bayram-is

Bayramdan sonrakı depressiyadan necə qurtulmalı?

Baxış sayı: 330

Ən işgüzar insanlar belə bayram günlərindən sonra işə alışmaqda çətinlik çəkə bilərlər. Xüsusilə də, ilk iş həftəsi səhər tezdən yuxudan oyanmaq, uşaqları dərsə aparmaq, işə getmək və s. bir sıra gündəlik öhdəlikləri yerinə yetirmək və məişət problemlərinin öhdəsindən gəlmək ağır olur.

Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, bayramdan sonra işə adaptasiya olmaq, fikrini işə cəmləmək çətin olur: “İnsanlar bu mərhələdə kefsiz olur. Bayram, tətil günlərindən sonra yenidən iş rejiminə keçmək məsuliyyət tələb edir”.

A.Rəşidova bildirir ki, bu, əslində insan xarakteri ilə bağlıdır. İşə alışmış bədən, beyin bayramdan sonra iş rejiminə asan adaptasiya olacaq. Dediyinə görə, ümumiyyətlə, insan xisləti komforta meyllidir: “İnsanın işə, hansısa çətinliyə adaptasiya olması zaman istəyir. Amma komfort elə bir şeydir ki, insanı iki saniyəyə belə öz qoynuna ala bilir. Bayram günlərində insanlar məhz həmin komfortu hiss etdiklərindən, sonra iş rejiminə öyrəşməkdə çətinlik çəkirlər. 3-4 günlük komfortlu həyat tərzi yaşamaq, əziz qonaqları qəbul etmək, şənlik ab-havasını yaşamaq, istədiyi qədər yatmaq, televizora baxmağa bədən alışır, bunun dadını çıxarır. Bundan sonra fəal iş rejiminə keçmək əziyyət kimi görünə bilər”.

Müsahibimizə görə, elə adamlar var ki, onların istirahəti olmur, iş onların zamanının əksər hissəsini əhatə edir: “Amma elə işgüzar adamlar var ki, nə qədər işləsələr də istirahətlərindən heç vaxt qalmırlar. Ən ağıllı insanlar məhz belə etməlidirlər. İşini sevirsənsə, özünü də sevməlisən. Özün yoxsansa, işin də yoxdur. Bu fikrin tərəfdarı olmayan, gec-gec istirahət edən insanlar, ya da istirahət etmək fürsəti və imkanı olmayanların bayramdan, tətildən sonra işə adaptasiyaları çətin olur. Onlar 4-5 günlük istirahətdən sonra işə getmək istəmir, aqressiv olurlar. Düzdür, bu hal bir həftədən sonra öz vəziyyətini alır. İnsan bədəni saat kimidir. Onu necə quraşdırırsan, ona necə əmr verirsənsə, o da onları edir. Özünə uzun müddətli əmr vermək lazım deyil”.

İnsanlar var ki, 3-4 gün istirahəti özünə çox uzun bir müddət kimi görür. İnsan da özünü psixoloji olaraq uzunmüddətli istirahət üçün hazırlayır. Həmin 3-4 gün qısa müddət olduğuna görə bu günlər bitdikdə insanda aqressiya, depressiya başlayır. Çünki psixoloji olaraq özünü uzunmüddətli komfort üçün proqramlaşdırmışdı. Beynə başqa bir informasiya verilmişdir. Üç-dörd gün ona böyük bir zaman kəsiyi kimi gəlirdi. Ona görə ki, özünə çox zaman ayırmırdı. Bu böyük zaman qısa zaman ərzində bitdikdə, beyin də görür ki, diskomforta yönəlmək məcburiyyətindədir. Ona görə də aqressiya, ruh düşkünlüyü yaşaya bilir. “Yadda saxlamalıyıq ki, bədənimizə, beynimizə əmr verdikdə, onu şişirdilmiş şəkildə etməməliyik. Məsələn, istirahət 3-4 gün çəkəcəksə, bunu qısa müddətli istirahət kimi qəbul etməliyik. Onu da qeyd edim ki, işini sevən, işinə böyük sevgisi olan insan bu kimi vəziyyətlərə o qədər də fikir vermirlər. Bayramdan sonra böyük sevgi və həvəslə gedən insanlar da var”.

Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, bayramlardan sonra insan özünü dincəlmiş hiss edəcəyinə ümid etsə də, əksinə yorğun ola bilər: “İş rejiminə alışmaq üçün işə başlayarkən işlə çox yüklənmək olmaz. 4-5 günlük fasilə ilə qırılan bir prosesə dərhal əvvəlki ritmdə qoşulmaq mümkün deyil. Bayram günlərində bədən adət etdiyi rejimdən çıxıbsa, səhər oyanmaq, gecə yatmaq vaxtlarına qədər hər şey dəyişibsə, işə uyğunlaşmaq çətin və stressli ola bilər. Bu günlərdə, hətta insana elə gələ bilər ki, daha əvvəlki kimi işləyə bilməyəcək və əvvəl də işləyən sanki başqa biri idi. Bayramdan sonra dərhal ən ağır işlərdən yapışmaq yaxşı nəticələnməyəcək və emosional stressə gətirib çıxaracaq. Yaxşı olar ki, ilk iş günləri iş yoldaşlarınızla bayram təəssüratları ilə bölüşəsiz. Bu yeni iş ilinin müsbət emosiyalarla dolu başlanğıcına xidmət edəcək. Eləcə də, səhər tezdən beş dəqiqəlik fiziki tərbiyə ilə məşğul olmağınız məsləhətdir. Bədən durğunluqda qalmaqdan da insan depressiya yaşaya bilər. Fəal hərəkətli olmaq ruh düşkünlüyünü uzaqlaşdırır”.

Qurbanova qeyd edir ki, bayramdan sonra nə qədər qəribə olsa da, yaranan ruh düşkünlüyü depressiyaya da səbəb ola bilər: “Bayram sonrası depressiyanın yaranmasının iki əsas səbəbi var. Birincisi, insanların ümidlərinin puç olmasıdır. Bəzən insanlar bayramdan, yeni ildən çox şey gözləyirlər. Gözlədikləri gerçəkləşməyəndə insan həyatdan küsür. Digər əsas səbəb bayram ab-havasının işin başlamasıyla, yoxsa çıxması, müəyyən əlaqələrin qırılmasıdır. İstirahət günlərini adətən insanlar əziz insanlarının əhatəsində, yeni təəssüratlarla, şənlənərək keçirir. İşə çıxmaqla isə həyat ritmi dəyişir, tanışlar, yaxınlar hərə öz işi ilə məşğul olur və insan qəfildən özünü tənha öhdəliklərini isə çox mürəkkəb hiss etməyə başlayır. Bu da başqa problemlərin fonunda depressiyaya gətirib çıxarır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir