olan iqtisadi, mədəni  inkişafla, sabitlik, siyasi stabilliklə qiymətləndirilə bilər.

– Bəzən uşaq ölümündə valideynlər də günahkardır. Belə ki, xüsusən, kənd yerlərində ailələrdə uşaqların sağlamlığına daha az fikir verilir. “Soyuqdəymədir, keçib gedər”, “uşaq xəstələnə-xəstələnə böyüyər” deyə-deyə uşağı son anda həkimə  aparırlar. Bu isə bəzən gec olur…

–  Valideynlərin uşağa münasibəti çox mürəkkəb məsələdir və çoxsaylı faktorlarla bağlıdır. Burada məişət münasibətlərindən tutmuş iqtisadi məsələlərə, insanların mədəni inkişaf səviyyəsinə qədər, savadlılıq dərəcəsindən asılı olaraq dəyişilir. Ona görə də elə faktorlar var ki, valideynlərin uşaqlara olan münasibətlərinə mənfi təsir göstərir. Məsələn, oxumuş, savadlı bir ananın uşağa münasibəti və oxumamış, savadsız ananın uşağa münasibəti tam fərqlidir.

Bu gün uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində daha çox işlər və tədbirlər görülür, nəinki bir ailə səviyyəsində. Yəni biz bir ailə başçısının  uşağın sağlamlığı istiqamətində səylərini yetərincə görmürük. Hər şey təkamüllə gedir, burada inqilab etmək çox çətindir. Bu işdə inkişafa nail olmaq lazımdır. Bir çox ailələrdə uşağın inkişafı ilə maraqlanmırlar. Biz çalışmalıyıq ki, insanlar uşaqlara qarşı diqqətli olsunlar.  Çünki dünyada çoxlu araşdırmalar aparılıb, nəticələr əldə edilib. Bu gün sual versələr ki, dünyada ən çox hüququ pozulan kimdir? Ziyalılar düşünmədən cavab verər ki, uşaqlar. Ona görə ki, uşaqlar öz hüquqlarını  müdafiə edə bilmirlər. Başqa dillə desək, onların haqqı bizim vicdanımızdan asılı vəziyyətdədir. Uşaq təkcə övlad deyil, cəmiyyətin bir üzvüdür. Valideynin belə övladın hüququnu  pozmağa ixtiyarı yoxdur. Unutmamalıyıq ki, uşağı siyasətə qatmaq olmaz. Biz “Azərbaycanda uşaq ölümü artıb” deməklə uşaqlarımıza qarğış etmiş oluruq. Deməliyik ki, uşaqlarımız ölməsin, sağlam və xoşbəxt böyüsünlər.

– Bir neçə il əvvəl “Uşaqların icbari dispanserizasiyası  haqqında” qanun qəbul edildi. Valideynlər uşaqların kompleks  tibbi müayinələrinə maraqlıdırmı?

– Bu qanunda göstərilir ki, uşaqların xəstəliklərdən qorunması, onların kompleks tibbi müayinələrdən keçməsi ilə bağlı məsələlərdə uşağın valideyni və yaxud qanuni himayədarı imtina edirsə, ondan yazılı izahat tələb olunur. Əsas yoxdursa, onu cərimə edə bilərlər. Bu qanun bütün uşaqlara aiddir. Ötən il ölkədə olan uşaqların 92%-i kompleks tibbi müayinələrdən keçirilib. Çalışırıq bu rəqəm gələcək dövrlərdə 100% olsun. Çünki uşaqların kompleks  tibbi müayinədən keçirilməsi və erkən yaşlarında bunun aparılması bir sıra anadangəlmə ağır xəstəliklərin vaxtında  aşkarlanmasına şərait yaradır. Erkən olaraq biz o xəstəliyə müdaxilə etməyə başlayırıq, anadangəlmə xəstəliyə erkən olaraq diaqnoz qoyulur və müvafiq olaraq müalicə, sağlamlaşdırıcı tədbirlər həyata keçirilir. Buna görə də dispanzerizasiya haqqında qanunu biz uşaqların sağlamlığının qorunmasına ən vacib sənədlərdən biri hesab edirik.

– KİV-lərdə ölkədə uşaqlar arasında xəstəliklərin artdığı tez-tez qeyd olunur…

– Ölkədə uşaq ölümü, uşaq xəstəlikləri artsa, görərik. Bizim xəstəxana 245 çarpayılıqdır və 150 xəstə var. Əgər xəstəlik çoxalmış olsa, yer də dolar, çıxıb deyərəm ki, əlavə yerə ehtiyac var. Reallıq budur. Kimsə eşidir ki, hansısa uşaq dəniz kənarında qusdu, ishal oldu, onda qastrit əlamətləri göründü, buna baxıb deyirlər ki, ölkədə mədə-bağırsaq xəstəliklərinin sayı artıb. Çox istərdim ki, bu məsələlərdə mövqe ağırlığı olmasın. KİV-lərə təklif edərdim ki, reallığı əks etdirsinlər, şayiələrə inanmasınlar. Müvafiq tərəflərlə araşdırma apardıqdan sonra mövqelərini bildirsinlər.

– Əhali arasında peyvəndə inamsızlıq nədən irəli gəlir?

– Deyirlər, “bəy dediyin nədir, bəyənmədiyin nə”. Mən peyvəndi qəbul etməyən insanların mövqeyini normal qəbul edə bilmirəm. Peyvəndlər 7-ci əsrdə Şərq ölkələrində – Hindistan, Çin və Orta Asiyada başlayıb və qədim türklərlə də bağlıdır.  Bu günə qədər keçən 14 əsrdə peyvəndin alternativi hələ aşkar edilməyib. Buna görə də peyvəndə qarşı mənfi münasibət göstərmək normal hal deyil. Amerika Beynəlxalq Xəstəliklərə Nəzarət təşkilatının apardığı araşdırmalara görə, məhz peyvənd vasitəsilə ildə 3 milyon uşağın həyatı ölümdən xilas edilir. Araşdırmalar göstərir ki, XX əsrin tibbinin bir nömrəli zəfəri peyvənddir. Əgər belədirsə , biz peyvəndi niyə bəyənməməliyik? Mən “Ekspress” qəzeti vasitəsilə valideynlərə müraciət etmək istəyirəm. Valideynlər bilməlidirlər ki, uşaqların peyvənd edilməməsi onların qorxunc, sağalmayan, yoluxucu xəstəliklərə tutulmasına səbəb ola bilər. Peyvənd dövlət vəsaiti hesabına aparılır. Hər kəsin bu işə diqqətlə yanaşmasını xahiş edirəm.

– Son zamanlar qadınlar daha çox qeysəriyyə yolu ilə azad olmağa üstünlük verir…

– Uşaqların təbii yolla doğulub böyüməsi məsələsindən cəmiyyət get-gedə uzaqlaşır. Bu da çox böyük problemdir. Bu, əslində cəmiyyətin problemidir. Dünyada insandan başqa elə bir canlı tapa bilməzsiniz ki, öz balasını qeyri-təbii  yolla dünyaya gətirsin və ona başqasının qidasını versin.  Amma bu gün dünyaya uşaq gətirmək istəyən ana deyir ki, “hamı cərrahi yolla doğur, mən də istəyirəm uşağımı cərrahi yolla dünyaya gətirim”. Bu, təbiətin qoyduğu yolun əskinə yönəlmiş bir yoldur. Ruslar uşağın cərrahi yolla doğulmasına “doğulma” yox, “xaric edilmə” deyirlər. Uşaq cərrahi yolla xaric edilirsə, buna valideyn və tibb işçiləri səbəb olursa, bu məsələ kökündən dəyişməlidir.

Və yaxud dünyaya uşaq gəlir, ona ana südü vermirlər. Bu, bizim üçün anlaşılmaz məsələdir. Anadan soruşanda isə deyir ki, “südüm yoxdur”. Bu, insanların fikrini yanıltmaq üçün söylənilmiş yalandır. Elm sübut edir ki, 9 ay müddətində ananın bətnində təkcə döl böyümür, həm də döş vəziləri inkişaf edir. Necə olur döl böyüyür, doğulur, amma süd vəzisindən süd yoxa çıxır? Bunların hamısı uşaqların sağlamlığına vurulan zərərlərdir. Bunlar bizdən asılı deyil, bu, birbaşa valideynlə – doğma ana ilə bağlıdır. (Ekspress.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir