bayraq

“Bayrağı balam bilmişəm, tikib dünyaya gətirmişəm”- 29 il öncə milli bayrağımızı tikən Laçın nənənin xatirələri

Baxış sayı: 1. 974

1988-1992-ci illərədək milli bayrağımızı tikməyə kimsə cürət edə bilmirdi. Belə bir vaxtda Tovuz rayonunun Ağdam kəndində dünyaya gələn, burada böyüyüb qadınlıq qürurunu bütün xanımlarımıza nümunə kimi göstərən, iki oğlunu Tovuzun səngərlərinə göndərən Laçın nənə qərb bölgəsində ilk dəfə olaraq Azərbaycanın milli bayrağını tikərək milli ordumuzun əsgərlərinə bağışlayıb. Bayrağımız Tovuzun ermənilərlə sərhəddəki Ağdam kəndinin ən uca yerində dalğandırılıb. 82 yaşlı Laçın nənə bu addımı, cəsarəti ilə indi də qürurla yaşayır. Təbii ki, bu xanımı vaxtaşırı yada salmamaq, baş çəkməmək ədalətsiz olardı.

–  Lacın nənə, necəsiniz?

– Heç yaxşı deyiləm, başına dönüm ?

“Yaşlanmış bir qocanın deyingənliyidir”

– Nənə, sizin kimi qəhrəman ana da gileylənər? “Deyəsən qar qapının ağzını alıb…”

– Bala, vallah, 1935-ci ildən bəri yaşayırıq. Hərdən baxıram ki, daha övladlarım da mənə çatıb. Qocalığın gileyidir bu, sən fikir vermə. Siz buna giley deməyin, yaşlanmış bir qocanın deyingənli kimi qəbul edin. Ancaq gileylənməyimə baxmayın, mən dünyanın ən xoşbəxt anasıyam. 4 dənə çiçək kimi övladım var, iki oğlum da qazidir.

“İlk övladımı dünyaya gətirəndə özüm də doğulmuşam”

– Hə… Maraqlıdır, bəs hansı ayda dünyaya gəlmisiniz? Doğulduğunuz ili xatırlasanız da, ayı-günü demədiniz.

– Doğulduğum ayı doğrudan da bilmirəm. Ancaq onu deyim ki, ilk övladımı dünyaya gətirəndə özüm də doğulmuşam. Yəqin məni başa düşərsiniz? Mənim doğulduğum ayı ən yaxşı cijim (anam) bilərdi.

– Bəs neçə nəvəniz, nəticəniz, kötücəniz var?

– Nəvədən boluq… On neçə nəvəm var. Hələ də dəqiq saylarını bilmirəm, yadımda qalmır. Birdən görürsən, yığışıb qonaq gəlirlər. Çağıranda çox vaxt adlarını dəyişik salıram.

– Ay Laçın nənə, deyilənlərə görə, ilk bayrağımızı siz tikmisiniz və sizin sayənizdə o üçrəngli bayraq ilk qərargahdan asılıb. Həmin illəri necə xatırlayırsız? 

– Vallah, nə deyim? Ay bala, gənclik vaxtım idi… Neçə yaşda olmağımı xatırlamıram. Mən o zamanlar dərziliklə məşğul olurdum. Yaxşı da paltartikən maşınım vardı. Bir gün həbçilər gəlib dedi ki, bayraq tikə bilərsən? Bəli – dedim. Bir böyuk bayraq, bir neçə də balacasını tikdim. Bu bölgədə ilk bayrağı mən tikmişəm, onun da qürurunu yaşayıram. Kiçik oğlum bayrağıN üstündəki ay-ulduzu çəkib mənə verdi.

– Siz o vaxt bu bayrağı tikəndə rəhbərlikdən sizə təşəkkür edən oldumu? 

– Borcumu belə verdim. Buna görə mənə medal asılmalı idi ki? Xatırladığım odur ki, bircə əsgərlərdən biri gəldi məni təbrik etdi, bayrağı da büküb, sağ ol deyib getdi. Amma o bayrağı tikəndə heç nəyin xəsisliyini etməmişəm. Ürəkdən tikmişəm. Mənə elə gəlirdi ki, həmin parça sanki o bayraqda daha qiymətli görünürdü. Yəni o artıq parça kimi yox, bizim üçün qiymətli bir dəyər oldu. Bayraqsız Vətənə necə vətən demək olar? Bax elə ermənilərdə olduğu kimi. Onların nə milliyyəti, nə bayrağı, nə də milli mənəvi dəyərləri var. Ancaq mənim vətənim, ulu babalarım, tarixim var. Biz soyumuz təmiz olduğundan xoşbəxt xalqıq. Qaldı ki, o vaxt mən kimsədən nəsə gözləmirdim. Buna görə mənə medal asılmalı idi ki?

– O bayraqdan çox tikmişdiniz?

– Böyük bayraqdan birini, qalanından isə çox tikib vermişdim. Uşaqlar elə hərəsi bir tərəfə apardı. Axı o vaxtlar bayraq hər yerdə rastımıza çıxmazdı. Ona görə bayrağı görən belə heyrətlənirdi. Bayrağı balam kimi bilmişəm, tikib dünyaya gətirmişəm.

Bayraqları öz hesabınıza tikirdiz? Parçaları, sapları özünüz alırdınız?

– Hə, bala, hə… Ancaq başqa yerlərə də tikib təmənnasız vermişəm. Parçanı gətirib verirdilər. Niyə yalan deyim ki, öz hesabıma tikmişəm? Gətirib parçanı verirdilər ki, bu qədər bayraq tik. Amma sap və maşın özümün idi.

– Bayrağımızın üstündəki rənglərin mənasını bilirsizmi, yoxsa yadınızdan çıxıb?

– Bəli, bilirəm: (Bayrağın rənglərini sayırıq birlikdə). Qırmızı, Mavi, Yaşıl. Ancaq indi gözlərim tutulub, rəngləri seçə bilmirəm. Sadəcə xəyalımda canlandırıram. Bu dəqiqə sizi yaxşı görmürəm. Gözlərimdən biri heç görmür, digəri də zəifdir. Ölkəm də bayrağımız kimi gözəldir. Bayrağımızın duruşu heç dəyişməsin ay bala.

– Yox, yaxşı danışırsız… Biz sizi yormaq istəmirik, sadəcə gəldik ki, görək necəsiniz?

-Çox sağ olun. Yanıma gələnlər çox olub. Gəlib yazıb-pozublar. Məni yormursunuz sadəcə çox ağrıyıram. Gələn ayaqlarınız var olsun. Danışığım hələ dəyişməyib. Amma yaxşı görmürəm, keşkə gözüm görərdi, yenə bayraq tikərdim, əsgərlərə corab toxuyardım.

– Oğlunuz müharibəyə gedib erməniyə qarşı döyüşüb. O vaxt oğlunuza dedinizmi getmə, nəyinə lazımdı?

-Yox…! Özü də mənim oğlum bir gün səngərdə qalıb. Birinci kiçik oğlum gedib, ikinci böyük oğlum. İki erməni öldürüblər. Əsgərlər yaxın dura bilməyiblər, qorxublar ki, diri olarlar. Amma böyük oğlum gedib qaldırıb. Oğlanlarımla fəxr edirəm. Allah bütün analara belə oğullar qismət etsin. Bütün əsgərlərimiz sağ olsun.

– Yolunuzu davam etdirən varmı?

– Bayrağı yenidən tikə bilən biri yoxdur. Bircə Şəhla (kiçik qızı) bunu bacarır. (Musavat.com)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir