Beautiful female backache, close up

Bel çəkdirməklə hamilə qalmaq olar? – GİNEKOLOQ AÇIQLAYIR

Baxış sayı: 1. 903

Hər ailə quran cütlük övlad sahibi olmaq istəyir. Bəzi ailələrdə hamiləlik tez baş tutsa da, bəzilərində müəyyən səbəblərdən ötrü alınmır. Bu zaman isə əksər qadınlar ya həkimə müraciət edir, ya da bəzi ara sözləri dinləyərək tibdənkənar üsullara əl atırlar.

Belə üsullardan biri isə əksər qadınların üz tutduğu bel çəkmədir. Bəzi evliliklərdə hətta qayınanalar gəlinləri bel çəkdirməyə məcbur edirlər. Bu üsulla tez bir zamanda qadının hamilə qalacağı düşünülür.

 

Bəs bunun elmi əsası varmı?

Ginekoloq Ləman Əkbərova belə müalicə üsulunun heç bir effektinin olmadığını bildirir: “Çünki belə diaqnoz tibdə yoxdur. Heç bir əsası olmadan durduq yerdə qadının belinin çəkilməyi yanlışdır. Qadın boş yerə vaxtını itirir. Lazımi olan müalicənin vaxtını gecikdirir. Belə ara həkimlərin tibdən, qadın anatomiyası və fiziologiyasından heç bir xəbəri yoxdur”.

Mütəxəssis qadınların evliliyinin ilk 1-2 ayında hamilə qalmayan kimi müalicəyə başlamalarını da düzgün hesab etmir.

 

Bəs qadın nə zaman həkimə müraciət etməlidir?

Ginekoloq sağlamlıqla bağlı hansısa problemi olmayan qadının ilk 1 ili gözləməli olduğunu vurğulayır: “Uşaqlığında problemi olmayan gənc qadınlar ilk 6 ay və 1 il gözləyə bilərlər. Bədən bu zaman ərzində özünü yeniləyir. Hamilə qalmamaq normal sayıla bilər.

Dəfələrlə cinsi münasibətdə olduğu təqdirdə bir il ərzində heç hamiləlik olmayıbsa, bu zaman sonsuzluğu düşünmək olar.

Əgər yaş 35-dən yuxarıdırsa və ya hansısa problemi varsa, bu zaman vaxt itirmədən həkimə müraciət edilə bilər. Diaqnoza əsasən də müalicə başlaya bilər”.

Ləman doktor bəzi həkimlərin də yanlış diaqnoz qoyduğunu bildirib.

“Normal olaraq qadınların çoxunda uşaqlıq önə doğru əyri olur. Qadınlar beləliklə asanlıqla hamilə qalırlar. Bu, tamamilə normal haldır.

Bəzi həkimlər uşaq olmamağın səbəbini uşaqlığın əyilməsində görürlər. Uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır. Tibdə fiksə olunmuş əyriliklər deyilən termin var ki, bu zaman uşaqlığın əyriliyi sonsuzluğun səbəbi sayıla bilər. Fiksə olunmuş dediyimiz  əyriliklər boruların tutulmasına gətirib çıxara bilər. Bu zaman da yumurta hüceyrəsi boruya düşə bilmir.

Ancaq əsas olaraq qarın boşluğunda olan bitişmələr və ya uşaqlığın divarında olan hansısa törəmə sonsuzluğun əsas səbəbi sayılır.

Buradan görə bilərik ki, uşaqlığın əyriliyi sonsuzluğun səbəbi deyil, sonsuzluğa səbəb olan faktorun nəticəsidir”, – deyə Əkbərova qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir