bas agrisi

Bayramqabağı kefsizlik nədən irəli gəlir?

Baxış sayı: 1. 379

Yeni təqvim ilinin dəyişməsinə günlər qalır. Amma əvvəlki illərdən fərqli olaraq, bu il, sanki insanlarda bayram əhval-ruhiyyəsi hiss olunmur. Bayrama həvəssiz yanaşmaq nədən irəli gəlir? Bayram ərəfəsində əhvalı necə qaldırmaq olar?

Psixoloq Ahmet Tuğrul Demirin dediyinə görə, yeni il bayramı sevilən, gözlənilən bayramdır. Bir-birinə hədiyyə alıb-vermək adəti bu bayramın özəlliklərindən biridir. “İnkişaf edən, müasirləşən dünyamızla birgə zamanla hədiyyə vermək üçün sərf olunan xərclər də artır və bu bayram üçün dəhşətli çox pullar xərclənir. Xüsusilə də, bayram alış-verişi üçün ticarət mərkəzlərinin yerləşdiyi küçələrdə, işıqlı, bəzəkli mağazaların yanından keçərkən bəzəkli yeni il yolkalarını görüncə insanda qarşısını almaq çətin olan pul xərcləmə meyli yaranır”.

Müsahibimizə görə, bütün yeni il bər-bəzəyi, bayramın özəlliyi haqda olan verilişlər, filmlər, hazırlıq prosesləri, bayram üçün bəzənmiş mağazalar, küçələr insanları psixoloji olaraq hədiyyə almağa, pul xərcləməyə sürükləyir. “Heç bunun fərqində olmadan pul xərcləmək, nəsə almaq istəyi bizi əsiri altına alır. Amma hər kəsin alış-veriş etmək, yeni il gəzintisinə, tətilə çıxmaq imkanı yoxdur. Həyatda düşdüyümüz maddi sıxıntı, çətinliklər buna əngəl ola bilər. Yeni il coşqusu üçün alış-verişin vacibliyinə özünü qapadan insanlar bu məsələ ilə bağlı çox təsirlənir, əhvalları olmur”.

Psixoloqun dediyinə görə, yeni ildə övladına, dostuna, yaxınına hədiyyələr ala bilmədiyi üçün onları sevindirməyəcəyini düşünmək həmin insanlara bədbəxtlik hissini yaşadar: “Bayram ərəfəsi pul xərcləyə bilməmək, pulsuzluq insanı hüzursuz və bədbəxt edər. Halbuki bayram deyincə, bunlarmı ağla gəlməlidir? Bayram dedikdə biz pulmu xərcləməyi düşünməliyik? Yeni il bayramı günlərində şüursuzca alış-verişlər edərək, tətillərə çıxaraqmı xoşbəxt ola bilirik? Yoxsa insanlar bayramlarda birlikdə olmaqdan, yeni bir ili bərabər qarşılamaqdan xoşbəxt olmaldır? Bu sualları özümüzə verib cavablandırmalıyıq!”

Həmsöhbətimiz hesab edir ki, bayramların əsas mahiyyətini, sərgilədiyi dəyərləri itirdikcə, biz ətrafımızdakı yaxınlardan uzaqlaşaraq daha çox fərdiləşirik. Əvvəllər bayramlarda valideyn, baba-nənə, dost-tanış, qohum-əqrəba ilə birlikdə bir məclisdə olmaq onlara güc və qürur hissini verirdi. “Müasir zamanda fərdiləşmə sürətləndiyi üçün insanlar xoşbəxt olmağı da bacarmırlar. Təəssüf ki, xoşbəxtliyi alış-veriş etməkdə, bahalı hədiyyə almaqda görürlər. Yalnızlaşan toplumda xoşbəxtliyi pul xərcləyərək əldə edəcəyini zənn edən bir nəsil yetişir. Bu nəsil yetişdikcə, insanlar bədbəxt və kefsiz olacaq. Keçmiş tariximizi və mədəniyyətimizi unutmadan adət-ənənələrimizə, dinimizə uyğun bayramları qeyd etmək bizi hər dönəmdə xoşbəxt edəcəkdir. Bu cür düşünərək bayramları yaşamalıyıq. Bayramlar sevinci alış-verişdən deyil sevgi və birlikdən doğar”.

Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, həyatı qaydasına salmamış, yəni problemlər həll olunmayıbsa, çətinliklər varsa, birdən-birə bayram ərəfəsində əhvalın yüksəlməsini gözləmək real deyil: “Bu hisslər bayramın da sönük keçməsinə gətirib çıxarır. Bayram ərəfəsi həvəssizlik adətən adi günlərdə də olan apatiyanın, ruh düşkünlüyünün davamıdır. Bu cür hisslərlə yaşamaq insanı buna alışdırır və bayram günündə dərhal dəyişmək olmur. Nə psxioloji, nə də fizioloji buna hazır olmuruq. Əslində bayram ərəfəsi kefsizlik həyatımızı düz yaşamadığımızı göstərən, təhlükədən xəbər verən siqnaldır”.
Qurbanova bildirir ki, bayram ərəfəsi sevinc hiss etmək üçün nəyə görə sevinmədiyinizi aydınlaşdırmaq lazımdır. “Bu, hər kəsdə fərqli səbəblərə görə ola bilər. Bu səbəblərə xroniki yorğunluq, apatiya, şəxsi həyat, iş, maddiyyat və ya sağlamlıqla bağlı problemlər aid ola bilər. Əhvalın aşağı olmasının səbəbini tapdıqdan sonra o səbəbləri qismən də olsa aradan götürməyə, bu mümkün olmadıqda barışmağa çalışın. Çünki əhvalınızı pozduqca  həyatınızı pozursuz”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir