yeni il-bazar

Bayramda qalxan qiymət bir daha enməz…

Baxış sayı: 1. 185

Əsasən də uşaqların çox sevdiyi Yeni il bayramına sayılı günlər qalıb. Artıq hər kəsin Yeni il bayram hazırlıqlarına başı qarışıb. Bunun üçün təşkil olunmuş Yeni il yarmarkalarında, dükan-bazarlarda, marketlərdə, ticarət mərkəzlərində canlanma hiss olunur. Lakin alıcılar bir ağızdan qiymətlərin bahalığından şikayət edirlər.

Bayram alış-verişinə yollanan Bakı sakini Ülkər Zeynalovanın sözlərinə görə, bayram keçirmək üçün biraylıq gəlirini xərcləməlisən: “Çalışıram ucuz axtarım alım, amma elə bil satıcıların da əllərinə fürsət düşüb. Oyuncaqdan tutmuş yeni il aksessuarlarına qədər hər şey bahadır. Yeni il süfrəsi, yolka bəzəkləri üçün minimum 200 manat xərcləməliyəm. Hələ uşaqlar üçün təşkil olunan Yeni il şənliklərini, gəzintilərini saymıram. Ümumiyyətlə, bu bayram çox xərc tələb edir. Təkcə Yeni il süfrəsini açmaqla kifayətlənsəm belə, 150 manatım çıxacaq. Bu ərəfədə uşaqlar hədiyyə istəyir, yeni yolka, oyuncaqlar və yeni il aksessuarlarına maraq göstərirlər”.

Qeyd edək ki, bayramla əlaqədar yeni il yarmarkaları təşkil olunub.

 

Metronun “28 May” stansiyasının yaxınlığındakı yarmarkalarının birində satıcı işləyən Ələddin Quliyev “Ekspress”ə bildirib ki, yeni il xərcləri üçün alıcılar xeyli pul xərcləməli olurlar: “Bu bayram digər bayramlar arasında ən bahalısı kimi də qiymətləndirilə bilər. Bu ərəfədə, təbii ki, böyük maraq yolkalaradır. Hər kəs evində yolka qurmaq istəyir. Qiyməti 5 manatdan 150 manata qədər olan yolkalarımız var. Yolkaların qiyməti ölçüsünə görə fərqlənir. Balacası 20-30 manat, orta ölçüdə olanlar 70-80 manat, böyükləri 2 metr 50 sm və 3 metrlik yolkalarımız da var. Ən böyüyünün qiyməti 150 manatdır. Böyük yolkalara maraq daha çoxdur. İnsanlar “Alıramsa, birdəfəlik böyük yolka alım” fikri ilə yanaşırlar. Yolka oyuncaqları hər qiymətə var: 5 manat, 10 manat, 15 manata. Bir də daha çox uşaqlara Şaxta baba paltarları alırlar. Digər Yeni il kostyumlarında da maraq var. Dovşan, ayı, tülkü və panda paltarları satılır, bunlar da keyfiyyətinə və ölçüsünə görə fərqli qiymətədir. Məsələn, dovşan papaqları ayrılıqda da satılır və qiyməti 1 manat 50 qəpikdir”.

Yarmarkada xeyli müxtəlif  bayraq papaqları, “Santa klaus” papaqları da satılır ki, bunlar 1 manatadır. Maskalar isə nisbətən bahadır, onları 2-3 manata almaq olar. Evin, yolkanın bəzədilməsi üçün zərlərə də maraq var. Obyektlər üçün də xeyli alırlar. Yeni il zərləri 1 manat, 1 manat 50 qəpiyə satılır.

Satıcının dediyinə görə, ailələr dekabrın 31-də şam ağacının altına uşaqlar üçün hədiyyə qoymağı artıq adət ediblər. Əsasən də bu, xarici filmlərdən gəlir. Bu da yeni il qabağı satışa müsbət təsir edir. “İmkanı aşağı olan belə balaca da olsa, nəsə alıb yeni il yolkasının altına qoyur. Uşaqlar istəyirlər, buna tələbat var. Yaxşı bir oyuncaq almaq üçün 18-25 manat pul ayırmaq lazımdır. Daha bahalı oyuncaqlar da var. Təbii ki, insanlar cibinə uyğun alırlar. Balaca oyuncaqlar 2 manata da almaq olar. 15 manata da normal bir oyuncaq alıb uşağı sevindirmək mümkündür”.

Həmsöhbətimiz qeyd edir ki, keçən illə müqayisədə bu il alış-verişə daha çox adam gəlir. “Yarmarka fəaliyyət göstərdiyi müddətdə yaxşı qazancımız olub. Bu il həm də daha yaxşı hazırlaşmışıq, daha maraqlı aksessuarlar gətirmişik”.

Ə.Quliyevin hesablamasına görə, yeni il bəzəkləri üçün təxminən 100-150 manat xərcələmək lazım gəlir. “Ümumiyyətlə, orta hesabla götürsən, Yeni il yolkası və bəzəkləri üçün 100-200 manat lazım olur. Əsas pulu yolka aparır”.

Partladıcı və salyutlara gəlincə, satıcı bildirib ki, onların satışına icazə yoxdur: “Əvəzində “xlopuşka”ları 50-60 qəpiyə də alırlar. 1 manata da müxtəlif “xlopuşka”lar satılır”.

Başqa bir satıcı İbadulla İbadullayev bizimlə söhbətində bildirib ki, yeni il oyuncaqları yaxşı satılır: “Xırım-xırda aksessuarlar çox alınır. Elə adam var ki, yolkası var, yenisini almaq istəmir, amma nəsə ürəkləri yenilik istəyir və yeni il oyuncaqlarını alaraq özlərini, yaxınlarını sevindirirlər. Məktəb, uşaq bağçalarına da yeni il aksessuarları çox alınır. Bizdə yolkaların qiyməti 6 manatdan başlayır və ən bahalısı 160 manatadır. Əsasən balaca – 6-20 manat civarında olan yolkaları alırlar”.

İ.İbadullayev qeyd edir ki, yeni il bəzəkləri üçün tələb olunan məbləğ alıcının büdcəsindən asılıdır: “Bahalı və böyük yolka alan onun oyuncağını da baha almaq istəyəcək. Orta hesabla götürəndə hardasa 2 metrlik yolkanı yaxşı bəzəmək üçün 30-40 manat ancaq oyuncaqlar üçün xərclənir. Bunun işıqları, zərləri də var. Yeni il oyuncaqlarının biri 50 qəpikdən başlayır, oyuncaq dəstlərinin qiyməti 20-22 manat arasında dəyişir. Bayramı şarlarsız da təsəvvür etmək olmur. Şarlar məkana tam bayram əhvalı, görüntüsü verir. Həm də evin bəzədilməsi üçün daha ucuz başa gəlir. Şarlar 10 qəpikdən başlayır”.

Satıcının sözlərinə görə, Yeni il yarmarkalarındakı qiymətlər market qiymətlərindən fərqlənir: “Yarmarkalarda ucuzluqdur. Bura malları özümüz gətirdiyimizdən, qiyməti də aşağıdır”.

Satıcı bu il də yarmarkada oğurluq hallarının olduğundan şikayətlənir: “Kamera quraşdırılıb, amma buna baxmayaraq, yenə də oğurluq olur. Kameranı izləməyə də vaxtımız yoxdur, izləsək belə, nə xeyri olacaq ki? Kameranı sadəcə qoymuşuq ki, yarmarkaya girən bilsin ki, kamera çəkir, oğurluq etməyə çəkinsin. Amma hər gün oğurluq olur”.

Dediyinə görə, yarmarkada narazılıq edənlər də istənilən qədərdir: “Narazı insan ömür boyu hər şeydən narazı olacaq. Müştəri var ki, adi yolka işığını alanda belə narazılıq edir. Yolka işıqlarını satanda yoxlayıb veririk, amma alıcı alır, 2-3 gündən sonra gətirir ki, işləmir. Belə məsələlərdə alıcılarla mübahisəmiz düşür. Mübahisəli hallarda da əsasən malı dəyişməyi təklif edirik. Qaytarmaq tərəfdarı deyilik. Qaytarmaq yenə də problem deyil, amma malı açmamaq, xarab etməmək şərtilə. Neçəsi olub ki, qaytarmışıq”.

 

Yolumuzu bazarlardan salırıq. Maraqlanırıq görək, Yeni il süfrəsi üçün nə qədər pul lazım olacaq. Qiymətlər marketlərdən elə də fərqlənmir.

Qeyd edək ki, ucuz bazar hesab olunan “Vosmoy” bazarının satıcısı Ənvər Nəsibovla söhbətləşdik. Onun dediyinə görə, 1 kq kök – 1 manat, soğan – 50 qəpik, kartof 50 qəpik – 1 manat, yumurta 15 qəpik, kənd yumurtası 30 qəpik, çuğundur 80 qəpik – 1 manatdır. Göyərtinin dəstəsi 15 qəpikdir.

Satıcı qeyd edir ki, bazarlıqda əsas pul ətə gedir. Belə ki, mal və qoyun ətinin kilosu 10-12 manat, quzu əti – 13-14 manat, toyuq – 4 manat-4 manat 50 qəpik, kənd toyuğu – 6-7 manatadır. Dolma üçün üzüm yarpağı da bu bayram aktualdır ki, bunun da bankasının qiyməti 2-4 manat arasında dəyişib.

Düyünün kiloqramı 3-4 manat, şabalıd 5-8 manat, kişmiş 5-12 manat, ərik qurusu 6-12 manat, qoz (qabıqlı) 5-7 manat, qoz ləpəsi 12-20 manatadır.

Meyvələrə gəlincə, satıcı Gülnaz Babayeva bizimlə söhbətində bildirdi ki, almanın kilosu 50 qəpik-2 manat 50 qəpik, armud 1 manat 50 qəpik-3 manat, ananas 5-6 manat, xurma 50 qəpik- 1 manat 50 qəpik, apelsin 1 manat 50 qəpik, mandarin 1-3 manat, üzüm 2 manat 50 qəpik-3 manat 50 qəpik, şirələr 1 manat 50 qəpik-2 manat 50 qəpik, qazlı sular 1-2 manatadır.

Yen il süfrəsi üçün şirniyyat, tort, keks və s. hazırlamaq istəyənlər da az deyil. Elə isə onlar üçün də bazar qiymətlərini xatırlatmaq yeinə düşər: Karamel konfetlər 5-7 manat, şokolad konfetlər 5-15 manat, un 40-60 qəpik, “squşonka” 1 manat 50 qəpik-2 manat, şəkərin kilosu 80 qəpik-1 manat, qəndin kiloqramı 1 manat 50 qəpik-2 manatadır. Bundan başqa, Yeni il bayramında aktual olan “Paytaxt” salatı üçün yaşıl noxud tələb olunur ki, bunun balaca bankasının qiyməti 1 manat 50 qəpik, böyükləri 2 manat 50 qəpik, mayonez 2-3 manatadır. Süfrəyə qoymaq üçün kolbasa 10-15 manat, pendir 5-8 manatadır. Turşuların kilosu 2-3 manat, xiyar 1 manat 50 qəpik-2 manat 50 qəpik, pomidor 1 manat 50 qəpik-3 manat 50 qəpiyədir. Kərə yağının kilosu 10-20 manat, duru yağların qiyməti 2-5 manat arasında dəyişir.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir