1123710.large

Bayram depressiyası nədir, səbəbləri haqda nə bilirik?

Baxış sayı: 2. 393

Ənənəvi “Psixoloqlar müzakirə aparır” rubrikamızın növbəti mövzusu bayram depressiyası haqdadır. Bildiyimiz kimi, insanlar bayram günlərində bəzən özləri də bilmədən depressiyaya düşür, əhvalları aşağı olur, özlərini yalqız hiss edir, darıxır, heç nəyə həvəsləri olmur… Bunun da müxtəlif səbəbləri ola bilər. Mövzu ilə əlaqədar tanınmış psixoloqların fikirlərini öyrənmişik. Psixoloqlar aşağıdakı suallar ətrafında danışıblar:

– Bayram depressiyası nə deməkdir və əsas səbəbləri nədir?

– Kimlər bu depressiyanın risk qrupuna daxildir və artıq bu depressiyaya düçar olanlar vəziyyətdən necə çıxa bilərlər?

– Ümumən insanlar bayram və əlamətlər günləri necə keçirməli, bu günlərdə necə davranmalıdırlar ki, əsasən əhvalları yüksək olsun?

 

Mübariz Həsən, Psixoterapiya mərkəzinin psixoloq, psixoterapevti, Ümumrusiya peşəkar psixoterapevtler liqasının həqiqi üzvü

Bayrama hazırlıq və bayram özü bizim üçün xüsusi vaxtdır. Məhz bu dövrdə həyat eyni adətlərin çərçivəsindən kənara çıxır və həyat prinsipləri, əhval-ruhiyyə dəyişir. Və belə anlarda bəzi ailələrdə davalar və münaqişələr tez-tez yaranır.

Səbəb Yeni il bayramları üçün tipikdir. Xatırlayın ki, hər şey ilin axırına yaxın bizi narahat etməyə başlayır: işdə haqq-hesab yığını, uşaqlarda yarımilliyin sonu, tələbələrin imtahanları, mağazalarda qiymətlər, mövsümün sağlamlığı pozması və sonda pis yorğunluq… Bir də ölkənin müəyyən bölgələrində qış özü-özünə oxşamır – nəmişlik, palçıq və tutqun hava insanı depressiyaya salır.

Məhz bu dövrdə korporativ münasibətlərə hazırlaşmaq, bir çox işgüzar partnyorlara təbrik məktubları göndərmək, bütün qohumlar üçün hədiyyələr almaq, uşaqları küknar ağacının başına toplamaq, öz geyimini, saç düzümünü və makiyajını fikirləşmək və s. tələb olunur. Çox insanda belə hiss yaranır ki, onu sanki şənlənməyə “məcbur edirlər”. Və daha çox depressiyaya düçar olur, bu da onu kədərlənməyə, küsməyə və münasibətləri müəyyənləşdirməyə məcbur edir.

İl sonu və Yeni il qabağı depressiyadan çıxma yolları haqda:
Qışda bizim orqanizmimiz qayğıya daha çox ehtiyac duyur, buna görə də öz sağlamlığımız haqqında düşünməyin əsl vaxtıdır. Daha çox vitaminli qidalardan istifadə edin, ot çayları dəmləyin, çaya limon əlavə edin.

Daha çox dincəlin və ailənizlə ünsiyyətdə olun. Təmiz havada gəzin, xizəklə sürüşün, atla gəzintiyə çıxın, təbiət qoynuna edin. Aktiv qış istirahətinə ailə üzvlərini də cəlb edin. Bütün ailəylə birgə qartopu oynamaq, öz komandası üçün vuruşmaq, qarda şıltaqlıq etmək və ya qar təpələrindən sürüşməkdən böyük sevinc yoxdur. Bu vəziyyətdə davalar olmayacaq, olsa da, yüksək həddə çatmayacaq.

Gözəl bir duş qəbul edin. Səhər duşu insanı həvəsləndirir və axşam isə bütün yorğunluğu çıxardır. Rejimə riayət edin. Özünüz üçün yuxunun lazımlı normasını hesablayın və yuxu rejimi təşkil edin. Həmişə eyni vaxtda yatmağa çalışın. Unutmayın ki, hər hansı işlərin yerinə yetirilməsi öz orqanizminizdən qiymətli deyil, bunun üçün yuxunuza haram qatmayın, həm də fikirləşin ki, heç kəs sizə belə qurbanlar üçün təşəkkür etməyəcək.

Dekabrın 30-dan 31-nə keçən gecə doyunca yatın. İlin son gününü tələsmədən yaşayın, istirahətlə işləri növbələyin. Özünüz üçün bayram əhvalı yaradın – xoş musiqi qoşun, Yeni il proqramlarına baxın, uşaqlardan sizə şeirlər danışmağı, mahnılar oxumağı xahiş edin. Yeni il haqqında qohumlarla söhbət edin, bayram münasibətləriylə bağlı şən və gülməli tarixləri yadınıza salın və bunu qohumlarla bölüşün.

Yeni il tədbirlərini planlaşdırın. Əgər onlar lap çoxdursa, hər şeyi saat üzrə bölüşdürün. Əgər hiss edirsinizsə ki, öhdəsindən gəlməyəcəksiniz, ailə üzvlərinin arasında vəzifələri bölün və ya ən az əhəmiyyətli işlərdən imtina edin.

 

Fərqanə Mehmanqızı, “Ömür” klinikasının psixoloqu, psixoterapevt

Depressiya yalnız iş həyatının, eləcə də şəxsi həyatın stressindən yaranmır. Həyatımız boyu rastlaşdığımız ani streslərin psixikamıza vurduğu zərərlərdən danışmaqla qurtarmaz. Xüsusilə qarşıdan bayram gəlir. Stressin, depressiyanın üzə çıxması üçün münbit şərait yaranır. Bayram hazırlığının, məsuliyyət və öhdəliyin verdiyi stress, gərginlik, eləcə də müxtəlif tərkibli qidaların qəbulu, həzm sisteminin yüklənməsi bədənimizdə xolesterinin artmasına səbəb olur. Bu da öz növbəsində halsızlıq, gücsüzlük, fikir dağınıqlığına gətirib çıxardır. Bütün bunları yaşayaraq bayram hədiyyələrinin, bayram süfrəsinin nemətlərinin arxasınca getmək, mağazalarda növbə gözləmək, tıxaclarda saatlarla qalmağın stressini də əlavə etsək, bayram depressiyasının nə demək olduğunu və səbəblərini açıq şəkildə bildirmiş oluruq.
Araşdırmalar göstərir ki, bu risk qrupuna ən çox daxil olanlar qadınlardır. Çünki qadınlar bayram hazırlıqlarına, hədiyyələrin alınmasına, bayram süfrəsinə xüsusi diqqət göstərir. Alış-veriş mərkəzlərini saatlarla dolaşır, ev təmizliyinə qarşı həssaslaşır, eləcə də bütün günlərini qaz sobasının önündə keçirməli olurlar. “Hər şeyi tez və vaxtında catdırmaq” fikrinin verdiyi stress qadınların psixologiyasında bayram depresiyası kimi özünü göstərir.
Bayram depressiyasını yaşayan insanların depressiyadan çıxma yolları da müxtəlif olur. Kimisi divanda uzanaraq TV-də bayramla bağlı verilişləri izləyir, kimisi də kitab, jurnal oxumaqla öz depressiyasına qalib gəlməyə çalışır. Əsasən isə deyərdim ki, ailə və yaxud dost məclislərinin bəxş etdiyi sevgi, müsbət aura psixi yorğunluğu, bayram depressiyasını aradan qaldırmağın ən yaxşı yoludur.
Bayramlar gündəlik həyatımıza rəngarənglik qatmalı, bizə müsbət enerji dolu anlar yaşatmalıdır. Bunun üçün müəyyən qaydalara riayət etməliyik. Bayram süfrəsi ilə bağlı alış-verişlər, hədiyyələrlə bağlı qeydlər əvvəlcədən plan şəklində tutulmalıdır. Alınası şeylər marketlərə, alış-veriş mərkəzlərinə bölünməli, onların yerini, məkanını, alınma müddətini bayramın son günlərinə saxlamamaq şərti ilə planlaşdırmaq lazımdır. Bütün bunları tək etməyə can atmaq olmaz. Ailə üzvləri birlikdə bayrama hazırlaşmalıdır. Bu, ailənin həmrəyliyinin, mövqeyinin, gücünün, birliyinin ən yaxşı göstəricisidir.

 

Murad Nəsirov, “Psixoloji Yardım-24”-ün psixoloqu

Bayramlar, təbii ki, hamının səbirsizliklə gözlədiyi günlərdir. Hər bir bayramın da özünəməxsus atributları vardır. Hədiyyə almaq və ya vermək ən önəmli atributlardandır. Bayram bitdiyi zaman isə bir çox insan məyusluq, hətta süstlük və qıcıqlanma hissləri keçirir. Bütün bunlar bayram yaxşı keçdiyi zaman da baş verə bilər. Buna daha çox bayram depressiyası deyilir. Bu depressiya bir neçə saatdan bir neçə həftəyə qədər uzana bilər. Demək olar ki, Yer kürəsi əhalisinin yarısından çoxu bundan əziyyət çəkir. Biz bayram depressiyasının simptomlarını əsasən yorğunluqla əlaqələndiririk, amma əsas səbəb bizim şüuraltımızdadır.

Valideynlər və informasiya vasitələri hər zaman bayramlarda bizi unikal və sehirli hadisələrin olduğuna inandırmağa çalışırlar. Uşaqlara daha çox diqqət yetirilir, hədiyyələr verilir, böyüklər kimi gec yatmaqlarına icazə verilir. Bu mistik düşüncələrə uşaqlar daha rahat və çox inanırlar. Bunun da nəticəsində uşaqlar böyüklərdən fərqli olaraq bayram depressiyasından əziyyət çəkmirlər. Əlbəttə, uşaqlar üçün hələ də bu möcüzələri yaradan valideynlər varsa, valideynlər üçün də “hər şey göydən düşmür”. Böyüklərin də düşüncəsində o qədər möcüzələrə inanmaq, hər şeyin yaxşı və yenidən başlayacağına inanmaq kimi fikirlər yaranır ki, həyatın reallıqları ilə qarşılaşdığı zaman böyük bir stress yaşayır. Bu stress də depressiyanın səbəbi olur.

Bayram depressiyasını yaradan digər səbəblərdən biri də boş zamanın olmasıdır. Bu da insanın keçmiş və gələcək haqqındakı fikirlərini təkrar gözdən keçirməyə səbəb olur. Və bu da hər zaman yaxşı nəticələr verməyə bilər.
Bundan başqa, bayram zamanı hər bir insan istər-istəməz özünü digər insanlarla müqayisə etməyə başlayır. Bunun nəticələri də hər zaman ürəkaçan olmur.
Bayram depressiyası əsasən yeni ildən sonra başlayır. Amma digər bayramlar da bu depressiyanın ortaya çıxmasına səbəb ola bilər. Bunun əsas səbəbi bizim bayramlardan şüuraltı gözlədiklərimizdir.

Bayram depressiyasından əziyyət çəkildiyi zaman nə etmək lazımdır?
Bunun üçün ən sadə yol önəmli olan işlər və əyləncələrlə özünü yükləməkdir. Bunun pis tərəfi isə budur ki, depressiya tez keçəcək, amma digər bayramda təkrar gələcək.
Digər yol daha çətindir. Burada siz özünüzün “psixoloqu” olmalısınız. Bir kağız götürün və bayramdan nələr gözlədiyinizi yazın. Daha sonra bunlardan həyata keçənləri işarələyin. Əgər yazdıqlarınızın hamısı həyata keçibsə, bir az daha düşünün. Həyata keçməyən arzularınızı tapdıqda gələcəkdə bunları necə həyata keçirəcəyiniz barədə plan qurun. Bayram barədə bu cür fərqli düşüncə insana bayram depressiyasının öhdəsindən gəlməyə kömək edir.

 

Nailə Talişxanova, məktəb psixoloqu

Bəzən insanların çox gözlədikləri, sevinc gətirəcəyinə inandıqları bayramlar onun psixikasına müəyyən dərəcədə mənfi təsir göstərə bilər. Bayramqabağı gərginlik, narahatçılıq, məişət problemləri bəzən depressiv vəziyyət həddinə də çata bilir. İnsanlar  müxtəlif olduqları kimi, bu və ya digər proseslərə yanaşma tərzləri də müxtəlifdir. Gündəlik  həyatımızdakı dəyişiklikər bayram depressiyasının yaranmasına gətirib çıxara bilər… Bayram depressiyası bayramdan öncə və bayramdan sonrakı zamanlarda bir neçə saatdan bir neçə günədək davam edə bilər…
Bayram depressiyasına əsasən emosional, endokrin sistemində problemi olan insanlar məruz qalırlar. Həyatda ardıcıl olaraq uğursuzluqlara məruz qalanlar, özünü qiymətləndirməsi aşağı olanlar bayram depressiyalarının risk qrupuna aiddirlər. Bayram depressiyasının yaranmasına  önəmli faktor kimi maddi durumu da göstərə bilərik. Natamam arzular insanın sıxıntı yaşamasına səbəb olur və nəticədə depressiyaya gətirib çıxardır…

Ümumən istər depressiyaya meyilli insanlar, istərsə də hər bir kəsin bayram günlərinə hazırlığı müəyyən müddət əvvələ təsadüf edir. Öncə insan bu günlərdə kimlərin yanında olmasını istədiyini düşünməlidir. Sonra bayramın necə keçiriləcəyini yaxınları ilə müzakirə edir, arzular, təkliflər gözdən keçirilir. Düşüncə və təkliflərin reallıqla uzlaşması da bayram hazırlıqlarına aiddir. Sonradan depressiv situasiyanın yaranmamasından ötrü insan bayramı arxayınlıqla, sevinclə qeyd etməyi bacarmaldır. Yaxınlarının və özünün rahatlığının təmin olunması insana əlavə ruh yüksəkliyi verir. Bir də bayramdan əvvəlki günlər də yorğunluqdan, yuxusuzluqdan qaçmaq lazımdır. Çünki bu halların olması bayram günü gərginliyə, aqressiyaya, əsəbə yol aça bilər və insanın özünün, eləcə də ətrafının əhval-ruhiyyəsinin aşağı enməsinə səbəb ola bilər. Bu hal bayramdan sonrakı depressiyanın yaranmasına gətirib çıxardar.

İbrahim Yusifov, Gəncə Regional Psixologiya Mərkəzinin psixoloqu

Əslində, depressiya növləri içərisində bayram depressiyası deyilən bir növ yoxdur. Bayram ərəfəsində yaranan ruh düşkünlüyünü xalq arasında bayram depressiyası adlandırırlar.
Mütəxəssislər depressiyanı “ruhi çöküntü” adlandırırlar. Ancaq hər ruh düşkünlüyü, əhval pozğunluğunu da depressiya adlandırmaq olmaz.
Depressiya ciddi psixoloji problemdir. Depressiya uzun müddət – 2-3 il və daha artıq qala bilər. Həyatımızda baş verən müxtəlif hadisələr, bəzi yaddaşda qalan xüsusi günlər, hətta bəzi vaxtlarda bayram günlərinin yaxınlaşması bizdə ruh düşkünlüyü yarada bilər.

Bayram günlərində yaranan ruh düşkünlüyünün bir çox səbəbləri var. Öncə belə bir sual yarana bilər: “Bayramlar əylənmək üçündür. Necə ola bilər ki, bayramın yaxınlaşması hansısa insanda ruh düşkünlüyünə səbəb olur?”
Bayramın gəlişi yaş dövründən və tutduğu mövqedən asılı olaraq müxtəlif insanlar tərəfindən müxtəlif cür qarşılanır. Uşaqlar bayramı tətil və əyləncə kimi gördükləri halda, valideynlər bayramın özü ilə gətirdiyi çətinlikləri düşünür. “Yenə bayram gəldi?” ifadəsi hər birimizə tanışdır. Bayramın bu çətinliklərində yaranan müəyyən mənadakı ruh düşkünlüyünü xalq arasında “bayram depressiyası” adlandırırlar.

Fikrimcə, bayram depressiyasının səbəbləri aşağıdakılardır:

• Bayrama hazırlıq ərəfəsində görüləcək işlərin çoxluğu barəsində tez-tez danışmaq;

• Bayrama hazırlıq üçün lazım olan maddiyyatın azlığı;

• Əvvəlki bayramları birgə keçirdiyimiz şəxslərin artıq yanımızda olmaması və s.

Xalq arasında bayram depressiyası kimi adlandırılan bu vəziyyətdən uzaq olmaq üçün mütəxəssislər bayramları qohum və ya yaxın dostlarla birgə keçirməyi məsləhət görürlər.

 

Nərgiz Hüseynova, Psixoterapiya Mərkəzinin psixoloqu

Bayram depressiyası üçün təkcə “əhval-ruhiyyəm yoxdur və ya darıxıram” demək səbəb deyil. Əsas səbəb öz daxilinə baş vurmaqdan qaçmaqdır. Müxtəlif səbəblər ola bilər həmin depressiya üçün. Mən bir neçəsinə diqqət çəkmək istərdim. Əvvəla, bayram günlərində insanlar vaxtlarını tək əyləncə ilə keçirmirlər, həm də öz həyatları barədə – keçmişləri, gələcəkləri barədə düşünürlər. Bəzən həmin fikirlər əhval-ruhiyyənin pozulmasına səbəb ola bilər. Bayram vaxtı insan üçün hesabat nöqtəsi ola bilər. Məsələn, mən bu ili necə keçirdim, hansı uğurlarım, hansı məğlubiyyətlərim oldu… Bunları fikirləşərək bəzən arzularının həyata keçmədiklərini gördükdə həyatdan küsə bilərlər. Həm də insanlar öz həyatlarını başqalarının həyatları ilə müqayisə edə bilərlər. Tanışların, dostların xoşbəxt həyat sürdüyünü görəndə həyatdan incikliklər meydana çıxa bilər. Hansısa bir məclisə dəvət olunmaması, ürəyi istəyən hədiyyələri ala bilməməsi də qəm-qüssə üçün səbəb ola bilər. Bundan çıxmaq üçün 2 üsul təklif edirəm:
1-ci üsul (daha sadədir) – gərək başınızı əyləncələrlə qatasınız ki, kədərlənməyə vaxtınız olmasın, amma gələn bayramda yenə bu hal baş verə bilər, yəni bu, “müvəqqəti effekt” xarakteri daşıya bilər.
2-ci üsul isə bir qədər əmək tələb edir. Gərək siz özünüz üçün psixoanalitik olasınız. Bir vərəq götürüb orada keçən bayramdan gözləntilərinizi yazasınız. Sonra onlardan həyata keçənləri qeyd edəsiniz, həyata keçməyənlər üçün isə plan qurub necə həyata keçirəcəyinizi düşünəsiniz.

1-ci üsul (daha sadədir) – gərək başınızı əyləncələrlə qatasınız ki, kədərlənməyə vaxtınız olmasın, amma gələn bayramda yenə bu hal baş verə bilər, yəni bu, “müvəqqəti effekt” xarakteri daşıya bilər.
2-ci üsul isə bir qədər əmək tələb edir. Gərək siz özünüz üçün psixoanalitik olasınız. Bir vərəq götürüb orada keçən bayramdan gözləntilərinizi yazasınız. Sonra onlardan həyata keçənləri qeyd edəsiniz, həyata keçməyənlər üçün isə plan qurub necə həyata keçirəcəyinizi düşünəsiniz.

Bayramın belə dərk edilməsi bayram depressiyasını aradan qaldırmağa kömək edir.
Statistkaya görə hər 12 nəfərdən biri bayram depressiyası yaşayır. Əgər belə vəziyyət 2 həftədən artıq davam edərsə, mütəxəssisə müraciət etmək vacibdir.

Ramil Nəcəfli, ailə psixoloqu, saglamxeber.com saytının admini və baş redaktoru

Öncədən deyim ki, bayram depressiyası olmur. Sadəcə depressiyada olan bir çox insan var ki, bayram günlərində özlərinə daha çox qapılır, dostlardan, yoldaşlardan, çevrədən uzaqda dayanır. Hətta ailədə də yaxınlarından soyuyur. Bir qisim depressiyalılarsa ailə içinə qapanır, dostlardan ünsiyyəti kəsir, işə çıxmır, həyat və iş keyfiyyəti aşağı düşür. Bir də ki, bəzən bayramlar payız-qış dövrünə düşəndə bayram depressiyalarla müşayiət olunur. Çünki payız depressiyalar mövsümüdür.

Məsləhətim budur ki, insanlar ilk olaraq bunu anlasınlar ki, “bayramı necə keçirmək” adlı bir standart yoxdur. İnsan necə rahatdırsa, özünü necə komfortlu hiss edirsə, elə də xoşbəxtdir. Bu sadə düstura əməl etsək, özümüzə bayram kefi yaşatmış olarıq. Hər kəs öz zövqünə görə gün keçirsə, daha xoş olar. İllah ki, «başqaları kimi bayram eləməliyəm» desə və sonunda istədiyinə nail olmasa, bax bu zaman əsl depressiyaya düşə bilər.

Tünzalə VerdiyevaBDU-nun psixologiyamüəllimi

İnsanlar bayram günlərində özləri də bilmədən depressiyaya düşürlər, əhval-ruhiyyələri  aşağı olur, özlərini yalnız hiss edir, darıxır, heç nəyə həvəsləri olmur, ünsiyyətdən qaçır, həyatının mənasız olduğunu düşünür, özü və yaxınları haqqında pessimist düşüncələrə qapılır, qəmli və əsəbi olur, əmək qabiliyyəti aşağı düşür və bütün günü sanki yuxulu olur. Bayram süfrəsində ləziz təamların olmasına baxmayaraq, iştahın olmaması həmin şəxsin depressiyaya düşməsinin bariz nümunəsidir.
Buna ən əsas səbəb yorğunluqdur. Yorğunluq iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki yorğunluq zehni fəaliyyəti də azaldır və əksinə, zehni gərginlikdən sonra fiziki fəaliyyət tələb edən işin yerinə yetirilməsi qabiliyyəti də aşağı düşür. Yorğunluğun subyektiv təzahürləri əzələlərdə ağrı, ümumi zəiflik, öz işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında əmələ gələn müəyyən dəyişikliklər – əsəbilik, məyusluq və ya süstlük kimi əlamətlərdir. Bu dəyişikliklər fiziki və ya zehni əməyin hansı gərginliklə yerinə yetirilməsindən asılıdır.

Bayramın gətirdiyi digər bir narahatlıq baxımlı, zahiri görünüşünə xüsusi fikir verən şəxslərin bayram günləri aldıqları kilolar, şişmanlıq və çəki artımının səbəb olduğu komplekslərdir.
Başqa bir səbəb isə iqtisadi və maliyyə çətinlikləridir.

Bayramlar, əsasən, uşaqlara sevinc və xoşbəxtlik gətirir. Sanki bayramlar məhz uşaqları sevindirmək üçündür. Risk qrupuna isə daha çox böyüklər, yəni valideynlər aiddir. Bayram süfrəsi üçün zəngin menyu, qonaqların hər birinin zövqünü oxşayan təmtəraqlı serviz, onları yaxşı mənada təəccübləndirmək istəyən evin xanımının rəngarəng soyuq və isti yeməkləri təqdim etmək istəyi sonda onun yorulub əldən düşməsinə gətirib çıxarır.
Əsasən bayram alış-verişi, təzə və keyfiyyətli ərzaqların, içkilərin tapılması və alınması, xanımın sifarişlərinin vaxtında çatdırılması təlaşı… Bu zaman “bayramqabağı“ qiymətlərin şişirdilməsi də bir başqa stress gətirir insana. Maliyyə çətinlikləri, iqtisadi vəziyyəti orta və ya aşağı olan ailə başçısının depressiyaya düşməsinə səbəb olur.
Depressiyadan çıxmaq üçün pozitiv insanlarla ünsiyyətdə olmaq lazımdır və onlarla söhbət bizi rahatladır və gələcəyə inam hissi yaradır. Bundan başqa qrup, söhbət terapiyası, kollektiv oyunlar, açıq havada idman növləri ilə məşğul olmaq insanı depressiyadan çıxarır. Su idmanı, üzgüçülük və yüngül gimnastika insanın depressiyadan qısa müddətdə çıxmasına səbəb olur. Qida rasionunda da dəyişiklik etmək lazımdır. Belə ki, yüngül, sulu yeməklərə üstünlük vermək, bitki çayları içmək, xüsusilə nanə çayı insanı depressiyadan çıxmağa kömək edir. Ən əvvəl ünsiyyətə can atmaq, yaxınları həmin insana kömək etməlidir. Depressiyaya düşən insan özü müəyyən etməlidir ki, onu depressiyaya salan səbəblər hansılardır? Və nəhayət, psixoloqa müraciət etmək lazımdır. Əgər psixoloqa müraciət edilmirsə, depressiya öz-özünə də keçə bilər. Amma bu, orta hesabla insan ömrünün təxminən 8-10 ayını alır. Təbii ki, psixoterapevtin, psixiatrın köməyi ilə depressiya bir aya müalicə olunub aradan qaldırıla bilər. Lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.

Dini və milli bayramların öz fəlsəfəsi və anlamı var. İllərdir necə keçirilibsə və günümüzə qədər qorunub saxlanıbsa, hifz olunan adət və ənənələrə biz də əməl etməliyik ki, gələcək nəsillərə bu ənənələri ötürə bilək. Böyüklərə hörmət etmək, ahıllara və xəstələrə baş çəkmək, bayram günləri onları sevindirmək hər birimizin borcudur. Digər bayramları, məsələn Yeni ili hərə öz büdcəsinə və zövqünə uyğun təşkil edib yeni təqvim ilini qarşılamalıdır. İzafi xərcə və sonradan sizi maddi sıxıntıya salacaq “dəbdəbə”yə ehtiyac yoxdur. “Hərə ayağını öz yorğanına görə uzatmalıdır.” Başqalarının bəhsinə girmək sizə yalnız zərər gətirəcək.

Digər əlamətdar günlərdə insanlar, xüsusilə sevənlərin bir-birinə individual, yaradıcı, kreativ fikirlərlə yanaşması, fərqli sevgi etirafları və  evlənmə təklifləri, evlilik ildönümləri, ad günlərinin və sair xüsusi  anlamlı günlərin təşkilində və keçirilməsində elə detallara, şəxsi istək və arzulara fikir verməkdir ki, qarşısındakı şəxs özünü dəyərli hiss etsin. Bunun üçün özünü deyil, tərəf müqabilini tanımaq, arzu və istəklərini bilmək, estetik zövqünü qiymətləndirmək daha vacibdir. Ola bilsin ki, sən hər şeyin ən gözəlini etdiyini sanırsan, amma bu, sevgilinin istədiyi deyil…
Bu ümümi yanaşmadır və hər iki cinsə aiddir. Lakin bəşər tarixi yaranandan bu günə qədər qadınların kişilərə nisbətən daha romantik olduğu deyilir… Çünki qadın emosionaldır, duyğularını gizlədə bilmir, qarşı tərəfdən daha çox diqqət, qayğı və sevgi gözləyir… Və bu sevgini sadə formada, adi sözlərlə deyil, “bəzəkli” yəni fərqli və kreativ üsullarla çatdırılmasını istəyir. Belə bir fikir var: “qadın qulağı ilə, kişi gözü ilə sevir”. Əgər qadın kişiyə xoş gəlmək üçün daima baxımlı olmaq istəyirsə və bunu sevərək, istəyərək edirsə, qarşılığında təriflənmək və xoş sözlər eşitməyi arzulayır.

Hazırladı: Elnur Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir