novruz

Bayramda necə qidalanaq?

Baxış sayı: 456

Artıq Novruz bayramı yaxınlaşır. Bayramı gözəl edən Novruz atributlarından biri də, dadlı təamlarla dolu bolçeşidli süfrəmizdir. Süfrə hər nə qədər ləzzətli və gözəl görünsə də, sağlamlığımıza göstərdiyi mənfi təsiri də yaddan çıxarmaq olmaz.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bayram günlərində qidalanma zamanı nələrə diqqət etməli olduğumuz barəsində sualları cavablandırıb.

O, qeyd edib ki, insan orqanizmi standart çalışma mexanizminə malik olduğu üçün o, hər hansı bir bayram günündə və məclislərdə artıq qida qəbulunu normal həzm edə, eyni zamanda normal reaksiya verə bilmir.

“Bu səbəbdən mütləq şəkildə bayram günlərində sağlamlığımızı qorumaq üçün adi günlərdə qəbul etdiyimiz qədər qida qəbul etməli, miqdarı aşmamalı, çeşidi həddən artıq çox qarışdırmamalıyıq. Xüsusilə də, çoxçeşidli qidalar hazırlandıqda ilk növbədə qidaların hazırlanma şəraiti həmçinin onların saxlanma şəraitində temperatur amillərinə diqqət yetirmək lazımdır. Əks təqdirdə həmin qidalar zərərli məhsullara çevriləcək”.

Bəshansı tərkibli qidaları qarışdırmaq olmaz?

Ənənəvi bayram günlərində insanlar bir çox çeşidli isti yeməklər və salatlar hazırlayır. Bildirmək istəyirəm ki, bu, yalnışdır. Onlar bunu hər gün fərdi şəkildə bir ana yemək, bir salat hazırlamaq şərtilə menyulara bölsünlər. Eyni gündə eyni yemək saatında fərqli heyvan ətlərini qarışdırmaq doğru deyil. Belə olduqda həmin qidanı həzm etmək olmur. Və həzm prossesində ağırlaşmalar baş verir. Şişkinlik, köp və ağrı kimi digər əlamətlərlə özünü göstərir. Maddələr mübadiləsinin sürəti zəifləyir bu an isə ağırlaşma yaranır. Yaxşı olar ki, bir heyvan ətindən hazırlanan isti yeməklər qəbul edilsin, salatlar da həmin gün istehlak ediləcək qədər hzırlansın. Ona görə ki, tərəvəzlərdən hazırlanan salatlar əksər hallarda bişmiş olur bunlar ət məhsulları ilə qarışdırılır. Həmin salatlar 5 dərəcədən aşağı temperaturda soyuducuda saxlanmalıdır”

Bayram süfrəsi çoxçeşidli olduğu üçün qidalar qarışıq qəbul edilir. Qidaları necə qəbul etsək zəhərlənmə halları baş verməyəcək?

“Salatlar bişirilib hazırlanana qədər həmin müddət 6 saatı keçmədən qəbul edilməldir. Əks təqdirdə zülal mənşəli ət bir-birinin yanında qaldıqca tərkibi dəyişməyə, reaksiyalar getməyə başlayır. Bu da həmin qidaların özündən yaranan toksinlər vasitəsilə insanları zəhərləyir. Mütləq şəkildə buna diqqət və əməl etmək lazımdır.

Yeməklərlə qəbul edilən qazlı və şirəli içkilər həzm sistemini daha da ağırlaşdırır. Ümumiyyətlə, yeməklə birlikdə yaxşı olar ki, bu kimi içkilər birgə istifadə olunmasın. Gün ərzində qəbul etdiyimiz su miqdarına diqqət etməliyik. Əgər yeməyə qədərki vaxta lazımi miqdarda maye, su qəbul etmiş olarıqsa yeməklə birlikdə su içmək zərurətimiz qalmayacaq.

Belə olan halda yemək düzgün şəkildə həzm olunacaq və tərkibindəki makro və mikro elementlər parçalanacaq. Əksini etsək isə yemək mədəmizdən tez bir zamanda həll olunmadan bağırsaqlarımıza keçəcək ki, bu da orqanizm üçün heç də faydalı hesab olunmur.

Ən çox zəhərlənmə halları ət məhsullarından: qırmızı ət, quş ətləri həmçinin balıq ətindən olur. Bunları mütləq qaydada bir dəfə dondurulub açılmış olmalı və yaxşı bişirilməlidir.

Bişirilmədən öncə təmiz yuyulmalıdır, çünki heyvandan insana keçən xəstəliklər var ki, bu məhz sanitar-gigiyena qaydalarına əməl olunmadıqda, yaxşı bişirilmədikdə baş verir. Tərəvəz və göyərtilərdən istifadə edilərkən də eyni qaydalara riayət etmək vacibdir. Həmçinin bişirilmiş tərəvəzləri mütləq şəkildə həmin gün istehlak etmək lazımdır. Onları sabaha saxlamaq olmaz. Sadaladıqlarım arasında turşular da yer alır. Xüsusilə ev üsulu hazırlanmış turşular. Onlar əgər düzgün qaydada qoyulmayıbsa, hər hansı çürük və əzik tərəvəzlərdən hazırlanıbsa, bankada şişmə və köpüklənmə varsa, suyunun rəngində bulanıqlıq varsa sözügedən turşuları istifadə etməkdən yayınmaq lazımdır. Unutmaq olmaz ki, onlar da zəhərlənməyə səbəb olan qidalar cərgəsindədir”.

Bir də, Novruz süfrəmiz zəngin şirniyyatları ilə seçilir. Dadı ilə bilinən və əvəzedilməz mətbəximizə məxsus bu şirniyyatlara “yox” demək heç də asan deyil. Şirniyyatları günün hansı saatında və hansı miqdarda qəbul etməliyik?

“Şirniyyatlardan xüsusən də, paxlava, şəkərbura və qoğaldan istifadə edərkən onları da hamısını gün ərzində qəbul etmək olmaz. Günün ilk yarısı ara-ara yemək zamanında hər dəfə birini qəbul etmək məqsədəuyğundur. Və bizə enerji verə bilər, lakin günorta saatlarından sonra qəbul edilən şirniyyat enerjiyə çevrilmədiyi üçün pilənmə, yağlanma və artıq çəkiyə səbəb ola bilər”.

Ümid edirəm ki, sağlamlığımıza diqqət yetirib bayram günlərini xəstəxanada deyil sevdiklərimizlə birgə xoş ovqatla keçirərik. Sadalanan məsləhətlərə də diqqət yetirsək sonrakı günlərdə “sürətli arıqlamağın yolları” üzrə axtarışlar etməyə ehtiyac qalmayacaq.

 

Ayşən Rəhim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir