valideyn

Baş pediatr: “Uşağa göz yox, bakteriya dəyir”

Baxış sayı: 743

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb. Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər, 2016-cı ildə 1 666 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib. Ötən il hər 10 000 nəfər diri doğulana, bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 113,6 uşaq düşüb. 2015-ci ildə bu rəqəm 109,5, 2014-cü ildə 102,5, 2013-cü ildə 107,9 olub. Ötən illərlə müqayisədə 1 yaşına qədər  uşaqlar arasında ölümün azalması sevindirici haldır. Bəs biz buna necə nail olmuşuq?

 

“Xəstəliklərin kökünün kəsilməsini bacarmışıq”

Baş pediatr Nəsib Quliyev bildirdi ki, Azərbaycanda ümumiyyətlə, uşaq ölümünün səviyyəsi müstəqilliyin ilk illəri ilə müqayisədə 3 dəfəyə qədər azalıb. Onun sözlərinə görə, əgər 1992-93-cü illərdə 1 yaşa qədər uşaqlar arasında ölüm göstəricisi 29,5 idisə,  (hər min nəfər doğulan uşaqdan 1 yaşa çatanadək 29 nəfər tələf olurdu) keçən 25 il ərzində bu göstərici azalaraq 10,2-yə çatıb: “Ölkəmizdə uşaq ölümünün səviyyəsi günbəgün azalmaqda davam edir. Azərbaycanda müstəqilliyin ilk illərində qoyulmuş səhiyyə strategiyası səhiyyəmizi 90-cı illərdə ağır böhrandan çıxartdı, 2000-ci illərdə də inkişaf və yüksəliş mərhələsinə çatdırdı. Təsəvvür edin ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yoluxucu xəstəliklər baş alıb gedirdi. Poliomielit, difteriya, qızılca, qızılca məxmərəyi uşaqlar arasında epidemiya həddinə çatmışdı və çoxsaylı uşaq məhz bu xəstəliklərdən tələf olurdu. Amma müstəqilliyin ilk illərində uşaqlar cəmi 5 xəstəliyə görə peyvənd olunurdusa, indi  peyvənd olunan xəstəliklərin sayı 11-ə çatıb. Bayaq saydığımız xəstəliklər epidemiya həddində idisə, indi artıq Azərbaycan bu epidemiyanı ləğv etmiş ölkələr siyahısındadır. Biz bu xəstəliklərin ölkə səviyyəsində kökünün kəsilməsinə nail olmuşuq. Bunlar sadə məsələ deyil. İlk dəfə hələ 90-cı illərdə Heydər Əliyevin bu sahəyə göstərdiyi böyük dəstək nəticəsində, o zaman Avropadan heç bir MDB ölkələrinin ala bilmədiyi  kredit dəstəyi hesabına bu preparatlar, vaksin materialları, zərdablar ölkəyə gətirildi. Nəticədə, biz o ağır vəziyyətdən MDB ölkələri arasında birinci olaraq çıxdıq. Sosial məsələlərin həlli dövlət üçün prioritetdir. Bununla paralel olaraq, təbii ki, Səhiyyə Nazirliyi tərəfindən ardıcıl olaraq həyata keçirilən silsilə dövlət proqramları əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırılmasına gətirib çıxardı. 2006-cı ildən etibarən ana və uşaqların mühafizəsi dövlətin və Azərbaycan səhiyyəsinin prioriteti kimi müəyyən edildi.  Hazırda da 2014-2020-ci illəri əhatə edən “Azərbaycanda ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” haqqında dövlət proqramı fəaliyyətdədir. 2009-cu ildə ölkə prezidentinin sərəncamı ilə ölkəmizdə uşaq ili elan olundu. 2013-cü ildə isə ölkədə “Uşaqların icbari dispanserizasiya” haqqında qanun qəbul olundu. Bu qanun əsasında artıq Azərbaycanda dövlət hesabına uşaqlar ilboyu kompleks tibbi müayinədən keçirilir.  Hazırda dünyada mövcud olan vaksin preparatlarının ən təkmilləri Azərbaycanda tətbiq olunur. Buna bənzər çoxsaylı tədbirlərin nəticəsində, bu nailiyyətləri əldə etmişik. Yaxın gələcəkdə bu göstəricilər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatacaq”.

 

“Əgər ana bunu etmirsə…”

Baş pediatr deyir ki, burada dövlətlə yanaşı valideynlərin, xüsusilə də anaların üzərinə böyük məsuliyyət düşür. Həmsöhbətimiz analara da məsləhətlər verdi: “Uşaq ölümü göstəricisinin 4,3 hissəsini 1 yaşa qədər, xüsusilə də çağalıq dövründə olan uşaqlar təşkil edir. Ona görə də təsadüfi deyil ki, 2006-cı ildən 2010-cu ilə qədər olan dövrdə Azərbaycanın 7 bölgəsində perinatal mərkəzlər yaradıldı ki, yeni doğulan uşaqlara daha yüksək qayğı və tibbi xidmət göstərilsin. Analara birinci məsləhətimiz odur ki, bütün canlılar kimi, insanlar da dünyaya gətirdiyi balalarını öz qidaları ilə, yəni ana südü ilə bəsləsinlər. Hər kəs bilməlidir ki, uşaqların arasında xəstələnmə və ölümün qarşısını almaq üçün dünyada yeganə və əvəzolunmaz və ən böyük effektli bir üsul var, o da dünyaya gələn körpələrin təbii yolla bəslənməsidir. Əgər ana bunu etmirsə, dövlət nə qədər tədbir görsə də, bunun effekti görünməyəcək. Guya balasını dünyada hamıdan çox istəyir, amma doğma uşağına süd verməkdən imtina edir. İkinci məsələ, uşaqlara qulluq, bəslənmədir. Uşaqlara maksimum dərəcədə diqqət, qayğı göstərmək lazımdır. Elm sübut edir ki, uşaq dünyaya gələn andan zahılıq dövrü başa çatana kimi, yəni şərq təqvimi ilə 40 gün ərzində kənar adamlarla təmasda olmamalı, ancaq öz anasının yanında olmalıdır. Onun bədənində lazım olan bakterial flora formalaşdıqdan sonra onu camaatın içinə çıxarmaq olar. Bizdə isə əksər hallarda uşaq doğulandan 1 həftə sonra doğum evindən buraxılır. Qohum-qardaş qalmır, hamısı gəlib onu qucağına götürür. Bu xeyir əvəzinə zərər verir. Çünki ətrafda yad olan bakteriyalarla uşaq yoluxmağa başlayır. El arasında deyirlər ki, göz dəydi. Əslində göz dəymir, o uşağa bakteriya dəyir. Bütün valideynlər bilməlidir ki, uşaq böyütmək mürəkkəb prosesdir. Bu yükü təbiətin verdiyi güc hesabına, qanunlara riayət etməklə yerinə yetirmək lazımdır. Üçüncü məsələ isə ailə planlamasında çoxlu səhvlərə yol verilməsidir. Hər kəs bilməlidir ki, insanın da başqa canlılar kimi təbiət tərəfindən yaradılmış reproduktiv stili mövcuddur. Yəni uşaq dünyaya gəldiyi andan, onu 2 il əmizdirməklə, hamiləlikdən kənarda qalmalıdır. Doğulmuş uşaq 2 yaşa çatana qədər ana südü ilə bəslənir, sonra ana südündən ayrılır. Ana bu zaman təkrar hamilə olur və birinci uşağın 3 yaşı olanda 2-ci uşaq dünyaya gəlir. Normalı budur. Amma bəzən görürük ki, ananın qucağında 9 aylıq uşaq var və 6 aylıq hamilədir. Hər kəs dərk etməlidir ki, uşaqla bərabər, hamiləlik üçün ana orqanizmi də hazırlıq dövrü keçməlidir və hamiləliyə hazırlanmalıdır. Buna riayət etməyib, problem çıxarırlarsa, burada tibb işçisini günahlandırmaq olmaz”.

 

İnsanlar daha çox maarifləniblər

Tibb eksperti Adil Qeybulla da hesab edir ki, hazırda tibbi xidmətin təşkilində olan uğurlar və insanların maariflənməsi ölüm statistikasını azaldıb: “Əvvəllər evdə doğuşlar var idi, bunların sayı azalıb. Bütün bunlar ümumi statistikaya təsir edir. İnsanlar daha çox maarifləniblər və hazırda hamiləliyin planlaşdırılması məsələsinə ciddi yanaşırlar. Əvvəllər qadınlar yoxlanmadan hamilə qalırdılar və uşaqlar müəyyən xəstəliklərlə dünyaya gəlirdi.  Hazırda yoxlanmalar gedir, ana bətnində olan xəstəliklərin əmələ gəlməsinin qarşısı alınır. Ən əsası isə uşaqlar pediatr müayinəsindən tez-tez keçir və peyvəndləri vaxtlı-vaxtında vurulur”. Qeyd edək ki, ötən il tənəffüs sistemi xəstəliklərindən 173, bəzi infeksion və parazitar xəstəliklərdən 37, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından), deformasiyalar və xromosom pozğunluqlarından 151 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 7 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib. (Kaspi.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir