vaqif verdiyev

Baş travmatoloq: “Xəstələrin xarici ölkələrə transferi biznesiylə məşğul olanlar var” – MÜSAHİBƏ

Baxış sayı: 1. 989

“Əgər 10 il əvvəl zədələnmələr daha yüngül olurdusa, yəni adi bir həyat, məişət travmaları daha çox üstünlük təşkil edirdisə, indi “inomarkalar” dediyimiz yüksək sürətli xarici avtomobillər, yol infrastrukturumuz, yüksək sürət elə bir zədələnmələrə gətirib çıxarır ki, insanlar qəzalar zamanı aldıqları zədədən yerindəcə keçinirlər”. “Gencaile.az”ın məlumatına görə, bunu “Ekspress”ə müsahibəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat  Tavmatologiya və Ortopediya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Verdiyev deyib. Respublikanın baş travmatoloqu müsahibəsində son zamanlarda insanların aldığı travmaların ağırlaşmasından, müasir dövrə xarakterik həyat tərzinin səbəbkarı olduğu xəstəliklərdən danışıb.

– Rəhbərlik etdiyiniz instituta daha çox hansı xəstəliklərlə, şikayətlərlə bağlı müraciətlər daxil olur?
– Bizim institutda travmotologiyanın bütün sahələri fəaliyyət göstərir. Amma xəstə axını əsas etibarilə travmalarla əlaqədardır. Ortopedik xəstəliklərlə bağlı xəstələr isə planlı şəkildə müraciət edir. Travmalar son zamanlar daha ağır olur. Bizim instituta daha çox daxil olanlar hal-hazırda zədə almış xəstələrdir.

– Travmaların son zamanlar daha ağır oldluğunu söylədiniz. Bu, nəylə bağlıdır?
– Əgər 10 il əvvəl zədələnmələr daha yüngül olurdusa, yəni adi bir həyat, məişət travmaları daha çox üstünlük təşkil edirdisə, indi “inomarkalar” dediyimiz yüksək sürətli xarici avtomobillər, yol infrastrukturumuz, yüksək sürət elə bir zədələnmələrə gətirib çıxarır ki, insanlar qəzalar zamanı aldıqları zədədən yerindəcə keçinirlər. Digərləri də, ixtisaslşamış travmotoloji müəssisələrə gəldikdən sonra onlara çox ciddi, professional yanaşma tələb olunur. Belə xəstələr, bəzən 3-4 siqmentini sındırır, oynaq-çanaq sınıqları, onurğa sınıqları olur, döş-qəfəs orqanları, qarın boşluqları orqanları zədələnir, belə hallarda bu xəstələri həyata qaytarmaq o qədər də asan iş olmur. Ona görə biz institutda yeni texnologiyalardan istifadə edir, ən müasir müalicə üsullarını tətbiq edirik. Əvvəllər bu xəstələr yataq xəstələri olurdularsa, bir neçə siqmentin sınığı olsa da, indi bu xəstələrin müalicəsi 10 gün, iki həftə çəkir və bu vaxt ərzində onları ayağa qaldırıb evə yola salmaq və ya reabilitasiya mərkəzlərinə yönəltmək mümkün olur.

– Oynaqların endoprotezləşdirilməsi ilə bağlı əməliyyatlar üçün müraciətlər olurmu? Bu sahədə vəziyyət necədir?
– Ortopedik şöbələrdə dayaq-hərəkət sisteminin anadangəlmə qazanılmış xəstəliklərinin müalicəsiylə məşğul olurlar.
2009-cu ildən başlayaraq növbə yolu ilə böyük oynaqların zədələnmələri və xəstəlikləri nəticəsində əgər oynaqlar artıq deformasiyaya uğrayır, ağrı verir, insanlar yaşaya bilmir, əziyyət çəkir, həyat keyfiyyətləri aşağı enirsə, onda bu xəstələrə biz endoprotezləşdirilmə əməliyyatı aparırıq. Xaricdə buna ortoplastika da deyirlər. Bir sözlə, xəstə oynağı kəsib götürür, bütöv, ya da müəyyən hissələrini süni oynaqlarla əvəz edirik. Bundan sonra xəstələrin ağrılardan qurtulması müşahidə olunur. Xəstələr əvvəlki normal həyata qayıda bilirlər. Ancaq bu əməliyyatın müsbət tərəfləri ilə yanaşı çatışmayan cəhətləri də var. İndi bütün dünyada belə bir tendensiya var ki, insanın öz orqanını heç nə əvəz edə bilməz. Ona görə də çalışmaq lazımdır ki, mümkün qədər öz oynaqlarınızdan istifadə edəsiz. Çünki süni oynaqların da müəyyən zaman ömrü var. Necə ki, maşının “potşibnik”ində yeyilmə getdiyi kimi, oynaqlarda da yeyilmə gedir. Protezin konstruksiyasından, keyfiyyətindən asılı olaraq onlardan istifadə 7-15 il davam edir. Bu müddətdən sonra təkrar əməliyyat etməyə ehtiyac duyulur. Təkrar əməliyyat etmək ilkin əməliyyatı etməkdən daha mürəkkəbdir. Ona görə oxuculara tövsiyə edirəm ki, birinci növbədə oynaqlarda hər hansı patologiya varsa, erkən müraciət etsinlər. Vaxtında başlanılan qeyri-cərrahi müalicə üsulları həmin xəstəliyi ya müalicə etməklə aradan qaldırmağa, ya da əməliyyata qədər müddəti mümkün qədər uzatmağa imkan verir ki, erkən aparılan əməliyyatlar ikinci plana keçsin.
Bizdə İnstitutda çox müasir üsullarla onurğada da əməliyyatlar aparılır. Bu əməliyyata transpedikulyar üsul deyirlər.

– Bu cür xəstəliklərə daha çox rast gəlinir. Müasir zamanda sürdüyümüz oturaq həyat tərzi hansı fəsadlara yol açır? Ümumiyyətlə, gündəlik bir rejimi necə gözləmək lazımdır?
– İstər dayaq-hərəkət sisteminin xəstəlikləri, istər ürək-damar sistemi hərəkətləri, istərsə də digər xəstəliklərin əmələ gəlməsində müasirləşmə, müasir insanların həyat tərzi böyük rol oynayır. Buna birinci növbədə qidalanma aiddir. Əgər babalarımız vaxtilə təbiətin qoynunda yaşayaraq təmiz inək südü içirdisə, saf qida məhsulları ilə qidalanırdılarsa, indi qarışdırılmış müxtəlif məmulatlar içərisində müxtəlif əlavələr olur, geni dəyişdirilmiş, konservləşdirilmiş müxtəlif qidalar var ki, onlarla qidalanırlar. Onlara şübhəsiz çox bel bağlamaq olmaz. Bəzi xanımlar bu gün dieta saxlayaraq arıqlayırlar. Nəticədə elə vəziyyətə düşürlər ki, yaranan fəsadları geri qaytarmaq mümkün olmur. Belə şeylərə yol vermək olmaz. Qida balanslaşdırılmış, həyat tərzi fəal olmalıdır. Müasir insanların bəziləri piyada gəzməməyi dəb sayırlar. Bu insan harada gəzir, nə vaxt təmiz hava alır? Heç yerdə. Ona görə belə adamlarda sümük sistemi, oynaq sistemi, əsəb sistemi, ürək-damar sistemi, qan-damar sistemi də hamısı pozulur. Bütün əhaliyə tövsiyəm odur ki, sağlam həyat tərzi sürsünlər, qidalanmaları balanslaşdırılmış olsun, fiziki fəal olsunlar. İnsanlar nə qədər çox hərəkət edirlərsə, o qədər də onların oynaq-sümük sistemi möhkəmlənir, həkimə müraciət etməyə ehtiyacları qalmaz. O adam ki, yeyib-yatır, seriallara baxır, ağzı da daim işləyir, şübhəsiz, bütün xəstəliklər dəstəsinin əmələ gəlməsinə özləri zəmin yaradır.
Əsas amillərdən biri də genetik, irsi faktorlardır. O adamın ki, irsiyyatında, baba-nənələrində hər hansı xəstəlik olubsa, onun özündə də həmin xəstəliklərin olub-olmamasını müəyyən etmək lazımdır. Xəstəlik nə qədər erkən aşkarlanırsa, onun müalicəsi asan olur.

– Son zamanlar səhiyyə ilə bağlı reklamlarda hansısa xəstəliyin sağalmasına dair “100 faiz zəmanət veririk” deyirlər, insanlar da buna inanır. Bu sözlər həqiqəti əks etdirirmi?
– İndi Bakı şəhərinin özündə 500-600 müalicə ocağı var. Əksəriyyəti də deyir ki, “gəlin, biz tam müalicə edəcəyik”. 100 faiz də zəmanət verirlər. Televiziya kanallarından deyirlər ki, “sizi 100 faiz sağaldacağıq”. İnkişaf etmiş ölkələrdə, Amerikada, Fransada zəmanət söhbəti yoxdur. Səhiyyənin reklamı sərbəst olmamalıdır. Çünki insanlar inanıb gedir, sonra elə bir fəsadlar əmələ gəlir ki, onları aradan qaldırmaq da mümkün olmur.

– Vətəndaşlarımız getdikcə xarici ölkələrin tibb müəssisələrinə üz tuturlar. Bizim öz tibb müəssisələrimizə, həkimlərimizə inam sanki azalıb. Müalicə və ya əməliyyat üçün xaricə getmək meylinin səbəbi nədir?
– Xəstələrin xarici ölkələrə üz tutmasının bəzi hallarda yeri var, bəzi hallarda isə bunu etmək mənasızdır. Elə xəstəliklər var ki, onlar çox nadir xəstəliklərdir. Tutalım ki, hansısa nadir xəstəliyi yalnız Amerikada professor Nahenson müalicə edir və bu xəstəlikdən əziyyət çəkənlərdən 70 faizini əməliyyat edib. Amma bizim respublikada ola bilsin elə xəstə bir nəfərdir. Belə hallarda hansı ölkədə bu nadir xəstəliyi hansı həkimin yaxşı müalicə etdiyini araşdırmaq olar. Bundan ötrü yazışma aparmaq lazımdır. İnternetlə əlaqə saxlamaq və həkim müalicəni boynuna götürsə, getmək lazımdır. Bizim xəstələrin xarici ölkələrə axını əksər hallarda əsassızdır. İndi xəstələrin xarici ölkələrə transferi işiylə məşğul olan insanlar var. Xəstələrin transferini biznesə çevirənlər onların beynini doldururlar ki, “gəl, səni filan ölkəyə aparım, orda müalicə həm ucuzdur, həm də yaxşıdır”. Xəstələri elə yerə aparırlar ki, heç orda bu xəstəliyi o qədər də yaxşı müalicə edənlər yoxdur. Fəsadlarla qayıdırlar. Ən acınacaqlısı isə odur ki, başqa ölkəyə gedib cərrahiyyə əməliyyatı etdirən şəxsdə fəsadlaşma əmələ gəlirsə, onun həmin ölkənin müvafiq orqanlarına müraciət edib öz haqqını tələb etməyə heç bir hüququ yoxdur. Ona görə xarici ölkələrə əməliyyat, müalicə üçün gedənlər peşman halda geri qayıdırlar. Qayıtdıqdan sonra da deyirlər ki, “böyük səhv etmişik. Bizim öz ölkəmiz, öz həkimlərimiz hamısından yaxşıdır”. O səhvin bəzi hallarda aradan qaldırılması üçün böyük əziyyət, vəsait tələb olunur və yaxud da həmin fəsadları bəzi hallarda geri qaytarmaq da mümkün olmur.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir