saxtababa

Bayrama necə hazırlaşmalı?

Baxış sayı: 160

Yeni il bayramına cəmi 2 gün qalıb. Bayramın şən və yadda qalan keçməsi üçün bayram ab-havasını yaratmaq önəmlidir. Hətta belə bir inanc var ki, yeni ili necə qarşılayırsansa, elə də keçirərsən.

Qeyd edək ki, Yeni il Bayramı – dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar Yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, uşaqlıqla bayramlara hədsiz sevinmək hissi yaş artdıqca tədricən sönür, ya da tamamilə yoxa çıxır: “Uşaqlara hər şey sehirli gəlir. Bəzən balacalar dəfələrlə valideynlərindən soruşurlar ki, “bayram hələ gəlmədi? Nə vaxt bayram olacaq?” Yeni il bayramlarında uşaqlar Şaxta babaya məktub belə yazıb yolkadan asırlar. Əlbəttə, böyüklər uşaqların sevinclərinə baxaraq bayram ab-havasını hiss edə bilirlər. Uşaqlıqda bayram günlərində özlərinin necə sevindiklərini xatırlayırlar” deyən həmsöhbətimiz bildirir ki, lakin böyüklərin əsl bayram coşğusu yaşamaqlarına mane olan problemləri var. İlin axırı bəzən işdə də kifayət qədər həll olunası məsələlər qalır. Ailədaxili mübahisələr, məişət problemləri, maddi sıxıntı, tənhalıq hiss də bayram ab-havasının olmaması, hətta həyatdan küskünlüklə nəticələnə bilər. Bayram günlərində gözlədiklərinin olmaması da, insanı ruhdan salır. Eləcə də, il ərzində insanı əsəbi hala salan problemlər, bayram günündə də öz təsirini göstərir. İnsan nə qədər sevinmək istəsə də, xırdalıqlar belə qanını qaraldır. “Bəzən də başımız elə qarışıq olur ki, bayramın gəlişini son günlərdə, son anlarda xatırlayır və yaxşı hazırlaşmadığımız üçün bayramın olduğunu belə hiss etmirik”.

Qurbanova qeyd edir ki, insanların bayram günlərində pis əhvalda olmasının bir səbəbi də özlərini, həyatlarını bəyənməməsidir: “Ötən ilə dönüb baxanda heç də həmişə xoşbəxt həyat tablosu, nailiyyətlər görmürük. İl ərzində hətta elə anlar olub ki, onları xatırlamaq belə istəmirik. Eləcə də, bəzən bayramla bağlı planlarımızı da reallaşdırmaq olmur. Belə sıxıntılar və hisslər hamıda olur. Bu, normaldır, əksər insanların belə duyğuları olmur. Belə vəziyyətdə, keçmişə baxmamaq və cəsarətlə gələcəyə doğru addımlar atmaqdır. Bayramın necə keçməsi, ailənizə sevinc, yoxsa kədər bəxş etməyiniz sizdən asılıdır. Özünüzdə bayram ab-havasını yaradın. Evi bəzəyin, yolka qurun, kiçik də olsa, yaxınlarınıza hədiyyə alın, bu ərəfələrdə “eni il bayramı ilə bağlı cizgi filmi və filmlərə baxın”.

Onun dediyinə görə, bayram ərəfəsi sevinc hiss etmək üçün nəyə görə sevinmədiyinizi aydınlaşdırmaq lazımdır: “Hər kəsdə bu fərqli səbəblərə görə ola bilər. Bu səbəblərə xroniki yorğunluq, apatiya, şəxsi həyat, iş, maddiyyat və ya sağlamlıqla bağlı problemlər aid ola bilər. Əhvalın aşağı olmasının səbəbini tapdıqdan sonra o səbəbləri qismən də olsa aradan götürməyə, bu, mümkün olmadıqda barışmağa çalışın. Nəzərə alın ki, problemlər hamıda var. Tək siz bu vəziyyətdə deyilsiz. Əhvalınızı pozduqca isə həyatınızı pozursuz”.

Psixoloq deyir ki, bayramı gözləmək özü insanda sevinc yaradan hissdir: “Bayramla bağlı hazırlıq işləri ilə məşğul olun. Hazırlıq işləri də insanın bayrama həvəsini qaldırır. Əgər tənbəllik edirsinizsə, bayram hazırlığı ilə bağlı siyahı yazmağa başlayın. Siyahını səliqəsiz, sonra cıracağınız və ya itirəcəyiniz vərəqdə yazmayın. Qoy bu qeyd dəftəri olsun. Səliqə ilə siyahını tərtib edib, plan üzrə hissə-hissə bayram hazırlığını gerçəkləşdirməyə başlayın. Unutmayın ki, hər şeyi son bir-iki günə saxlamayın. Bayrama yaxşı hazırlaşmaq üçün iki, azı bir həftə hazırlıq görməyə başlayın. Hazırlığı son iki günə saxladıqda yorğunluq əsəblərin gərginliyinə səbəb olacaq. İnsan sevinmək, əylənmək üçün güc də tapmayacaq”.

Müsahibimizə görə, bayramı qarşılamaq üçün insan öz xarici görünüşünə də diqqətlə yanaşmalıdır. Yaxşı göründükdə əhval da yüksəlir. “Xüsusi ətirlərdən istifadə də əhvalı yüksəldir. Zövqə görə ətirli şamlar yandırın. Portağal, limon, alma, vanil, darçın iyləri insanda enerjini artırır və əhvalı yüksəldir”.

Onun bildirdiyinə görə, insan düzgün yaşamalıdır ki, bayram ərəfəsində problemlərin, işlərin toplanmasından əziyyət çəkməsin: “Həyatı qaydasına salmamış birdən-birə bayram ərəfəsində əhvalın yüksəlməsini gözləmək bayramın da sönük keçməsinə gətirib çıxarır. Bayram ərəfəsi həvəssizlik adətən adi günlərdə də olan apatiyanın, ruh düşkünlüyünün davamıdır. Bu cür hisslərlə yaşamaq insanı buna alışdırır və bayram günündə dərhal dəyişmək olmur. Nə psixoloji, nə də fizioloji buna hazır oluruq. Əslində bayram ərəfəsi kefsizlik həyatımızı düz yaşamadığımızı göstərən, təhlükədən xəbər verən siqnaldır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir