tibb

Belə asan tibb təhsili? – ARAŞDIRMA

Baxış sayı: 354

Paytaxt Bakıda müxtəlif hazırlıq kursları, özəl təhsil mərkəzləri fəaliyyət göstərir. Bu qurumlarda valideynlər müəyyən ödəniş müqabilində övladlarının məktəbəqədər hazırlığını təşkil edə, həmçinin abituriyentlər repetitor xidmətlərindən yararlana bilərlər. Son dövrlər bu cür özəl təhsil mərkəzlərində yeniyetmə və gənclərə tibb peşə vərdişlərinin aşılanması, müxtəlif peşələrin öyrədilməsi kimi xidmətlər də təklif olunur.

Cəlbedici çağırış

Bunu sübut etmək üçün paytaxt Bakını gəzib ayrı-ayrı təhsil mərkəzlərini axtarmağa, orada kimlərisə danışdırmağa ehtiyac yoxdur. İnternet üzərindən axtarış verib onlarla belə hazırlıq kurslarını tapmaq, təklif etdikləri xidmətlərlə tanış olmaq mümkündür. Belə mərkəzlərdə aylıq 50 manat ödəniş müqabilində tibb kurslarına – yəni əczaçı, tibb bacısı, tibb qardaşı, akuşer mamalıq (doğuş), ilkin tibbi yardım kimi peşələrin öyrədilməsinə müştəri cəlb olunur. Misal üçün, belə elanların birinin mətnində qeyd olunur ki, 9-cu və 11-ci sinif məzunları, evdar və ya işləyən xanımların hər biri sadalanan sənətlərə yiyələnə bilər. İddia olunur ki, dərslər Tibb Universitetinin ixtisaslaşmış müəllimləri tərəfindən tədris edilir, sonda diplom verilir.

“Puluna minnət” təhsil

Bu cür elanlardan biri ilə tanış olub Nigar Süleyman ad-soyadlı əlaqələndirici şəxslə telefon əlaqəsi yaratdıq. Nigar xanım təmsil etdiyi hazırlıq kursunun şərtlərini ətraflı şəkildə izah etdi. Bildirdi ki, tibb bacısı, əczaçı, tibb qardaşı, akuşer mamalıq, ilkin tibbi yardım peşəsi üzrə təhsil almaq istəyən hər bir kəs kursda qeydiyyatdan keçmək üçün əvvəlcə 100 manat ilkin ödəniş, ardınca da hər ay 50 manat təhsil haqqı ödəməlidir. Tibb bacısı və ya əczaçı olmaq üçün 10 ay təhsil almaq kifayətdir.

Diplomları Ədliyyə Nazirliyi tanıyır?

Kursa yazılanlara sonda veriləcək diplomun hüquqi statusuna gəlincə, Nigar xanım bizi inandırmağa çalışdı ki, indiyə qədər kursu bitirən hər hansı məzun diplomla bağlı problem yaşamayıb. Belə ki, məzunlara verilən diplomlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. “Nə üçün diplomlar Təhsil Nazirliyində deyil, Ədliyyə Nazirliyində qeydiyyatdan keçir?” sualına verilən cavab bu oldu ki, özəl kurslara təhsil nazirliyi nəzarət etmir və ümumiyyətlə, bu məsələ təhsil alan şəxsləri qayğılandırmır. Çünki kursları müvəffəqiyyətlə bitirən məzunlar indiyə qədər çoxsaylı özəl səhiyyə müəssisələrində işə düzəliblər və onlarla bağlı hər hansı narazılıq yoxdur.

Möhürlü kağız parçası

Azərbaycanda tibb sahəsi üzrə peşəkar kadr hazırlığı, əsasən, Tibb Universitetində, Naxçıvan Dövlət Universitetində, Bakı və Gəncədəki tibb kolleclərində həyata keçirilir. Bununla yanaşı iki özəl ali məktəbdə də tibb ixtisası üzrə kadrlar hazırlanır. Ümumən, bu təhsil müəssisələrini bitirən hər bir məzuna Təhsil Nazirliyi tərəfindən təsdiq olunan, hüquqi statusu olan diplom verilir. Özəl kurslardan fərqli olaraq, tibb kolleclərində əczaçı, tibb bacısı, akuşer mamalıq, tibb qardaşı olmaq üçün 2 il 6 ay nəzəriyyə öyrədilir, 6 ay təcrübə bilikləri aşılanır. Ali məktəblərdə bu müddət daha çox ola bilər. Özəl hazırlıq kurslarının diplom adı altında verdiyi sertifikata gəlincə, bu, hüquqi statusu olmayan, sadəcə üzərində hansısa sahibkarlıq subyektinin, daha düzgün ifadə etsək, yeganə məqsədi pul qazanmaq olan işbazın möhürü olan kağız parçasıdır.

Tanışlıqla işə düzələn “sağlamlıq keşikçiləri”

Belə işbazların fəaliyyətinin saf-çürük edilməsi, qanunauyğunluğunun yoxlanması aidiyyəti qurumların üzərinə düşən məsuliyyətdir. Diqqət çəkən məqam budur ki, hazırlıq kurslarında təklif edilən tibb ixtisaslarına kütləvi axın var. Hər il yüzlərlə gənc bu kursları bitirib müəyyən vasitələrlə özəl xəstəxanalara işə düzəlir, vətəndaşların sağlamlığının “keşiyində” dayanır. Özəl səhiyyə müəssisələrinin belə “kadrlara” hansı maraq müqabilində “qucaq açması” da düşündürücü məsələdir. Olmazdımı ki, cəmiyyətdə tibb kurslarına olan böyük maraq nəzərə alınaraq bu istiqamət üzrə ixtisaslaşmış peşə təhsil müəssisəsi yaradılsın? Belə olarsa, hər il yüzlərlə gəncin bəzi işbazların girovuna çevrilməsinin qarşısı alınar. Eyni zamanda onlar hüquqi statusu olan, Təhsil Nazirliyi tərəfindən təsdiqlənən diplomla təmin edilərlər ki, bu da həmin şəxslərin əmək bazarında, o cümlədən dövlət və özəl səhiyyə müəssisələrində müvafiq işlə təmin olunmasına kömək edər.

 Bazar iqtisadiyyatı, kütləvi maraqMövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov deyir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan sonra Azərbaycanda peşə təhsilinə olan maraq xeyli artıb: “Cənubi Koreya, Türkiyə ilə əməkdaşlıq çərçivəsində bir sıra müasir təhsil mərkəzləri açılıb, peşə-təhsil ixtisaslarına qəbul prosesi elektronlaşdırılıb. Zamanla, dövrlə, inkişafla əlaqədar yeni peşələr meydana çıxıb ki, bu sahələr üzrə də kadrların hazırlığı həyata keçirilir. Bütün bunları nəzərə alsaq, tibb sahəsi üzrə müəyyən kadrların hazırlanmasını da bu istiqamət üzrə ixtisaslaşmış yeni bir peşə təhsil mərkəzində reallaşdırmaq mümkündür. Bazar iqtisadiyyatını, gənclərin kütləvi marağını nəzərə alaraq, hətta publik hüquqi şəxs qismində olsa belə, hansısa ixtisaslaşmış peşə məktəbində bəzi tibb ixtisaslarını tədris etmək, o istiqamətlər üzrə şagird-tələbə qəbulunu həyata keçirmək olar”

Peşə Təhsili üzrə Dövlət Agentliyinin də mövzuya dair münasibətini öyrəndik. Qısaca olaraq bildirildi ki, qeyd edilən məsələ bilavasitə Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir. Tibb ixtisasları üzrə qəbulu da, əsasən, bu nazirlik aparır.

Rufik İSMAYILOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir